29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Sabah”ın baş məşqçisi vəzifəsinə əla namizəd: Dadaş Dadaş oğlu Dadaşlinski

OYUNCAQ KLUBA MULTFİLM BAŞ MƏŞQÇİ YARAŞIR

Sağ olsun “Sabah” futbol klubu. Bu pandemiya, bu futbolsuzluq dövründə bizi darıxmağa qoymur. İki gündən bir qəbul edilən gülünc qərarlarla mətbuata mövzu verirlər.

Əvvəlcə məlum oldu ki, klubun sponsorları idarəçilər tərəfindən aldadıqlarını anlayıblar. Mövsümün əvvəlində klubun büdcəsi 5 milyona yaxın nəzərdə tutulsa da, sonradan məlum olub ki, 2 qat artıq pul gedib. 10 milyon manatın xərclənməsindən çox, bu vəsaitin qarşılığında “Sabah”ın 8 komanda arasında 6-cı yeri tutması daha böyük problemdi. Cəmi 2,5 milyon manat büdcə ilə “Sumqayıt”ın Avroliqada oynayacağı günlərdə 4 dəfə artıq pul xərcləyən “Sabah”ın rəsmiləri və futbolçuları özlərini günə verəcəklər.

Bir neçə gün əvvəl “Sabah” yenə gündəmi zəbt etdi. Bu dəfə atdığı unikal addımla. Öyrəndik ki, ölkə xaricindən əcnəbi skaut klubda fəaliyyətə başlayıb. Lakin bu təyinatın anormallığı ondadır ki, əcnəbi skaut “Sabah”a 1 legioner futbolçu belə təklif etmir. Yalnız yerli oyunçuların transferi üçün çalışır. Yerli futbolçuların keçidi üçün ölkə xaricindən skaut gətirmək isə deyəsən, təzə dəbdi.

Dünən isə məlum oldu ki, xərclənən 10 milyon manatın qarşılığında 6-cı yerin tutulmasında “günahkar” Jelko Sopiçdi. Rəhbərlik öz kreslosunu qorumaq üçün əlindəki son kozuru - xorvat baş məşqçini də qurban verdi. Belə çıxır ki, Sopiç komandaya cəmi 6 aylıq cəlb olunmuşdu? Bəs xorvatın şəninə deyilən təriflər, istəyi ilə komandaya cəlb olunan legionerlər, qüvvədə olan hələ 1 illik müqavilə?

“Sabah”ın rəhbərliyinin nə etmək istədiyi anlaşılmazdı. Belə görünür ki, vəziyyətdən çıxmaq üçün hansısa addım atan idarəçilər hər dəfəsində özlərini daha da çətinə salırlar. Məşqçini istefaya göndərmək asandı. Bəs sonrası? Aydın məsələdir ki, müqavilə müddəti bitməyən Sopiç təzminatını alıb gedəcək. 1 illik müqaviləyə görə alacağı pulu “Sabah” rəhbərliyinin qara qaşına, qara gözünə qurban etməyəcək ki.

Ehtimal etmək olar ki, yeni gələn məşqçi də ilk növbədə Marina Mario başda olmaqla, Sopiçin gətirdiyi oyunçuların xidmətindən imtina edəcək. Çünki yeni gələn məşqçi heç vaxt sələfinin kadrları ilə işləməz. Bu halda Marina Mario kimi daha bir neçə futbolçu “Sabah”dan getməli olacaq. Onların da hər birinin müqaviləsi var və təbii ki, Sopiç kimi onlar da kompensasiyalarını alıb “Sabah”la vidalaşacaqlar.

Görəsən, Sopiçi istefaya göndərən rəhbərlik yeni baş məşqçi gəlişindən sonra yaşana biləcəkləri götür-qoy edib? Yeni məşqçinin ilk işi komanda haqqında təsəvvürünün formalaşması üçün köhnə oyunların videoyazılarını izləmək olur. Təsəvvür edin ki, “Sabah”ın son oyunlarını izləyən yeni məşqçi artıq klubdan göndərilən Rəşad Eyyubov və ya digər hansısa futbolçunu sərəncamında görmək istəyəcək. Bu zaman nə olacaq? “Sabah” rəhbərliyi bir müddət əvvəl yola saldığı futbolçuya yenidən təklif göndərəcək? Yaxud Sopiçin istəyi ilə bu günlərdə komandaya gətirilən futbolçulardan hansısa biri, məsələn, Slavik Alxasov yeni məşqçiyə lazım olmasa, rəhbərlik məcburdur ki, onun da təzminatını ödəyib yola salsın. Yəqin ki, “Sabah” rəhbərliyi futbolda yeni olduğu üçün bu cür məqamları götür-qoy etməyiblər. Amma olan yenə “Sabah”ın büdcəsinə olacaq. Klubun sponsorları nələrisə dəyişməsə, bu gedişlə hələ çox milyonlar göyə sovrulacaq.

“Sabah”ın yeni baş məşqçisinin kim olacağı hələlik qeyri-müəyyəndir. Lakin bizim bu məsələ ilə bağlı bir təklifimiz var. Hesab edirik ki, hazırda klubun baş məşqçi postuna ən layiqli namizəd Dadaş Dadaş oğlu Dadaşlinskidir. Bəli, səhv oxumadınız. İctimai Televiziyanın “3D” layihəsinin aparıcısı.

Birincisi, Dadaş müəllim onsuz da neçə aylardı “Sabah” rəhbərliyinin sözü ilə oturub-durur. Dəfələrlə “Sabah”a lazım olan məsələləri öz verilişdə gündəmə gətirib. Hər klub rəhbəri istər ki, komandaya dəvət etdiyi baş məşqçi sözəbaxan olsun. Dadaş müəllimdə də bu, çox yaxşı alınır. İkincisi, Dadaşlinski futbolu çox sevir. Hər dəfə Azərbaycan futbolu ilə bağlı hansısa hadisəyə fikir bildirməsi, onun bu sahədən məlumatlı olmasının göstəricisidir. Biz bəzi Dadaş müəllimi gözü götürməyənlərin iddia etdiyi “kimsə yazıb ona bu sözləri oxutdurur” fikrini qəbul etmirik. Ən əsası da, görünən odur ki, hazırkı rəhbərlik “Sabah”ı oyuncaq kluba çevirib. Oyuncaq kluba da multfilm baş məşqçi yaraşır.

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31