20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Kamran Quliyev: “Neftçi” bu il rekord gəlir əldə edib”

“Neftçi”nin prezidenti Kamran Quliyevin müsahibəsi...

- Müsahibəyə hazırlaşanda çempionatın startı ilə bağlı mövqeyinizi soruşmağı planlaşdırırdım. Artıq UEFA-nın mövqeyi də bəllidi. Bütün bunları nəzərə alsaq, vəziyyəti necə şərh edirsiz?

- UEFA-nın qərarı belədir ki,  avqustun 3-cən bütün liqalar yekunlaşmalı, avrokubok iştirakçıları bəlli olmalıdı. Sabah isə AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. (Müsahibə dünən götürülüb – red.) Biz onların qərarını gözləyirik. Baxmayaraq ki, istədiyimiz səviyyəyə çatmaq mümkün deyil, maksimum hazır olmağa çalışacağıq. Belə deyim var ki, sülhdə yaşamaq istəyirsənsə, müharibəyə hazır ol. Mütləq hər qərara hazır olmalıyıq - çünki “Neftçi”yik. Futbolçular  məşq edir, məşqçilər korpusu komandanı hazırlayır. Daha öncə də qeyd etdiyimiz kimi, ən böyük əngəl həftəsonu qapanmalarıdı. Buna da dövlət qərar verir və bütün qərarlara əməl etməyə borcluyuq

- Əvvəl düşünülürdü ki, avqustda müəyyən sürüşmə etmək olar. Ancaq son qərarla bunun mümkünsüzlüyü bəlli oldu.  Artıq çempionatı keçirmək müşkülə çevrildi?

- Bu mövzuda vacib olan AFFA-nın İcraiyyə Komitəsinin qərarıdı. Burda iki variant var, ya bərpa olunacaq, ya da dayandırılacaq. “Neftçi” hər ikisinə hazırdı.

- Bəs niyə belə söz-söhbətlər gəzir ki, “Neftçi” bu məsələlərdən yan qaçır, çempionatın bərpasını istəmir?

- “Neftçi” qarşıya faktlar qoyur. Klublar Komitəsinin iki dəfə iclası olub, biz orda çempionatın təqvimini müzakirə etmişik. Niyəsə heç kəs bu barədə danışmır. Mövsümün ləğvi ilə bağlı heç bir müzakirə olmurdu. Ancaq son zamanlar karantin rejiminin sərtləşdirilməsi, həftənin iki günü evdən çıxmaq qadağasının tətbiqi, məşqlərin baş tutmaması vəziyyəti qəlizləşdirir. Bəzi futbol adamları deyir ki, bütün Avropa ölkələri çempionatları yekunlaşdırır. Əvvəla hamısı deyil, bəzilərində davam etdirilir. Ok, biz də hazırıq, biz də avrokuboka daha yaxşı vəziyyətdə getmək istəyirik. Bunlar bir-birinə bağlı olan məsələlərdi. Üstəlik, bizim çempionluq şansımız tükənməyib, “Qarabağ”la şəxsi oyunumuz var. Biz iddialıyıq. Mövsümün bitimi üçün avqustun 3-dən gec bir tarix qoyulsaydı, daha rahat olardı. Avropada bu şəraitdə heç kim olmayıb ki, iki gün evdə qalıb, sonra məşqə və ya oyuna çıxın. İstər Avropanın qərbində olsun, istər şərqində, istərsə də çempionatı davam etdirilən qonşu ölkələrdə - hər birində komandalara müvafiq vaxt verilib və həmin müddət ərzində onlar rahat məşq edə biliblər. Qoy bu fikirləri müdafiə edənlər sualıma cavab versinlər ki, belə bir şəraitdə, bu cür hava şərtləri altında iki günlük qapanmadan sonra komanda necə çıxıb oynaya bilər? Biz artıq iki futbolçumuzu itirmişik, bilirik ki, bu, digər klubların da başına gələcək. Artıq belə halların yaşandığından xəbərdarıq. Bəs bu futbolçularla avrokuboklarda necə oynayacağıq? İkigünlük qapanmalarla komanda necə hazır olsun? Biz istəyirik ki, sona qədər mübarizə aparaq, idman prinsipləri qorunsun, avrokuboklara hazır olaq. Bunlar mövsümün bərpasının müsbət tərəfləridi, mənfi məqamları da artıq qeyd etdik və hər kəsə onsuz da bəllidi.

-  Mövcud durumla bağlı məşqçilər heyəti ilə müzakirələriniz olubmu?

- Təbii ki, müzakirə edirik. Molla Nəsrəddinin məşhur hekayəsi var, bir parçadan iki dənə paltar tikmək olar, adam soruşur ki, 5 dənə tikə bilərsənmi? Yəni bizə 20 gün vaxt verildi, ancaq faktiki nə qədər oldu? 5-6 gün kəsildi. Bir mütəxəssis gəlsin desin ki, 14-15 günə komandanı necə hazırlamaq olar? Çox böyük riskdi. Deyək ki, biz öz komandamızı düşünmürük, bəs millini niyə fikirləşməməliyik? Axı yığmanın da Millətlər Liqasında oyunları olacaq. Dediyim kimi, idman prinsiplərinin qorunmasını, mövsümün bərpa olunmasını istəyirik, ancaq ölkədə koronavirusla mübarizə üçün bir siyasət var, onun da başında ölkə prezidenti dayanır. Cəna prezidentimiz heç nəyin insan sağlamlığından daha vacib olmadığını bildirir.

- Mövsümün davam etdirilməməsi ilə bağlı iki variant var: çempion və mükafatçılar elan olunsun, yaxud mövcud turnir cədvəlinə uyğun avrokubok iştirakçıları bəlli olsun, çempion və mükafatçılar müəyyənləşdirilməsin. Siz hansının daha haqlı olacağını düşünürsüz? Ən çox “Neftçi”nin mövqeyi maraq doğurur...

- Biz ona görə deyirik ki, bəli, çempionat davam etdirilsin. Çünki iddialıyıq. Ancaq qərar necə olacaqsa, ona da riayət etməliyik. Son zamanlarda “Neftçi”nin adını bu və ya digər məsələlərdə tez-tez hallandırırlar. Klubumuzun rəsmi mövqeyini bildirmişik. O barədə artıq nəsə deməyə ehtiyac yoxdu. Biz mövsümün davam etdirilməsinə razıyıq, ancaq problemi də qeyd etmişik ki, bizim üçün təhlükədi, mövcud durum komandaya mane olur. Mövqeyimiz çempionatın davam etdirilməsindən yanadı – bizə şərait yaradılması şərtiylə. Qərarı gözləyirik.

- Son günlərin əsas mövzularından biri Baqali Dabo ilə olan problemdir. Artıq klubun rəsmi qərarı bəllidir. Sadəcə, maraqlıdır, niyə bu gərginlik bu qədər uzun çəkdi?

- Biz futbola dünən gələn adamlar deyilik. Futbolçunun niyə belə hərəkət etdiyini çox gözəl bilirik, hər şeyi detallarınacan araşdırmışıq. Sadəcə, indi uyğun zaman deyil ki, biz ictimaiyyətə onun niyə belə davrandığını, kimlərə qulluq etdiyini açıqlayaq. Bunu demək üçün tezdi, çünki belədə hər şey onun marağına uyğun olacaq. Biz bütün addımlarda klubun maraqlarını düşünürük. “Neftçi”nin başına artıq belə şeylər gəlib. Bir neçə il öncə Emil Mpenza hadisəsi olub və uzun müddətdi klub bunun əziyyətini çəkirdi. Bəzi səriştəsiz insanların, UEFA, FIFA qaydalarını bilməyənlərin – hansı ki, indi ucadan danışırlar - verdiyi qərarlara görə 3-4 il idi “Neftçi” bunun altından çıxa bilmirdi. Çox əziyyətlə, ümumi səylə, sponsorların və klubun strategiyası sayəsində bu vəziyyətdən çıxa bildik. Vaxtında səhv qərar qəbul olunmuşdu. Əslində, bunu müzakirə etməyə də ehtiyac yoxdu, ortada faktlar var. UEFA bizə konkret cəza kəsmişdi. Bu gün emosiyaya qapılıb qərar qəbul edə bilərdik, ancaq bu, “Neftçi”nin xeyrinə olmazdı. Hər kəs alqışlayardı, ancaq o, səhv qərar olardı. Ona görə də hər şeyi ölçüb-biçdik. Bizə bu məsələdə dəstək verən xarici hüquqşünaslarımız var, hər şeyi prosedur qaydalara uyğun etmişik. Baqali Dabo “Neftçi” camiəsinə qarşı çox böyük səhv edib. Bəziləri deyirlər ki, öz ölkəmizin başqa klubudu da, nə olsun... Ancaq “Neftçi”də oynayan heç bir futbolçunun başqa klubun formasını geyinmək haqqı yoxdu. Ən qocaman, ən populyar, ən çox azarkeşə sahib klubun futbolçusu o cür hərəkət etməməlidi.

- Qərar hüquqi araşdırmaların nəticəsi oldu?

- Biz artıq futbolçuya maliyyə sanksiyaları tətbiq etmişik. Burda yüngül bir cəzadan söhbət gedə bilməz. Çünki elədiyinin qarşılığında lazım olan cəzanı almalıydı.

- Deyilir ki, cərimənin miqdarı 10 mindən artıqdı, müxtəlif böyük rəqəmlər çəkilir...

- Doğru deyil. Çox da ola bilər, az da. Biz müvafiq və futbolçunun haqq etdiyi cəzanı vermişik. Dəqiq bir məbləğ açıqlamayacam. Çünki deyəcəyim hər bir söz futbolçunun xeyrinə olar.

- Sizcə, bu sanksiyanın digər futbolçularla bağlı da effekti olacaqmı?

- Əlbəttə. Klub rəhbəri kimi sizə bildirirəm ki, futbolçularla yalnız rəsmi və müqavilə şərtlərinə uyğun münasibətlərimiz var. Kimi motivasiya etməyi, kimi cərimələməyi yüksək səviyyədə icra edirik.

- Siz istəsəydiz, bəzi futbolçular bu qədər şıltaqlıq etməyə bilərdi...

- Bizim münasibətlərimiz yalnız hüquqi müstəvidədi, klubda bütün fəaliyyətlər qanun üzərində qurulub. Nə qədər səhvlər olsa da, qanun bunları tənzimləyəcək.

- Əslində, bir çox klubda belə intizamsızlıqlar baş verir, ancaq çox qabarmır. “Neftçi”dən niyə çıxır belə xəbərlər?

- Əgər mətbuatda “Neftçi” haqda heç nə getməsə, insanlar futbolumuz haqda çox az oxuyar. Ona görə belə şeylər çıxır. Ümumilikdə baxsaq, bizim qədər digər klublar haqda da məlumatlar olur. Ancaq bizim barəmizdə olan informasiyaları şişirdirlər. Çünki “Neftçi” haqda yazılar diqqət cəlb edir və daha çox adam oxuyur.

- Öncəki məsələyə qayıtsaq, belə hesab edirsizmi ki, hüquqi prosedurların sərt formada tətbiqi digər nataraz futbolçuları da islah edəcək?

- Hər dəfə hansısa futbolçu nəsə edəndə digərləri sonradan baş verənləri izləyir. Mən inanmıram ki, bu olaydan sonra kimsə oxşar hərəkətə yol versin. Çünki həqiqətən də, layiqli cəza verilib, üstəlik texniki heyət onu komandadan uzaqlaşdırıb. Yenə də hüquqi müstəvidə ona fərdi şəkildə məşq etmək üçün hər cür şərait yaradılacaq. Nəticədə biz qalib tərəf olacağıq. Buna tam əminəm. Emosiyaya qapılaraq deyil, hüquq çərçivəsində futbolçuya layiqli cavab veririk. Müqaviləsi 30 iyunda bitir. Ondan sonra hara istəsə gedər. Bu hadisədən sonra biz ona heç cür əvvəlki münasibəti bəsləyə bilmərik.

- Hüquqi müstəvidə cəzalandırmadan danışdınız. Vaciliyi və ya effektivliyi çox müzakirə edilməlidir. Soni Mustivar və Dario Federiko ilə bağlı da çox danışılır...

- Mustivarın müqaviləsi bitir. O, əsl peşəkar kimi davranır. Biz hələ çempionatın nə zaman bitəcəyini bilmirik, sadəcə məlumdu ki, avqustun 3-dən gec olmayacaq. Müqaviləsi bitən futbolçular qarşımıza heç bir tələb qoymadan, klubun onlara verdiyi dəyərə görə bizimlə davam edəcəklər. Ortada bir qəpik söhbəti belə yoxdu.

- Bəs Dario?

- O, həmişə belə olub. Həmişə narazıdır. Amma deyiləcək qədər problemli xarater deyil. Ümuiyyətlə, çox vaxt məsələlər şişirdilir. O, çox istedadlı futbolçudur. Bir az da ciddi olsaydı, çox böyük oyunçu ola bilərdi. Biz ona dəyər veririk.

- Deyib ki, məni istəmirlər, mən də qalmaq istəmirəm...

- Bu, futbolçunun emosiyasıdır, öz fikridir. O, hazırda məşqdədir və can-başla hazırlaşır, son oyunda da qol vurub. Dario ilə bu barədə heç bir söhbətimiz olmayıb.

- Mik Benet akademiyanın direktoru vəzifəsindən getdi. Onun əcnəbi mütəxəssislə əvəz olunacağı ilə bağlı gözləntilər var...

- Hələ qərar qəbul edilməyib. Biz Benetə çəkdiyi əziyyətə görə təşəkkürümüzü bildirdik. İki il futbolda nə çoxdur, nə də az. Onun gətirdiyi yeniliklər, tətbiq etdiyi sistemi biz görürük. İctimaiyyət bir neçə il sonra yetişmiş futbolçuların timsalında bunun şahidi olacaq. Akademiyanın işi daha tənzimlənmiş, daha yüksək səviyyədə idi. Hər şeyin əvvəli olduğu kimi, sonu da var. Biz irəli baxırıq. Bilirsiz, kimsə ağacı əkir, digəri sulayır, 3-cü birinə məhsulu dərmək qismət olur. Hesab edirəm ki, ilk mərhələni uğurla başa vurduq. Buna görə də fəaliyyətinə görə ona təşəkkür edib, yola saldıq.

- Yerinə gələcək mütəxəssis...

- Bu məsələ hələ açıqdır. Əcnəbi də ola bilər, yerli də.

- Benetin gedişi ilə bağlı belə bir məqam var ki, aradakı mentalitet fərqi də rol oynayıb. Bu da o anlama gəlir ki, onu yerli mütəxəssisin əvəz etməsi düşünülür...

- Əgər yerli mütəxəssis olarsa, bizim tələblərimizə cavab verməlidir, standartlara uyğun olmalıdır. Benetin gördüyü işin səviyyəsi bir var idi, yerinə gələcək mütəxəssis həmin səviyyədən aşağı olmamalıdır.

- Namizədlər siyahısında bu səviyyəni qoruyub saxlayacaq yerli mütəxəssis varmı?

- Əlbəttə, var. Danışmalı, müzakirə etməli, plan qurmalı, ondan sonra qərar verməliyik. 200-dən çox uşqdan ibarət akademiyanı işi yüksək səviyyədə bilməyən və ya baxışları fərqli olan birinə tapşıra bilmərik. Sadəcə adına, yaxud əcnəbi olduğuna görə və ya “Neftçi”nin veteranıdır deyə yanaşsaq, böyük səhv etmiş olarıq. Seçim bu prinsiplərlə aparılmır. Peşəkarlıq, işə münasibət, onun beyni, səviyyəsi, bacarığı, müasir baxışı önəmlidir. Bura 70-80 yaşlı yerli və ya əcnəbi mütəxəssis dəvət edə bilmərik. Elə bir dövrdür ki, daha gənc mütəxəssislərə yönəlməliyik.

- Belə başa düşürəm ki, gedənlərin yerinə daha keyfiyyətli mütəxəssislər götürəcəyinizə iddialısınız...

- Bunu zaman göstərəcək. Biz axtarışlar edəcəyik, məqsədimiz budur. Artıq bir neçə məşqçi ilə anlaşmışıq. Performans göstəricisinin necə olacağını zaman göstərəcək.

- Uşaq futbolunda nəticəyə çox zaman önəm verilmir. Ancaq deyək ki, nəticələr aşağı düşdü...

- Uşaq futbolunda ilk növbədə vacib olan uşaqları tapmaq, düzgün seleksiyadır. Bu zaman da uşağın böyüklüyünə, gücünə yox, futbol istedadına baxılmalıdır. İkincisi, ilk futbol biliyini verməkdir, daha sonra futbol ustalığını aşılamaq və insan kimi formalaşdırmaq gəlir.

- Burda da yerli-əcnəbi fərqlilikləri ola bilərmi?

- Hələ bu barədə qərar verməmişik. Əcnəbi də ola bilər. Bir az əvvəl sadaladığım 4 prinsipin heç birində nəticə tələbi yoxdur. Akademiyadakı 200 uşağın arasından 2-3 futbolçu “Neftçi”nin əsas komandasında oynasa, bizim üçün böyük bir şey olacaq. Burda söhbət bir nəsildən gedir – yəni indi olduğu kimi, 10 yaşdan Gənclər Liqasında oynayanlara qədər. Təbii ki, onların hamısından yaxşı futbolçu olması mümkün deyil. Bir neçə uğurlu ad ortaya çıxsa, bizim üçün yaxşı nəticə sayılacaq. Onlardan da biri millinin formasını geyinsə, nailiyyət sayacağıq. Çünki ardı da gələcək.

- Belə görünür ki, akademiyada islahatlar gedir. Bəs doğru mülahizədirmi ki, əsas komandada legionerlər azalacaq, yerli futbolçuların sayı artırılacaq?

- İslahatlar gedir və davam edəcək. Transfer siyasətimizdə müəyyən dəyişikliklər olacaq. Bunu heç vaxt deməmişəm, indi elan edirəm ki, uzunmüddətli layihəyə başlayırıq. Bilirsiz, Azərbaycana ya vaxtı keçmiş futbolçular gəlir, ya da artıq keyfiyyət nöqteyi-nəzərindən son həddinə çatmış oyunçular, yəni artırmaq potensialı olmayanlar. Mövsümün axırında bəlli olacaq ki, hansı futbolçular komandanı tərk edəcək. Bir neçə oyunçu ilə yolları ayıracağıq. Amma bir neçə gənc, istedadlı futbolçu ilə danışıq gedir. Bu da o deməkdir ki, həmin futbolçuların yaşı 25-dən aşağıdır. Texniki heyət artıq həmin futbolçuları izləyib, müəyyən fikirlərimiz var. 22-23-24 yaşlı ounçunu gətirəndə onunla 1 illik müqavilə bağlamırsan. Bildiyimiz qədər, Avropada bütün normal klublar minimum 2-3 illik müqavilə bağlayır. Bu futbolçular həm burda ola-ola bizə xeyir verəcəklər, həm də maksimumlarına çatmadıqları üçün zaman keçdikcə daha yaxşı olacaqlar.

- Söhbət heyətdə çox radikal islahatdan gedir?

- Bizim sütunumuz necə varsa, elə də qalır.

- Bunda maliyyə məsələlərinin rolu varmı? Deyək ki, büdcə kəsilir və ona uyğun addımlar atılır...

- Büdcə üç istiqamətdən gəlir. Əsasən təbii ki, SOCAR-dır. İkincisi digər sponsorlar - “Türk Hava Yolları”, “Vita1000”, “Mega Sığorta”, “Buta” var. Digər şirkətlərlə də danışıqlar gedir. Büdcənin üçüncü istiqaməti isə UEFA-dan gələn gəlirlərdir. Bunu heç yerdə açıqlamamışam, ilk dəfə rəsmi olaraq elan edirəm ki, bu il rekord gəlir əldə etmişik. Söhbət mənfəətdən yox, sırf gəlirdən gedir. Sponsorlardan yaxşı vəsait aldıq, avrokuboklarda 3-cü mərhələyə yüksəldik. Hətta o zaman Avropa Liqasında qrupa düşən “Neftçi” bu qədər gəlir əldə etməyib. Mən sırf SOCAR-dan kənar olan vəsaitdən danışıram. Bunun hesabına biz nəinki 2014-cü ildən bu yana gələn problemlərin axırına çıxmışıq, hətta investisiya edə bilirik. Klub olaraq baza tikintisinə maliyyə ayırırıq. Uşaqlar üçün yeni akademiya açılacaq və artıq bunun layihəsi hazırdı. Binanın beton, hörgü işləri demək olar ki, bitib. Qalır üzlüyü və daxilinin təmiri. İnanırıq ki, bu ilin sonuna qədər üzlük məsələsini yekunlaşdıracağıq. Mümkün olmasa, gələn ilin əvvəli bu istiqamətdə işləri başa vuracağıq. Bunların hər birinin, təbii ki, büdcəyə təsiri var. Çünki biz investisiya edirik və bunlar xərcdir. “Neftçi” həmişəki kimi iddialı olacaq, sadəcə vəsaitimizi daha səmərəli istifadə edəcəyik.

- Bazanın tikilişi konkret nə zamana yekunlaşacaq?

- Birinci mərhələ artıq bitdi. Qalıb üzlük və daxilin təmiri. Üzlüyü bu il yekunlaşdıra bilərik. Sadəcə bu, sifarişlə hazır gəlməlidir. Təmir sonuncu mərhələdir. Ondan sonra ora köçə bilərik. 83 yaşlı klubun ilk dəfə özünə məxsus evi olacaq. Bu günə qədər ya dövlətin mülkiyyətində, ya da kirayədə olub.

- Yəqin ki, o vaxta klubun televiziyası ilə də canlı yayım edə biləcəksiz...

- Canlı yayım çox əvvəldən olacaq. Bu istiqamətdə özümüz gecikdik, bəzi səbəblər oldu. Yəni klubun kanalı daha tez başlayacaq işə.

- Akademiyalaşma da ilkdir...

- Bu, ümumiyyətlə çox geniş məsələdir. Heç vaxt bizim internatımız olmayıb. Seleksiyadan keçən uşaqlar orda daim qalacaq. Onları daim nəzarətdə saxlayacağıq, tərbiyəçi onlarla bir yerdə yaşayacaq, orda dərsləri ilə də məşğul olacaqlar, futbol da oynayacaqlar... Biz nəinki futbol oynamalarına, onların təlim-tərbiyəsinə də ciddi nəzarət edəcəyik. Bizim akademiyanın uşaqları indiyə qədər müxtəlif yerlərdə məşq edirdi. Artıq iki yeni meydança salmışıq. Pandemiyaya görə hələ istifadəyə verilməyib, ancaq tam hazırdılar. 19 yaşlılar təbii örtükdə məşq edir, digər komandalar üçün bütün standartlara uyğun iki yeni meydança tikmişik. Onlardan biri qapalıdır. Həmin meydançalar yaşı 12-cən olan uşaqlar üçün nəzərdə tutulub. Orda bizim kommersiya qruplarımız da olacaq, akademiyanın seçimlərindən keçə bilməyən, amma futbol oynamaq istəyən uşaqları götürəcəyik. Bu, dünyanın hər bir yerində var. Bütün böyük klublar bununla məşğuldur. Bu işlərə başlamaq istəyirik.

- Bir az əvvələ qayıtmaq istəyirəm, PFL-in mövsümün gələcəyi ilə bağlı məktubuna “Neftçi”nin reaksiyası rezonans doğurmuşdu...

- Bu məsələlərdən bəhs etdik. Biz oynamağa etiraz etmirik. Sərtləşmə ilə bağlı son qərarlara qədər çempionatın dayandırılması ilə bağlı heç bir söhbət olmurdu. Niyə bu məsələdə “Neftçi” qabardılır – qəti anlamıram. İdman prinsipləri naminə mövsüm bitməlidir. Ancaq çox insan bu işin incəliklərini bilmir. Biz futbolçulara külli müqdarda pul veririk. O, sabah zədələnsə, hesab edin ki, klubun nə qədər itkisi olacaq, onun əvəzinə isə yeni oyunçu cəlb etməliyik. Platellas, Monroz artıq zədəlidi.

- Bu iki futbolçunun da gedəcəyi ilə bağlı söhbətlər gəzir...

- Fürsətdən istifadə edib deyim ki, “Neftçi”nin rəsmi mənbələrindən başqa heç bir xəbərə inanmaq doğru deyil. Xahiş edirəm ki, məlumatı bizdən alın. Platellasın müqaviləsi bitir. Son qərar baş məşqçi ilə idman direktorunun müzakirələri əsasında veriləcək. Son söz isə təbii ki, baş məşqçidədir. Mən klub prezidenti olaraq yalnız maliyyə məsələlərində iştirak edə bilərəm. Monrozun isə davam edən müqaviləsi var. Yayılan bütün xəbərlər əsassızdır. Monroz burda çox xoşbəxtdir. Özüm də arabir futblçularla görüşürəm, danışıram, məşqlərdə iştirak edirəm. “Neftçi”yə ancaq burda xoşbəxt olan insanlar lazımdır. Adamın beyninə bir balaca şübhələr gəlirsə, onunla vidalaşırıq.

- Yəqin ki, Füzuli Məmmədov da “Neftçi”də baş məşqçi olduğuna görə xoşbəxtdir. Onunla bağlı hər şey aydındırmı?

- Kim burda xoşbəxt olmaz ki? (gülür) Mən klub prezidenti olaraq tək qərar verə bilmərəm. İndi pandemiyaya görə yığışmaq bir az çətindi, çempionatın taleyi müəyyənləşəndən sonra klubun Müşahidə Şurası ilə toplaşıb müzakirə aparacağıq. Əgər davam qərarı olarsa, mövsüm bitəndən sonra, əks təqdirdə çempionatın rəsmi ləğvindən sonra. Füzuli Məmmədov yanvardan komandanın baş məşqçisidir. Hazırda nəsə demək üçün tezdi. Ancaq ən azından gördüyü iş göz qabağındadır. Klub rəhbəri olaraq mənə elə gəlir ki, komanda yaxşı futbol sərgiləyir, müsbət istiqamətdə dəyişikliklər var, irəliləyiş görünür.

- “Türk Hava Yolları” ilə əməkdaşlıq sizin prizmanızdan necə oldu, qarşı tərəf hansı fikirdədi və davam olacaqmı?

- Bu, bizim üçün böyük bir uğurdur. Azərbaycan bazarına baxdıqda, düşünürəm ki, “Türk Hava Yolları” üçün də böyük bir layihədir. Bu, daha çox ictimai yönümlüdür. THY bütün düynayın tanıdığı markadır, Azərbaycan futbolunda da ən böyük marka “Neftçi”dir. Bizim üçün uğurlu oldu, ehtimal var ki, davam edəcək. İndi dəqiq bir şey deyə bilmərəm. Danışıqlarımız gedir. Hər şey razılığa doğru gedir.

- Xarici mətbuatdan görürük ki, qarşı tərəf bir neçə belə layihədən imtina edib. Azərbaycandakı PR işlərindən razılıqları ayrı mövzudur, davam edib-etməyəcəkləri isə bir qədər suallar yaradır...

- THY ilə əməkdaşlıq bizim üçün böyük bir dəstəkdir. Bu layihənin olması önəmli bir uğur idi. İnanmaq istəyirəm ki, davam edəcəyik. Pandemiya dövründə bütün böyük təşkilatlar hər şeyi təzədən götür-qoy edir. Fikrimcə, əməkdaşlığımız uzunmüddətli olacaq. Buna sırf maliyyə nöqteyi-nəzərindən baxmaq lazım deyil. Futbolçular istənilən oyuna çıxanda əgər onların köynəyində böyük bir brendin adı varsa, sanki 1:0 öndə başlayırlar.

- Bir ara THY-nin təbliğatla bağlı narazılıqlarının olduğu deyilirdi. Bunlar nə dərəcədə həqiqətə uyğundur?

- Biz şirkətin Bakıdakı ofisi ilə çox sıx təmasdayıq. Dəfələrlə həm biz tərəfdən, həm onlar tərəfdən təşəkkürlər olub. Münasibətlərimiz həm dostluq çərçivəsində qurulub, həm də işgüzar. Arada heç bir fikir ayrılığı olmayıb. Onların hər bir layihəsinə dəstək olmuşuq və olacağıq.

- Bir az obrazlı şəkildə soruşacam. Pandemiya dövründə ən çox müzakirə olunan klub “Neftçi” oldu. “Ağ-qara” klubun ağlı-qaralı bu zolağını necə dəyərləndirirərdiz?

- Allah bizim millətimizə can sağlığı versin, Allah prezidentimizin canını sağ eləsin. Allahın köməkliyi ilə xəstəxanalardakı insanlar sağ-qalamat evlərinə qayıtsın. Mənim yaxınlarımın arasında da yoluxanlar var. Məcburiyyət qarşısında futbol camiəsinə müraciət etməliyəm ki, bu, ciddi problemdir. Allah eləsin, bu dövrdən dərdsiz çıxaq, dövlətimiz də lazımı tədbirləri görməkdədir. Futbol camiəsinə, ölkənin ən yaxşı azarkeşləri olan “Neftçi” azarkeşlərinə üzümü tutub demək istəyirəm ki, “Neftçi” futbol klubu var, olub və olacaq. Burda hər şey qaydasındadır. Klubumuz haqqında yazılanların bəlkə, 90 faizi yalandır. Sadəcə, xəbər xətrinə yazılır ki, insanlar oxusun. Əksər məlumatlar yalandır, yalnız oxucuların diqqətini cəlb etmək üçündür. Baxmayaraq ki, 2015-ci ildən 2019-cu ilin sonuna kimi çox çətin bir dövr yaşamışıq, bu gün “Neftçi”də heç bir maliyyə sıxıntısı yoxdur. Bilirsiz, biz “Neftçi”nin keçmişində nə baş veribsə, oturub onunla alver etmirik ki, filankəs elə olub, filankəs belə olub. Burda kim işləyibsə, klubun kitabına düşüb. Ancaq həqiqətən də, biz hüquqi, maliyyə, mənəvi, ictimai məsələlərə çox diqqət yetiririk. Hazırkı “Neftçi” bunların  hər birinə çox böyük önəm verir. Bizim ictimai məsuliyyətimiz yüksəkdi və bunu yerinə yetirmək üçün çalışırıq. Bütün azarkeşlərə, “Neftçi”sevərlərə, “Neftçi” adını eşidənlərə demək istəyirəm ki, “Neftçi”də hər şey qaydasındadır, klubumuzun arxasında böyük maliyyə və inzibati dəstəyi olan SOCAR var. Bizim Müşahidə şuramız, gözəl icra aparatımız, güclü futbolçularımız, işini yüksək səviyyədə görən departamentlərimiz və ən əsası, bizi istəyənlər, azarkeşlərimiz var. Gah avtobus qəzaya uğrayır, gah futbolçu nəsə edir - bunlar həyatımızda və futbolda olan şeylərdir. Çox məlumatlara fikir vermək lazım deyil. Bizim əməkdaşlıq etdiyimiz informasiya agentliklərimiz var, böyük bir informasiya şəbəkəmiz var, yaxın zamanda ölkə futbolunda bir ilk kimi “Neftçi” TV-nin fəaliyyətinə start verəcəyik - bu resurslarda yer alan məlumatlara inanmaq lazımdır. Layihələrimiz var, yenə də olacaq. İndi mən bizimlə rəqabətdə olan digər klublara görə hər şeyi açıqlamaq istəmirəm. Yeri gəlmişkən, onlara da uğur arzulayıram. Allah eləsin, hər biri bu çətin zamanlardan itkisiz çıxsınlar, hər kəsə yalnız xoş sözlər demək istəyirəm. Sabahkı iclasda veriləcək istənilən qərara da hörmətlə yanaşacağıq. Biz klub olaraq gündən-günə güclənirik. “Neftçi”sevərlər bizi harda görmək istəyirsə, inanıram ki, yaxın zamanda bizi orda olacağıq.

- Bildiyimə görə, həkim ailəsindənsiz. Digər tərəfdən artıq uzun müddətdi futbol idarəçiliyindəsiz. Bu tandemdən çıxış etsəz, pandemiyadan çıxı yollarını nədə görürsünüz - təklifləriniz nədir?

- Ölkə səviyyəsində tanınmış klub olsaq da, 10 milyonluq miqyasda burda 200-dən çox əməkdaş var. Biz bir yumruq olaraq eyni nöqtəyə vurmalıyıq. Dövlət qərarlarr verir. Riayət etməsək, çox çətin olacaq. Yenə də deyirəm, yaxın adamların arasında bir neçə nəfər, hətta ölkə xaricində yaxın bir dostum, “Anji”nin keçmiş direktoru Səid Abdullayev virusa yoluxmuşdu. Çox ağır bir xəstəlik keçirdi. Yaxınlarım arasında da var. Dövlət tərəfindən edilən bütün tövsiyələri dinləməli və icra etməliyik. Heç nə insan sağlamlığından üstün ola bilməz. Dövlətimiz bizə bunu başa salır və biz bunu dərk etməliyik. Anam həkimdir - həkim oğlu kimi deyirəm ki, çox ciddi bir məsələdir. Yalnız və yalnız hamımız həmrəy olub bu problemdən tez bir vaxtda çıxa bilərik. Bəzi Avropa ölkələri artıq bu problemi aşdı. Bizim dövlətimizdə ilk dövrlərdən buna çox ciddi önəm verilib ki, bəlkə də insan sayına görə ən çox test götürülən  ölkələrdənik. Ölkənin 3 faizi artıq testdən keçib. Məncə, bəzi ölkələrdə buna çox da önəm verilməyib. Dövlətimiz nə edirsə, doğru addım atır, insanlarımız da gərək bunlara riayət etsinlər.

Mənbə: “FutbolPress”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30