18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qeye gedə bilir, Gerye yox?

VƏ YA “QARABAĞ”IN UĞURSUZ LEGİONER TRANSFER SİYASƏTİ HAQDA

Şənbə, bazar sükutundan sonra yeni həftəni Azərbaycan futbolu 2 xəbərlə açdı. Birincisi, türkiyəli həmkarlarımız iddia edir ki, “Sabah”da və U-21 millimizdə forma geyən Ozancan Kökçü ilə Superliqa təmsilçiləri “Beşiktaş” və "Kasımpaşa" maraqlanır. Hətta xəbərdə qeyd olunub ki, “Qara qartallar” “Sabah”la razılaşacağı təqdirdə, Kökçü “Beşiktaş”la müqaviləyə qol çəkəcək.

Əvvəlki vaxtlar olsaydı, bəlkə də indi sevincimizin həddi-hüdudu yox idi. Amma indi zaman o zaman deyil. Futbolla az-çox əlaqəsi olanlar anlayır ki, bu xəbər futbolçunun yaxınları vasitəsi ilə onun qiymətini qaldırmaq üçün mətbuata ötürülüb. Bir ara İngiltərə “yolunda olan” Ozancan heç kimə lazım olmadığı üçün “Sabah”la anlaşdı. Görünür, indi də Türkiyə Superliqasına “qarmaq atır”.

Ozancan hələ “Sabah”ın düşərgəsində olduğu halda, Maqaye Qeye artıq “Qarabağ”ın futbolçusu deyil. Yalnız kağız üzərində Ağdamın olan klub rəsmi saytı ilə bu gün bəyan etdi ki, fransız forvardla yollar ayrılıb. Qeyenin gedişi ilə bağlı toxunmaq istədiyimiz iki məqam var.

Ilk olaraq onu vurğulayaq ki, əksəriyyət bu gedişə “Qarabağ”ın Qeyedən canı qurtardı” qiymətini verir. Həqiqətən də fransız forvardın statistikası onun keçidinin uğursuz olduğunu göstərir. Transfer qiyməti heç də ucuz olmayan forvard “Qarabağ”ın heyətində meydana çıxdığı 28 oyunda cəmi 8 qol vurub. Bu 8 qoldan 5-i elə Azərbaycan Premyer Liqasına təsadüf edir. Halbuki Qeyeyə ümidlər böyük idi. Onun “Qarabağ”ın hücum xəttindəki problemi yoluna qoyacağı gözlənilirdi. Amma əsasən Avroliqada köməyinə ümid bəslənən Qeye qrup mərhələsində cəmi 1 qol vurdu. Eynən müdafiəçi Maksim Medvedev kimi...

Bu statistika birmənalı şəkildə keçidin uğursuz olmasına işarədir. Ümumiyyətlə, son zamanlar “Qarabağ”ın legioner transferində axsama hiss olunur. Reynaldodan sonra komanda axtardığı hücumçunu tapa bilmir. Eləcə də bəzi legionerlərin komandada hansı səbəbdən olması sual doğurur. Bu baxımdan ağla gələn ilk isim Vaqner da Silvadır. Braziliyalı qapıçı Asmir Beqoviçin gəlişindən sonra heyət üzünə həsrətdi. Hətta bosniyalı qolkiperin gedişi də onun yolunu açmadı. Cari mövsüm Azərbaycan Premyer Liqasında 20 tur geridə qalsa da, Vaqner 1 dəfə belə olsun meydana çıxmayıb. Heç kubok oyunlarında da ilk “11-liy”ə düşə bilməyən 34 yaşlı qolkiper yalnız mövsümün əvvəlində - Çempionlar Liqasının plef-off oyunlarında meydana çıxıb. Braziliyalı rəsmi görüşdə “Qarabağ”ın formasını sonuncu dəfə 2019-cu il avqustun 13-də geyib. Geridə qalan 10 ay ərzində 1 dəfə belə meydana çıxmayan qapıçını komandada saxlamağın mənası nədir?

“Qarabağ”a fayda verməyən bir başqa legioner Faysal Rerrasdı. Belçikalı cinah müdafiəçisi Avroliqanın qrup mərhələsində “Qarabağ”a kömək etməyib. Premyer Liqada isə 20 tur ərzində cəmi 6 matçda oynayıb. O görüşlərdən də yalnız 4-də start heyətində şans qazanıb.

Göründüyü kimi, Qeye, Vaqner, Faysal kimi əcnəbilərin “Qarabağ”a demək olar ki, heç bir faydası dəymir. Halbuki biz “Qarabağ”ın legioner seçiminə necə həssas yanaşdığını bilirik. Bu halda nəyə görə Ağdam klubu daha reynaldolar, almeydalar, zubirlər deyil, qeyelər, faysalları heyətə qatır? Halbuki mütəmadi olaraq avrokubokların qrup mərhələsində çıxış edən klubu indi əcnəbilər daha yaxşı tanıyırlar.

Qeyenin gedişi həm də onu göstərdi ki, ötən həftə “Neftçi”yə qarşı yönələn tənqidlər haqsız idi. Xatırlayırsınızsa, ötən həftə Donald Gerye klubdan ayrıldığını açıqladı. Haitilinin gedişi elə təqdim olundu ki, sanki dünyanın sonu idi. Halbuki futbolçunun sözləşməsi başa çatırdı və o, gələcəyini riskə atmamaq üçün qalan 2 ay ərzində “ağ-qaralı” formanı geymək istəmədi. Elə klub da daha onun xidmətində maraqlı deyildi. Amma bu gediş “Neftçi”nin sonu kimi təqdim olundu. Halbuki koronavirus pandemiyası səbəbindən çempionatın mayda deyil, 2 ay sonra başa çatması təkcə “Neftçi”yə yox, bütün klublara çətinlik yaradır. Yalnız “Neftçi”nin deyil, digər klubların da müqaviləsi başa çatan futbolçularla iyulun sonunda deyil, elə indi vidalaşması mümkündü. Necə ki bunu Qeyenin timsalında gördük. Deməli, problem “Neftçi”də yox, problem koronavirusdadı...

FUTBOLXEBER.AZ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30