20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Coko Haciyevski: “Bu, adi qrip deyil, kimyəvi virusdur”

"AZƏRBAYCANDA UNUDULMAZ GÜNLƏRİM OLUB"

“Koronavirusla bağlı Bakıdakı vəziyyətdən müəyyən qədər xəbərim var. Lakin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) durum bir qədər fərqlidir. Burda evdən bayıra çıxmağa icazə var, yalnız gecə istisna olmaqla. Üstəlik, yaşlılarla bağlı qadağa da yoxdu”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Bakı”nın və milli komandamızın keçmiş baş məşqçisi Coko Hacİyevski deyib.

Makedoniyalı mütəxəssis hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” klubunu çalışdırır. Haciyevski hazırda dünyanın 1 nömrəli problemi olan koronavirus (COVİD-19) pandemiyası səbəbindən yaranmış vəziyyət haqda danışıb.

“BƏƏ-DƏ SƏHƏR 6-DAN AXŞAM 8-Ə KİMİ KÜÇƏYƏ ÇIXMAQ MÜMKÜNDÜR”

O bildirib ki, BƏƏ-də virus demək olar yalnız Dubayda yayılıb: “Birləşmiş Ərəb Əmirliklərində səhər saat 6-dan axşam 8-ə kimi insanlar evdən çıxa bilərlər. Ən geci axşam 8-də evdə olmaq lazımdır və səhər 6-ya kimi küçəyə çıxmaq olmaz. Koronavirus burada demək olar yalnız Dubaydadı. O da yalnız şəhərin bir hissəsində. Müəyyən ərazilər var, harda ki Pakistandan, Banqladeşdən olanlar yaşayır. Həmin insanlar kiçik məbləğə çalışırlar və yaşamaq üçün fərdi şəkildə ev kirayələmirlər. Bir evdə 10, bəzən daha çox adam məskunlaşıb. Məhz həmin ərazidə virus qısa müddət ərzində minlərlə insanda yayıldı. Dərhal həmin ərazi tam qapadıldı və digərlərinə keçməsinin qarşısı böyük ölçüdə alındı. Digər şəhərlərdə virusa yoluxanların sayı çox azdı. Mən Ras-el-Xayma şəhərində yaşayıram. Burada demək olar ki, virusa yoluxan yoxdur. Ras-el-Xayma Dubaydan 100 km aralıdı. Turistik şəhərdi, 450 min insan yaşayır. Şəhərdə xeyli mehmanxanalar var”.

“QARŞIDAKI GÜNLƏRDƏ BURADA RESTORANLAR AÇILACAQ”

C.Haciyevski qeyd edib ki, qarşıdakı günlərdə BƏƏ-də müəyyən qadağalar aradan qaldırılacaq: “Qarşıdakı günlərdə restoranlar açılacaq. Lakin hələlik yalnız 5 saat fəaliyyət göstərəcəklər. Bunda Ramazan bayramının başlanmasının da rolu var. Restoranların iş saatı iftar vaxtına uyğunlaşdırılacaq. Restoranlarla yanaşı, müəyyən mağazalar da faəliyyətlərini bərpa edəcək”.

“Ümumiyyətlə, koronavirusun mövcudluğuna inanırsınızmı” sualına yığmamızın keçmiş çalışdırıcısı belə cavab verib: “Bilirəm ki, dünyanın çox yerində insanlar hətta bu virusun mövcudluğuna inanmırlar. Hesab edirəm ki, bu, adi qrip deyil, kimyəvi virusdur. Heç kim belə yaşamağa öyrəşməyib. Ona görə də tezliklə mütləq bu vəziyyətdən xilas olmalıyıq. Artıq pandemiyaya  qalib gəlmək lazımdı. Çünki virus bir çox ölkələrin iqtisadiyyatına ciddi zərbə vurur”.

“PASXA İLƏ ƏLAQƏDAR MAKEDONİYADA 5 GÜN ƏRZİNDƏ 24 SAATLIQ KARANTİN ELAN OLUNDU”

O, vətəni Makedoniyadakı durumdan da söz açıb: “Makedoniyada insanlar səhər saat 5-dən günorta 4-ə kimi küçəyə çıxa bilərlər. Yalnız bu günlərdə Pasxa ilə əlaqədar olaraq 5 gün ərzində 24 saatlıq karantin elan olunub. Bu da bayrama görədir. Artıq sabahdan həmin 5 günlük müddət bitir. Yenə də insanlar 11 saat ərzində küçəyə çıxmaqda azaddırlar”.

“VƏTƏNİMƏ YOLLANSAYDIM, 42 GÜN KARANTİNDƏ QALMALI OLACAQDIM”

Ölkəmizdə çalışdığı müddətdə tək yaşayan Hacıyevski bildirib ki, hazırda virusa görə ailəsindən uzaq düşüb: “Ailəm Makedoniyadadır. Təbii ki, belə məqamda ailəmin yanında olmaq istərdim. Amma təəssüf ki, vətənimə yollana bilmədim. Çünki Makedoniyaya getsəydim, 3 həftə karantində qalmalıydım. Üstəlik, geri dönərkən yenidən 3 həftə də BƏƏ-də eyni aqibəti yaşayacaqdım. Ona görə də belə qərara gəldim ki, hələlik gözləmə mövqeyi tutum”.

“BU CÜR ÇALIŞMAQ, HEÇ ÇALIŞMAMAQDAN DAHA YAXŞIDI”

Budəfəki söhbətimizin məğzi koronavirus olsa da, sonda mütləq futboldan danışmalıydıq. Hacıyevski qeyd etdi ki, hazırda bu baxımdan işləri çox yaxşıdır: “Birinci divizionda mübarizə aparan “Emirates” klubunu çalışdırıram. Daha öncə 2 il yüksək liqada işləmişdim. Cari mövsümün startına 1 həftə qalmış komandanı qəbul etdim. Sona 4 tur qalmış liderik. Ən yaxın izləyicimiz “Dibba Al Hisn”i 7, üçüncü yerdəki “Al Bataeh”i isə 10 xal qabaqlayırıq. Qarşıdakı 4 oyunda 1 qələbə qazanmaq lazımdı ki, yüksək liqaya çıxışımızı rəsmiləşdirək. Çox yaxşı mövsüm keçirdik. İnanıram ki, yekunda da istəyimizə nail olub, gələn mövsüm yüksək liqada yarışmaq hüququ qazanacağıq”.

Coko bildirib ki, futbolsuzluq dövründə futbolçularının fərdi çalışması heç məşq etməməkdən daha yaxşıdır: “Bütün klublar kimi biz də videogörüntü ilə çalışırıq. Fiziki hazırlıq üzrə köməkçim də mənimlə eyni evdə qalır. Onunla birgə futbolçularımızın vəziyyətinə nəzarət edirik. Üstəlik, futbolçular gün ərzində minimum 5-6 km qaçırlar da. Hər halda bu cür çalışmaq, heç çalışmamaqdan daha yaxşıdı”.

Mütəxəssis inanır ki, tezliklə mövsüm qaldığı yerdən davam edəcək: “Mayın əvvəlində çempionat başlasa, tezliklə mövsümü başa vuracağıq. Çünki sona cəmi 4 tur qalıb. Amma yüksək liqada daha 12 tur oynanılmalıdır. Digər tərəfdən bir məsələ var ki, mayda çempionat başlamasa, avqustu gözləməli olacağıq. Çünki burada iyun və iyulda çox dəhşətli istilər olur və futbol oynamaq mümkün deyil. Mayda mövsüm bərpa olunsa, hər şey qaydasına düşəcək. Əks halda avqustu gözləməliyik”.

“MADDİ VƏZİYYƏT AZƏRBAYCANDAKINDAN YAXŞIDI”

Haciyevskidən hazırkı iş yeri ilə Azərbaycan klublarını müqayisə etməsini istədik. O, BƏƏ-də vəziyyətin maddi baxımdan daha yaxşı olduğunu vurğuladı: “Burada maddi vəziyyət Makedoniyadakından da, Azərbaycandakından da yaxşıdı. Komandamda 6 legioner çıxış edir. Şərait də əladır. “Bakı”, “Xəzər Lənkəran” kimi klubumuzun öz stadionu, bazası, 6-7 məşq meydançası var”.

“HAFİZ MƏMMƏDOV GENİŞ ÜRƏYƏ SAHİBDİ”

Maraqlıdır, Haciyevski ölkəmiz üçü darıxımırmı: “Azərbaycan mənim üçün çox əzizdir. Orada unudulmaz günlərim olub. “Bakı” ilə çempion olmuşuq, Avroliqada pley-offa kimi irəliləmişik, Azərbaycan millisində çalışmışam. Şübhəsiz ki, hazırda “Bakı”nın fəaliyyətini dayandırması məni çox məyus edir. Hafiz Məmmədov geniş ürəyə sahibdir. Ümid edirəm ki, tezliklə onun da işləri qaydasına düşəcək, “Bakı” da yenidən Azərbaycan futbolundakı mövqeyini geri qaytaracaq”.

Haciyevski qeyd edib ki, Azərbaycandakı dostları ilə tez-tez əlaqə saxlayır: “Bu yaxınlarda bir jurnalist zəng vurmuşdu. Millidə birgə çalışdığım Nazim Süleymanovla, Faiq Əzizovla, eləcə də “Bakı” klubunda köməkçim olmuş Asif Əliyevlə tez-tez əlaqə saxlayırıq. Məhz onların sayəsində Azərbaycandakı proseslərdən xəbər tuturam”.

Söhbətləşdi: İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30