19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

PFL çempionata olan-qalan marağı öldürür

“NEFTÇİ” - “QARABAĞ”: YA AZARKEŞLƏR STADİONA BURAXILSIN, YA DA TƏXİRƏ SALINSIN

Dünən Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının qarşıdakı 2 turunun oyunlarının azarkeşsiz keçirilməsi ilə bağlı qərar qəbul etdi. Məlum məsələdir ki, PFL bu addımı koronavirusa görə atıb. Bu məsələ ciddi müzakirə mövzusu olmazdı. Əgər “Neftçi” - “Qarabağ” oyunu 22-ci tura təsadüf etməsəydi...

Son illər aparıcı klubların bir-bir süquta uğraması, ən son da “Qəbələ”nin maliyyə durumunun pisləşməsi nəticəsində ölkədə 2 iddialı, çempionluğa oynayan 2 komanda qalıb - “Qarabağ” və “Neftçi”. Hazırda Ağdam klubunun cari mövsümdə də çempion olmaq şansı rəqibi ilə müqayisədə daha yüksəkdir. Hər halda Qurban Qurbanovun komandası sona 8 tur qalmış əsas rəqibini 8 xal qabaqlayır. Martın 21-də uduzsa belə, “Qarabağ” yenə də mövsümün sonunda zirvədə qərarlaşa bilər. Lap həmin gün qələbə qazanıb, azarkeşlərinin bayramına bayram da qata bilər. Amma əsas məsələ həmin oyunun azarkeşsiz keçirilmə(mə)sidi. Bu, nə dərəcədə doğrudur?

Birincisi, hələ 2 gün əvvələ kimi istər PFL prezidenti Ramin Musayev olsun, istər digərləri bu məsələni lağlağıya çevirmişdilər: “Azərbaycan çempionatının oyununa azarkeş gəlir ki?”, “Koronavirusdan qorunmaq üçün ən yaxşı yer elə stadiondur” və s. Bu tip zarafatlara hamımız deyib-güldük. Bəs indi birdən birə nə dəyişdi ki, PFL dövrənin oyununun da azarkeşsiz keçirilməsinə qərar verdi?

İkincisi də hamımız gözəl bilirdik ki, koronavirus ölkəmizdə nəzarət altındadır. Bu günə kimi cəmi 11 nəfərdə həmin xəstəlik aşkarlanıb ki, deyilənə görə, onlardan 3-ü artıq sağalaraq xəstəxanadan buraxılıb. Əgər vəziyyət kritik olsaydı, buna hər birimiz şahidlik edərdik. Bakıdakı molların, restoranların hamısı fəaliyyətini davam etdirir. Şəhərin mərkəzində hər gün sıxlıq olur. Üstəlik, insanların 90, bəlkə də daha çox faizi heç qoruyucu maskadan belə istifadə etmir. Bu halda PFL nəyə görə oyunların azarkeşsiz keçirilməsi barədə qərar qəbul edir? 

Hər birimiz “stadiona azarkeş gəlmir”, “çempionata maraq yoxdu” deyib gileylənirik. Açıq danışaq, “Qəbələ”nin bölgə komandası olduğunu nəzərə alıb, onu siyahıdan çıxırıq, digər komandaların öz aralarındakı oyunlarına azarkeş niyə gəlsin? “Səbail”lə “Sabah”ın azarkeşlərinin cəmi heç komandaların ev oyunlarını keçirdikləri stadionun 1 sektorunu belə doldurmaz. Ölkədə normal sayda azarkeşi olan 2 komanda var və hər kəs məhz “Neftçi” ilə “Qarabağ”ın mübarizəsinə şahidlik etmək arzusundadır. Bu halda həmin 2 komandanın oyununu azarkeşsiz keçirmək absurddur.

PFL-ə, yaxud kiməsə ağıl öyrətmək fikrindən uzağıq. Amma indiki məqamda vəziyyətdən çıxmaq üçün üç yol var. Ya bu qərar yalnız 1 tur qüvvədə olacaq, növbəti turdan etibarən stadiona azarkeşlər buraxılacaq. Ya XXII turun digər 3 oyunundan fərqli olaraq “Neftçi” - “Qarabağ” matçına azarkeşlər buraxılacaq (kimsə bu, digər klublara hörmətsizlikdir deməsin). Ya da ən ideal variant odur ki, oyun təxirə salınsın. “Neftçi” - “Qarabağ” oyununu azarkeşsiz keçirməkdənsə, təxirə salın. Martın 31-dən sonra münasib bir vaxtda həmin oyun azarkeşlərin iştirakı ilə keçirilər. Axı, futbol azarkeşlər üçün oynanılır...

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30