20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçi”nin Azərbaycan futboluna qazandırdığı dünya brendi

2018-ci ilin iyulunda Azərbaycan futbolunda nadir rastlaşdığımız hadisə baş verdi. Belə ki, "Neftçi” dünyaca məşhur "Türk Hava Yolları” ilə brend əməkdaşlıq müqaviləsi imzaladı. Bu əməkdaşlıq xoş olduğu qədər də, sürpriz idi. Çünki son illər Azərbaycan futbolunda ciddi sponsor çatmazlığı var. Yerli brendlərin futboldan uzaq durduğu bir məqamda "Türk Hava Yolları”nın Azərbaycan klubu, “Neftçi” ilə əməkdaşlıq etməsi çox müsbət məqamdır.

“AZERCELL”, “NAR MOBİLE”, AZAL, LUKOYL, UNİBANK, MCDONALD'S VƏ DİGƏRLƏRİ ÜÇÜN NUMÜNƏ

2004-cü ildə AFFA rəhbərliyindəki dəyişiklikdən sonra Azərbaycan futbolunda maddi baxımdan xeyli irəliləyiş oldu. “Baghlan Group”, “Palmali”, Azərbaycan Beynəlxalq Bankı kimi şirkətlərin futbola gəlişi xeyli iddialı klubun yaradılması ilə nəticələndi. Nəticədə Azərbaycan futbolunda böyük pullar dövr etməyə başladı. Lakin son 5-6 ildə futbolumuzda ciddi şəkildə sponsor çatışmazlığı var. Bunun nəticəsidir ki, hazırda Premyer Liqada çıxış edən 8 klubdan təxminən yarısı AFFA, SOCAR tərəfindən maliyyələşir. Halbuki bu gün Azərbaycanda fəaliyyət göstərən, maliyyə dayaqları güclü olan kifayət qədər şirkət var. Hansılar ki çox asanlıqla futbola, hər hansı bir kluba maliyyə ayıra, sponsorluq edə bilərlər. Bu baxımdan “Azercell”, “NAR Mobile”, AZAL, “Buta Airways”, “Bank of Baku”, Unibank, “Xalq Bank”, “Cahan Holding”, LUKoyl, “Kristal Abşeron”, McDonald's və digərlərinin adlarını çəkmək olar. Müxtəlif sahələrdə fəaliyyət göstərən bu şirkətlərin qazancları kifayət qədər olsa da, nədənsə Azərbaycan futbolundan uzaq gəzirlər.

“TÜRK HAVA YOLLARI” İLK OLMASA DA...

2018-ci ildən “Neftçi” “Türk Hava Yolları” ilə əməkdaşlıq edir. Bəlkə də çoxları bu əməkdaşlığın - hər hansı xarici şirkətin Azərbaycan klubuna sponsorluq etməsinin futbolumuzda ilk olduğunu düşünür. Amma belə deyil. Son illər olmasa da, ötən əsrin 90-cı illərində Azərbaycan futboluna maliyyə ayıran xarici şirkətlər olub. Həmin vaxt Azərbaycanda idman mətbuatının səviyyəsi çox zəif idi. Bu səbəbdən də Azərbaycan klubu ilə əməkdaşlıq edən ilk əcnəbi şirkəti müəyyənləşdirmək çox çətindi. Məsələn, 90-cı illərin əvvəlində elə “Neftçi”yə “Çaphas” sponsorluq edirdi.

Türkiyə şirkəti olduğu ehtimal olunan “Çaphas” haqda indi internetdə hər hansı məlumat tapmaq qeyri-mümkündür. Böyük ehtimal, şirkət çox öncədən fəaliyyətini dayandırıb. “Çaphas”ın adına “Neftçi”nin arxiv formalarında rast gəlinir. Komandanın formalarının üstündə məhz bu ad yazılırdı. Mümkündür ki, bu və ya digər xaricdəki kiçik, tanınmamış şirkətlərlə anlaşmalar olub. Amma əminliklə söyləmək olar ki, “Türk Hava Yolları” bu günə qədər Azərbaycan futbolundakı ən böyük, adlı-sanlı sponsordur.

87 YAŞLI DÜNYA BRENDİ

“Türk Hava Yolları” Türkiyənin bayraq daşıyıcı beynəlxalq hava yolu şirkətidir və mərkəzi ofisi İstanbuldadır. “Türk Hava Yolları”nın uçuş əhatəsi Avropa, Asiya, Afrika və Amerikanı əhatə edir. 2019-cu ildə şirkət 74,2 milyon sərnişin daşıyıb.

Ardıcıl 6 dəfə Avropanın ən yaxşı hava yolu şirkəti seçilən “Türk Hava Yolları” hazırda da dünyanın ən yaxşı 4 aviaşirkəti arasında göstərilir. “Türk Hava Yolları” 126 ölkəyə, 49-u daxili olmaqla 300-dən artıq istiqamətə, 300 hava limanına uçuş təşkil edir. “Türk Hava Yolları” dünyanın ən çox ölkəyə səfər təşkil edən hava yolu ünvanına sahibdir.

1933-cü ildə yaradılmış, həmin vaxt beş təyyarədən ibarət olan "Türk Hava Yolları” ilk uçuşu İstanbuldan Eskişehirə təşkil etmişdi. İlk beynəlxalq uçuş isə 1947-ci ilin 12 fevralında Afinaya olub.

“BARSELONA”, “MANÇESTER YUNAYTED”, “BORUSSİYA”... İNDİ DƏ “NEFTÇİ”

“Türk Hava Yolları” bu günə qədər müxtəlif idman klubları ilə sponsorluq müqaviləsi imzalayıb. Bu baxımdan “Barselona”, “Mançester Yunayted”, Dortmund “Borussiya”sı, “Marsel”, “Aston Villa”, “Şaxtyor”, “Sarayevo”, “Hannover” kimi klubların adını çəkmək olar.

“Türk Hava Yolları” “Barselona” və “Mançester Yunayted”in rəsmi hava yolu daşıyıcısı olub.

“Mançester Yunayted” 2010-cu ilin yanvarında “United Air Asia”dan məhz “Türk Hava Yolları” ilə anlaşıb və tərəflər 3,5 il davam edən müqavilə imzalayıblar.

Sözləşmənin ikinci ilində klubun üzvlərinin yer aldığı uçuş təhlükəsizliyinə həsr edilmiş film çəkilmiş və həmin filmdə “Mançester Yunayted”in üzvlərindən Darren Fletçer, Ueyn Runi, Nani, Kris Smollinq, Rafael və Fabio da Silva rol alıb.

“Türk Hava Yolları” “Mançester Yunayted”dən sonra Dortmund “Borussiya”sı ilə 3 illik müqavilə imzalayıb. 2013-cü ilin mayın başlayan əməkdaşlıq çərçivəsində Dortmund klubu Çempionlar Liqasının finalına, Londona məhz öz rənglərinin yer aldığı “Türk Hava Yolları”na məxsus “Boeing 737-800” təyyarəsi ilə yollanmışdı.

Şirkət eləcə də Türkiyədə “Başakşehir”, “Beşiktaş”, “Bursaspor”, “Qalatasaray”, “Fənərbaxça” və “Trabzonspor”un da sponsorudur.

“Türk Hava Yolları”, həmçinin, Avropa Basketbol Liqasına da sponsorluq edir və yarışa “Turkish Airlines EuroLeague” adı verilib.

Bu günə qədər “Türk Hava Yolları”nın reklam filmlərində Kobe Brayant, Lionel Messi, Karoline Vozniaçki kimi dünya ulduzları rol alıb.

YENİ RAZILAŞMAYA DOĞRU

“Neftçi” ilə “Türk Hava Yolları” arasında əməkdaşlıq 2018-ci ilin iyulunda başlayıb. Həmin vaxtdan etibarən tərəflər arasındakı razılaşmaya əsasən, "Neftçi” PFK-nın məşq formalarında, klubun sosial şəbəkə hesablarında, o cümlədən, bilbordlarda, çap materiallarında, biletlərdə, dəvətnamələrdə və digər məlumat məhsullarında aviaşirkətin loqosu öz əksini tapır.

Həmçinin, paytaxt təmsilçisinin təlim-məşq bazası "Türk Hava Yolları Futbol mərkəzi” adlanır.

Əməkdaşlıq ilk il üçün pilot layihə olub. İkinci ildə tərəfdaşlıq gələcəkdə daha da genişləndirilib, "Türk Hava Yolları” Azərbaycanın ən köklü futbol klubunun daha da inkişafına öz töhfəsini verməkdə davam edir. Ötən il UEFA Avropa Liqasının ilk təsnifat mərhələsinin cavab oyunu öncəsi - “Speranta” ilə görüşdən əvvəl “Neftçi” və “Türk Hava Yolları” əməkdaşlığın müddətinin daha 1 illiyinə uzadıldığını bəyan etdi. Artıq mayda bu sözləşmə də başa çatacaq. Əminliklə söyləmək olar ki, geridə qalan müddətdə bu anlaşmadan hər iki tərəf məmnundur və bu səbəbdən də yayda tərəflərin sözləşməni uzadacağı ehtimal edilir.

Hazırladı: İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30