24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ”nin mesajı: Biz də varıq! (QEYD)

ÖLKƏNİN ƏN YAXŞI İNFRASTRUKTURA MALİK KLUBU, “QƏBƏLƏ” AKADEMİYASI FƏALİYYƏTİNİ DAYANDIRA BİLMƏZ!

Son günlər haqqında ən çox danışılan klub “Qəbələ”di. Möhtəşəm infrastruktura malik olan, son illər Azərbaycan yığmaları üçün baza rolunu oynayan əyalət təmsilçisi çətin günlərini yaşayır. Ötən il büdcəsi və iddiası zəifləyən “Qəbələ” hazırda can üstədir. Qəbul etmək nə qədər çətin olsa da, “Qırmızı-qaralar” indiki məqamda bir vaxtlar”Bakı” və “Xəzər Lənkəran” kimi iddialı klubların yaşadıqlarını yaşayır.

Tale Heydərovun klub prezidenti vəzifəsindən gedişi formal xarakter daşısa da, əl dəyişdirən “Gilan Holding”in 2020-ci ildən kluba sponsorluğu dayandıracağı “Qəbələ”nin gələcəyini sual altına salıb. Vəziyyətin ciddiliyini nəzərə alan AFFA ölkə futbolunun başbilənlərinin bir araya gəldiyi İcraiyyə Komitəsinin iclasında “Qəbələ”nin yeni ildən sonrakı taleyini də müzakirəyə çıxarmağı planlaşdırırdı. Toplantıdan sonra açıqlanan qərardan məlum oldu ki, “Qəbələ” ən azı mövsümün sonuna qədər yaşayacaq. Lakin bundan sonra nə olacağı qeyri-müəyyəndir: “Qəbələ” klubunun sponsorları klubu maliyyələşdirməkdən imtina edəcəyi təqdirdə, lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubun təqdim etdiyi bank zəmanəti aktivləşdirilsin və məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılsın”.

Gələcək taleyi sual altında olsa da, “Qəbələ”nin bugünkü dirənişinə alqış düşür. Dünən ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Sabah”ı darmadağın edən və yarımfinala vəsiqəsinin taleyini böyük ölçüdə həll edən əyalət təmsilçisi bir daha sübut etdi ki, yaşamalıdır!

“Qəbələ”nin dünənki oyunu həm də futbol ictimaiyyətinə, klubun sponsorlarına bir mesaj idi. Oyunsonra mətbuat konfransında baş məşqçi Elmar Baxşıyevin də dediyi kimi: “Biz də varıq!”

“Qəbələ” dünən göstərdi ki, milyonlar, bahalı legionerlər olmadan da uğur qazanmaq mümkündür. “Sabah”ın bahalı legionerləri ilə “Qırmızı-qaralar”ın əcnəbilərinin dəyəri eyni deyil. Yerli oyunçular məsələsində də durum eynidir. Adicə “Sabah”da çıxış edən, “Qəbələ”nin yetirməsi Bəhlul Mustafazadənin adını çəkmək kifayətdir. Gəl ki, rəhbərliyin düzgün strategiyası, düzgün məşqçi seçimi və futbolçuların meydandakı əzmkarlığı “Qəbələ”ni qələbəyə aparan əsas amillərdi.

Mövsümün əvvəlində, xüsusən də Avroliqadakı uğursuzluqdan sonra əksəriyyət “Qəbələ”ni hesabdan silmişdi. Çempionatın startı da komandanın uğursuz olacağından xəbər verirdi. Lakin klub rəhbərliyinin zamanında etdiyi bir dəyişiklik vəziyyəti 180 dərəcə dəyişdi. Uzun illərdi klubun qazandığı uğurlarda böyük pay sahibi olan prezident Fariz Nəcəfov və baş menecer Zaur Əzizov bu gün də “Qəbələ” üçün əllərindən gələni maksimum dərəcədə edirlər.

Mövsümün ilk yarısını 7-ci pillədə bitirsə də, “Qəbələ”ni bu gün 4-cü pillədən cəmi 5 xal ayırır. 14 tur ərzində 5 xallıq fərqi aradan qaldırmaq isə böyük problem deyil. Üstəlik, “Qəbələ” demək olar ki, ötən il qalibi olduğu ölkə kubokunda da yarımfinala çox yaxındır. Bütün bunlar isə komandanın mövsümün sonunda yenidən Avroliqaya yollana biləcəyini göstərir. Qışda hazırkı heyəti qorumaqla və azacıq gücləndirməklə yenidən Avropaya yollanmaq mümkündür. Təbii ki, ilk növbədə klubun maliyyə durumu ən azı indiki səviyyədə qalmalıdır.

“Gilan Holding” imtina edib-etməməsindən asılı olmayaraq, “Qəbələ” yaşamalıdı. Ölkənin ən yaxşı infrastrukturuna malik klubu, millilər üçün baza rolunu oynayan “Qəbələ” akademiyasının bağlanması Azərbaycan futboluna ciddi zərbə ola bilər. Onsuz da Premyer Liqada cəmi 1 əyalət klubu var. O da dağılsa... Onsuz da aşağı yaş qrupu üzrə yığmalarım bu gün oyunçu qıtlığından əziyyət çəkir. Belə bir durumda “Qəbələ” akademiyasının fəaliyyətini dayandırması tam bir fiasko olar...

İBRAHİM  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30