29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Şəbnəmin oxumağı “Sabah”ın oynamağından daha yaxşı idi (QEYD)

“Bakı çempionatı” adlanan Azərbaycan Premyer Liqasındakı 8 klubdan 6-sı paytaxtda məskunlaşıb. Bu klublardan ikisi - “Zirə” və “Sabah” sağ olsunlar ki, mətbuatı düşünüb ev oyunları zamanı jurnalistlərin uzun məsafəni daha rahat qət etmələri üçün nəqliyyat vasitəsi ayırırlar. Dünən də “Sabah” - “Qəbələ” oyununa məhz meydan sahibi komandanın ayırdığı “Mercedes Sprinter”lə yollandıq. Sağ olsun “Sprinter”in sürücüsü. Yolun uzunluğunu və tıxacı nəzərə alaraq darıxmamağımız üçün televizoru işə saldı və “Gənclik” metrosundan düz Masazıra kimi son vaxtlar “Həci”si ilə gündəmə gələn Şəbnəm Tovuzlunun repertuarı ilə daha yaxından tanış olduq. İnsafən, müəyyən kütlə tərəfindən sevilməsinə baxmayaraq, daha çox “bozbaş” müğənni kimi tanınan Şəbnəm Tovuzlunun bəzi mahnıları adamın damarına düşür, az qalırsan qol qaldırıb oynayasan...

Hələ ötən turlarda dəfələrlə qeyd etmişdik ki, hazırda Azərbaycan Premyer Liqasında 2 komanda var ki, göstərilən oyun və qazanılan (əslində qazanılmayan) nəticələr bu komandalarda məşqçi dəyişikliyini qaçılmaz edir. “Qəbələ” rəhbərliyi vaxtında bu dəyişikliyi etdi və bəhrəsini elə ilk oyundaca gördü.

Dünən biz də, televiziya qarşısında oyunu izləyənlər də Masazır stadionunda tam fərqli “Qəbələ” gördü, ilk 3 turdakı kimi həvəssiz, rəqib qarşısında aciz qalan yox. Elmar Baxşıyev millinin oyunları ilə əlaqədar yaranan fasilədən lazımınca faydalanmışdı. Aydın məsələdir ki, 10-15 gün ərzində hansısa fiziki durumun ciddi şəkildə güclənməsindən, yaxşılaşmasından söhbət gedə bilməz. Yeni gələn məşqçi qısa zamanda taktiki-texniki baxımdan hansısa dəyişiklik edə bilər və komandanı psixoloji cəhətdən oyuna hazırlaya bilər. Dünən də Elmar Baxşıyev bunun öhdəsindən tam gəlmişdi. Üstəlik, “Qəbələ” hesabı açdıqdan sonra komanda bütünlüklə müdafiəyə çəkilmədi. Bir qədər dəqiqlik çatsaydı və Saşa Stamenkoviçlə Bəhlul Mustafazadənin inamlı oyunu olmasaydı, “Qəbələ” ikinci qolu vurub intriqanı daha tez öldürə bilərdi.

O ki qaldı “Sabah”a, hələ “Zirə” ilə oyundan sonra görünürdü ki, komandada dəyişikliklərə ehtiyac var. Fakt budur ki, Elşad Əhmədov işinin öhdəsindən gələ bilmir. Yayda ən çox transfer edən, heyətində 3 milli üzvü olan (hələ milliyə potesial namizədləri demirik), səviyyəli legionerin çıxış etdiyi komanda 4 turdan sonra 2 xal yığmalı deyildi. “Sabah” daha neçə oyunda uduzmalı, xal itirməlidir ki rəhbərlik baş məşqçi ilə vidalaşsın? Nədir bu “Sabah” rəhbərliyindəki Elşad Əhmədov sevgisi? Dünən “Sabah”ın timsalında hər hansısa oyun, düşünülmüş hücumlar görmədik. Kor-koranə irəli atılmaqla futbolda nəticə qazanmaq qeyri-mümkündü. “3 oyundan sonra 2 xal yığmaq planlarımıza daxil deyildi” deyən mütəxəssisə “4 oyundan sonra planlarınıza daxil olmayan 2 xalın yığılmasının günahkarı kimdir” sualını ünvanladıqda, Elşad Əhmədov birmənalı şəkildə günahı öz boynuna aldı. Amma “günahkar mənəm” deməklə iş bitmir. Sonrakı cümlələrdən məlum oldu ki, “Sabah”ın çalışdırıcısı öz xoşu ilə vəzifəsindən getməyəcək. Gələcəyi ilə bağlı suala “Rəhbərlik nə desə” cavabı “uzaqlaşdırılmayınca burdayam” deməkdi. İtirənsə “Sabah”dı. Rəhbərliyin etdiyi transferlər, kluba xərclənən pullarla 4 tur ərzində göstərilən oyun və toplanan 2 xal tərs mütənasib təşkil edir. Komanda artıq 10 xal itirib və bu uğursuzluğun nə qədər davam edəcəyi məlum deyil. “Sabah” artıq Avroliqa yolunda əsas rəqibləri olan “Keşlə”dən, “Səbail”dən, “Zirə”dən geri qalır və görünən odur ki, komandada dəyişiklik olmasa, turlar keçdikcə “Sabah” nəinki “Qarabağ” və “Neftçi”dən, eləcə də “Keşlə”, “Səbail” və “Zirə”dən də geri qalacaq və nəticədə komandanın Avroliqa arzusu elə arzu olaraq qalacaq.

Nəticə bir yana, “Sabah”ın timsalında heç oyun da görmədik. Komandanın dünənki çıxışına ancaq belə qiymət vermək olar: “Şəbnəmin oxumağı “Sabah”ın oynamağından daha yaxşı idi”...

İBRAHİM   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31