20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Rəvan"ın qarın ağrısı nədir?

Bu gün "Rəvan"ın mətbuat katibi sosial şəbəkədə bizi günahlandırdı. O, bizi əməyə qiymət verməməkdə, klubun saytında yer alan xəbəri istinadsız yaymaqda günahlandırdı. Özünə görə də arqumentlər səsləndirdi. Mən isə bildirdim ki, klubun saytı düz-əməlli fəaliyyət göstərmir və biz bu xəbəri başqa yerdən götürmüşük. Uzun sözün qısası, o özünü, biz də özümüzü haqlı göstərdik və yəqin ki, indi də hər ikimiz bu fikirdə qalırıq. İstinad məsələsi bir az qəliz söhbətdi. Bu haqda müzakirə başlasa, hərə bir arqument gətirəcək və söhbət uzanacaq. Ona qalsa, bəzi "peşəkar"lar da 50 dəfə bizə qarşı bu cür hərəkətə yol veriblər. Amma sözümün canı bu deyil.

Hesab edirəm ki, "Rəvan"ın mətbuat katibinə ən çox təsir edən paylaşdığım "Rəvan" Xaqani Məmmədovla Fərrux İsmayılovu komandaya məşqçi təyin etməklə tarixi ərzindəki ən doğru qərarı verdi" statusu idi. Klub rəsmisi bu fikri yaxına buraxmaya bilər. Amma əminəm ki, həqiqətən də belədir. Əlbəttə, onu da qınamıram. Kim öz ayranına turş deyər ki? Amma reallıq deyilən bir şey var. Reallıq isə tam başqa mətləb(lər)dən xəbər verir. "Rəvan" bu günə kimi Azərbaycan futboluna nə xeyir verib? Komanda gündə 1 məşqçi dəyişməklə özünü gülünc vəziyyətinə qoyur. Həmkarlarım da təqdiq edər ki, Bəhmən Həsənovun, ya da Vladislav Qədirovun komandaya neçə dəfə baş məşqçi təyin olunmasının sayını artıq itirmişik. Komanda hər kefinə düşəndə məşqçi dəyişir. Üstündən çox keçməmiş, təzəsi gedir, köhnəsi geri qayıdır. Budur peşəkarlığınız? Yəqin ki, ötən mövsümdən bu yana komandada neçə dəfə baş məşqçi dəyişikliyi olduğunu klub rəsmiləri özləri də unudublar. Axı, nə qədər Həsən keçəl, keçəl Həsən olar? Bu dəyiş-düyüşdən bir fayda götürsələr, dərd yarı. Komanda yarandığı gündən bu yana heç vaxt iddialı olmayıb və bu cür gedərsə, heç olmayacaq da.

Mövsüm öncəsi "Rəvan"ın futbolçuları və məşqçiləri komandanın ilk "beşlik" uğrunda mübarizə aparacağını deyirdilər. Amma hələ həmin vaxt qeyd etmişdim ki, bu, utopiyadan başqa bir şey deyil. Geridə qalan 2 tur da zənnimdə yanılmadığımı göstərdi. "Rəvan" nəyə ümid edir? Faktiki olaraq, heç nəyə. Komandanın medalçılar sırasına düşməyəcəyi gün kimi aydındır. Hələ komanda yayda hazırlıq keçərkən yoxlama oyunlarında qələbəyə həsrət qalmışdı. Həmin vaxt indi bizi qeyri-peşəkarlıqda günahlandıran mətbuat katibi "biz gücümüzü çempionata saxlamışıq" deyirdi. Nə oldu, harda qaldı sizin gücüvüz?

Odur ki, gəlin, razılaşın. Komandanın bu günəcən atdığı ən uğurlu addım elə Azərbaycan futboluna böyük fayda vermiş Xaqani ilə Fərruxun komandaya cəlb olunmasıdır. İddia etmirəm ki, onlar Maurinyo olacaqlar. Amma yenə də bu qərar Həsən-Hüseyn dəyişməsindən komandaya daha çox fayda verəcək.

Elman MƏHƏRRƏMOV

P.S. Foto vaxtı ilə "Rəvan"ın saytından götürülüb. Bunu xüsusi qeyd etdim ki, sonra istinad etməməkdə günahlandırılmayaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30