19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Ramin Musayev: “Neftçi”də mükafat probleminin olduğuna inanmıram”

Son illərdə “qara zolaq”dan çıxa bilməyən “Neftçi”də böhranlı vəziyyət başa çatmaq üzrə görünür. Çoxlu məşqçi və struktur dəyişikliklərindən sonra, nəhayət Tərlan Əhmədovun gəlişi ilə komandada inkişaf nəzərə çarpır.

Başlanğıcda bu təyinat şübhə ilə qarşılanırdı. Çünki Samir Əliyev kimi gənc və iddialı, Əsgər Abdullayev kimi təcrübəli, Elxan Abdullayev kimi AFFA-dan xeyir-dua alan, heyəti tamamilə yeniləmək imkanı verilən mütəxəssislərin uğur qazana bilməməsi klubda problemin məşqçiylə bağlı olmadığı fikrini formalaşdırmışdı. Komandanın ən azı qışa qədər son 3 ildəki “qara zolaq”dan çıxmayacağı gözlənilirdi.  Ancaq Tərlan Əhmədovun gəlişindən sonra “Neftçi” meydana çıxdığı 5 oyunun 3-də qələbə qazandı. Mütəxəssisin özünün də dediyi kimi, indi əvvəl məğlub olduqlarına qalib gələ bilirlər.

Belə məqamda ortaya yeni mövzular atılır. Məlumata görə, Əhmədov rəhbərliyə hər qələbənin müqabilində mükafat ayrılmasını təklif edib və bu qəbul edilib. Ancaq sonradan mükafatların ödənilməsində problem əmələ gəlib. Bu da klub ətrafında yeni qalmaqalların yarandığının iddia edilməsinə gətirib çıxarıb.

Məsələ ilə bağlı “Neftçi” tərəfinin mövqeyini öyrənmək çətin oldu. Amma Premyer Liqanın təşkilatçısı, klubun keçmiş rəhbərliyində yer alan və Tərlan Əhmədovun baş məşqçi təyin edilməsində rol oynadığı sirr olmayan Ramin Musayevin fikirlərini öyrəndik. O, belə bir problemin olduğuna inanmadığını söylədi:

“İnanmıram ki, “Neftçi”də mükafatla bağlı problem olsun. Açığı, belə xəbərləri görməmişəm. Əgər söz-söhbət varsa da, qətiyyən inanmıram”.

Tərlan Əhmədovun “Neftçi”yə baş məşqçi təyin edilməsində Ramin Musayevin rolu olub. Bu təyinatın qısa müddətdə özünü doğrultduğu məqamda belə xəbərlərin ortaya atılması nəyə işarə ola bilər? Musayev sualı belə cavablandırdı:

“Bilmirəm, nəyə işarədi. Çünki özümün bu haqda elə bir məlumatım yoxdu. Dediyim kimi, belə söhbət varsa, inanmıram. Bu cür məlumatların yayılmasını təbii qarşılamaq lazımdı. Qeyri-adi bir şey yoxdu. Futbolda çirkin, yaxud təmiz rəqabət həmişə olub. Xüsusilə mövzu “Neftçi”disə, bu kluba sahiblənmək ətrafında mübarizə daim davam edib. Guya mənim yerimə göz dikənlər yoxdu? “Neftçi”də işləyən vaxtlarda da belə proseslər gedirdi, indi də var və olacaq da. Əgər komanda qələbə qazanırsa, nəticələri düzəlirsə, futbolçuların haqqı verilməlidi. Bu, futbolda yazılmamış qaydadı. İnanmıram ki, “Neftçi” rəhbərliyi belə bir problem yaşasın. Əksinə, onlar uzun müddətdi çalışırlar ki, uğurun yolunu tapsınlar”.

Musayev Əhmədovun “Neftçi”yə təyinatı və bunda öz rolunun olması haqda da danışdı:

“Bəli, mənin bunda rolum olub. Danmalı, gizlətməli bir şey yoxdu. Qeyri-adi hadisə kimi təqdim etmək, nəsə qondarmaq da lazım deyil. “Neftçi” rəhbərliyi ölkədə ən köklü klubun düşdüyü çətin vəziyyətdən çıxış yolu ilə bağlı müzakirələr aparırdı. Sağ olsunlar, mənim də fikrimi öyrənmək istədilər. Klubla tanış biri kimi məsləhətlərimi dedim. Konkret baş məşqçiyə gəlincə, təklif etdim ki, Tərlan Əhmədovu sınasınlar. Həm gözəl insandı, həm komandanı ələ ala bilir, futbolçular ona qulaq asırlar, həm də istedadına şübhə yoxdu. Klub rəhbərliyi sağ olsun ki, fikrimə əhəmiyyət verib, onu dəvət etdi və nəticələr də bunun düzgün addım olduğunu göstərir. İndi məsləhətim budu ki, Tərlanın qədrini bilsinlər. O, öz işiylə göstərdi ki, bu peşədə təsadüfi adam deyil, işini yaxşı bacarır. Klub rəhbərliyində təmsil olunanlar ciddi insanlardı. Orxan Hüseynzadə gənc, ambisiyaları olan şəxsdi. Onunla söhbət eləyəndə görmüşəm ki, ciddi şəxsiyyətdi və bu sahədə uğur qazanmaq istəyir, çox böyük arzuları var. İşlər yoluna düşmüşkən mükafatın verilməməsi kimi hansısa əngəlin ortaya çıxacağına inanmıram. Nə Orxan Hüseynzadə, nə də rəhbərlikdəki digər şəxslər belə məqamda problem istəməzlər, vəziyyətin daha da yaxşılaşması üçün əllərindən gələni edərlər. İnanıram ki, klubda vəziyyət məhz belədi”.

Mənbə: futbolpress.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30