29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Kəpəz” olmasaydı, Vidadi Rzayev də olmazdı”

Bu günlərdə 50 illik yubileyini qeyd edən Vidadi Rzayev “Kəpəz”in rəsmi saytına müsahibə verib.
 
Futbolxeber.az həmin müsahibəni təqdim edir:
 
- Vidadi müəllim, ilk öncə sizi təbrik edirik, əsri yarıladız. Yubileyi Türkiyədə qeyd etmək fikri hardan yarandı?
 
- Əvvəlcə təbriklərə görə minnətdaram. Səfərə çıxmaq tək mənim doğum günümlə bağlı deyildi. Səbəblər çox idi. Qızımın doğum günü, onun universiteti bitirməsi və işə qəbul olması üst-üstə düşmüşdü. Ona görə belə qərara gəldik ki, ölkə xaricinə gedib əlamətdar hadisələri birgə qeyd edək. Bu səfəri özümüzə hədiyyə etdik. 50 yaşım mənə düşərli oldu. Qızımın uğurlarını nəzərdə tutub bunu deyirəm.  
 
- Yaşınızın üstə yaş gəlsə də, maşallah, cavan görünürsüz. Bu enerjini haradan alırsız?
 
- (gülümsəyir) Futbol oynamağı 41 yaşımda bitirdim, bəlkə də bundandır. Düzünü deyim ki, ad günü keçirmək heç vaxt xoşuma gəlməyib. Çünki ömrün səhifəsindən daha bir ilin keçdiyini xatırlamalı olursan, qocalırsan. Bu səbəbdən doğum gününü qeyd etmək ürəyimcə olmayıb. Gücü, yaşamaq eşqini futboldan alıram. Futbol mənim üçün həmişə böyük önəm kəsb edib, həyatımın aparıcı hissəsi olub. Bu idman növünü dünyalar qədər sevirəm, özümü heç vaxt futbolsuz təsəvvür edə bilmirəm. Nə qədər şablon səslənsə belə, futbolçu olduğum, bu yolu seçdiyim üçün çox xoşbəxtəm. Futboldan başqa sağ-salamat yanımda olan atam və anamdan güc alıram. Valideynlərim ilham mənbəyimdi. Ailəm, uşaqlarımla nəfəs alıram. Bütün bunlar məni yaşadır.
 
- Siz təmtəraqdan, bahalı həyat tərzindən uzaq bir idmançı kimi tanınmısız. Halbuki buna imkanınız olub. Hamının paytaxta axın etdiyi vaxtda siz kənd həyatına qayıtmısız. Vidadi Rzayevi Aşığlıya çəkən nədi?
 
- İlk öncə təbiətin vurğunuyam, həm də ki, ovçuyam (gülür). Odu ki, kənd həyatı məni həmişə özünə çəkib. Göygöl rayonundakı kəndimiz dağlar qoynunda yerləşir. Gözəl mənzərəsi, səfalı təbiəti var. 25 il ailəmlə birlikdə Bakıda yaşadıq. Amma rayonsuz dura bilmədik. Tək mən yox, elə digər ailə üzvləri də kəndə dönmək həvəsində idilər. Qızlarım da təbiətin vurğunudular. Sıxlıqdan, gur şəhər həyatından, səs-küydən uzağıq.
 
-  Vidadi müəllim, yaxşı xatırlayıram, “Kəpəz” və “Şəmkir”də oynadığınız dövrlərdə məşqə “QAZ-69” avtomobili ilə gəlib-gedirdiz....
 
- (ucadan gülür) Düz deyirsiz, 1968-ci ilin istehsalıdı. Əsasən qış mövsümündə həmin maşından yararlanırdım. Qar yağanda dağa düşüb-çıxmaq çətin olurdu. Başqa avtomobillərim də vardı. Amma qışda yağıntıya bu əl verirdi. O vaxtlar qar yağanda yollara indiki kimi qulluq olunmurdu. İndi bir az yağıntı olan kimi qum, duz səpirlər, yolları vaxtında təmizləyirlər. Deyim ki, bu gün də həmin avtomobil durur, sürürəm. Bu cür avtomobillərə xüsusi sevgim var. Ova gedəndə və ya dağa-dərəyə gəzməyə çıxanda istifadə edirəm.
 
- Ov mövzusu sizin yaralı yerinizdi də...
 
- Ov etməyin böyük həvəskarıyam. Hazırda işimlə bağlı uzaq düşmüşəm, gedə bilmirəm. Ovda ən böyük qənimətim qaban olub. Digər heyvanlar yox, ən çox qabandı ovda mənim diqqətimi çəkən. Evə boş gəldiyim çox olub, amma danlanmamışam. Belə bir söz var, deyirlər “bir ay daban əti, bir gün qaban əti”. Yəni ki, qabanın arxasınca bir ay dabanını yeyə-yeyə sürünürsən, ovun alınanda da qabanın ətini yeyirsən. Ovçuluq hobbimdi.
 
- Ovçuluğun sayəsində dağ yollarını yaxşı tanıyarsız?
 
- Elədi, gedib-gəldikcə tanıyırsan. Daha uzaqlara getməyim avtomobilimin sayəsindədi. Bəzi maşınların gedə bilmədiyi yerlərə “QAZ-69” rahatlıqla gedir.
 
- “Kəpəz” sizin karyeranızda ilk peşəkar klubdu. Komandaya gəlişinizi necə xatırlayırsız?
 
- Bu komandanın həyatımda böyük, əvəzolunmaz yeri var. “Kəpəz”də oynayanda hələ 10-cu sinifdə oxuyurdum. Oradan da “Neftçi”yə apardılar. SSRİ çempionatının II dəstəsinin 9-cu zonasında mübarizə aparırdıq. Futbolda ilk addımlarımı Gəncədə atmışam. “Kəpəz” olmasaydı, Vidadi Rzayev də olmazdı. Tofiq Əliyev və Zahid Hüseynov məni tapıb ortaya çıxarmışdılar.
 
- Oyunçu kimi çıxış etdiyiniz komandaya indi məşqçi qismində xidmət edirsiz. Necə hissdi?
 
- “Kəpəz” mənə çox doğmadı. Bu gün də komandanın sıralarında olduğu üçün çox xoşbəxtəm. Əvvəllər futbolçu kimi kollektivin uğurları üçün çalışırdımsa, indi məşqçi kimi xidmət edirəm. Məqsədimiz “Kəpəz”in əvvəlki şöhrətini özünə qaytarması, öz layiqli yerini tutmasıdı. Əsas komandaya bu mövsümdən qoşulmuşam, ayağım düşərli olar və inşallah, yenidən Avropa Liqasına vəsiqə qazanarıq.
 
- “Kəpəz”in heyətində daxili yarışlarda bir çox qollara imza atmısız. Fərqləndiyiniz matçlar arasında Çempionlar Liqasının oyunu da var...
 
- 1999/2000-ci illər mövsümünün I təsnifat mərhələsində Makedoniyanın “Sloqa Yuqomaqnat” komandası ilə rəqib olmuşduq. Açığı, mərhələni keçməyə çox yaxın idik. Amma evdə buraxılan qola görə mübarizəni dayandırdıq. Hamımızın məqsədi turu adlamaq idi. Bakıda oynayırdıq, Gəncədən azarkeşlər də bizi dəstəkləməyə gəlmişdilər. Mən qolu 11 metrlik cərimə zərbəsindən vurmuşdum. Deyəsən, ya Yunis Hüseynovu yıxmışdılar, ya da İmamyar Süleymanovu. Yadımdan çıxıb. Nöqtəyə mənim yaxınlaşmağımı istədilər və fürsəti boşa vermədim. Məni həmişə İsveçrə ilə oyunun qəhrəmanı kimi təqdim edirlər. Rəqib qapısına vurduğum qola görə belə deyirlər. Amma bu qolda bütün komanda yoldaşlarımın zəhməti var. Buna görə heç vaxt özümü öyməmişəm. Qolu digərləri də vura bilərdi.  Futbolçunun işi qol vurmaqdı. Tərif eşidəndə özümü narahat hiss edirəm.  
 
- Yeri gəlmişkən, Yunis Hüseynovla yaxın dostsunuz. Onunla həmişə duzlu-məzəli söhbətləriniz futbol ictimaiyyətinin maraq mövzusu olub. Bəlkə heç kimin eşitmədiyi bir maraqlı əhvalatı danışasız...
 
-  Danışım da. Trabzonda Fransa ilə qarşılaşırdıq. Onların heyətində Anqloma vardı, Yunislə eyni cinahda oynayırdı. Mən ehtiyatda idim, epizodların birində Hüseynov topu onun ayaqlarının arasında keçirdi. Oyun gedə-gedə qışqırdım ki, “Yura, Yura, ondan birini də elə”. Yunis də qayıtdı ki, “nə danışırsan, nəfəsim kəsilib”. Fransızların heyəti çox güclü idi, ulduzlara qarşı oynayırdıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31