18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Elxan Məmmədov: "Azərbaycan millisinin 7 illik heyəti var"

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan millisinin Norveç yığması ilə səfərdə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl son məşqini izləyib. Futbolxeber.az saytının məlumatına gör, çalışmaların ardından E.Məmmədov Sportnet.az-ın Osloya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb...
 
- Norveçlə qarşılaşma barədə nə düşünürsünüz?
 
- Təbii ki, asan oyun olmayacaq. Matç çətin keçəcək. Lakin onu deyə bilərəm ki, bugünkü oyuna komandamız 3 xal üçün çıxacaq. Bura qələbə qazanmağa gəlmişik. Bakıdakı görüşdə çox yaxşı oyun sərgiləyərək, buna nail olmuşduq. Osloda da 3 xal qazanmaq istəyirik. Niyə də yox?! Təbii ki, Norveç millisində də yeni baş məşqçi, yeni heyət formalaşıb. Onlar da oyuna xüsusi motivasiya ilə çıxacaqlar. Futbolçular özlərini Lars Lagerbekə göstərməyə çalışacaqlar. Buna baxmayaraq, komandamızın artıq  təcrübəsi, yaxşı heyəti var və bura yüksək əhval-ruhiyyədə gəlib. 
 
- "Qarabağ"ın Çempionlar Liqasındakı uğuru və bəzi legionerlərin formada olmaması millinin oyununa necə təsir edə bilər?
 
- Təbii ki, "Qarabağ"ın Çempionlar Liqasının qrupuna düşməsi ancaq müsbət təsir edə bilər və məncə, bu, belə də olacaq. İstər "Qarabağ"ın, istərsə də digər klublarımızın hər il Avrokuboklarda oynaması millinin oyunçularına əlavə təcrübə qazandırır. Çempionlar Liqasının qrupunda oynamaq isə daha böyük təcrübə olacaq. Heyətə baxsaq görərik ki, 23 futbolçu da oyunlarda iştirak edir. Düzdür, 90 dəqiqə meydanda olmurlar, amma görüşlərə çıxırlar. Əsasən gənc oyunulara üstünlük verilir. Təbii ki, bizi çətin fiziki mübarizə gözləyir. Bakıdakı oyunda qələbə qazanmağımız futbolçularımıza əlavə stimul verir. Nəzərə alsaq ki, əksər oyunçular "Qarabağ"ın heyətindəndir, bu da bizim üçün əlavə güc və motivasiyadır. 
 
- Baş məşqçi Robert Prosineçki mətbuat konfransında bildirdi ki, bu oyuna hazırlaşmaq üçün kifayət qədər vaxt olmayıb. Ümumiyyətlə, onun komandanı gec izləməsi və bu mövzuda olan digər söz-söhbətlər barədə nə deyə bilərsiniz? Məsələn Prosineçkinin getmək istəyi ilə bağlı...
 
- Əslində Prosineçkinin getmək istəməsi ilə bağlı ifadələri "Bursaspor"un nümayəndələri səsləndirmişdilər. Özü bu barədə nə bizə, nə də mətbuata bir söz demişdi. Əksinə, deyirdi ki, müqaviləsinin vaxtı bitənə qədər millidə işləyəcək. Prosineçki peşəkar məşqçidir və işinə də peşəkar yanaşır. Bəli, qeyd etmək lazımdır ki, az vaxtımız vardı. Nəzərə almaq lazımdır ki, ölkə çempionatı başlayıb və bunu hazırlıq kimi də qeyd etmək olar. Oyunçuların əksəriyyəti bütün yayı demək olar Avrokuboklara hazırlaşıblar və bunun özü də bir hazırlıqdır. Məncə, milli komandanın fiziki baxımdan problemi olmamalıdır.
 
- Adətən hər seçmə tsiklin sonunda baş məşqçiyə yeni müqavilə təklif olunur. AFFA rəhbərliyində də belə bir fikir formalaşıbmı və Prosineçki ilə bu barədə danışmısınız?
 
- Əslində bu barədə söhbətimiz olmayıb. Müqavilə imzalananda qərara gəlmişdik ki, seçmə mərhələ bitdikdən sonra uzadılıb-uzadılmamasını müzakirə edəcəyik. Hazırda bu barədə danışmaq tezdir. Gəlin, 4 oyunu da keçirək, daha sonra əvvəlcə AFFA İcraiyyə Komitəsində, daha sonra isə məşqinin özü ilə müzakirələr aparaq. Çünki onun planlarını da biz bilmirik. 
 
- Ramil Şeydayev Emin Mahmudov və Eddi İsrafilovu milliyə cəlb etmək üçün uzun müddət dannışıqlar apardınız. Sonda onları milliyə gətirməyə nail oldunuz. Ancaq həmin futbolçular gözləntiləri doğrultmadılar və istənilən nəticəni vermədilər. Artıq hər ikisi də öz klubundan ayrılıb. Şeydayev start heyətdə meydana buraxılmadı, Emin Mahmudov isə ümumiyyətlə bu oyuna çağırılmadı. AFFA Şeydayevlə Mahmudova yenidən klub tapmaları üçün yardım edəcək?
 
- Bəli, çalışacağıq ki, klubsuz olan milli üzvlərinə yeni komanda tapaq. Bu günə qədər əlimizdən gələn hər şeyi etməyimiz sirr deyil. Düşünürük ki, bu da əlavə dəstəkdir. Məşqçilər də bu yöndə onlara kömək edirlər. Çalışırıq ki, onlara klub tapaq, oynasınlar və təcrübə qazansınlar. Təəssüf ki, Emin "Boavişta"nın baş məşqçisi ilə danışdı və komandadan ayrıldı. Əslində çox düz etdi, çünki ehtiyatda oturmaqdansa gedib başqa klubda oynaması daha yaxşıdır. Şeydayevə gəlincə, o da keçən mövsüm yaxşı oynadı, xeyli təcrübə qazandı. Təəssüf ki, Slovakiya "Jilina"sı Çempionlar Liqasında mübarizəni erkən dayandırdı və Ramil orada qalmadı. Halbuki vəsiqə qazansaydılar, biz çox sevinərdik. Düşünürəm ki, Şeydayevlə Mahmudov çox yaxşı futbolçulardır və növbəti 10 ildə millimizə yaxından köməklik göstərəcəklər. Biz də əlimizdən gələni etməliyik ki, onları klubla təmin edək. Eddi İsrafilov barədə də onu deyə bilərəm ki, onun milliyə çağırılmaması baş məşqçinin seçimidir və belə futbolçuların siyahıda olması müsbət haldır.
 
- Ramil Şeydayevin "Qarabağ"a keçidini necə dəyərləndirirsiniz?
 
- Bu, çox yaxşı haldır. Çünki milli komandanın oyunçuları "Qarabağ"da çox yaxşı inkşaf edirlər. Təbii ki, xarici klubdan təklif gəlsə və oynaya biləcəyi komanda olsa, üstünlüyü ora vermək olardı. Bu gün biz millinin heyətinə baxsaq, görərik ki, çox yox, 7 illik heyətimiz var. Baxmayaraq ki, gənclər də gəlirlər. 
 
- Ancaq təəssüf ki, oynamırlar. Məsələn, Renat Dadaşov. Siz danışıqlar aparırsınız, çağırırsınız, ancaq baş məşqçi onların heç birini oynatmır...
 
- Şeydayev hazırda oynamasa da, əvvəllər meydana çıxırdı. Mövsüm yeni başlayıb və inanıram ki, oynayacaq. Emin də həmçinin. Dadaşovun oynayıb-oynamaması isə artıq baş məşqçinin qərarıdır. Renat hazırda millinin heyətində ən gənc futbolçudur. Məncə məşqçilər üçün bu, qərar qəbul etmə baxımından böyük amildir.

sportnet.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30