29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Siz bunu bacararsız, Roman Qriqorçuk!

Boynumuzdan asdığımız media tribunası üçün “0-3” yazılı qeydiyyat vəsiqəsini görən kimi özünəməxsus yumor hissi ilə soruşdu: “Orda sabahkı oyunun hesabı göstərilib?”

Roman Qriqorçuk Azərbaycan jurnalistlərinin (mütləq əksəriyyətinin!) sevimlisidi desəm, yanılmaram. O, nəzakət qaydalarını pozmadan bizimlə zarafatlaşa da, kefinin yaxşı vaxtında Bakının bərkgedən məkanında qonaqlıq da verə, hətta dənizə girib onlarla çimə də bilər.

Və həmin o sualı bizə - Azərbaycandan Lill şəhərinə gedən 4 nəfər jurnalistə ünvanlayanda da Roman İosifoviç zarafat edirdi. Amma bəlkə də heç etmirdi?! Sözün doğrusunu elə zarafatla deyərlər misalı...  Bir gün qalmışdı oyuna. Və Qriqorçuk Fransa futbolunun nəhənglərindən olan komandaya elə onun meydanında meydan oxuyurdu.

Boşboğazlıq eləmirdi. Adamın dilinə görə dilçəyi də var!..

Bu sözləri deməsindən bir gün sonra əmin olduq buna. Hamı heyrət içindəydi: stadiona toplaşan məhdud sayda azərbaycanlı da, onmindən çox fransalı da. “Qəbələ” Qriqorçukun arzusunda olduğu 3:0 hesabı ilə udmamışdı, amma “böyük beşliyin” komandası “Lill”lə səfərdə qələbəyə bərabər sensasiyalı nəticəyə imza atmışdı – 1:1. Orda 1:1, Bakıdakı cavab oyununda da 1:0.

Və “Qəbələ”ni Avroliqanın “pley-off”una çıxarmışdı.

***

- Як ви, Роман Иосифович?

Sevimli ölkəm Ukraynanın dilində verdiyim bu sualı (Necəsiniz, Roman İosifoviç) eşidəndə duruxub qalsa da, məmnun görünür və elə öz ana dilində cavab verir:

- Добре. A ви як?

Yəni, “Yaxşıyam. Siz necəsiz?..”

Və maraqlanmağa başlayır:

“Ukrayna dilində danışmağınız xoş oldu. Necə öyrənmisiniz?”

 ...Dialoqumuz yaranır. Sizə inanırıq deyirəm. Az sonra Roman Qriqorçukun da yer aldığı təyyarədə “Qəbələ” komandası ilə birgə Yunanıstana yola düşəcəyik. “Panatinaikos”la cavab oyununa. İlk matç Bakıda 0:0 yekunlaşıb. Həyəcan var təbii ki...

Tribunada yer alanda bu həyəcanın üstünə bir az qorxu hissi də gəlir. Baxmayaraq ki, media qapalı və mühafizə olunan bölmədədi.

O günə kimi fərqli millətlərdən futbol fanatlarına az rast gəlməmişdim, amma psixopat, zır dəliləri də ilk dəfə idi görürdüm.

Yunan azarkeşlər... İmkanları olsa, adamı tikə-tikə edərlər bəlkə də. Nə qonaqpərvərlik!

Yazıq türklərin adı çıxıbmış!

Oyun başlayanda hər yeri tüstü bürüyür.

Bu da şəkli...

Fişənglər yandırılıb. Bu atmosferi görəndə bədbinliyə qapılıram: “Qəbələ” çox pis uduzacaq deyə düşünürəm. Amma Dodo 2 qol vurur, “Panatinaikos” da elə 2 qolla cavab verir. 2:2 yekunlaşır oyun. Yunan azarkeşlər meydana tökülüşürlər. Görünür komandalarını əzişdirmək istəyirlər.

İki oyunun nəticəsinə görə “Qəbələ”yə uduzublar, Azərbaycana uduzublar, yox, düşmən kimi baxdıqları türklərə uduzublar!

... Roman Qriqorçuk “Qəbələ”də (bəlkə də bütün məşqçilik karyerasında) ilk böyük sensasiyasına məhz Afinada imza atmışdı. Həm psixoloji, həm fiziki, həm də taktiki mənada oyuna yüksək səviyyədə hazırlamaqla komandasını ilk dəfə Avropa Liqasının qrup mərhələsinə çıxarmışdı.

***

Bu gün çətin sınaq günüdü. Rəqib yenə həmin “Panatinaikos”du. İlk oyunda 0:1 uduzmuşuq. 2 il əvvəllə müqayisədə isə dəyişən çox şey olub. Heyət dəyişib, büdcə xeyli azalıb. Amma dəyişməyən, hələ də öz yerində olan bir şəxs var - Roman Qriqorçuk!

Rəqibin kimliyindən asılı olmayaraq, təsnifat mərhələlərinin as məşqçisi. Dalbadal üç ildir bir mərhələ belə uduzmayan usta ukraynalı...

... Və dünən Qriqorçuk yenə əmin danışdı: “Biz mərhələ keçmək üçün 120 yox, hətta 1200 dəqiqə oynamağa hazırıq”.

Yəni komanda hazırdı. Deməli, getdik qol vurmağa...

Aydın BAĞIROV, qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31