24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Rauf Əliyev: "Düşünməyin mənası yoxdu" (MÜSAHİBƏ)

Futbolxeber.az saytı “İnter” klubunun hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsini təqdim edir.

- Avrokubok oyunlarından sonra komandadan səs-soraq yoxdu. Məşqləri davam etdirirsiz?

- Üç-dörd gün istirahət etdik, ardınca məşqlərə başladıq. Fürsət tapıb yoldaşlıq oyunu da keçirdik. Yeni mövsümə normal şəkildə hazırlaşırıq.

- Mətbuat yenə maaşların, vəd olunan mükafatın verilməməsini yazır...

- Gecikmə var, amma yeni mövsümdə bunlar olmayacaq. Deyiblər ki, hazırkı problemlər ötən mövsümdən qalıb, dəyişiklik də anidən oldu. Artıq klubun büdcəsi var, həmin büdcəyə uyğun da işlər görüləcək. Yəqin ki, bu cür xəbərləri bir aydan sonra eşitməyəcəksiniz.

- Məşqləri “Dalğa Arena”, yoxsa “İnter Arena”da keçirsiniz?

- “İnter Arena”da məşq keçmirik. Ora paltarımızı dəyişmək üçün gedirik. Məşqlərimiz Mərdəkanda, ya da Bakı Olimpiya Stadionunun köməkçi meydançasında baş tutur.

- Soyuq başla Avropa Liqasındakı çıxışınızı təhlil etmisizmi?

- “Fola” ilə matçdan iki həftəyə yaxın vaxt keçsə də, çox pis təsir edir. Səfərdə bu cür uduzacağımıza inanmazdıq. Əlbəttə, öz səhvlərimiz də oldu. Artıq düşünməyin mənası yoxdu. Heç nə dəyişməyəcək.

- Amma üçüncü mərhələyə adlayacağınıza daha çox inanırdıq...

- Biz özümüz də bunu gözləyirdik. Buna yaxın idik. İlk oyunda qalib gəlmişdik, təəssüf ki, səhvlərimizdən ardını gətirə bilmədik. Həmin yenilginin mənfi təsirindən qurtulmalıyıq.

- Avrokuboklara gərgin hazırlıqdan sonra çempionata qədər olan müddətdə eyni tonusda qalmaq çətin olmayacaq?

- Əgər mübarizəni birinci mərhələdə dayandırsaydıq, fasilə böyük olacaqdı və bu da mənfi təsir edəcəkdi. Amma ikinci mərhələnin oyunlarından çempionatın startına qədər elə də uzun vaxt qalmayıb. Bu da problem yaratmayacaq. 20 günlük fasiləni yoxlama oyunları ilə doldururuq.

- Azarkeş baxımından əziyyət çəkən “İnter”in Mərdəkanda dəstəksiz qalması narahatlıq yaratmır?

- Onsuz da, “İnter Arena”ya çox azarkeş gəlmirdi. Ancaq fan-klubumuz və 50-60 nəfər əlavə gəlirdi. Hələ şəhərin içində oynayanda vəziyyət belə idi. Mərdəkana da yəqin öz fan-klubumuz gələcək. Ora köçməyimizin futbolçulara xeyri var. Təbii otda oynayacağıq. Çünki “İnter Arena”nın süni meydançası çox ağır idi. Yolun uzaq olması müəyyən qədər problem yarada bilər. Amma indiki halda hər şeylə barışmalıyıq. Başqa yolumuz yoxdu.

- Sabah yeni mövsümün püşkü atılacaq. Rəqiblərinizin oyunlarını görmüsünüz. Ümumi mənzərəni necə qiymətləndirirsiz?

- Onsuz da, hamı bir-biri ilə oynayacaq. Düzdü, bəzən ilk matçın kiminlə düşməsinə çox diqqət yetirirlər. Mənim üçün bunun fərqi yoxdu. Güclü, ya zəif, fərq eləmir, hamısı ilə oynayacağıq.

- Sualı komandaların gücünü dəyərləndirmək baxımından verdim...

- Bizdən başqa komandaların hamısı transferlər edib, heyətini gücləndirib. Ötən mövsüm üçüncü yeri hardasa rahatlıqla tutduq. Çünki əvvəldən xal ehtiyatımızı artırmışdıq və bu, qışdan sonra işimizə yaradı. Bu dəfə belə olmayacaq. Komandadan ayrılanlar var. Əvəzində isə heç kimi götürməmişik. Əldəki heyətlə həmin uğuru təkrarlamaq çətin olacaq.

- Çempionluq mübarizəsində yenə “Qarabağ”la “Qəbələ” favoritdi?

- Açıq danışaq, yenə qızıl medallar üçün onlar mübarizə aparacaq. “Zirə” heyətini gücləndirib. Avropa Liqasına vəsiqə qazanmaq üçün ötənilki qədər əziyyət çəkməyəcək. “Sumqayıt” da heyətinə əl gəzdirib, “Səbail” debütant olsa da, yaxşı baş məşqçisi var. “Neftçi” ötən il avrokuboklarda oynamayıb, bunun revanşını almağa çalışacaq. Hiss edirəm ki, ötənilkindən daha maraqlı çempionat izləyəcəyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30