20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Rəşad Məmmədov: “Sumqayıt”la “Yuventus” qarşılaşsaydı...”

“Sumqayıt” Futbol Klubunun (FK) mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov sport24.az-a müsahibə verib.

Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- “O olmasın, bu olsun” kinosunda Sərvərlə Məşədi İbadın epizodunu yada sal. İndi de görək, “qoçaq sən kimsən”?

- Məmmədov Rəşad Rafiq oğlu. 1985-ci ilin iyunun 4-də Maştağa kəndində anadan olmuşam. 1998-ci il, 6-ci sinfədək orada böyüyərək təhsil almışam. Bundan sonra 8-ci kilometr qəsəbəsinə köçmüşəm. Orta təhsili Nizami rayonunda davam etdirmişəm, 129 saylı orta məktəbi bitirmişəm. 2002-06-cı illərdə Odlar Yurdu Universitetinin jurnalistika faküəltəsində təhsil almışam. Səhv etmirəmsə, mətbuatda yeganə maştağalı jurnalistəm. Bunu əksəiyyəti bilir - maştağalı Rəşad.

- Azerisport.com saytının rəhbəri Vüqar Zeynalov da maştağalıdı...

- Elədi. Vüqarla birgə mətbuatımızdakı maştağalılarıq.

- Yerlinlə yola gedirsən?

- Vüqarla heç bir problemim olmayıb. İnanmıram ki, olsun.

- Heç olamasa yerli olmaq söhbətini öz aranızda etmisiniz?

- Yox. Heç bunu etməmişəm. Sadəcə, ordan-burdan eşitmişəm ki, Vüqar da Maştağadandı. İmkan olmayıb ki, bu barədə söhbət edək.

- Maştağalılar ən azı danışığı ilə seçilirlər. Ancaq səndə bunu sezmək olmur...

- Mən Maştağaya kənd deyirəm. Bəlkə təhsilimin qürub çağını kənddən uzaqlaşdığım, o ərəfəyə təsadüf elədiyi üçün dediyiniz kimidi. Ancaq çalışıram ki, o ləhcəni unutmayım. Evdə, qohum-əqrəba arasında bacardığım qədər o ləhcədən istifadə edirəm. Hətta ailəvi dostlarım olan mətbuat xidməti rəhbərlərinin də bu ləhcəm xoşlarına gəlir və hər dəfə bunu misal gətirirlər. Onlarla olanda da bacardığım qədər bu ləhcədən istifadə edirəm.

- Maştağa koloritində meyxana da var...

- Qətiyyən.

- İstedadın yoxdu, yoxsa sevmirsən?

- Sevirəm, ancaq meyxana demək istedadım yoxdu. Bir az ədəbiyyatdan kənar adamam.

“JURNALİST OLMAĞIMI JURNALİSTİKA DİPLOMU İLƏ TAM BAĞLAMAQ DA DÜZGÜN DEYİL”

- Orta məktəbi necə oxumusan?

- Kimya, fizikadan başqa demək olar bütün fənləri yüksək qiymətlə bitirmişəm.

- Uzlaşmır axı, ədəbiyyatı sevmirəm, kimya, fizikanı da pis oxumuşam. Bu, necə oldu?

- Tarixə və coğrafiyaya daha çox meylli olmuşam.

- Bəs, riyaziyyat?

- Mənə sərf edəcək, yetəcək qədər bilirəm.

- Mətbuatda olan insan üçün ana dilini, Azərbaycan dilini yaxşı bilmək çox vacibdi. Bu sahədə işlərin necədi?

- Məktəbdə də Azərbaycan dilini kifayət qədər yaxşı oxumuşam. Bu, işimə xeyli yarayır. Əlimdən tutan ən başlıca sahələrdən biridi. Çünki mətbuatda yazıda istifadə olunacaq cümlələrdən, sözlərdən tutmuş leksik, qrammatik cəhətə hər zaman fikir vermişəm.

- Jurnalistika fakültəsinə imrahan verən Rəşad rüşvətlə qəbul olunub?

- Xeyr. Məktəb dövründən qarşıma məqsəd qoymuşdum ki, nə olur-olsun, yalnız jurnalistika! İnstituta imtahan verdiyim ərəfədə bütün fikrim-zikrim o idi. İndi sənədlər də məndə qalıb, cəmi 3 fakültə yazmışdım – Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsi – ödənişsiz və ödənişli və Odlar Yurdu Universitetinin jurnalistika fakültəsi. Sonuncu yazmağının səbəbu bu idi ki, orada sınaq imtahanında olmuşdum. Burada ab-havanı, mühiti 3 saatlıq da olsa görmüşdüm. Deyirdim ki, BDU olmayacağı təqdirdə həqiqətən bura. Elə də oldu, 402 balla qəbul oldum. Səhv etmirəmsə, mən verdiyim dövrdə BDU-da jurnalistikada keçid balı 412 idi. Məncə, cəmi 9-10 bal görə ora düşə bilmədim. Odlar Yurdu Universitetinin ilk jurnalistika fakültəsində təhsil alanlardan biriyəm. Bununla həqiqətən fəxr edirəm. Qrupumuzda 18-19 tələbə idik. Onların əksəriyyəti jurnalistikadadı.

- İdman mətbuatındakıların böyük əksəriyyəti jurnalistikanı bitirməyib, ancaq uğurla çalışırlar. Nədənsə jurnalistikanı bitirənlərdə də bu, nadir hallarda alınır. Təzadlı deyil?

- Məncə, əsas idmanı sevməkdi. Əgər sevirsənsə, gec-tez alınacaq.

- Hesab edirsən ki, hətta ali təhsilin, diplomun rolu yoxdu?

- Jurnalistika yönündən məsələyə baxsaq, diplomun təsiri sözsüz ki, var. Ancaq tam onunla bağlamaq da düzgün deyil.

“İLK QONORARIM 8 “ŞİRVAN” OLUB, ONA EVƏ TORT ALMIŞDIM”

- Orta məktəbdə tam, ali təhsil ocağında qismən övladlar valideynin əlinə baxır, sonra müstəqil həyata qədəm qoyurlar. İlk qədəmlərini necə xatırlayırsan?

- Ortabab Azərbaycan ailəsində anadan olmuşam. Atamın var olduğu günədək, son 1 ilini çıxmaq şərtilə onun üzərində çox əziyyət çəkdim. Çox istədim ki, atam yaşasın. O, mənim üçün əvəzolunmaz varlıq idi. Dünyasını dəyişəndən sonra elə bir günüm yoxdur ki, atama dua eləməyib, yoxluğuna heyfsilənməyim. Atam ayaqda dura biləcək günümə qədər problem görməməyim üçün hər şey etdi. Bu insan hər cəhətdən problemlərdən uzaq olmağıma yönəldən insan olub. Ona görə də çətinliyim olmayıb. İlk addımlarıma gəlincə, qeyri-rəsmi olaraq artıq II kursdan başlayaraq Odlar Yurdu Universitetinin qəzetini çap eləməyə başladıq. İki il keçmişdi və əlimizdə kifayət qədər öyrəndiyimiz materiallar vardı. IV kursda isə adını açıqlamaq istəmədiyim iki ictimai-siyasi qəzetdə idman səhifəsini yazmağa başladım. İlk qonorarım da orda oldu. Heç vaxt yadımdan çıxmaz, 8 “şirvan” qonorar aldım. Bu qəzetlər “Azərbaycan” nəşriyyatında fəaliyyət göstərirdilər. İndi bilmirəm çıxırlar, ya yox. Keçmişi saxlayan adamam, həm evdəki, həm də işdəki “podşivkalar”ımda həmin qəzetlər durur.

- İlk qonorarına nə almışdın?

- İndiyədək yadımdadır, evə tort almışdım. O andakı valideynlərimin sevinci heç vaxt gözümün önündən getmir. IV kursda həmin iki qəzetlə yanaşı, “Olimpiya dünyası” qəzetində işə başladım. Üç ay bu qəzetdə çalışdım. Həqiqətən orda da çox şey öyrəndim. Rus dilində savadım olduğum üçün ilk olaraq rus dilindən tərcümələr etdim. Sonra yavaş-yavaş daxili yazılardan yazdım – boksdan, taekvondodan. Yəni digər idman növlərindən yazmağa başladım. Futbolu sevdiyimi qəztedəkilər də gördü və son ayımda sırf futboldan yazdım. “Olimpiya dünyası”nda ilk 2 ayda qonorar almadım, çünki stajçı kimi fəaliyyət göstərirdim. Üçüncü ayımda artıq pul aldım - 20 “şirvan”. O da yadımdan çıxmaz ki, həmin pula özümə mobil telefon aldım. Bu telefonu indi də saxlayıram. Modeli “Sony Eriksson” idi. Sonra “Futbol dünyası”na gəlişim oldu.

- Bu, necə baş verdi?

- Saleh Arslan və sözsüz ki, Mikayıl Nərimanoğlunun sayəsində. Salehlə idman mətbuatından tanış oldum. Qəzetin yarandığı ərəfədə “Şəfa” stadionuna yığışdıq. Ofis orda idi. Mikayıl müəllimlə tanış oldum. Mənimlə yanaşı 2-3 gənc də vardı, ancaq onlar qalmadılar. Mən qalası oldum. Mikayıl müəllim o vaxt həqiqətən çox əlimdən tutdu. Hətta açığı, yazılarım olub ki, şöbə müdiri tərəfindən işləniləndən sonra Mikayıl müəllim dəfələrlə məni yanına çağırırdı, çox şey göstərirdi, öyrədirdi.  Sözsüz ki, “Futbol dünyası”nda Firuz Abdulladan çox şey öyrənmişəm.

- Ancaq sənin xəttin bir az qəribədi. Kobud çıxa bilər, müstəqil jurnalistika görməmisən - “Olimpiya dünyası” dövlət qəzeti, “Futbol dünyası” AFFA-nın qəzeti, daha sonra klub, məmurluğa bağlı olmusan. Hərçənd, sən jurnalistikanın əlifbasını da keçmisən. Niyə belə olub? Özün buna meylli olmusan?

- Belə deməyək. Bəxt belə gətirdi, yolum açıldı. Adətən tez-tez iş yeri dəyişən adam deyiləm. Yəqin ki, qazandığım hörmətlə, yavaş-yavaş savadımı artırmağa meylli olduğum üçün. Problem yaşamadım və sevərək işimi davam etdirdim.

- Bəlkə də müstəqil yazı, özü də tənqidi yönlü yazmaq içindən gəlib, ancaq işlədiyin yerlər, qapalı mühitdə olmağın buna imkan verməyib...

- Bəlkə də həyat yolu məni apardığı üçün meylli də olmamışam.

- “Futbol dünyası”ndan sonra nə baş verdi?

- Məni bu qəzetdə yarımştat işə qəbul etdilər. Səbəb də institutda oxumağım idi, IV kurs tələbəsi idim.Onda da Mikayıl mənə dəstək oldu. Dedi ki, öz üzərində işləməyi sevən insansan, sənə kömək olacağam. “Futbol dünyası”nda 7-8 ay işlədikdən sonra hərbi xidmətə yollandım. 2006-07-ci illərdə Lənkəran sərhəd dəstəsində xidmət etdim. Əsgərlikdən qayıdandan sonra ilk olaraq yenidən “Futbol dünyası”na müraciət etdim. Mən hərbi xidmətdə olduğum dövrdə AFFA-da rəhbər dəyişikliyi olmuşdu. Sabiq prezident Ramiz Mirzəyev dünyasını dəyişmişdi. Elxan Məmmədov AFFA-nın baş katibi təyin olunmuş, Rövnəq Abdullayev prezident seçilmişdi. Oranın “məhsul”u, əməkdaşı olduğum üçün maneəsiz qəbul etdilər.

- “Futbol dünyası”nda daxili, yoxsa xarici futboldan yazırdın?

- Əsgərliyə gedənədək daxili şöbədə çalışırdım. 6-7 ay Azərbaycan futbolu ilə məşğul idim. Əsgərlikdən qayıdandan sonra belə oldu ki, xarici futboldan yazmalı oldum. Sərbəst yazılar da yazdım. Azərbaycan idman mətbuatında hamı bilir ki, “Yuventus”un sadiq azarkeşlərindən biriyəm, İtaliya futbolndan az-çox savadım olduğum, Türkiyə futboluna meylləndiyim üçün bacardığım qədər bu 2 ölkənin futbolundan yazmağa başladım.

- Bəs, AFFA-nın rəsmi qəzetində ilk qonorarın nə qədər olub?

- Bunu xatırlamıram, rəsmi əmək haqqı ilə birgə tələbə üçün yetərincə məvacib alırdım. Əsgərliyə getməmişdən qabaq artıq nişanlı idim. Qayıdandan 6 ay sonra ailə həyatı qurdum. “Futbol dünyası”ndan aldığım əmək haqqı ailəli yaşamım üçün kifayət edirdi.

“XARİCİ GÖRÜNÜŞCƏ BİR AZ YARAŞIQLI OLDUĞUMDAN AİLƏ HƏYATIMDA İŞİMƏ YARAYIB”

- Yenə də Məşədi İbada qayıdaq. Heç olubmu ki, hasarın o tayında qalmısan? Ailə həyatı yolun asanmı alınıb?

- Bəli. “Yox” cavabı olmayıb.

- Yəni dərhal hasarın bu tayında olmusan?

- Demək olar. Təvazokarlıqdan uzaq olsa da, xarici görünüşcə bir az yaraşıqlı olduğum üçün işim asan alınıb.

- O, sənə elə gəlir...

- (gülür) Ola bilər ki, mənə elə gəlir. Görünüşümün işimdə xeyri olub, çətinlik yaşamamışam. Həyat yoldaşım qonşum olub, gözümün qabağında böyüyən xanım olub. Bir şey də deyim ki, bacımın sinif yoldaşı olub. Münasibət qurmuşam, elçiləri göndərmişəm.

- Yəqin ki, elçi də bacın olub....

- Biri bacım olub.

- Söhbətimizdə bacının həyat yoldaşı iştirak edir. Yeznən səni 20 ildir yaşadığı Almaniyaya aparmağa cəhd edimbi?

- O qədər edib ki! Hər gün də olmasa, həftədə ən azı bir dəfə bu haqda söhbət düşür. Hər dəfə deyir ki, Rəşad, gəl. Özünə söz vermişəm ki, sentyabrda gedəcəyəm.

- Söhbət birdəfəlik köçməkdən gedir. Çoxları sənə deyə bilər ki, şanslısan, yeznən 20 ildir Almaniyada yaşayır, ancaq sən burdasan...

- Bütün fikri-zikri olub ki, Almaniyaya gəlim.

- İtaliyada yaşasaydı, yəqin ki, gedərdin...

- Yox, bununla bağlamayaq. O dərəcə xəstə olmamışam. Ailəyə bağlı insanam. İstəməmişəm ki, burdan gedim. Açığı, fikirləşməmişəm ki, gedim Almaniyada yaşayım.

“SUMQAYIT”DA İŞLƏMƏK TƏKLİFİ ALANDA AİLƏMDƏ BİR AZ TƏRƏDDÜDLƏR OLDU”

- Qayıdaq AFFA-dakı fəaliyyətinə. Assosiasiyada da çalışmısan...

- “Futbol dünyası” qəzetinin əməkdaşı olduğum, daim öz üzərimdə işlədiyim və mənə AFFA tərəfindən şərait yaradıldığı üçün iş prosesi ilə daim maraqlanmışam. Zaman keçdikcə AFFA-da operatorluğu da öyrəndim, fotoqraflığı da, montaj proqramını da. Yığmanın səfərləri zamanı həm yazı yazırdım, həm foto, video çəkirdim, həm də videonu montaj edib AFFA-nın saytı üçün hazırlayırdım.”Sumqayıt”da da həmin missiyanı davam etdirmişəm. Səbəb də odur ki, hər gün nəyisə öyrənməyə çalışıram.

- AFFA-dan “Sumqayıt”a keçidin necə alındı?

- 2011-ci ilin iyulun 5-də Mikayıl Nərimanoğlu məni otağına çağırdı. Dedi ki, belə bir layihə yaradılır – “Sumqayıt” Futbol Klubu. Yerli futbolçulardan qurulan bir komanda olacaq. Məni də orda görmək istədiklərini dedi. Klub prezideti Kamran Quliyevə bu layihədə kömək etməyi təklif etdilər və mən də həmişəki kimi “hə” dedim. İlk sözüm həqiqətən belə oldu. Açığı, ailəmdə bir az tərəddüdlər vardı. Reallıq belə idi, deyirdilər ki, gül kimi işin AFFA-da, niyə atıb gedirsən, yol yetərincə uzaqdı, necə olacaq. Ancaq heç vaxt işdən qorxan adam olmamışam. Fikirləşirəm ki, ac qalmaram. Beynimdə birinci onu qurmuşdum ki, gedəcəm, bu işi də alındıracağam.

- Hər halda, “Sumqayıt”a gedənədək Kamran müəllimlə tanış olardın...

- AFFA-da sadəcə, salam-sağ ol. Tanış idik, birgə futbol oynayırdıq.

- Deməli, o da səni faktiki tanımayıb...

- Bəli.

- İlk işbirliyi necə alındı?

- Mikayıl müəllimlə danışığımızın ertəsi - iyulun 6-da AFFA-da iki mərtəbə aşağı düşərək Kamran müəllimlə söhbət etdim. Məni normal qarşıladı, iş prinsiplərini dedi. Hər şeyi sıfırdan quracağından işin çoxluğunu izah etdi. İlk növbədə bu yükü qaldıra biləcəyimlə maraqlandı. Mikayıl müəllimin otağında artıq beynimdə qərarımı vermişdim ki, bura mənim yerimdi, mən bunun öhdəsindən gələcəm.

“KLUBUN İLK GÜNLƏRİNİ XATIRLAYANDA, HƏQİQƏTƏN TÜKLƏRİM BİZ-BİZ OLUR”

- “Sumqayıt”da özünü “Görünməyən qüvvə” hesab edirsən?

- Klubun ilk günlərini xatırlayanda, həqiqətən tüklərim biz-biz olur. Bizim ofisimiz, gedəcək yerimiz belə olmayıb. Çayxanalarda, müəyyən yerlərdə öz işimizi qurmağa başlamışıq. Sonra təsisçimiz, baş sponsorumuz “Azərkimyaservis” bizə ofis ayırdı, orda görüşdük, işimizi qurduq. Ancaq həqiqətən çox çətinliklərimiz oldu. Biz sözün əsl mənasında “avtobus komandası” idik. Heç nəyimiz yox idi, sırıfdan qurulan bir klub idi.

- “Sumqayıt”ın prezidenti, baş meneceri, baş məşqçisi mətbuatın diqqət mərkəzindədi. Mətbuat katibi bilə-bilə başqa işləri də görür, bu baxımdan daxili qısqanclıq keçirmirsən ki, “qara iş”i görürəm, ancaq üzdə deyiləm?

- Bəlkə də təbiətimdən asılıdı, ancaq qətiyyən pis düşünən adam deyiləm. Qısqanclıq, paxıllılığın zərrəsi qədər məndə yoxdu. Məndə o maraq yoxdu ki, üzdə olum. Üzdə olmağı qətiyyən sevməmişəm.

- Bəlkə bu, təbiətində liderlik xüsusiyyətlərinin olmamağından qaynaqlanır?

- Mən deməzdim ki, lider deyiləm. 

- Kamran Quliyevin yerində çalışa bilərsən?

- Yox.

- Axı, o, liderdi...

- Lider olaraq da qalsın. İndiki işim, indiki yerim məni qane edir.

“SUMQAYIT”DA İŞLƏYƏNƏDƏK SUMQAYITDA CƏMİ 3 DƏFƏ OLMUŞDUM”

- Klublarımızda mətbuat katibləri ilə belə bir arzuolunmaz tendensiya yaranıb ki, öz işləri qalır, başqa tapşırıqları yerinə yetirirlər. Bu, səndə diskomfort yaratmır?

- Mən bunu hələ kluba gəlməmişdən də eşidirdim. Ancaq “Sumqayıt” klubuna qəbul olunduğum gündən sırf öz işimlə - mətbuatla məşğul olmuşam. Bizdə marketinq üzrə menecer vardı, 1 ildən sonra klubdan ayrıldı. Öz istəyimlə bu vəzifəni də üzərimə götürdüm.Kamran müəllim marketinqi çox yaxşı bilir. Burda əmək haqqını yox, işimi öyrənməyi fikirləşirdim. Aylar, illər keçdi və bu işi tam öyrəndiyimi düşünürəm. Sonradan “Xəzər Lənkəran” klubuna gedən, ailəvi dostluq etdiyim Rəşad Əzizov bizdə lisenziya üzrə menecer idi. O, “Sumqayıt”dan gedəndən sonra özüm bu işi görməklə də bağlı prezidentimizə müraciət elədim. Həqiqətən bu işi də öyrəndim. Sonradan kluba lisenziya üzrə menecer də götürüldü. Xırdalığına fikir versən, klubda çox iş var. Ancaq əsas işim mətbuatla bağlıdı.

- Bütün bu işləri görmək üçün böyük enerjin olmalıdı...

- Yorulmuram. Enerji içimdən gəlir. Kənarda da nələrisə etməyə çalışıram. İşin çoxluğuna baxmayaraq, öyrənməyə və bacardığım qədər pul qazanmağa çalışıram.

- Artıq 7-cı ildir çalışdığın Sumqayıta uşalqıdan bağlılığın olubmu?

- Heç bir anlayışım yox idi. Yalnız Sumqayıt şəhərinin mövcudğunu bilirdim. Bir dəfə də burdan reportaj hazırlamışam - “Gənclərbirliyi” - MOİK oyunundan. Saleh Arslan məni ora göndərmişdi. İki dəfə də AFFA-nın tədbirləri ilə bağlı Sumqayıta getmişdim. Yəni “Sumqayıt”da işə başlayanadək bu şəhərdə cəmi 3 dəfə olmuşdum.

“7 İLDİR BU 105 KİLOMETRİ AVTOMOBİLİMLƏ GEDİB-GƏLİRƏM”

- Dünya praktikasında futbolçular var ki, kluba sonadək sadiqliyini nümayiş etdirirlər. Sənə başqa yerdən təklif gəlsə, gedərsən, yoxsa artıq bu kluba bağlanmısan?

- Hamımızın ailəsi, hamızın yaşayış mühiti var. İnanmıram elə adam olsun ki, azla qane olub qalsın, böyük qazancdan üz çevirsin. İçimdə elə “qurd” yarana bilər. Ancaq bu şəhərə çox bağlıyam, çünki günün 70 faizini orada keçirirəm.

- Yol yormur səni?

- Heç. Evdən işə və geri qayıtmağım 105 km-di. 7 ildir hər gün bu yolu gedib-gəlirəm. Hətta turlar həftəsonu olduğu üçün aylar olur ki, istirahətsiz oluram, ayın 30 gününü Sumqayıtda keçirirəm. Bakı - Sumqayıt yolu mənim üçün adi yoldu. Hətta maşını sürəndə belə fikrim olmayıb ki, kaş Bakıda işim olaydı, yaxına sürərdim. Sumqayıta bağlanmışam, yola öyrəşmişəm.

- “Sumqayıt”a qədər şəxsi avtomobilin var idi?

- Bəli. Ancaq klubda işlədiyim vaxtda maşınsız günlərim də olub. Bu, 2-3 ay olub və kifayət qədər çətindi. Enerjim artıq yolda gedir. Tıxacları nəzərə alsaq, avtobomildə də enerjinin bir hissəsi gedir. Ancaq işimin sevgisi bütün bunlarə ört-basdır edir.

Фото Firuz Abdulla.

"KAMRAN QULİYEVİN BİR SÖZÜ VAR: “RƏŞAD, SƏNİN HANSI YÜKÜ QALDIRACAĞINI SƏNDƏN YAXŞI BİLİRƏM, DANIŞMA”

- Klublar daxilki mətbəxi gizlətməyə çalışsalar da, bu, mümkün olmur. Bizdə olan məlumata görə, Kamran müəllim həddən artıq intizamı sevən, sərt xarakterli insandı. Yaradıcı insan üçün sutka məfhumu arxa planda olur. Bunu necə uzlaşdırırsan?

- Kamran müəllimin ilk gündən bizə qoyduğu yükləmənin müsbət nəticəsini görürük. Ara-sıra işin çoxluğundan şikayətlənmişəm. Kamran müəllim hər dəfə “Rəşad, sənin hansı yükü qaldıracağını səndən yaxşı bilirəm, danışma” cavabını verib. Onun bir özəlliyini də qeyd edim: ilk gündən iclasda hansı intizamı məndən tələb edirdisə, bu gün də onu tələb edir. Həmin məsuliyyət, ciddilik günü bu gün də var.

- Quliyev mətbuatda yazılanlara görə sənə iradlarını bildiribmi?

- O, mətbuata həddən artıq bağlı insandı. Ən pis halda 2-3 saatdan bir medianı izləyir. Vaxt tapmayanda belə məlumat alır ki, mətbuatda nə var - nə yox. Ancaq heç vaxt iradını eçitməmişəm, o təzyiqi üzərimdə hiss etməmişəm. İki-üç yazı olub ki, çox hisrlənib. Ancaq hirsini mənim üzərimə tökməyib.

- İmkan olsa Sumqayıta köçərdinmi?

- Sözsüz.

- Oranın hansı özəlliyini qeyd edərdin ki, səni cəlb edir?

- Sumqayıt Bakıdan fərqli olaraq sakit şəhərdi. Yolları genişdi, əhali sıx deyil. Ən əsas da burada 7 ildə heç bir tıxac problemi yaşamamışam.

“SUMQAYIT”LA “YUVENTUS” QARŞILAŞSAYDI, HANSI HİSSLƏR KEÇİRƏCƏYİMİ İNDİ DEYƏ BİLMƏRƏM”

- Sənin “Yuventus”a bağlılığın hardandı?

- 1995-ci ildə Çempionlar Liqasının finalıda “Ayaks” üzərində qələbədən. Bu, həmin turnridə sonuncu qələbəmizdi. Onda 10 yaşım vardı. İtaliya sevgisi isə Robert Bacconun 1994-cü ildə dünya çempionatının finalında penaltini göyə vurandan sonra. Onun sifətində o üzüntünü görmək məndə İtaliya sevgisi yaradıb. Ailəmdə heç kim futbolçu, futbol azarkeşi olmayıb.

- “Sumqayıt”la “Yuventus”un yaşıl meydanda qarşılaşmasını istəyərdinmi?

- Sözsüz.

- Onda kimə azarkeşlik edərdin?

- Onu yaşayaq görək, indi deyə bilmərəm (gülür). O anda hansı hisslər keçirəcəyimi indi həqiqətən deyə bilmərəm. Turində olmuşam, “Yuventus” - “İnter” matçını izləmişəm. “Yuve” 2:0 hesabı ilə qalib gəlmişdi. Bunda bəzi şəxslərin, klubun böyük dəstəyi olub. 2013-cü ilin noyabr ayı idi. Kamran müəllimə yaxınlaşdım ki, belə bir istəyim var. O da sevərək qəbul elədi, 3 günlük məni məzuniyyətə buraxdı. 

“HƏYAT YOLDAŞIM “SUMQAYIT”IN AZARKEŞİDİ, STADİONA GƏLƏNDƏ UDDUĞUMUZ OYUNLAR OLUB”

- İstər futbol adamlarının, istərsə də media əhlinin ailəyə böyük diqqət ayırması qeyri-mümkündü. Evdəkilərdən çox irad eşidirsən?

- Ən böyük problem istirahət günləri - şənbə-bazar evdə ola bilməməklə bağlıdı. Bu da çempionatın oyunlarının həmin vaxta təsadüf etməsi ilə bağlıdı. Deməzdim ki, iradları kifayət qədərdi, ancaq eşidirəm. Bu, anamdan, həyat yoldaşımdan olur. Ancaq ailəcanlı olduğum üçün bacardığım qədər problemlərin yaşanmamasına çalışıram. Gec də olsa onları evdən çıxartmağa çalışıram.

- Ailəni Sumqayıta oyuna gətirmək fikrin olmayıb?

- Olub. Dəfələrlə aparmışam da.

- Xanımın azarkeşdi?

- Bəli, “Sumqayıt”ın azarkeşidi. Gələndə udduğumuz oyunlar olub. Ancaq mütəmadi gətirmirəm. Bu da uşaqlardan qaynaqlanır.

- “Sumqayıt” uduzanda çoxmu əsəbi olursan ki, ailə üzvlərin səni danışdırmaqdan belə çəkinir?

- Baş menecerimiz Ceyhun Sultanovdan misal gətirim. O, həmişə deyir ki, uğursuz oyunumuzdan sonra bacardığım qədər ailəmdən qaçıram ki, hirsimi onların üstünə tökməyim. Mən də elə.

- Qızlarında “Yuventus” sevgisi varmı?

- Var. İki qızım var - Ayan və Xədicə. Onlar “Yuventus” sevgisini mənimlə yaşayırlar. Düzdür, Avropada futbol matçları gec olur. Bu üzdən onlar yatırlar. Ancaq bəzi vacib matçlar var ki, onlarla birgə izləməkdən həqiqətən zövq alıram. Bir dostlarımla, bir də onlarla. “Yuventus” 2006-cı ildə B seriyasına göndəriləndə 38 oyunun hamısını canlı izləmişəm. İndi 90 faiz dostlarımla baxıram. “Sumqayıt”ın “Yuventus”la oyunlarının üst-üstə düşməsi çox olub. Dostlarımdan xahiş etmişəm ki, oyun haqda mənə heç bir məlumat verməyin. Evə gələn kimi birinci kompyuteri qoşaraq “Yuventus”un matçını izləmişəm. Elə bil canlıdır.

- “Yuventus”un son finalı ad günündə oldu. “Real”a 1:4 hesablı məğlubiyyətə görə sevimli komandana “lənət yağdırdınmı”?

- “Barselona” ilə finalda qələbəyə 1 faiz belə ümidim yox idi. Çünki dövrümüüz ən güclü “Barselona”sı idi. Ancaq bu dəfə bütün “Yuventus”lu dostlarla qələbəyə tam əmin idik. Ona görə həqiqətən məyus olduq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30