19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"İnter Arena" düyünü və gücü çatmayan Rövnəq Abdullayev

"İnter"in bazasının əlindən alınacağı haqda hələ bir müddət əvvəldən xəbərlər yayılmışdı. Azərbaycan Beynəlxalq Bankının borclarının qaytarılması üzrə məsul şəxs - “Aqrarkredit”in rəhbəri Məmməd Musayev ("Şapka Mamed") klubun bazasına gələrək, aqressiv şəkildə  oranı tərk etmələrini tələb etmişdi.  Dünən "İnter"in Müşahidə Şurasının sədri Zaur Axundov açıqlamasıyla məlumatı təsdiqlədi: "İnter" 2-3 günə bazanı tərk edib, "Dalğa Arena"ya yerləşəcək".

Əslində, mahiyyətcə çox böyük hadisə olsa da, ajiotajı zəif oldu. Görəsən nəhəng bir baza niyə belə asanlıqla klubun əlindən alındı?

Müxtəlif versiyalar/mülahizələr yürütmək olar, ancaq əksəri hüquqi arqumentlərə əsaslanmır. Araşdırmalar da faydasızdır, tərəflər məsələnin açıqlanmasını istəmir, buna cəhd etməyimiz də nəticəsiz qalır.

Bazanın "İnter"in əlindən alınması üçün məhkəmə qərarı olmalıdı. Ancaq belə bir qərar görünmür, göstərilməyib, bu məsələdə şəffaflıq hiss edilmir.

Biz sadəcə müşahidələrimiz, əldə etdiyimiz informasiyalar sayəsində bir neçə reallığa yaxın versiyanı sizə təqdim etmək istəyirik.

Əldə etdiyimiz məlumata görə, "İnter" 2012/13 mövsümündə ABB-dən kredit götürüb. Yaxud klubun adından müəyyən məbləğ götürülüb və s. Zaman keçib, ancaq borcun bir hissəsi qaytarılmayıb, get-gedə faizlər "şişərək" 40 milyon həndəvərində bir məbləğ əmələ gətirib. Bildiyimiz kimi, ABB-nin problemli kreditlər məsələsi ölkənin ən ciddi problemlərindən biridir və bir müddətdir ki, dövlətin icazəsi ilə bu işlərlə məhz "Aqrarkredit" məşğul olur. Bu təşkilatın belə aqressiv, qətiyyətli şəkildə bazanı müsadirə eləməsi hüquqi əsas olmadan mümkün ola bilməzdi. Ancaq qeyd etdiyimiz kimi, ortada bir sənəd də yoxdur.

Müəyyən ehtimallara görə,  məsələyə "bandotdel" qarışıb və tapşırıq ordan gəlib, digər versiyada isə məhkəmə qərarının olduğu, bazanın adıçəkilən təşkilatın balansına tam hüquqi əsaslarla köçürüldüyü deyilir. Hətta bir müddət sonra "İnter Arena"nın auksiona çıxarılacağı da vurğulanır. Bütün bunlar həqiqətə yaxın, ancaq mütləq əsas deyil. Odur ki, biz araşdırmalarımızı davam etdiririk. Tərəddüd yaradan ən böyük sual isə budur ki, görəsən, AFFA bu məsələdə kluba niyə dəstək verməyib?

Yoxsa bunu bacarmayıb?

Subyektivimizə görə, borc dövlətə olduğu üçün assosiasiya rəhbərliyi, konkret Rövnəq Abdullayev işə müdaxilə etmək istəməyib. Əgər bu baş versəydi, onda Abdullayev ən pis və ən yaxşı halda 40 milyonu ödəməliydi. Bu isə namümkün görünür...

Belədə suallar yaranır.

Bəs bir neçə il əvvəl - "Şəfa" adlanan zaman bazanı 4-5 milyon manat arası bir məbləğə ABB-yə satan AFFA bu riskləri niyə nəzərə almırdı? OK, bilmək olmazdı ki, ABB-nin ovaxtkı prezidenti Cahangir Haciyevin dönəmində saysız problemlər qalaqlanmaqdadır. Məsələnin bu tərəfi deyil, AFFA ilə ABB/"İnter" PFK arasında alqı-satqıdadı. Əgər bazanın qiyməti o qədər idisə, onda ABB hansı əsasla qeyd olunan məbləğdən bir neçə dəfə artıq miqdarda kredit verib? Deməli, ortada maxinasiya faktoru var.

Məlumatlı mənbə "FutbolPress"ə bildirdi ki, əslində, AFFA-nın bazanı "İnter"ə satması ətrafında qiymət açıqlanmasının prosesdən 2 il sonra baş verməsi də elə-belə deyildi. Alqı-satqını ictimaiyyətdən gizlədən tərəflərin niyyəti pozulub. Bu haqda mətbuatda müxtəlif ifşaedici informasiyalar yayılandan sonra AFFA tərəfi yalan olaraq açıqlayıb ki, baza banka 4.2 milyona satılıb.

Əslində isə bu alqı-satqı 12 milyona başa gəlibmiş...

Bu məsələdə maxinasiyaya yol verildiyi məlumdur, ancaq ortaya çıxarılmayıb, araşdırılmayıb və s.

Hazırda yaranan durum isə məhz o vaxt AFFA-nın məsələyə qeyri-peşəkar yanaşması ucbatından yaranıb. Şəxsi mənfəətlər hazırda "İnter"in və ölkə futbolunun çox geniş bir bazadan məhrum olmasına gətirib çıxardı.

Bizdə olan məlumata görə, klubun Müşahidə Şurasının sədri Zaur Axundov son anadək Rövnəq Abdullayevin, yaxud AFFA-nın baş katibi Elxan Məmmədovun prosesə müdaxilə edəcəyini gözləyib, lakin nə prezident, nə də bu məsələnin həllinə təsir edə biləcək gücdə olmayan baş katib addım atıb.

Deyilənə görə, "Şapka Mamed" ləqəbli şəxsin Rövnəq Abdullayevə münasibəti yaxşı deyil. O, məhz buna görə aqressiv şərtlər tətbiq edib və heç bir güzəştə getməyib. Maraq üçün əlavə edək ki, bu, Abdullayevin ölkə futbolundakı portretinə kifayət qədər ciddi zərbə sayıla biləcək bir hadisədir. Və kuluarlarda gəzən söz-söhbətə görə, uzaq olmayan gələcəkdə Abdullayevdən qisas almaq məqsədiylə başqa klanlar da tutarlı hücumlar edəcəklər.

Hazırkı durumda isə itirən Azərbaycan futboludu, dövlət büdcəsidi. "İnter" kimi uğurlu bir klubun taleyi sual altında, ölkənin üç ən böyük futbol bazasından biri, "İnter Arena" isə mücərrəd taleyin ümidinə qalıb.

Mənbə: futbolpress.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30