28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Mahirin Allahı

“İçərişəhər” metrosunun yuxarısındakı "Təzəbəy" hamamının "kisəçi ulduzu" Mahiri Bakıda çoxları tanıyır. Ərəblərin paytaxtımıza ilk axınında soruşdum ki, "sənətkar, şeyxĺərdən sonra daha özümüzünküləri bəyənməzsən?"

Şirin Şəki ləhcəsiylə dedi ki, "əldən bərkdilər, ən çox İraqdan gələnlərdi, onlar da ya "çayevoy" vermir, ya da 20 adam gəlib hamısına 20 manat verir". Mahirin könlünü alan ərəblər də vardı: "Omandan-zaddan gələnlər yaxşıdı, əliaçıqdı". Kisəçi Mahirin Allahı verirmiş omanlı turist gələndə.

İslam Oyunlarının finalında isə futbolçu Mahirin Allahı verdi omanlı rəqiblərlə. Kubokun finalınında "Qəbələ"nin qapısına vurduğu qolla "Qarabağ"a "qızıl dubl" gətirən gənc hücumçu bu dəfə özü "qızıl dubl"a imza atdı və ən azı bu mövsüm "finalların adamı" oldu bizim üçün. Lap İnyesta kimi.

Mahirin uğurunda böyük haqqı olan və unudulmaması gərəkən bir adam var - Hafiz Məmmədov. Adam çətinə düşəndə unudulur bu həyatın acı gerçəkliyidi. Amma Mahir Mədətovun bu günə gəlməsində Hafiz bəyin və "Bakı"nın rolu danılmazdı.

İslam Oyunlarındakı çempionluqda ən böyük pay isə heç şübhəsiz, məşqçilərimizindi. Yaşar Vahabzadəni futbolçu kimi heç vaxt unutmayacağımı yazmışdım. Oxumayanlara bir daha xatırladım. Həyatımda ilk dəfə 1996-cı ildə futbola getmişəm. Köhnə bakılı futbolçularımız demişkən, "Tofiydə" "Neftçi"nin Sofiya "Lokomotiv"ini qəbul etdiyi və tarixdə ilk avrokubok qələbəsini qazandığımız oyunda həlledici qolu son saniyələrdə az qala mərkəzin yanından aşırma zərbəylə Vahabzadə vurub. O qola kimi isə Qurban Qurbanov yüzfaizlik imkanı qaçıranda Samir Ələkbərovun "niyə "pas" vermədin" deyib meydanda ağladığı səhnə heç vaxt gözümdən getməz.

Həmin Samirlə Yaşar yenə birlikdə daha bir tarixi uğura imza atdı. Milli komanda səviyyəsində bir daha nə vaxtsa hansısa yarışda çempion olub-olmayacağımızı Allah bilir. Amma İslam Oyunları bir ilk idi və istənilən halda Yaşar Vahabzadəylə Samir Ələkbərov artıq məşqçi kimi də unudulmayacaq bir uğura imza atdı.

Yaşar Vahabzadənin heyət seçimini bəyənmişdim. Yalnız Rauf Əliyevi İslam Oyunlarından kənarda saxlamasına üzülmüşdüm. Bilmirəm bu öz istəyi idi, ya yox. Amma qalibləri mühakimə etmirlər!

Biz uşaq olan vaxtlar Yaşar Vahabzadə bəlkə də daha çox tanınırdı. O zaman idmançı ailələrini bəlkə də bütün ölkə tanıyırdı. O cümlədən "Neftçi"nin futbolçusu Yaşar Vahabzadə ilə ölkənin ən güclü qadın həndbolçularından biri Esmira xanımın ailəsini. Amma tədricən idmançı karyerası sona çatdıqdan sonra bu ailə də kölgəyə çəkildi. Bəlkə də indiki gənc jurnalistlər belə Yaşar Vahabzadənin xanımının birvaxtlar ölkəmizin ən güclü həndbolçularından olduğunu bilmir.

Amma İslam Oyunlarındakı qələbə bu umitqanlığın üstündən də xətt çəkəcək. Vahabzadə ailəsi bundan sonra yenidən medianın diqqətində olacaq.

Yaşar Vahabzadənin heyətində Raufla yanaşı oynamağa layiq bir isim də vardı - Samir Məsimov. Amma Elşən Abdullayev turnirdə o qədər inamlı oynadı ki, ehtiyatda qalan Elnur Cəfərovu da yada salan olmadı.

Rəsmi oyunlarda buraxdığı ciddi səhvlərə görə həmişə tənqid olunan qapıçı Şahruddin Məhəmmədliyev də ən yaxşı oyunçularımızdan idi.

Amma tam səmimi deyim ki, bu qələbədə imzası olduğuna görə ən çox sevindiyim futbolçularımız Ruslan Abışovla Rəşad Sadiqov idi. Rəşad yaşına görə yəqin ki, yaxın illərdə karyerasını bitirəcək və Ruslandan fərqli milli səviyyəsində hansısa uğur qazanmaq şansı çox azdı. Ruslan isə müstəqillik dövründə futbolumuzin yetişdirdiyi ən istedadlı oyunçulardandı. Nədənsə hələ də inanıram ki, Ruslan potensialını tam açacaq. Özü də Azərbaycandan kənarda.

Bu qələbənin ən pis tərəfi isə çempion olduğumuz Bakı-2017-nin futbolumuzun gələcəyi üçün heç bir yeni ad bəxş etməməsidi... İstənilən halda etiraf etmək lazımdı ki, bu tarixi qələbədi. Yaşar Vahabzadə və kollektivi isə yalnız xoş sözlərə layiqdi.

Təbriklər və əhsən!

Anar ŞABANOĞLU, “Futbol+”




Ad: Elnura;   E-mail: ---

24.05.2017 16:30

Mahir, musahibesinde "Baku" klubuna teshekkur etdi...
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31