25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Dmitri Nağıyev: “Qəbələ”yə keçmək variantım var idi”

“Uşaqlıqda hələ vilayət çempionatında iştirak edərkən, hücumda oynayırdım və mövsüm ərzində 10-11 qol vururdum. Yaş artdıqdan sonra sağ cinah müdafiəçisi mövqeyində çıxış etməyə başladım, amma hücuma qoşulmaq öz yerində qaldı. Bu mövqedə ən çox bəyəndiyim futbolçular Dani Alveş və Dario Srnadı”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın U-21 yığmasının və “Dnepr” klubunun futbolçusu Dmitri Nağıyev deyib.
 
Ukrayna Premyer Liqasının XXIII turunda “Zvezda” ilə qarşılaşmada komandasının qələbə qolunu vuran müdafiəçi bu ölkənin mətbuatına geniş müsahibə verib.
 
Nağıyev əvvəlcə özünü Alveş və Srna ilə müqayisə edib: “Onlar kimi, mən də müdafiədə itib, qalmamağa çalışıram. Qol ötürmələri verməyi çox sevirəm, bundan həzz alıram. Srna kimi, 33 nömrəli formanı seçmişəm. Kiçik qardaşım deyir ki, xarici görkəm baxımından da Darioya bənzəyirəm, sadəcə saqqalımı kəsmək və saç stilimi bir qədər dəyişmək lazımdı”.
 
Millimizin üzvü rusiyalı şoumen Dmitri Nağıyevlə ad və soyadınız eyni olmasına toxunub: “Əsas komandaya gələnə qədər ləqəbim yox idi. İlk ləqəbim olan “Foma”nı mənə Ruslan Rotan verdi. “Fizruk” serialına baxanlar bunu başa düşəcəklər. Hazırda “Dnepr”də məni belə adlandırırlar. Ümumiyyətlə, məşhur adaşım və həmsoyadımın hesabına bağça və məktəb illərindən asanlıqla xatırlanıram. Hərçənd ki, çoxu əsl ad və soyadımın bu cür olduğuna inanmır. Yeni insanlarla tanış olanda tez-tez bu sözləri eşidirəm: “Yaxşı, görək. Həqiqətən, belədi?”. Nəticədə pasportumu və ya başqa hansısa sənədimi göstərməli oluram. Mən həyatda şoumenəm. Bütün komanda yığıncaqlarında, süfrə arxasında əyləşəndə, eləcə də, soyunub-geyinmə otağında həmişə masabəyi oluram. Zarafat etməyi, mahnı oxumağı çox sevirəm. Diqqət mərkəzində olmaq xoşuma gəlir. Kamera qarşısında da özümü sərbəst hiss edirəm. Hələ ki, fikrimi futbola yönəltmişəm. Kim bilir, gələcəkdə özümü, bəlkə də, şoumen peşəsində yoxladım. Onsuz da, bu sənətdə yaş həddi yoxdu”.
 
Nağıyev ən sevimli klubunun “Yuventus” olduğunu açıqlayıb: “10-12 il əvvəl STB telekanalı A seriyasının oyunlarını göstərirdi. Görən kimi, “Yuventus”a vuruldum. İndiyə qədər həmin heyətdə yer almış bütün futbolçuları xatırlayıram: Nedved, Del Pyero, Türam, Buffon, Zambrotta... Elə o vaxtdan “Yuve”yə azarkeşlik edirəm. Amma çempionatları müqayisə etsək, İspaniya La Liqası ən öndədi”.
 
Dmitri “Zvezda”ya vurduğu qolu qeyd edəcəklərini bildirib: “Komanda yoldaşlarımın bununla bağlı mənə nəsə deməklərinə ehtiyac yoxdu. Bizdə qayda belədi: debüt qolunu vuran futbolçu və ilk dəfə qapısının toxunulmazlığını saxlayan qapıçı oyundan sonra məşqə pitsa gətirməlidi. Təcrübə onu göstərir ki, 15 ədəd pitsa bütün komandaya bəs edir. Sabah üçün pitsa sifariş verəcəm”.
 
Özü barədə də danışan Nağıyev Azərbaycanın U-21 yığmasına cəlb olunmasına da toxunub: “Belıy Serkovda anadan olmuşam. Futbol həyatıma ciddi şəkildə Kiyevdə, məşqçi Roman Paşkovskonun rəhbərliyi altında başlamışam. “Knyaja”da oynadıqdan sonra yarım il Moskva klublarında baxışda oldum. “Torpedo”, “Spartak” və “Dinamo”nun gənclər komandasında məşq etdim. Karyeramda heç vaxt Ukrayna yığmalarında oynamadım. Cəmi 1 dəfə U-14-ə çağırıldım. Onda da xəstələndiyim üçün milliyə qoşula bilmədim. “Dnepr”in əvəzedici komandasında olanda məni U-17-yə dəvət etmək istəyirdilər. Mixaylenko yaxınlaşaraq, Petrakovun maraqlandığını demişdi. Amma səs-soraq çıxmadı. Anamın bir tərəfi Azərbaycandandı. Babam Azərbaycanda məşhur hərbçi olub. Əfsuslar olsun ki, o, artıq dünyasını dəyişib. Məhz bu yolla Azərbaycanın futbol assosiasiyasından mənimlə əlaqə qurdular və yığmada oynamağı təklif etdilər. Düşündükdən sonra “niyə də olmasın?” deyib, özümü yoxlamaq qərarına gəldim”.
 
Nağıyevin sözlərinə görə, həmin vaxt “Qəbələ” klubu onun xidmətində maraqlı olub: “Qəbələ”yə keçmək variantım var idi. Azərbaycan vətəndaşı olmağım mənə bu ölkədə legioner sayılmamaqda kömək edə bilərdi. Yekunda hər şey düşündüyüm kimi olmadı. Amma Azərbaycan pasportu aldım və gənclər yığmasında bir neçə oyun keçirdim. Çoxu elə bilir ki, mənim atam azərbaycanlı olub, halbuki əksinədi. AFFA-nın saytında adımı Dmitri Ruslan oğlu Nağıyev kimi yazanda anam gülərək, atamla zarafatlaşmışdı. Azərbaycanda çoxlu qohumum və dostum var. “Zvezda” ilə matçdan sonra onlar da zəng və mesajlarla məni təbrik etdilər. Hətta oynamayanda belə, Azərbaycandan mənə yazırlar, zəng edirlər. Mənim üçün çox xoşdu. Kiçik qardaşım ikinci liqada çıxış edən “Arsenal-Kiyevşina” klubundadı. 18 yaşı var və dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. Ucaboy, elastikdi. Dayaq yarımmüdafiəçisinə lazım olan keyfiyyətlər onda var”.
 
Gənc futbolçu Ukraynanın əsas yığmasının qapılarının onun üzünə hələ bağlanmadığını əlavə edib: “O qapılar Azərbaycanın əsas millisində rəsmi oyuna çıxsam, bağlanacaq. FİFA-nın qaydası belədi. Yaxşı başa düşürəm ki, hələ Ukrayna yığmasında oynamaq səviyyəsində deyiləm. Amma hər şey tez dəyişir. Məsələn, Matvienko ilə yarım il əvvəl əvəzedici komandada bir-birimizə qarşı oynayırdıq. Xorvatiya ilə matçda isə o, Ukrayna millisində debüt etdi və yaxşı da oynadı. Həyatda belə hallar çox olur. Moskvada agentim mənə tez-tez bu sözləri deyirdi: “İnsan ulduz kimi yatıb, heç kim olaraq, oyana bilər və ya əksinə”. Həqiqətən, elədi” (Apasport.az). 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30