24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Rövnəq Abdullayev: ”Bu barədə radikal qərarlar qəbul edəcəyik”

Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilir. Futbolxeber.az saytının məlumatına görə, "Boulevard Hotel"də təşkil olunan toplantıdan sonra mətbuat konfransı təşkil olunub. Mətbuat konfransında AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və PFL prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb.
 
- Rövnəq Abdullayev: İcraiyyə Komitəsinin iclasında mühüm məsələlər müzakirə edildi. Xüsusilə, danışılmış oyunlarla bağlı. UEFA-da bu cür oyunları izləyən böyük qurum yaradılıb. Premyer Liqayla bağlı heç bir şübhə olmayıb. Həmin qurumdan I Divizionla bağlı müraciət edilib. Sabah artıq bu barədə radikal qərarlar qəbul edəcəyik. Bu, Azərbaycan Respublikasının qanunlarına görə cinayətdi. Həmin insanlar cinayət məsuliyyətinə cəlb ediləcək. Bu gün bir neçə fakta baxdıq. Doğrudan, biabırçılıqdı. Mənə çox pis təsir etdi.
 
“İnter” klubunun da taleyi müzakirə edildi. Klubun gələcəyi ilə bağlı bankdan təminat aldıq. Mövsümün sonuna kimi klubu AFFA idarə edəcək. Mövsümün sonunda kluba yeni sponsorun cəlb edilməsilə bağlı danışıqlar gedir.
 
Bundan başqa, keçmiş futbolçulara təqaüd verilməsiylə bağlı da müzakirə olunur. Bu ənənə yalnız iki ölkədə var - İngiltərədə və bizdə. Buna əsasən, bu gün bir neçə futbolçuya AFFA tərəfindən təqaüd verildi.
 
- AFFA tərəfindən bir neçə klubda Müşahidə Şurası yaradılıb. “Kəpəz”də də həmçinin. Ancaq klubdan edilən açıqlamada Gəncə şəhər stadionunun təmir olunması üçün AFFA-dan maliyyə gözlədiklərini deyiblər. Bəs bu Müşahidə Şurası nə işə yarayır?
- Müşahidə Şurası komandalara maliyyə ayırmaq üçün yaradılmayıb. Bunun yaradılmasına səbəb şəffaflığın təmin edilməsi, klubun bir nəfərin əlində cəmlənməsinin qarşısını almaqdı. Gəncə şəhər stadionuna gəldikdə isə, bura mövsümün sonunda yeni ot örtüyü ilə təmin ediləcək. Bu, çox bahalı işdi. Ancaq bizim planımız var ki, 10-12 stadionun ot örtüyü dəyişdirilsin.
 
- Ötən il Media Komitəsi yaradıldı. Bu qurumun gələcək taleyi necə olacaq?
- Elxan Məmmədov: Media Komitəsi məhz Rövnəq bəyin göstərişi ilə yaradılmışdı. Bu komitə fəaliyyətini davam etdirəcək. Komitənin yaradılmasına səbəb, ölkəmizdə keçiriləcək AÇ-2020 üçün jurnalistlərin hazırlanmasıdı.
 
- Rövnəq Abdullayev: Hər il hakimlərin toplanışı olur. Mən tərəfdarıyam ki, jurnalistlərin bu cür  treninqi keçirilsin. Belədə, jurnalistlərin yazısının keyfiyyəti daha da artırılacaq.
 
- Seçim necə olacaq?
- Elxan Məmmədov: Eyni qaydada olacaq. Seçkini siz keçirəcəksiz və öz nümayəndələlərinizi seçəcəksiz.
 
- Dediz ki, tapşırıq vermişəm, Premyer Liqada komanda sayı artırılsın. Ancaq komandaların çoxuna AFFA baxır. Sayı düzəltmək üçün yeni gələn klublara da AFFA baxacaq?
- Rövnəq Abdullayev: Keçən il qarşımıza məqsəd qoymuşduq ki, növbəti mövsümdən çempionatda 10 komanda iştirak etsin. Ancaq lisenziyalaşdırma da əsasdı. Bu işlər FİFA və UEFA-nın tələblərinə əsasən görülməlidi. “İnter” məsələsində də belə olacaq. Klubun bazası var. Bu baza bank tərəfindən futbolun inkişafına verilsə, sponsor tapıla bilər. Biz baxırıq, harda baza varsa, ora sponsor cəlb etməyə çalışırıq. Lisenziyası, bazası olsa, “Turan Tovuz” da, “Mil-Muğan” da Premyer Liqaya çıxa bilər. Birinci divizion AFFA-nın köməkliyiylə keçirilir. Bəzi klubların vəziyyəti bizə pis təsir edir. Yüksək liqanın Azərbaycanın bütün regionlarını əhatə etməsini istəyirik. Region komandalarının fəaliyyətini dayandırması təəssüf doğurur. “Xəzər Lənkəran” fəaliyyətini dayandırdı. Hazırda yalnız region klublarından “Kəpəz” fəaliyyətini davam etdirir. Ancaq istəyirik ki, region komandalarının sayı çox olsun.
 
- Qarşıdan İslam Həmyərliyi Oyunları gəlir. Orda çıxış edəcək komandaya həvəsləndirici mükafat vəd olunacaq? Komandadan hansı nəticə tələb olunacaq?
- Rövnəq Abdullayev: Niyə həmişə işin maliyyə tərəfinə baxırıq? Bundan öncə milli qürur məsələsi var. Oyunçular özlərini yaxşı tərəfdən göstərmək üçün mübarizə aparmalıdılar. Komandanın qarşısına heç bir tələb qoyulmayıb. Tələbimiz yalnız yaxşı oyun nümayiş etdirməkdi.
 
- Klubların maliyyələşməsində bütün yük SOCAR-ın üzərinə düşür. Düşünmürsüz ki, bu məsədə dövlətin köməyi lazımdı?
- Rövnəq Abdullayev: SOCAR da elə dövlətdi də (gülür). Məsələ o deyil, yavaş-yavaş futbola bu oyunu əsl sevənlər gəlir. Bir var, iş adamı özünü göstərmək üçün gəlir, bir də var futbolu sevən insanlar. Cənab prezident futbolun inkişafını SOCAR-a təhvil verib. Biz də bunun üçün çalışırıq.
 
- Uşaq futbolunda vəziyyət elə də yaxşı deyil. Aşağı yaş qruplarında keçirilən yarışlarda texniki məğlubiyyətlərin sayı çoxdu. Komandalar oyuna gəlmirlər. Bundan başqa, aşağı yaş qruplarından ibarət millilərə xaricdən oyunçular cəlb edilir... 
- Elxan Məmmədov: Düzdü, komandalar oyuna gəlməyəndə texniki məğlubiyyət verilir. İntizam Komitəsi bu məsələlərə baxır. Bu, bütün dünyada belədi. Xaricdə də aşağı yaş qruplarının oyuna gəlmədiyi hallar olur. O ki qaldı kütləviliyə, regionlarda turnirlər keçiririk. Bundan başqa, məktəbli kuboku keçiririk. Milli komandaya gəldikdə isə, burda U-15-dən cəlb olunma başlayır. O ki qaldı başqa ölkədən gələn oyunçulara, onlar özləri müraciət edir. Məşqçilər həmin oyunçuların çıxışından razı qaldıqda, milliyə cəlb edilirlər.
 
- Rövnəq müəllim, “CBC Sport”un fəaliyyətiylə bağlı bəzi söz-söhbətlər var... 
- Rövnəq Abdullayev: "CBC Sport”un nəticələri yaxşıdı. Bu cür söz-söhbətlər isə yəqin ki, rəqabətdən qaynaqlanır (gülür). Hazırda ölkədə iki idman kanalı var. Bu cür rəqabətin olması yaxşıdı. Bu kanalda hətta aşağı liqanın oyunları da yayımlanır. Məni əsas narahat edən ölkədəki azarkeş amilidi. Bu, mənim yaralı yerimdi. Xaricdə insanlar oyunlara traktorla gəlirlər. Klub rəhbərləri azarkeşləri stadiona cəlb etmək üçün çalışmalıdılar. Boş stadionda futbolçu öz potensialının 20 faizini göstərmir. Azarkeşsiz futbolçu özünü göstərmir. Bu, tamaşaçısız aktyor kimidi. Azarkeşlərin oyuna gəlməməsində ictimai qınaq olmalıdı.
 
- Almaniya millisiylə daha öncə də qarşılaşmışıq. Əvvəl baş məşqçimiz Berti Foqts idi, indi Robert Prosineçkidi. Hansında yaxşı nətəcəyə daha çox ümidlisiz?
- Rövnəq Abdullayev: Almaniya millisi fenomendi. Bu komandaya uduzmaq da şərəfdi. Almaniya millisi qol belə buraxmayıb. Ancaq əsas olan meydandakı mübarizədi. Millimizdən əsasən, yaxşı mübarizə gözləyirəm. Almaniya millisi maşındı. Bu komandayla oynamaq çox çətindi.
 
- Seçkiylə bağlı ən çox Balkan ölkələrinə səfər edirsiz. Bunda Prosineçkinin rolu nə dərəcədədi?
- Elxan Məmmədov: Siz Balkan deyəndə, yəqin ki, Xorvatiyanı nəzərdə tutursuz (gülür). Bu ölkənin futbol federasiyası ilə Prosineçkindən öncə də münasibətimiz var idi. Ancaq mən qərb ölkələrinə də səfər etmişəm. Aprelin 5-nə qədər bütün Avropa ölkələrinə səfər edəcəm.
 
- Futzal Federasiyası futbol klublarında futzal komandasının yaradılmasını təklif etmişdi. Onlar bununla bağlı İcraiyyə Komitəsində məsələ qaldıracaqlarını qeyd etmişdilər...
- Rövnəq Abdullayev: Futbol komandalarını güclə saxlayırıq. Hələ ki, klublarda futzal komandası yaratmaq planımız yoxdu. Klublar özü-özünü maliyyələşdirməlidi. Sponsordan asılı olmamalıdı. Futbol həm də kommersiyadı. Bizdə bu işlə məşğul olacaq menecerlər, mütəxəssilər hazırlanmalıdı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30