24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Akif İsmayılovun oğlu: "Hafiz Məmmədovun atama verdiyi açarlar indiyədək bizdədir"

Tofiq Bəhramov adına Respublika stadionunun sabiq direktoru, mərhum Akif İsmayılovun ölümündən 1 il ötür. Ötən ilin 26 fevralında dünyasını dəyişən Akif bəyin oğlu Elşən İsmayılov sportnet.az-a müsahibə verib.

Futbolxeber.az saytı həmin müsahibəni kiçik ixtisarlarla təqdim edir:

- Bu gün atanınız vəfatının ildönümüdür. 1 il Akif İsmayılovsuz keçdi. Nə qədər çətin olsa da, bunu necə qəbul etdiniz?

- Əslində, çox çətin keçdi. Biz elə fikirləşirdik ki, o, yenə qayıdacaq. Bu müddətdə harda otururuqsa, elə bilirik ki, bu dəqiqə içəri girəcək. Hansı məclis olursa-olsun, Akif müəllimin yeri hər zaman görünür. Fikirləşmədiyiniz bir çox şeyləri bu 1 il ərzində gördük.

- Məsələn, nələri?

- Bunu başa salmaq olmur. Adam bu haqda danışdıqca pis olur. Dərdləşmək istəyəndə və ya bir problem olanda, hər zaman atamızın yanına qaçmışıq. Onunla məsləhətləşmişik. Bu mənada onun yeri çox görünür. Demək olar ki, hər şeydə...

- Atanız yuxunuza tez-tez girir? İlk vaxtlar daha çox idimi?

- Əvvəllər belə eşitmişdim ki, ölən insan ilk vaxtlar yuxuya tez-tez girir. Ayda 3-4 dəfə olur ki, atam yuxuma girir və bu, mütəmadi davam edir. Bəlkə də çox fikirləşməyimdəndir.

- Elə bir yuxu olubmu ki, o, sizi çox təsirləndirib və hələ də bunun təsiri altındasınız?

- Təzə-təzə yuxuma tez girirdi. Deyirdi: "Elşən, necəsən?" Halımı, işlərimi soruşurdu. Yuxudan oyanırdım. Aşkar simasını görürdüm. Əvvəl bir nurani, ağsaqqal kişi ilə görürdüm. Fikirləşirdim ki, bu, rəhmətə gedən babamızdır. İkisi də ucaboylu idi. İki kişi dayanmışdı. Sonra da yavaş-yavaş atamın üzünü gördüm.

- Deyirlər ki, torpağın üzü soyuqdur, adamı yaxınının yoxluğuna öyrəşdirir. Sizcə, bu, həyatda öz əksini tapırmı?

- Siz deyəni mən də eşitmişəm. Ancaq mən bu 1 il ərzində həmin soyuqluğu hiss eləmədim, yaşaya bilmədim. Əslində, onu yaşamaq da istəmirəm, elə belə də qalmasını istəyirəm. Bəlkə beynimdə həzm edə bilmirəm ki, atam birdəfəlik gedib, ona görə qayıdacağını düşünürəm.

- Atanınızın qəbrini tez-tez ziyarət edirsiniz?

- Həftənin 4-5 günü olar ki, qəbrinin üstünə getməyim. Akif müəllim Keşlə qəbiristanlığında dəfn olunub. Ora evimizə yaxındır. Uzaq olsaydı belə, gedərdim. Yolumu tez-tez salıram.

- Yəni, orda yüngülləşirsiniz...

- Bəli. Atamın qəbrini ziyarət etmək mənə rahatlıq verir. Hərdən öz-özümə deyirəm ki, atam uzaqda deyl, evdən 2-3 kilometr aralıdadır. Qəbri atasının, babamızın qəbrinin yanındadır.

- Özü belə vəsiyyət etmişdi?

- Yox. Ölümü elə gözlənilməz oldu ki, bu haqda danışmamışdı. Keşlə qəbiristanlığı köhnə qəbiristanlıqdır. Babamın qəbrinin sağında da, solunda da qəbir var. Solda 2-3 metrlik yer var idi. Sadəcə, ora qamışlıq idi, diqqəti çəkirdi. Atam dünyasını dəyişəndən sonra əmimlə getdik baxdıq ora. Görən kimi dedi ki, burda yer varmış ki... Bu da qismətdir.

- Bu 1 ildə atanız daha çox hansı anlarda yadınıza daha çox düşür?

- Mən hər bir sözümü atamla məsləhətləşirdim. Mənimlə həm dost, həm də qardaş idi. O şəraiti özü yaratmışdı. Deyirdi ki, nə varsa, gəl, mənimlə bölüş. Mən də nə olurdusa, onunla məsləhətləşirdim. İndi də bunu etmək istəyirsən, ancaq alınmır.

- 26-27 yaşda ailənin bütün yükü - həm maddi, həm də mənəvi planda sizin üzərinizə düşdü. Bu yükü təkbaşına daşımaq çətin olmadı?

- Əslində, ilk vaxtlar özümü itirsəm də, bunu bildirmirdim. Narahatlığımı içimdə saxlayırdım, özümü möhkəm tuturdum. Atam hər zaman bizə deyirdi ki, bir gün olaram, bir gün yox. Gərək möhkəm olasınız. Həyatdır, gərək barışasan. Çətinliklərin öhdəsindən gəlirəm.

- Akif müəllimin dostları sizə nə dərəcədə dəstək oldular?

- Çox oldular. Atam rəhmətə gedəndən sonra söhbətlər olurdu ki, ola bilər, çox adam kənara çəkilsin. İnanın ki, mən bunu hiss etmədim. Bu gün kimə zəng edib deyirəmsə ki, Akif müəlimin oğluyam, hamısı hörmətlə, izzətlə yanaşır. Deyə bilmərəm ki, soyuqluğu hiss elədim. Akif müəllimin dostları çox idi. Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevdən, Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovdan, AFFA-nın I vitse-prezidenti, Xəzər rayonu deputatı Rauf Əliyevdən, gənclər və idman naziri Azad Rəhimovdan böyük dəstək gördüm. Yas mərasiminin bir hissəsini Azad müəllimlə Abdin müəllim öz üzərlərinə götürdülər. Adətən, ölən insanın il mərasiminə dəvət olur. Mən də fikirləşdim ki, həmin tarixə yaxın bir-bir zəng vurub deyərəm. Fevralın 20-dən bu yana mənə o qədər zənglər oldu ki... Mən özüm utandım ki, gərək tez zəng vurardım. Gün çoxunun yadında idi, sadəcə, mərasimin yerini dəqiqləşdirirdilər. Mən də "Tural" mərasim evi olduğunu bildirdim. Sağ olsunlar, bu 1 il ərzində məni tək qoymadılar, mütəmadi zəng vururdular.

- AFFA-dan kimlər sizinlə əlaqə saxlayıb?

- Baş katib Elxan Məmmədov zəng vurmuşdu. İşinin çox olmasına baxmayaraq, diqqətini göstərdi, 10 dəqiqə telefonla danışdıq. Hazırda xaricdə olduğundan, yas mərasimində iştirak edə bilməyəcəyi ilə bağlı üzrxahlığını çatdırdı. Bazar ertəsi vətənə qayıdır. AFFA-da Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin müdiri Yusif Vəliyevdən hər zaman dəstək görmüşəm. Mən özüm AFFA-da, həmin şöbədə 3-4 il işləmişəm. Sadəcə, onda şöbə müdirimiz Yusif müəllim yox, hazırda Lisenziyalaşdırma Qrupununun rəhbəri olan Elçin Məmmədov idi. AFFA-dan olan hörməti hələ orada çalışdığım dövrdə gördüm.

- Təbii ki, atanızın yoxluğu ən çox həyat yoldaşına təsir edir. Ananıza bu müdətdə necə dəstək oldunuz?

- Anama daha çətin idi. Xüsusilə də fevralın 24-də. Çünki toylarının 30 illiyi idi. Akif müəllim ailə həyatı qurduğu tarixdən iki gün sonra dünyasını dəyişdi. Biz özümüzü toparlasaq da, anama çox çətin idi.

- Akif müəllimin ad günü nə etdiniz?

- Bu, yanvarın 21-i idi. Evdə yaxınlarımızla birgə idik. Ehsan verdik, atamla bağlı xatirələri bölüşdük.

- Bu 1 ildə Tofiq Bəhramov adına Respublika stadionuna getmisiniz?

- Bir dəfə getmişəm. Onda da stadionda bir nəfərlə görüşürdüm.

- Tez-tez gedə bilmirsiniz, yoxsa getmək istəmirsiniz?

- Sadəcə, yolum düşməyib. Atamı adicə evdə də görməyəndə yoxluğu təsir edir. Nə etmək olar, barışmaq lazımdır. Biz gözümüzü açandan atamızı Respublika stadionunda iş başında görmüşük.

- Mərkəzi arenanın yeni direktoru Şamil Quliyevlə əlaqəniz var?

- Yox. Yeni direktorla tanışlığımız yoxdur.

- Akif müəllimin vəzifədən getməsi rəsmi olaraq səhhəti ilə əlaqələndirilmişdi. Sizcə, əsas səbəb qazon məsələsi idimi?

- Açığı, bu barədə danışmamışdıq. Bu 16 ildə atamdan iş barəsində 1 cümlə belə "oğurlaya bilmədik". Sual verəndə cavab ala bilmədik. Onu bilirəm ki, öz ərizəsi ilə getdi. Bunu bizə demişdi.

- Respublika stadioninda qazonla bağlı problem Akif İsmayılov olmayanda, dünyasını dəyişəndə də özünü göstərdi. Xüsusilə ötən yay ciddi problem yaranmışdı. Hətta "Qarabağ" Avropa Liqasının qrupunda ilk matçını "Dalğa Arena"da keçirməli oldu...

- Açığı, bu haqda maraqlanmışam. Əlbəttə, mətbuatdan, saytlardan oxuyurdum ki, qazonda problem var. Atam sağ olanda ot örtüyü haqda soruşmuşdum. Demişdi ki, düzələcək. Ancaq başqa cavab ala bilməmişdim. Akif müəllimin hamı ilə münasibəti yaxşı idi. "Qarabağ" "Tofiq Bəhramov"u icarəyə götürəndə atam hələ işləyirdi. Bu klubun baş meneceri Asif Əsgərovdan diqqət, dəstək görmüşəm. Onun bir müdət öncə avtomobil qəzasına düşməyini eşitmişdim. Zəng vurub danışmış, vəziyyəti ilə maraqlanmışdım.

- Yəqin ki, atanız işsiz olduğu müddətdə darıxardı...

- Darıxmağına çox darıxırdı. Sizə bir şey deyim: "Bakı"nın prezidenti Hafiz Məmmədov bazada oz otağının açarına kimi atama vermişdi. Deyirdi ki, gəlib bazada, stadionda olsun, darıxmasın. Klubun icraçı-direktoru Yaşar Seyidovla açarları göndərmişdi. Özü şəxsən zəng eləmişdi. Dedi ki, sənə otaq vermişəm. Məqsəd o idi ki, atam yenə futbolun içində olsun, darıxmasın. Akif müəllimin hər gün səhər 9-da çıxıb işə getməyinə öyrəşmişdik. Neçə il işləyəsən, birdən ayrılasan, adama çətin olur, evdə otura bilməzsən.

- "Bakı"nın bazasında ona ayrılan otaqda oturdumu?

- Yaşar müəllimin yanında otururdu. Hər gün getmirdi. Həmin açarlar bugünədək bizdədir. Onlar da istəmirlər. Bir neçə dəfə Yaşar müəllimə demişəm. Deyib ki, ehtiyac yoxdur, bizdə var.

- Akif müəllim söhbət əsnasında deyirdi ki, özü ilə xeyli sirr aparacaq. Hansısa sirrini bir oğul kimi sizə deyibmi?

- İş barəsində yox. Bu haqda nə sirri vardısa, özündə qalırdı.

- Atanızın elə bir arzusu olub ki, bunu həyata keçirmək istəyirsiniz?

- Bizə görə çox arzusu vardı. Biz deyəndə, 4 nəfər ailə üzvünü - anamı, məni, bacımı, onun həyat yoldaşını nəzərdə tuturam. Akif müəllim 52 yaşında vəfat etdi. Bu yaşda dünyasını dəyişəcəyini gözləmirdi. Bizim də ağlımıza gəlməzdi. Son günədək ümid edirdik ki, yaxşı olacaq. Ancaq fevralın 26-da günorta 2-3 radələrində dünyasını dəyişdi.

- Bildiyimə görə, nəvəsinə adının qoyulmasını özü istəməyib...

- Bəli. Bir oğlum var, adı Rəsuldur. İstədik ki, Akif qoyaq. O, bir kəlmə deyəndə ki, istəmirəm, biz o söhbətə qayıtmırdıq. Gələcəkdə qismət olsa, Akif adını yeni dünyaya gələn övlada qoymaq istəyirəm. 

- Akif müəllim eyni zamanda mətbuatın dostu idi. Onun ölümü biz media nümayəndələrinə də çox pis təsir etdi...

- Elədir. Sizlərə minnətdarlığımı bildirirəm ki, bu diqqəti göstərirsiniz. Çox sağ olun ki, Akif müəllimi yad edirsiniz, onu yaddan çıxarmırsınız. Atam dünyasını dəyişən günü qol.az saytında Elgiz Abbasovun "Eldən gedən Akif" yazısı çıxmışdı. O. bu günədək "Whatsapp" profilimdədir, bugündək oxuyuram. Ümumiyyətlə, atamla bağlı çıxan hər yazını oxuyuram. Gələcəkdə, Akif müəllimin 55 illik yubileyində istərdim ki, onun müsahibələrindən ibarət kitab buraxım. Belə bir şeyi 49 yaşınadək etmişdik. İstədik ki, 50 illik yubileyində yenidən buraxaq, özü razı olmadı. 

- Sizə atanızla bənzərliyinizin olduğunu deyənlər olub?

- Kənardan bu haqda çox eşidirəm. Ancaq zarafatcıl olması mənasında fərqliyik. Mən onun kimi deyiləm. Atam hələ sağ olanda bizi oxşadırdılar. Əsasən yerişimizə, hərəkətlərimizə görə. Məni Akif müəllimin oğlu kimi təqdim edəndə, deyirdilər ki, çox oxşayır. Atam ailədə də deyib-gülən idi. Hər zaman sadə, səmimi olub. Uşaqla uşaq, böyüklə böyük kimi davranırdı. Buna görə hamı onun yoxluğuna çox heyfsilənir. Ailədə qəmli olduğumuz vaxtlarda yenə onun zarafatları hamının üzünü güldürür. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30