19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Səbail” qisasını aldı... REPORTAJ

Dünən I divizionda 15-ci turun maraqla gözlənilən “Səbail” - “Qaradağ-Lökbatan” oyunu keçirildi. Qarşılaşmanı maraqlı edən bir neçə səbəb var idi. Söhbət təkcə komandaların turnir cədvəlindəki mövqeyindən getmir.

REVANŞ ŞANSI

Bu komandaların ilk dövrədə keçirilən oyunu “Qaradağ-Lökbatan”ın qələbəsi ilə tamamlanmışdı. Həmin vaxt hesab 3:0 olarkən meydan sahibləri penalti vurmaq hüququ qazanmışdılar. Hesab arasındak fərqin daha da artmaması üçün “Qaradağ-Lökbatan” klubunun rəhbərliyi futbolçulara penaltidən yararlanmamağı tapşırmışdı. Amma həmin vaxt rəhbərliyin sözünün yerə düşməsini futbol adına qələbə kimi də dəyərləndirmək olardı. Uzun sözün qısası, belə hadisənin yaşanması “Səbail”in budəfəki matça daha ciddi önəm verməsinə gətirib çıxarmışdı.

“ŞƏMKİR”DƏN UZAQLAŞMAQ, “ZAQATALA”YA ÇATMAQ İMKANI

Elə turnir cədvəli baxımından da qarşılaşma “Səbail” üçün mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, bir gün əvvəl “Şəmkir” və “Zaqatala” uduzmuşdu. Bu isə o demək idi ki, paytaxt klubu qələbə qazanacağı təqdirdə, “Zaqatala” ilə xallarını bərabərləşdirəcək, ikinci pilləyə şərik çıxacaqdı.

“Qaradağ-Lökbatan” üçün də qarşılaşmanın əhəmiyyəti böyük idi. Belə ki, səfərdən 3 xalla dönmək mümkün olsaydı, komanda xallarını “Şəmkir”lə bərabərləşdirəcək, “Ağsu” və “Mil-Muğan” geridə qoyaraq, dördüncü pilləyə şərik çıxacaqdı.   

RƏŞAD ABDULLAYEV “SƏBAİL”İ DƏSTƏKSİZ QOYMADI

Görüşü hər iki klubun rəhbərliyi tribunadan izləyirdi. “Səbail”in Müşahidə Şurasının sədri Rəşad Abdullayev 2017-ci ildə ilk dəfə komandasını stadiondan dəstəkləyirdi. İrəli gedərək qeyd edək ki, AFFA prezidentinin oğlunun stadiona gəlişi növbəti dəfə komandasına uğur gətirdi. Belə ki, əvvəlki qarşılaşmalarda olduğu kimi, “Səbail” yenə də 3 xal qazandı. Rəşad Abdullayevin stadiondan izlədiyi oyunlarda komandası hələ xal itirməyib.

Oyuna canlı tamaşa edənlər arasında Asim Xudiyev, Nazim Süleymanov kimi veteranlar, eləcə də “Şəmkir”in məşqçiləri - Mehman Yunusov və Rauf Mehdiyev də var idi.

TOPAZ I DİVİZİONUN DA SPONSORUDUR?

“Bayıl Arena” uzun müddətdir istər Premyer Liqa, istərsə də I divizion oyunlarına ev sahibliyi etsə də, bu stadionda əksər hallarda hansısa çatışmazlıq, diqqəti cəlb edən məqam olur. “Səbail” - “Qaradağ-Lökbatan” matçında əsas 2 məqam diqqətimizdən yayınmadı. Birincisi, futbolçuların meydana çıxdığı sahənin qarı təmizlənməmişdi. Kiminsə yıxılması, hətta zədələnməsi də mümkün idi.

Digər problem isə diktorla bağlı idi. Düzdür, arenada diktor var idi, amma bəzi futbolçuların soyadlarını düzgün oxumamaq (Orxan Səfiyaroğlunun soyadı tam deyilmədi, Elgiz Kərəmlinin soyadı düzgün oxunmadı və s.) bir yana, o, aşağı liqanı Topaz Premyer Liqası I divizion kimi təqdim etdi. Uzun müddətdir diktorluq edən şəxsin belə səhvinə haqq qazandırmaq olmaz.

“EMİN QAPIDA, BİZƏ QORXU YOX”

Həmişəki kimi, bu matçda da “Səbail” dəstəksiz qalmadı. Komandanın bayrağının açıldığı tribunada əsasını azyaşlıların təşkil etdiyi bir qrup meydan sahiblərini dəstəkləyirdi. Matçın əvvəlində fanatların sayı 20-25 nəfər olsa da, sonradan say 2 qat artdı. Hakimin start fitindən öncə azarkeşlər “Səbail” buraya, əllər havaya” şüarını səsləndirsələr də, futbolçular buna reaksiya vermədilər.

Fanatlar oyunun gedişində “Ən böyük başqan, bizim başqan” da daxil olmaqla bir sıra şüarlar səsləndirdilər. Müxtəlif epizodlarda Emil Balayevin inamlı oyunu, azarkeşlərin ona xitabən “Emin qapıda, bizə qorxu” yox deməsinə gətirib çıxardı.

2-Cİ OYUN, 2-Cİ QOL

Matça meydan sahibləri fəal başladılar. Artıq ikinci dəqiqədə “Səbail” hesabı aça bilərdi. Lakin müdafiəçilər Bayram Budaqovun fərqlənməsinə son anda mane oldular. Künc zərbəsindən ötürülən topa isə Saşa Yunisoğlu istədiyi kimi zərbə vura bilmədi.

7 dəqiqə sonra qonaqlar rəqibə həyəcan yaşatdılar. Qvanzav Maqomedovun səhvindən sonra Rüfət Məmmədovun zərbəsində azacıq dəqiqlik çatışmadı. Mövsümün ilk yarısında AZAL-da cinah müdafiəçisi kimi çıxış dən Qvanzav “Səbail”də arxa xəttin mərkəzində yer alır. 17-ci dəqiqədə rəqibin hücumu zamanı Saşa Yunisoğlu kobud oyuna görə sarı vərəqə ilə cəzalandı ki, bu epizodda Qvanzav təcrübəli komanda yoldaşına sərt şəkildə etirazını bildirdi.

“Səbail”in fəallığı 25-ci dəqiqədə hesabın açılmasına gətirib çıxardı. Orxan Səfiyaroğlunun əla ötürməsini Eltun Yaqublu qola çevirdi. Bu, “Neftçi”nin yetirməsinin yeni klubunda ikinci oyunda vurduğu ikinci qol idi. Az sonra meydan sahibləri ikinci dəfə rəqibi məyus edə bilərdilər. Gəl ki, Bayram Budaqov yenə şansını qaçırdı. Ümumiyyətlə, “Səbail”in bombardirini ilk yarının anti-qəhrəmanı saymaq olar. 91 nömrəli forvard birinci hissənin qalan dəqiqələrində daha 2 real qol epizodunu boşa verdi. Əvvəlcə o, Ruslan Tağızadənin gözəl asmasını inanılmaz şəkildə qapıdan kənara vurdu. 45-ci dəqiqədə isə real şans zamanı Budaqovun fərqlənməsinə müdafiəçilər mane oldular.

“SƏBAİL” ARXAYINÇILIĞIN QURBANI OLA BİLƏRDİ

İkinci hissənin startında Budaqov nəhayət ki, istəyinə çatdı. Ramazan Abbasovun əla ötürməsindən sonra Ruslan Tağızadə cərimə meydançasına ideal asma etdi. Ucaboy forvard topu boş qapıdan keçirməyə çətinlik çəkmədi.

1 saatın tamamında meydan sahibləri üçüncü qolu vurdular. Orxan Qurbanlı baxımlı zərbə ilə bəlkə də ayın ən yaxşısı seçiləcək qola imza atdı. Ümumiyyətlə, “Neftçi”nin yetirməsi olan Qurbanlı ağıllı oyunu ilə seçilirdi. Qoldan əlavə matçın sonuna yaxın Orxan Qurbanlının daha bir baxımlı zərbəsi dirəyə tuş gəldi.

3:0-dan sonra “Səbail” arxayınlaşdı. “Qaradağ-Lökbatan” yaxaladığı qol şanslarını dəyərəndirsəydi, meydan sahibləri arxayınçılığın qurbanı olacaqdı. Gəl ki, Lökbatan klubunun gücü yalnız 62-ci dəqiqədə sonradan meydana daxil olan Sabir Allahquliyevin sayəsində təsəlli qolu vurmağa çatdı.

Beləcə, “Səbail” 3:1 hesablı qələbə qazanmaqla həm rəqibindən ilk dövrədəki yenilginin əvəzini çıxdı, həm də xallarını “Zaqatala” ilə bərabərləşdirərək, ikinci pilləyə şərik oldu.

İBRAHİM

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30