29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Prosineçki hələ də şaxta babaya inanır: "Ona "Bakıda mütləq görüşəcəyik" dedim"

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki futbolinfo.az-a maraqlı açıqlamalar verib.
 
Futbolxeber.az sizi xorvatiyalı mütəxəssisin həmin müsahibəsi ilə tanış edir:
 
Şaxta baba, şaxta can!
 
- Qəribə səslənsə də, neçə yaşınızdan sonra Şaxta babaya inamınız itib?
- Qətiyyən qəribə səslənmir. Hələ də Şaxta babaya inanıram. Yeni il bizdə ən böyük bayramdı! Bu, ailəvi bayramdı. Bütün ailələr bir yerə toplaşır. Bu gün də ən çox arzuladığım bayramdı. Hamımız Şaxta babadan hədiyyələr gözləyirik. Küknarın altına da öz hədiyyələrimizi qoyuruq. Bu, nəsildən nəsilə keçən bir gözəl mərasimdi. Bu gün də övladlarım küknar ağacının dibindən hansı hədiyyənin çıxacağını səbrsizliklə gözləyir.
 
- Hər halda, hər kəsin Şaxta babadan arzuladığı hədiyyələr olur. 2017-də “ağsaqqal”dan nəyi diləyəcəksiniz?
- Düşünmürəm ki, arzularım qeyri-adiliyi ilə seçiləcək. İlk növbədə özümə və əzizlərimə sağlamlıq arzulayıram. Övladlarımın təhsil sahəsində uğurlu olmalarını diləyirəm. Azərbaycan yığmasının baş məşqçisi kimi, komandam üçün 2017-nin uğurlu il olmasını arzulayıram.
 
Ekskursiya: San-Marinodan Şimali İrlandiyayadək
 
- 2016-ya baş vurmağın əleyhinə deyilsiniz?
- İlk növbədə püşkatmadan başlayaq. Almaniya, Çexiya və Şimali İrlandiya yığmaları son Avropa çempionatının iştirakçıları idi. Norveç yalnız pley-offda məğlub olaraq, qitənin ən nüfuzlu yarışından kənarda qaldı. Qrup olduqca arzuolunmazdı. Almaniya yığması son dünya çempionudu və nəinki qrupumuzun, ümumiyyətlə, DÇ-2018-in favoritidi.
Başlayaq yeganə favorit olduğumuz oyundan – San-Marinodakı matçdan. Hesab edirəm ki, uğurlu oyun keçirdik. Rəqibə 90 dəqiqə ərzində 1 qol şansı belə vermədik. Özümüz isə sıx müdafiə olunan kollektivlə matçda vurduğumuz qoldan başqa da bir neçə dəfə fərqlənmək şansı əldə etdik. Müəyyən tənqidlərə tuş gəldik ki, San-Marino kimi rəqibi 1:0 məğlub etdik. Oyuna təkrar-təkrar baxmışam və qeyd edim ki, futbolçulardan razı qaldım. Seçmə mərhələni qələbəylə başlamaq olduqca vacib idi.
Norveçlə oyuda yaxşı nəticə qazandıq. Erkən qol vurduq və daha çox müdafiəyə diqqət yetirdik. Əks-hücumlara bel bağlayırdıq. İmkanlarımız da oldu. Ancaq istifadə edə bilmədik. Etiraf edim ki, rəqib çox güclü idi. Bu qələbə psixoloji cəhətdən bizim üçün çox əhəmiyyətli idi. Çünki 2 oyuna 2 qələbə komandanın üzərindəki təzyiqi azaldır. Belədə, Çexiyaya qarşı oyuna daha əzmlə hazırlaşmağa başladıq.
Çexiya səfərindən də razı qaldım. Bu ölkənin yığması zəngin ənənəyə sahibdi. Onların futbolçuları həmişə Avropanın top-komandalarının formasını geyinib. Bu kollektiv də istisna deyil. Ancaq biz kifayət qədər baxımlı futbol sərgiləyib, Liberetsdən xalla dönməyi bacardıq.
Növbəti səfərimiz Belfasta oldu. Şimali İrlandiya yığmasının heyəti 4 ildi ki, eyni olaraq qalır. Bir-birlərini gözüyumulu başa düşürlər. Zəif olmadıqlarını son Avropa çempionatına düşməklə sübut etdilər. Oyunçuları İngiltərənin müxtəlif klublarında çıxış edirlər. Bizim ən zəif yerimiz – standart vəziyyətlər - onların ən güclü tərəfidi. Dəfələrlə həmin oyunun videoyazısını izləmişəm. 4:0-lıq məğlubiyyətdən sonra “yaxşı oynadıq” demək çətindi. Lakin təhlil etdikdə görürəm ki, komanda pis oynamadı. Qollardan üçü standart vəziyyətdən sonra vuruldu. Qapında 3 qol gördükdən sonra dönüş yaratmaq müşkül məsələdi. Ancaq bir daha qeyd edirəm ki, güclü Şimali İrlandiya kollektivinə qarşı matçda komandamız pis təsir bağışlamadı.
Hesab edirəm ki, pis başlamamışıq. Keçirdiyimiz 4 qarşılaşmadan 3-nü səfərdə oynamışıq və 7 xala sahibik. Növbəti oyunumuz martda Almaniyaya qarşıdı. Ardınca isə evdə 3 mühüm qarşılamamız var ki, bunlardan maksimum xal toplamaq istəyirik. Qrupda 2-ci pilləni tutmaq üçün az da olsa, şansımız var və bunun uğrunda sonadək mübarizə aparacağıq. Avropada hamı Azərbaycan yığmasından danışır və bu, məni məmnun edir. Sevinirəm ki, futbol Azərbaycanda inkişaf edir və biz də bunun bir parçasıyıq.
 
Kim kimə nə verdi?
 
- Millimizi qəbul etməzdən öncə təbii ki, oyunlarını izləmisiniz. Robert Prosineçki Azərbaycan yığmasına nə verdi?
- Gəlişimdən öncəki 4 qarşılaşmanın hər birini izləmişdim. Uduzulan bu oyunlardan biri də Xorvatiyadan alınan 0:6 hesablı məğlubiyyət idi. Komandaya yeni futbolçular cəlb etdim. Hesab edirdim ki, onlar yığmaya daha çox fayda verə bilər. Gəldikdən sonra Maltanı məğlub etdik, Norveçlə səfərdə, Xorvatiyayla evdə heç-heçə oynadıq. Açığı, sonuncularla əldə olunan nəticə mənim üçün sensasiya idi. Çünki Xorvatiyanı Avropanın ən güclü komandalarından biri sayıram. İtaliya ilə oyunu da aktivimizə yaza bilərəm. Bəli, həmin matçda məğlub olduq. Ancaq məzmunlu futbol göstərdik. Eyni zamanda, futbolçularda özünəinam hissini yaratdım. Uşaqlar meydanda özlərinə inanmağa başladılar. Etiraf etmək lazımdı ki, ölkə çempionatımızın səviyyəsi aşağıdı. Mütləq gücləndirmək lazımdı. Gəlin baxaq ki, qrupdakı rəqiblərimiz hansı çempionatlarda oynayır? Bəziləri top-çempionatlarda həftədə minimum bir ağır oyun keçirir, digərləri Çempionlar Liqasında, Avropa Liqasında da iştirak edirlər. “Qarabağ” ciddi rəqabətlə üzləşmədən rəqiblərini sıradan çıxarır. Bu səbəbdən də daha elitar rəqiblərlə qarşılaşanda bəzən keyfiyyətli oyun göstərə bilmirik. Elə Avropa Liqasında “Qarabağ”ın ifasındakı oyunlarda da bunun şahidi olduq. Hesab edirəm ki, biz irəliyə doğru ciddi addım atmışıq. Elə statistik göstəricilərimiz də yaxşılaşıb. Fakt budu ki, 4 turdan sonra Azərbaycan yığmasının aktivində 7 xal var!
 
- İndi də əks sual: Bəs, Azərbaycan Robert Prosineçkiyə nə verdi?
- Artıq iki ildi burdayam. Azərbaycan, Bakı çox xoşuma gəlir. Ailəm də yanımdadı. Övladlarım burda məktəbə gedir. Azərbaycanda daha çox yaşayıram, nəinki Xorvatiyada. Azərbaycan yığması həyatımda yeni təcrübədi. Həm məşqçi kimi yeni təcrübə qazanmışam, həm də insan kimi yeni mədəniyyətlə tanış olmuşam. Burdakı şəraitdən olduqca razıyam. Qarşıda hələ 1 illik müqaviləm var və bu müddət ərzində uğurlu çıxış etmək üçün əlimdən gələnin ən yaxşısını edəcəm.
 
- Adını çəkmək belə istəmədiyim sələfiniz uzun illər ərzində AFFA-nın tənqid olunmasının səbəbkarı idi. Qeyd etdiniz ki, 1 ildən sonra müqavilə müddətiniz başa çatır. Anlaşma uzadılmasa, AFFA əməkdaşlığa xitam verdiyi üçün yenə də tənqid olunacaq. Assosiasiya rəhbərliyinin yenidən tənqid olunmasının tərəfdarısınız?
- Bu suala cavab verməyə çətinlik çəkirəm. Nəinki məşqçi həyatı, ümumiyyətlə, insan sabah nə olacağını bilmir. Qarşıda isə hələ 1 il var. Müqavilə imzalayarkən, assosiasiya rəhbərliyinə futbol fəlsəfənizi dəyişmək, bu idman növünü yeni mərhələyə qaldırmaq istədiyimi bildirmişdim. Müqavilə müddətim başa çatdıqda işimə qiyməti AFFA, azarkeşlər, siz – jurnalistlər verəcəksiniz. Zamanı çatanda danışıqlar masası arxasına keçib 2 suala cavab axtaracağıq: mənimlə işbirliyini davam etdirmək istəyirlərmi və mən bu işbiriliyində maraqlıyammı? Hələliksə bütün diqqətimiz martda baş tutacaq Almaniya ilə matça yönəlib. Sevinirəm ki, futbolçuların düşüncə tərzlərini dəyişə bilmişəm. İndi onlar güclü rəqiblərlə eyni səviyyədə oynaya bildiklərinə inanırlar. Bu xətti növbəti oyunlarda da davam etdirmək istəyirəm. Əlbəttə, başa düşürəm ki, Almaniyaya qarşı oynamaq çox çətindi. Ancaq biz mübarizə aparacağıq. Çünki rəqibin kimliyindən asılı olmayaraq, hər bir ev oyunu yığmamız üçün olduqca böyük əhəmiyyət kəsb edir. Vaxt çox tez keçir. Bir il də bir göz qırpımında keçəcək və bundan sonra danışıqlar aparılacaq.
 
“Dağ” və “Məhəmməd”
 
- Arxada qalan 4 oyuna nəzər saldıqda, fikrinizcə, ən yaxşı və ən pis oyun hansı idi? Mümkünsə, hər iki halda 10 ballıq sistemlə qiyməti də səsləndirin.
- Cavabı bundan başlayım ki, biz düz yoldayıq. Rəqiblərimiz məlum olduqdan sonra heç kim inanmazdı ki, 4 oyundan sonra 7 xalımız olacaq. Öncəki tsikldə mən deyəndə ki, Xorvatiyaya Bakıda, Norveçə səfərdə uduzmayacağıq, çoxları gülürdü. Elə sizin həmkarlar da inanmırdı. Yeni tsikl başlayır və biz ardıcıl olaraq, San-Marino və Norveçi məğlub edirik, ardınca isə Liberetsdən xalla qayıdırıq. Çexiya ilə oyuna xüsusi diqqət yetirmək istəyirəm. Ələlxüsus da 2-ci hissəyə. Komanda vahid orqanizm kimi çıxış etdi. Bəli, qalib gəlmədik, amma sübut etdik ki, Azərbaycan millisi futbol oynamağı bacarır. İndi Azərbaycanda əksəriyyət komandaya inanmağa, güvənməyə başlayıb. Bu gün rəqiblər Azərbaycana əvvəlki “tək ayaqla 3 xalı qazanacağıq” təfəkkürü ilə gəlmirlər. İtaliya bizi məğlub etdikdən sonra elə sevinirdi ki, sanki dünya çempionu olub. Bu, futboldu və məğlubiyyət də bu oyunun ayrılmaz hissəsidi. Mənim üçün əsas odu ki, uduzanda da komanda layiqli futbolla uduzsun. Qarşıdan gələn Almaniya ilə görüşədək yoxlama oyunumuz yoxdu. 7 günlük toplanışımız olacaq, vəssəlam. Mayda İslam oyunları keçiriləcək. İndi bu yarışda əsas yığmanın oynayıb-oynamayacağına dair suala aydınlıq gəlməkdədi. Çempionat başa çatdıqdan sonra isə 40 günlük fasilə yaranacaq. Şimali İrlandiya ilə matçadək bu problemi həll etmək lazımdı. Bunun üzərində çalışırıq. Əgər İslam Oyunlarında iştirak etməsək, mütləq təlim-məşq toplanışı keçməli olacağıq ki, komanda britaniyalılarla oyuna hazır olsun. Təbiətcə nikbin insanam. Böyük səbrsiziklə Şimali İrlandiya ilə oyunu gözləyirəm. Komandama inanıram və əminəm ki, bu dəfə fərqli 90 dəqiqə oynayacağıq.
 
- “Dağ Məməmmədin yanına getməyəndə, Məhəmməd dağın yanına gedir”. Ok, siz ən yaxşı və ən pis oyunun adını çəkmədiniz. Bunu mən edim, münasibətinizi bildirin: Çexiyaya qarşı matç ən uğurlu idi, San-Marinoyla görüş isə ən uğursuz.
- Ən pis oyun seçiminizlə razılaşmıram. Mənə görə, ən pis oyunumuz Şimali İrlandiyaya qarşı oldu. Qarşıda bizi hələ çox iş gözləyir. Təəssüflənirəm ki, ilk qol autdan sonra sadə bir vəziyyətdə vuruldu. Top cərimə meydançamıza düşür və 5 oyunçumuz qapımıza vurulan zərbə zamanı seyrçi mövqeyi tutublar. İkinci qolda Əfran İsmayılov opponentini sonadək izləmir və yenə də məyus oluruq. Bu cür rəqiblərlə 100 faizli konsentrasiya olmalısan. Bu qollar qapımızdan keçməsəydi, deyə bilmərəm oyun necə başa çatacaqdı. Təəssüf edirəm ki, lazım olan anda konsentrasiyanı itirdik. İkinci hissə başladı və Deniz Yılmaz əla fürsəti qaçırdı. Ardınca Arif Daşdəmirov 18 metrdən "çərçivə"ni dəqiq nişan almadı. İkinci hissənin ilk 20 dəqiqəsini oyuna nəzarət etdik və gözlənilmədən qapımızda 3-cü qolu gördük. Hə, bundan sonra nəinki Azərbaycan, dünyanın heç bir yığması özünə gələ bilməzdi. Deyim ki, oyun epizodundan sonra hansısa təhlükə yaradıb, qol vurdular, yanıb-tökülmərəm. Aut, cərimə və künc zərbələrindən sonra fərqləndilər. Adamı yandıran da budu! Bununla bəraət axtarmırıq. Əksinə, zəif yerimizi aradan qaldırmaq üçün gecə-gündüz çalışmalıyıq. Ümumilikdə isə komandanın inkişafından razıyam. Yeni gənc oyunçularımız var. Arzu edirəm ki, yığma üzvləri daim oyun praktikası qazansın. Belədə, bütün komanda üzvləri yaxşı formada olacaq. Elə mən özüm də sağlam olsam, pis olmaz.
 
- Son 5 dəqiqədə 2-ci dəfədi Şimali İrlandiya yığmasına xüsusi diqqət ayırırsınız. Yaralı aslanı xatırladırsınız. Deyəsən, britaniyalılarla cavab görüşü sizin üçün həyati önəm kəsb edir. Bu emosiyalarınızı yetirmələrinizə də köçürə biləcəksinizmi? Yoxsa onlar da sizin kimi qisas hissi ilə alışıb-yanır?
- Bu oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Məni əsəbləşdirən odu ki, onlar bizi standart vəziyyətlər hesabına uddular. Bu qüsurumuzu mütləq aradan qaldırmalıyıq. Bizi asanlıqla məğlub etdilər. Bu, mənim komandam deyildi. Axı, bilirəm ki, mənim komandam bundan qat-qat yaxşısını bacarır. Şimali İrlandiyaya uduzmaqda qəbahət yoxdu. Ancaq rəqib var gücünü ortaya qoyub udsaydı, bu, mənə belə təsir etməzdi. Bizi rahat məğlub etmələrinə imkan verdik. Son 3 ildə evdə uduzmamışdılar. Bu seriya yenicə Xorvatiyayla yoldaşlıq görüşündə qırıldı. Bəli, başa düşürəm ki, onlar “Vest Bromviç”, “Lids”, “Norviç”, “Sauthempton”da oynayırlar. Ancaq belə asanlıqla bizi məğlub etməməli idilər. Oyundan sonra baş məşqçiləri ilə paltardəyişmə otağına gedərkən üz-üzə gəldik və o, mənə “Bakıda görüşənədək” dedikdə, ona “mütləq görüşəcəyik” cavabını verdim. Hə, indi də sizə deyirəm: Şimali İrlandiya ilə Bakıda mütləq görüşəcəyik!
 
Dərmanımız əskik olmasın
 
- Uzun illər ərzində azərbaycanlı futbolsevərlər millimizin iştirakı ilə keçirilən oyunların 65-ci dəqiqəsindən etibarən əllərinin altına karvalol qoyurdular. İndi vəziyyət fərqlidi: ilk 10 dəqiqə üçün mütləq valeryan ehtiyatın olmalıdı. Cənab Prosineçki, futbolçularımızın oyun tonusunu ilk dəqiqələrdən tutması üçün reseptiniz yoxdu?
- Açığı, reseptim yoxdu. Bura gəldiyim ilk günlərdə eşitmişdim ki, futbolçularınızın fiziki durumu aşağıdı, oyunun sonlarına yaxın əldən düşürlər. Bunun üzərində nə cür çalışacağımı düşünürdüm. Ancaq indi sizə bir sirr açım. Bu, iki il ərzində elə bir məşq olmayıb ki, futbolçular yorulsunlar. Onlar tələb etdiyim hər şeyin maksimumunu mənə verir. Elə bir istəklə çalışırlar ki, bəzən məşqləri dayandırmalı oluram və onlardan bir qədər az enerji sərf etmələrini istəyirəm. Məşqlərdə dəvət alan hər bir oyunçu əsas heyətə layiq olduğunu mənə sübut etməyə çalışır. Bəli, hər zaman eyni səviyyədə oynamaq olmur. Mən də istəyərəm ki, komanda 90 dəqiqə eyni səviyyədə oynasın. Razıyam, belə bir problem var. Ancaq bu cür problem digər komandalarda da var. Futbolçularımın fiziki durumundan tam razıyam. Heyətimizdə kifayət qədər istedadlı oyunçular var. Əlbəttə, “Real”, “Barselona”da oynayacaq səviyyədə deyillər. Ancaq bizim keyfiyyətli komandamız var və uşaqlar bunu dəfələrlə sübuta yetiriblər. Azərbaycanda olduğum müddətdə ən uğursuz oyunumuz ötən tsikldə Bolqarıstanla olub. Ancaq əksər oyunlarda rəqiblərimizlə başabaş mübarizə aparmışıq. Uşaqlara həmişə bunu deyirəm ki, çıxın və vuruşun. Ki, uduzanda da bir-birimizin gözünün içinə kişi kimi baxa bilək.
 
- Hansı milli üzvünü əvəzolunmaz hesab edirsiniz?
- Həmkarlarınız tez-tez “filan oyunçu niyə oynamadı” sualı verir. Baş məşqçi mənəm. Azərbaycanda yaşayıram və bu 2 ildə ölkədaxili oyunların cəmi 3-nə baxmamışam. Kiminsə sözündən deyil, öz gözlərimlə baxıram. Qoy futbolçu sübut etsin ki, layiqdi, sevə-sevə onu heyətə daxil edim. Oyunçunun adı, yaşı mənim üçün heç bir əhəmiyyət kəsb etmir.Sözümün canı budu ki, mənim üçün əvəzolunmaz futbolçu yoxdu. Uğurlu oynadıqsa, deyilir ki, seçimim doğru idi, pis matçlardan sonra isə heyət seçimində yanıldığım iddia olunur. Əlbəttə, oyun başa çatdıqdan sonra nəticə bilinir və belədə ehtiyatda qalan oyunçunun daha çox fayda verəcəyini iddia etmək asandı. Bəlkə də həqiqətən həmin oyunçu daha faydalı olardı. Ancaq heyəti elan etdiyim dəqiqədə fikrim necə olursa, heyət də elə elan edilir. Axı, hansı məşqçi ziyanına işləyən heyəti buraxar? Təbii ki, köməkçilərimlə hər mövqe üzrə fikir mübadiləsi aparırıq. Ancaq son qərarı mən verirəm!
 
- Bir halda ki, heyət mövzusuna toxundunuz, bir sualı da buna həsr edək. Şimali İrlandiyaya qarşı Emin Mahmudovu start heyətinə saldığınızı bildikdən sonra səfərdən qələbəylə dönmək istədiyinizi iddia etdim. Mahmudovu Dmitri Nazarovdan daha kreativ düşüncəli futbolçu hesab etdiyim üçün bu iddianı ortaya atdım. Fikirlərimdə çoxmu yanılmışdım?
- Bundan başlayım ki, oyunlardan öncə ixtiyarımda 7 gün olur ki, bu müddət ərzində futbolçular təqribən 8 məşqə çıxırlar. Daha sonra rəqibi – mövzuya uyğun - Şimali İrlandiya yığmasının təhlilini aparıram. Yaxşı məşq edən adətən oyunda da uğurlu olur. Ancaq bu, həmişə belə olmur. Bəzən əla məşq edib, oyunda heç nə edə bilmirsən. Rəqibin güclü tərəfi standart vəziyyətlər idi. Müdafiədəki 5 futbolçumuz ucaboy deyil. Onlar standart vəziyyətlərdə aqressiv ola bilmirlər. Emin yığmaya hələ çox xeyir verəcək və biz də onun oyunundan hələ uzun illər zövq alacağıq. Şükür Allaha ki, o, artıq “Boavişta”nın heyətində meydana çıxmağa başlayıb. Mahmudov kreativ futbolçudu və topla əla davranmağı bacarır. Nazarov Norveç və Çexiyaya qarşı çox yaxşı oynamışdı. Ancaq Şimali İrlandiya ilə oyuna hazırlaşdığımız 8 gün ərzində Nazarov mənə start heyətində çıxmağa layiq olduğunu göstərə bilmədi. Əlbəttə, o, bizim oyunçumuzdu. Klubunda az oyun praktikası qazanır. Həmin an üçün hesab etdim ki, Mahmudovla komandamız daha kreativ olacaq, nəinki Nazarovla. Hesab etdim ki, hücumda daha ağıllı və maraqlı olacağıq. Bizim üçün daha bir problem Ramil Şeydayevlə bağlıdı. Təsəvvürümə gətirə bilmirəm ki, bu cür oyunçu klubunda necə heyətə düşməyə bilər?! O, fitri istedaddı! Cəmi 19 yaşı var, 190 sm boya malikdi, sürətlidi. Klubunda isə onu heyətə salmırlar. Ramilə oyun praktikası lazımdı, mütləq lazımdı!
Ağrılı yerlərimizdən biri də mərkəz müdafiəçisidi. Rəşad Sadıqov yaşa dolur. Onun yerində kim oynayacaq? Bilmirəm, son illərdə Azərbaycan futbolunda nələr edilib ki, indi mərkəz müdafiəçisi tapa bilmirik. Həmkarlarınızdan bəziləri mənə Rasim Ramaldanovu tövsiyə edir. Deyirlər ki, axı, Rasim ucaboydu. Bu müdafiəçini “Xəzər Lənkəran”da da izləmişəm, “Sumqayıt”da da. Bilirəm ki, indi də Gürcüstanda oynayır. Yaxud Elvin Yunuszadə. Bu oyunçular mənim futbol fəlsəfəmə uyğun gəlmirlər. Mənə topu irəli vuran müdafiəçi gərək deyil. Müdafiəçi hücumları ötürməylə başlamağı bacarmalıdı. Bəli, Rəşada alternativ tapa bilmirəm. Ancaq futbola baxışlarıma uyğun olmayanı dəvət edə bilmərəm. Məni düz başa düşün, bu futbolçularla heç bir qərəzim yoxdu. Sadəcə, sistemimə uyğun gələnləri dəvət edirəm.
Sol cinah müdafiəçisi mövqeyi ilə bağlı da tənqid olunuram ki, Ufuk Budakı çağırmıram, Arif Daşdəmirova güvənirəm. Bəli, Arif Şimali İrlandiyaya qarşı pis oynadı. Bəs, əvvəlki oyunlar? Axı, Daşdəmirov uğurlu çıxış etmişdi.
İndi Deniz Yılmaz da mütamadi oynamağa başlayıb. Təbii ki, hücum xəttimizi gücləndirən futbolçudu. Hələ də Eddi İsrafilovun bizə kömək edəcəyinə inanıram. Onun klubuyla bağlı müəyyən problemlər var idi. Sonra “Kadis”ə keçdi. Formasını yığmaq üçün zamana ehtiyac var idi.
Qarşıda bizi olduqca maraqlı 2017-ci il gözəyir. Evdə 4 oyun keçirəcəyik. Bunlardan 3-ü olduqca əhəmiyyətlidi. Əlbəttə, almanlarla da mübarizə aparacağıq. Elə Norveçlə səfərdə də uğurlu nəticəyə ümid edə bilərik. Artıq ötən tsikldə səfərdə, bu il isə Bakıda onlarla yaxşı ənənələrə start vermişik.
 
“Bəs, Azərbaycanda kim yetişib?”
 
- 2017-ci ildə Riçard Almeydanın Azərbaycanda oynamağa başlamasından 5 il ötür... (sualı yarımçıq kəsir və heç tərcüməyə də zərurət duymur)
- Biz yerli almeydaları yetişdirməliyik. Braziliyadan gəlib bizim problemləri həll etməməlidilər. 20-25 ilə Azərbaycanda mərkəz, sol müdafiəçisi mövqeyinə alternativ futbolçular yetişməyib. Elə hücumçu da həmçinin. Ramil Şeydayev Rusiyada yetişib, Deniz Yılmaz Türkiyədə. Bəs, Azərbaycanda kim yetişib?
Almeydanın pasport alıb-almayacağını deyə bilmərəm. Ancaq Riçard sözün həqiqi mənasında peşəkardı. “Qarabağ”da oynadığı müddətdə komandasının aparıcı fiqurlarından olduğunu dəfələrlə sübut edib. Əlbəttə, onu milli komandaya cəlb etmək imkanımız olsa, ancaq sevinərəm. Ancaq biz yeniyetmə futboluna diqqəti artırmalıyıq! Əlbəttə ki, Almeyda yarımmüdafiədə rəqabəti nəzərəçarpacaq dərəcədə artırar.
 
- “Qarabağ” – “Qəbələ” matçına təbii ki, baxmısınız. Maraqlıdı, Coşqun Diniyevin qısa zaman kəsiyində oyunda dönüş yaradan hər 2 qol hücumunu başlayan ötürmələrini dəftərçənizin qırağında qeyd etdiniz?
- Diniyevi milli komandaya ilk olaraq, mən cəlb etməyə başlamışam. Gəncdi, istedadlıdı və dəfələrlə yığmaya cəlb olunub. Ötürmələrdən biri Əfrana ünvanlanmışdı və yenə də İsmayılovu gördüm. Bax, dediyim Əfran budu! Gördünüz bir hərəkətlə müdafiəçini necə yığışdırdı!? Əfranın məşq etmədiyini iddia edən tənqidçilərim olduğunu bilirəm. O, digər futbolçulardan fərqlənir. Yığmanın heyətindəki məşqlərdə var gücüylə iştirak edir. Bəli, bəzən oyunu alınmaya bilər. Ancaq o, elə bir futbolçudu ki, istənilən an həlledici ötürməylə rəqibini məhv etmək iqtidarındadı. Şimali İrlandiya ilə görüşdə Deniz Yılmaza verdiyi ötürmə də dediklərimin sübutudu. Daha bir istedad Namiq Ələsgərovdu. Təəssüf edirəm ki, klubunda az oyun praktikası qazanır. Kubok oyununda şans qazandı və qol vurdu. Ümid edirəm, bu, Namiqin dönüşü olacaq və o, daha çox şans qazanacaq. Bir neçə kəlmə də Ağabala Ramazanovdan demək istəyirəm. Əla, kreativ futbolçudu. Nə yaxşı ki, Ağabala “İnter”də mütamadi oyun praktikası qazanır. O, yığmaya hələ uzun illər kömək edəcək. Düzdü, biz indi dünya çempionatının seçmə mərhələsində iştirak edirik. Ancaq planlarımız daha uzağa yönəlib axı! Biz növbəti qitə birinciliyinin seçmə mərhələsini düşünürük. Adlarını çəkdiyim futbolçular isə gəncdilər və 2 ildən sonra formalarının zirvə nöqtəsində olacaqlar. Bu siyahıya Ruslan Qurbanov, Ramil Şeydayev, Emin Mahmudov, Qara Qarayev, Rahid Əmirquliyev, cəlb edə bilsək, Riçard Almeydanı da əlavə edərdim. Bax, onda yığmamının şansları daha yüksək olacaq.
 
- Nəhayət, son sual. Millimiz üçün seçmə tsikldə həlledici oyun hansı olacaq?
- Hər bir oyun vacibdi. Götürək elə San-Marinoya qarşı Bakıda baş tutacaq matçı. Həmin görüşdən 3 xalla ayrılmasaq, təsəvvür edin, bizə necə baha başa gələr.  Ancaq çaparaq düşündükdə, hesab edirəm ki, həlledici oyunumuz Şimali İrlandiyaya qarşı olacaq. Ona görə yox ki, onlar bizi Belfastda udublar. Turnir cədvəlini göz önünə gətirdikdə, belə düşünməyə əsasım artır. Əgər onları evdə məğlub edə bilsək, 2-ci yerə yüksəlmək şanslarımız xeyli artacaq. İnanıram ki, biz bunu bacaracağıq.



Ad: eldaniz;   E-mail: [email protected]

16.12.2016 23:44

insallah yaxsi olar prosneckiye inaniram
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31