20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Maarif Qurbanov: “Qurbanın bu səviyyəyə çatmasının səbəbkarı Musadır” (MÜSAHİBƏ)

Dünən I divizionun 12-ci turu çərçivəsində keçirilən “Zaqatala” - “Ağsu” (3:1) oyununu izləyənlər arasında Musa və Qurban Qurbanovların böyük qardaşı da var idi. Biz də fürsətdən istifadə edərək, qardaşlarından fərqli olaraq futbol sahəsində çalışmayan Maarif Qurbanovdan müsahibə aldıq.

- Azərbaycan futbolunun ən tanınmış simalarından olan Musa və Qurban Qurbanovların böyük qardaşının futbola hər hansı bağlılığı varmı?

- Xeyr. Onlardan fərqli olaraq, mənim futbola heç bir bağlılığım yoxdur. İdmana meylim olsa da, peşəkar səviyyədə məşğul olmamışam. Gənc yaşlarımda, sağlamlıq üçün həvəskar səviyyədə idmana vaxt ayırmışam.

- Peşəniz nədir?

- İxtisasım tikinti ilə bağlıdır. Peşə məktəbini bitirmişəm. Həmişə də demək olar ki, bu sahədə çalışmışam. Zaqatalada yaşayıram.

- Qardaşlarınızı futbolla maraqlanan hər kəs tanıyır. Futbola ilk başladıqları zaman bu yerə gəlib çatacaqlarına inanırdız?

- Hər ikisi futbolu çox sevirdi, onlara ilk gündən inanırdım. Bilirdim ki, bir gün qarşılarına qoyduqları məqsədə çatacaqlar. Amma etiraf edim ki, Musaya inamım daha çox idi. Baxmayaraq ki, Qurban daha kiçik yaşlarından futbolla məşğul olurdu. Musa isə hərbi xidmətdən qayıtdıqdan sonra futbola başladı. Bir qədər Zaqatalada Valeri adlı məşqçinin rəhbərliyi altında çalışdı. Amma sonra Rusiyaya yollandı. Orada hər şey ürəyincə olmağından yenidən vətənə qayıtdı. “Zaqatala”nın indiki baş məşqçisi Şaban Şirdanovun rəhbərliyi altında məşqlərə başladı. Musa özünə qarşı çox tələbkar idi. Qarşısına qoyduğu hədəfə çatmaq üçün dayanmadan çalışırdı.

- Müqayisə aparmalı olsanız, qardaşlarınızdan hansı daha yaxşı futbolçu idi?

- Məncə, ikisi də güclü futbolçu olub. Müqayisə apara bilmərəm.

- Bəzən belə fikirlər səslənir ki, Musa bəy daha istedadlı olub. Qurban bəy isə hər şeyə əzmkarlığı daha çox çalışması ilə nail olub. Bu fikirlə razısız?

- Qurbanın bu səviyyəyə çatmasının səbəbkarı Musadır. Dediyim kimi, Musa özünə qarşı həddindən artıq tələbkar idi. O futbola daha tez gəlsəydi, bundan da böyük uğurlar qazanardı. 22-23 yaşında futbola başlamaq və zirvəyə yüksəlmək heç də asan deyil.

- Gənc yaşlarında qardaşlarınızın ən çox hansı xüsusiyyətini bəyənirdiz?

- İkisi də əzmkar idi. Biz Aşağı Tala kəndində yaşayırdıq. Evimizdən stadiona olan məsafə 4-5 kilomter idi. Hər gün məşqə qaça-qaça gəlirdilər. Komanda yoldaşları gəlincə, stadionun yaxınlığında olan dağlıq əraziyə də qaçıb, 1 dövrə vurub, geri qayıdırdılar. Üstəlik, məşqdən sonra da qalıb, saatlarla çalışırdılar. Yəni, bu gün qazandıqları uğurun arxasında onların əzmkarlıqları dayanır.

- Qardaşlarınızın oyunlarını izləyərkən hansı hisslər keçirirdiniz?

- Təbii ki, çox həyəcanlanırdım. Hər ikisinin uğur qazanmasını istəyirdim. Daim çalışırdım ki, yanlarında olum, onlara dəstək verim. Harada oynayıblar, yanlarında olmuşam. Tovuzda, Qazaxda, Bakıda çıxış edərkən mütəmadi oyunlarını canlı izləmişəm. Elə olub ölkə xaricinə də gedib, çıxışlarına baxmışam.

- Qurban Qurbanov mütəxəssis kimi Azərbaycan futbolunda artıq möhrünü vurub. Siz qardaşınızı məşqçi kimi necə dəyərləndirərdiz?

- Onun məşqçiliyi göz qabağındadır. Bütün Azərbaycan qəbul edir ki, Qurban ölkədəki ən yaxşı məşqçilərdən biridir. Mənə görə isə o, 1 nömrədir (gülür).

- Qeyd etdiniz kimi, futbolçu vaxtı daim qardaşlarınızın yanında olmusunuz. Bu gün məşqçi Qurban Qurbanovun komandasının, “Qarabağ”ın çıxışını canlı izləyirsinizmi?

- İzləyirəm. Avrokuboklardakı hər ev oyununda stadionda oluram. Amma ölkə çempionatında hər oyuna stadiondan baxa bilmirəm. Məsafə çoxdur. Gedə bilmədiyim oyunları televizor vasitəsi ilə izləyirəm.

- Sonda qardaşlarınızla bağlı ürək sözlərinizi eşitmək istərdik.

- Fəxr edirəm ki, belə qardaşlarım var. Ən azı respublika sahəsində tanınırlar. Qurbanı artıq ölkə xaricində də tanıyırlar. Onlardan daha böyük uğurlar gözləyirəm. Arzulayıram ki, daha böyük nailiyyətlə əldə edib, bizi sevindirsinlər.

İBRAHİM, Zaqatala

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30