29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Dəyişən Şəmkir, dəyişməyən “Şəmkir” TƏƏSSÜRAT

Bu, 11 il yarımdan sonra Şəmkirə ilk səfərim oldu. 2005-ci ilin 3 aprelinə təsadüf edən həmin səfər də, elə dünənki səfər də futbolla bağlı idi. Dünənkindən fərqli olaraq, 11 il öncə “Şəmkir” Premyer Liqada oynayırdı, I divizionda yox. Geridə qalan müddətdə çox şey dəyişib. O vaxt dollar indikindən 2 dəfə ucuz, neftin qiyməti isə 2 dəfə baha idi. 11 il əvvəl Premyer Liqada 18, indi isə cəmi 8 komanda yarışır...

O QOLU UNUTMAQ OLAR?

2005-ci ildə Şəmkirdə canlı izlədiyim “Şəmkir” - “Bakı” oyunu indiki kimi yadımdadır. Yeni yaradılan “Bakı” çempionluğa oynayırdısa, güclülər dəstəsində son mövsümünü keçirən “Şəmkir” autsayderlərdən hesab olunurdu. Aprelin əvvəli olsa da, həmin gün hava həddindən artıq soyuq idi. Artıq tarıxin yaddaşına köçən “Şəmkir”in stadionunda sevinən tərəf qonaqlar olmuşdu. Leandro Qomeşin 64-cü, Marius Suleapın 88-ci dəqiqədə vurduğu qollar “Bakı”ya 2:0 hesablı qələbə qazandırmışdı. Suleapın vurduğu qol, bəlkə də Azərbaycan çempionatları tarixində vurulan ən gözəl qollardan biridir. Rumın yarımmüdafiəçisi komandasının cərimə meydançasının yaxınlığında topu götürərək, rəqibin 6-7 futbolçusunu aldatdıqdan sonra meydan sahiblərinin qapısına yol tapmışdı. Həmin topu Maradonanın DÇ-1986-da İngiltərəyə vurduğu qolla müqayisə etmək olar.

Maraqlı məqamlardan biri odur ki, 2005-ci ildə həmin oyunda “Bakı”nın qapısını qoruyan Elşən Poladov dünən də “Şəmkir”in “1 nömrə”si idi. 11 il əvvəl olduğu kimi, təcrübəli qolkiper yenə qapısını toxunulmaz saxlamağı bacardı.

TƏŞƏBBÜS ALQIŞALAYİQDİ

Artıq 3 mövsümdür jurnalistlərin bölgələrə səfərini təşkil edən Peşəkar Futbol Liqası və Topaz bu mövsüm daha bir yeniliyə imza atıb. PFL artıq I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirir. I Divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə seçir. Ay ərzində vurulan ən yaxşı 5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilib. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olublar. Sentyabr ayının ən yaxşısı “Şəmkir”in kapitanı Qeyrət Qəmbərovun “Zaqatala”nın qapısından keçirdiyi qol seçilib.

Dünən keçirilən “Şəmkir” - MOİK (1:0) oyunundan öncə Qənbərov mükafatlandırıldı. Ona mükafatı PFL-in Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynov təqdim etdi. Mükafat xüsusi kubok və 500 manatdan ibarətdir.

Təbii ki, PFL-in bu təşəbbüsü alqışalayiqdir. İdman mətbuatının maddi durumu yaxşı olmadığından, əksər KİV orqanları I diviziondakı oyunların yalnız nəticəsini və videosunu paylaşmaqla kifayətlənirlər. Lakin bu cür səfərlər I divizionun daha geniş şəkildə işıqlandırılmasına kömək edir.

İCRA BAŞÇISINDAN “ŞƏMKİR”Ə DƏSTƏK

Dünən keçirilən “Şəmkir” - MOİK oyununu izləyənlər arasında rayonun icra başçısı da var idi. Alimpaşa Məmmədovun “Şəmkir”ə böyük diqqət göstərdiyini söyləmək olar. Matçı stadiondan canlı izləyən icra başçısı həm də ayın ən yaxşı qolunun müəllifi olan “Şəmkir”in kapitanı Qeyrət Qəmbərov üçün xüsusi mükafat da ayırmışdı.

“ŞƏMKİR” GÜCLƏNMƏLİDİ

Canlı izlədiyimiz oyun barədə dünən ətraflı məlumat vermişik. İndi həmin anları yenidən təkrarlamağa ehtiyac yoxdu. Qısaca onu qeyd edək ki, hazırkı “Şəmkir” 11 il əvvəl canlı izlədiyim komandadan elə də fərqlənmir. Komanda mübarizliyi ilə seçilir. Lakin oyun planında çatışmazlıqlar kifayət qədərdi. Məqsəd isə Premyer Liqaya yüksəlməkdir. Bəlkə də hazırkı heyətlə qarşıya qoyulan məqsədə çatmaq olar. Amma bu komanda Premyer Liqada ciddi nəyəsə ümid edə bilməz. Komandanın baş məşqçisi Qəhrəman Əliyevə oyunsonrası mətbuat konfransında bununla bağlı sual ünvanlandı. Təcrübəli mütəxəssis bildirdi ki, klub rəhbərliyi Premyer Liqaya yüksələcəkləri təqdirdə, maliyyənin artırılacaq, daha güclü heyət formalaşdıracaqlar. Bu, mütləqdir. Çünki hazırkı komanda ilə “Şəmkir” ən yaxşı halda Premyer Liqada sonuncu olmamaq uğrunda yarışa bilər.

ÖZÜNƏİNAMLI KAPİTAN

Oyundan sonra baş məşqçilərin ardınca sentyabrda I divizonda ayın ən yaxşı qolunun müəllifi seçilən Qeyrət Qəmbərovun da mətbuat konfransı keçirildi. 22 yaşı olmasına baxmayaraq, təcrübəli futbolçuların yer aldığı “Şəmkir”in kapitanı olan gənc futbolçu, meydanda olduğu kimi, kameralar önündə də özünəinamı ilə seçildi.

Xüsusən də suallara verdiyi səmimi cavabları diqqət çəkdi. Bəlkə də başqası olsaydı, görüntü xatirinə “qalib olacağımı gözləmirdim” deyərdi. Lakin Qəmbərov əvvəldən vurduğu qolun ayın ən yaxşısı seçiləcəyinə inandığını, məhz bu qolun digərlərindən daha baxımlı alındığını söyləydi.

“ŞƏMKİR” JURNALİSTLƏRİN RAHATLIĞI ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ETDİ

I divizion oyunlarının keçirildiyi əksər stadionların vəziyyəti ürəkaçan vəziyyətdə deyil. Bu halda jurnalistlərin normal işləməsi üçün də şərait olmur. Elə Şəmkir İdman Kompeksinin stadionunda da media tribunası yoxdur. Lakin klub rəhbərliyi media əhlinin normal fəaliyyət göstərməsi üçün şərait yaratmışdı. Bu işdə isə klubun bir müddət əvvəl mətbuat xidmətinin rəhbəri təyin edilən Elgün Seyidin rolu böyükdü. Elgün sabiq həmkarlarının rahatlığı üçün əlindən gələni edirdi. Fürsətdən istifadə edib, buna görə ona təşəkkür etməyi özümüzə borc bilirik.

ŞƏMKİRİN İNKİŞAFI GÖZ ÖNÜNDƏDİR

Oyundan sonra az da olsa, Şəmkirin mərkəzini görmək imkanımız oldu. 11 il əvvəllə müqayisə aparsam, Şəmkirin inkişaf göz önündədir. Səliqəli, təmiz küçələr, parklar, gözəgəlimli binalar, dövlət idarələri, banklar və s. dərhal diqqəti cəlb edir.

Təsadüfi deyil ki, Şəmkir şəhəri 2016-cı ilin "Gənclər Paytaxtı" seçilib. Bu seçim Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə həyata keçirilir. "Paytaxt" seçilmiş şəhərin gənclərinin regionun ictimai, siyasi və mədəni həyatında daha fəal iştirakı təmin edilir.

Sonda Şəmkirə səfərimizi təşkil edən PFL və Topaz rəhbərliyinə təşəkkür edirik.

İBRAHİM

Bakı-Şəmkir-Bakı




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31