28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Borba”ları uduzan “Şəmkir” oyunu uddu TƏHLİL

I divizionda VIII turun ən çox maraq doğuran oyunlarından biri Şəmkirdə keçirildi. Futbolxeber.az saytının məlumatına görə, eyniadlı komanda öz meydanında MOİK-i qəbul edirdi.

6 XALLIQ OYUN

İlk 7 turdan sonra eyni xala (13) malik komandadaların dueli maraqla gözlənilirdi. Üstəlik, buna qədər 13 xal toplayan digər komanda - “Səbail”in dünən qələbə qazanması “Şəmkir” və MOİK-in qələbəsini bir qədər də şərtləndirirdi.

“ŞƏMKİR”İN HEYƏTİNDƏ İTKİ

Komandalar meydana demək olar ki, optimal heyətlə çıxmışdılar. Yalnız “Şəmkir”in heyətində bir itki var idi. Belə ki, mərkəz müdafiəçisi Şahin Kərimov zədə səbəbindən komandası üçün vacib olan görüşdə meydana çıxa bilməyəcəkdi.

FƏRQLİ TAKTİKALAR

Tərəflər meydana fərqli taktika ilə çıxmışdılar. Meydan sahibləri 4-5-1-ə üstünlük verirdi. “Şəmkir”in hücumda əsas hücumçusu Şahin Baleyjay idi.

MOİK isə matça 3-6-1 taktiki sxemi ilə başladı. “Hərbçilər”in qol ümidi buna qədər 6 dəfə fərqlənən Məhəmməd Bədəlbəyli idi. İrəli gedərək qeyd edək ki, matçın gedişində Müşfiq Qəmbərov məcburiyyətdən 4-lü müdafiəyə keçdi.

“ƏJDAHASAN, QAQA”

Oyun bərabər səviyyədə başladı. İlk dəqiqələrdə mübarizə daha çox meydanın mərkəzində gedirdi. Komandasının oyunu alınmadığından “Şəmkir”in baş məşqçisi Qəhrəman Əliyev tez-tez futbolçularına iradını bildirirdi. Təcrübəli mütəxəssis komandasının ikili mübarizələrdə zəif oyununa bir neçə epizodda “borba”ları az uduzun” qışqırmaqla reaksiya verirdi. Əliyev həmçinin futbolçularından rəqibə daha yaxın oynamağı da tələb edirdi.

MOİK-in futbolçuları isə meydandan bir-birilərini daha çox həvəsləndirirdilər. Epizodların birində MOİK-in üzvü Hüseyn İsgəndərov komanda yoldaşına “əhdajasan, qaqa” deməklə dəstəyini nümayiş etdirdi.

VARANSOVUN FƏALLIĞI QOL GƏTİRDİ

Birinci hissədə “Şəmkir”in heyətində daha çox Ruslan Varansov fəallığı ilə seçilirdi. Təsadüf deyil ki, qol da məhz 19 nömrəli futbolçunun qazandığı cərimə zərbəsindən sonra vuruldu. Cərimə meydançasına ötürülən topu MOİK-in müdafiəçiləri uzaqlaşdırdılar. Hücumun davamında “Şəmkir”in təcrübəli futbolçularından olan Ruslan Poladov cərimə meydançasına asma etdi. Asma elə də uğurlu alınmasa da, “Şəmkir”in müdafiəçiləri səhvə yol verdilər. Yekunda Varansovun ötürməsini Şahin Baleyjay qapıdan keçirdi.

38 DƏQİQƏYƏ SIĞAN 2 SARI VƏRƏQƏ

Qoldan az sonra MOİK daha bir zərbə aldı. Müşfiq Teymurov ikinci sarı vərəqəni almaqla komandasını azlıqda qoydu. Cinah müdafiəçisi hakimin qərarı ilə razılaşmırdı. Baş hakim və yan xətt hakiminə edilən etirazlar isə heç nəyi dəyişmədi.

Birinci hissənin sonunda MOİK hesabı bərabərləşdirə bilərdi. Lakin Bayram Kərimovun künc zərbəsindən sonra başla vurduğu zərbə az fərqlə qapının üstündən keçdi.

İKİNCİ HİSSƏDƏ QOL SƏSİ ÇIXMADI

İkinci hissə də birincinin təkrarı idi. Mübarizə daha çox meydanın mərkəzində gedirdi. Hissənin ortalarında meydan sahibləri bir qədər arxaya çəkildilər. Bu da “Şəmkir”in baş məşqçisi Qəhrəman Əliyevi narahat edirdi. O, tez-tez futbolçularına müdafiəyə çəkilməməyi, hesabı qorumaqdan çox hücumların sayını artırmağı tapşırırdı. İkinci 45 dəqiqə ərzində yalnız bir real qol epizodu yaşandı. Onda da Qeyrət Qəmbərov əlverişli vəziyyətdən dəqiq zərbə endirə bilmədi.

TƏCRÜBƏ ÖZ SÖZÜNÜ DEYİR

“Şəmkir”in heyətində əsas təcrübəli isimlər uzun illər Premyer Liqada forma geymiş Poladov qardaşlarıdır. Elşən qapıda, Ruslan isə müdafiənin sağında “Şəmkir”in qapısının toxunulmazlığına çalışırdılar. İstər Elşən, istərsə də Ruslan Poladov 90 dəqiqə ərzində pis təsir bağışlamadılar. Ruslan Poladov təkcə cinahda deyil, komandası standard vəziyyətlər yerinə yetirərkən müdafiənin mərkəzində də etimadı doğruldu. Bir sözlə, hər iki futbolçu təcrübəli hesabına gənc həmkarlarından heç də geri qalmırdılar.

BELƏ OYUNLA PREMYER LİQADA UĞURA ÜMİD ETMƏK ÇƏTİNDİR

90 dəqiqənin sonunda sevinən tərəf “Şəmkir” oldu. İlk hissədə vurulan yeganə qol meydan sahiblərinə 3 xal qazandırdı. Ancaq matçın yüksək səviyyədə keçdiyini söyləmək çətindir. Qazonun ideal vəziyyətdə olmaması da futbolçuların işini bir qədər çətinləşdirirdi. Yekun nəticəni layiqli hesab etmək olar. Hər halda, meydan sahibləri rəqiblə müqayisədə bir qədər üstün idilər. Amma indiki məqamda nə “Şəmkir”in, nə də MOİK-in Premyer Liqada çıxış edəcək gücdə olduqlarını söyləmək çətindir. Belə oyunla hər iki komanda ən yaxşı halda Premyer Liqada yenidən I diviziona geri qayıtmamaq üçün mübarizə apara bilərlər.

İbrahim CƏFƏROV, Şəmkir




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31