29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"№11 İsgəndər Cavadov" kitabının təqdimatı oldu

Veteran futbolçu İsgəndər Cavadovun 60 illiyinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib. Futbolxeber.az saytının məlumatına görə, "№11 İsgəndər Cavadov" kitabının müəllifi idman jurnalisti Sənan Şəfizadə, redaktoru Mahir Rüstəmlidir.

Tədbirə yubilyarın özü ilə yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov, futbol veteranları, o cümlədən İsveçdən təşrif buyuran İqor Ponomaryov, belaruslu Aleksandr Zıqmantoviç, Gürcüstan futbolunun tanınmış simaları Aleksandr Çivadze və Vladimir Qutsayev də qatılıb.

S.Şəfizadə kitabın ərsəyə gəlməsindən danışaraq yubilyarın özündən xəbərsiz hazırlanmış əsərdə bir sıra statistik rəqəmlərin, 20-dən çox şəklin ilk dəfə dərc olunduğunu, maraqlı faktların yer aldığını vurğulayıb.

M.Rüstəmli yubilyarın vaxtilə daha böyük zirvələr fəth etməyə qadir olduğunu, amma SSRİ yığması daxilindəki qərəzli münasibətlə əlaqədar bunu gerçəkləşdirməyə maneçilik törədildiyini vurğulayıb.

Elxan Məmmədov yeni kitabın ərsəyə gəlməsini Azərbaycan futbolu üçün tarixi hadisə adlandırıb: "Əslində, hər bir oyunda İsgəndər müəllim tarix yazıb. Hər bir oyundan kitab yazmaq olar. Mən o, oynayanda azarkeş kimi futbola gəlirdim. İlk dəfə 1986-cı ildə canlı gördüm. Böyük qardaşım məni "Neftçi"nin Kiyev "Dinamo"su ilə oyununa apardı. 1986-cı il noyabrın 9-u idi. Tofiq Bəhramov adına Respublika stadionunda ulduzlara baxmağa getmişdim, qollar gözləyirdim. Amma oyun qolsuz nəticələndi. Futbol həyatım həmin gündən başladı. Cavadov bir neçə nəfəri aldatsa da, qol vura bilmədi. O vaxtlar stadionda olanda düşünə bilməzdim ki, 30 ildən sonra onunla işdə həmkar olacağam. Bu, doğrudan da mənim üçün həyəcanlı haldır. Çox şadam ki, karyeranızı bitirəndən sonra da futboldasınız".

İ.Ponomaryov tədbirdə iştirak etməsindən qürur duyduğunu söyləyib. O, Cavadovla bağlı xatirələrini hər zaman yada saldığını vurğulayıb.

A.Çivadze bildirib ki, Tbilisi "Dinamo"sunun heyətində müdafiəçi kimi çıxış etdiyi vaxt İsgəndər Cavadov, Maşallah Əhmədov və İqor Ponomaryova qarşı oynamaq onun üçün həmişə çətin olub. Gürcüstanlı veteran futbolçu "Neftçi"nin keçmiş oyunçularından Anatoli Banişevski və Vitali Şevçenko ilə Cavadovu da çəkinmədən yanaşı qoya biləcəyini deyib.

V.Qutsayev də yubilyarla bağlı xatirələrini bölüşərək deyib ki, onun potensialından karyerasını başa vurduqdan sonra lazımi səviyyədə istifadə olunmayıb. Gürcüstanlı sabiq hücumçu indiyədək özünə hər cür şərait yaratdığını, amma kitab yaza bilmədiyini, bu baxımdan yeni əsərin ona böyük stimul verəcəyini dilə gətirib.

Minsk "Dinamo"sunun sabiq yarımmüdafiəçisi Zıqmantoviç də Cavadova qarşı oynamağın çətin olduğunu deyib.

Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev kitabın ərsəyə gəlməsində əməyi olan həmkarlarımıza təşəkkürünü bildirib. O, Cavadovun xidmətlərinin yüksək səviyyədə qiymətləndirildiyini söyləyib və Prezident təqaüdünün verilməsi barədə sərəncamın imzalandığını vurğulayıb.

Sonda yubilyar çıxış edib. Cavadov hələ 50 yaşında kitab hazırlanma təklifi aldığını, amma razılaşmadığını deyib. O, kitabda bəzi məsələlərin yer almadığını, onları açıqlamağı 70 yaşına saxladığını bildirib: "Mən bütün komanda yoldaşlarımın qarşısında verdikləri dəstəyə görə baş əyirəm. Biz 5-6 oynayan futbolçu ilə Kiyev, Tbilisi "Dinamo"larına, digər komandalara nəyə qadir olduğumuzu göstərirdik. Mən çox çətin yol keçib "Neftçi"yə əziyyətlə düşmüşəm. Vaxtilə ümummilli lider Heydər Əliyev bir dəfə bizə gözəl tövsiyə verdi: "İstərdim ki, siz Azərbaycanın Ələkbər Məmmədov, Anatoli Banişevski kimi futbolçularına bənzəyəsiniz və onlarla birgə tarixə düşəsiniz. Mən də həmişə çalışırdım ki, komandam udsun. İstəsəydim, 100 qol da vurardım. Heydər Əliyevin sözləri yadımdadır. Prezident İlham Əliyev 50 yaşımda mənə "Şöhrət" ordeni, 60 yaşımda Prezident təqaüdü verib. Belə yüksək səviyyəli tədbiri təşkil etdiyi üçün AFFA rəhbərliyinə minnətdaram".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31