29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Böyükağa müəllim kimi o da deyirdi ki, narahat olma, şans verəcəyəm"

SAŞA YUNİSOĞLU: "AZAL-DA HEÇ KİMDƏN ZƏİF DEYİLDİM"

"Sumqayıt"ın yeni transferi Saşa Yunisoğlu Futbolxeber.az saytına müsahibə verib.

- "Sumqayıt"la artıq rəsmi müqavilə imzalamısan?

- Hə, artıq müqavilə bağlamışıq. Bazar ertəsi rəsmi müqaviləyə qol çəkdim.

- Sözləşmə neçə illikdir?

- 1 illik.

- Xeyirli olsun. İlkin təəssüratların necədir?

- Hər şey yaxşıdır. İnanıram ki, burada özümü yaxşı tərəfdən göstərə biləcəyəm.

- "Sumqayıt"dakı məqsədin nədir?

- Məqsədim yenidən əvvəlki formamı bərpa edib, milli komandaya yenidən qayıtmaqdır.

- Başqa klublardan təklif almışdın?

- Təkliflər var idi. Amma indi həmin klubların adlarını çəkmək istəmirəm.

- Bəs, niyə məhz "Sumqayıt"ı seçdin?

- Bu kluba hörmətim var. Həmçinin mən paytaxt klublarında forma geymək istəyirdim. Sumqayıt paytaxta yaxındır. Seçimimdə məhz bu amilin böyük rolu oldu. Çünki daim ailəmə yaxın olmaq istəyirəm.

- AZAL səni heyətində saxlamaq istəyirdi?

- Bu haqda danışmasam yaxşıdır.

- O zaman AZAL-da niyə oynamırdın sualını da versəm, cavabsız qoyacaqsan.

- Bu sualı baş məşqçiyə vermək lazımdır, mənə yox.

- Bunu Vaqif Sadıqovdan soruşmuşuq. O da təxminən belə deyir ki, "mən daha yaxşı formada olana, məşqlərdə özünü yaxşı tərəfdən göstərənə", bir sözlə, "kim daha hazırdısa, ona şans verirəm".

- Mən o komandada heç kimdən zəif olmamışam.

- Mən də elə fikirləşirəm. Amma nədənsə Sadıqov səni oynatmırdı. Belə olan halda adamda fikir yaranır ki, deməli məşqçi ilə futbolçu arasında nəsə problem var ki, oynatmır...

- Yox, aramızda heç bir problem yox idi.

- Özün Sadıqovdan soruşmadın ki, məni niyə oynatmırsan?

- Böyükağa müəllim kimi o da deyirdi ki, narahat olma, şans verəcəyəm.

- Yəqin ki, "Neftçi"dən ayrıldıqdan sonra məhz AZAL-a keçdiyinə görə peşmansan?

- Bəlkə də hə...

- Uzun illər milli komandamızın üzvü olmusan, Polşada uğurlu legioner həyatı yaşamısan, daim ölkənin iddialı klublarında oynamısan. Amma son 1-2 il ərzində karyeranda eniş yaranıb. Bir vaxtlar ölkəmizin iddialı klublarının böyük maraq göstərdikləri Sasa Yunisoglu bu gün iddialı klublara lazım deyil. Niyə belə alındı? Harada nəyi düzgün etmədin?

- Mən hər yerdə hər şeyi düzgün etmişəm. Sadəcə məni "Neftçi"də oynatmadılar və bu vəziyyətə düşdüm... Yenə də azarkeşlərimə söz verirəm ki "Sumqayıt"da özümü doğruldub, yenidən iddialı klubların maraq dairəsində olacağam.

- Millimizin son oyunu barədə nə deyə bilərsən? Səncə, evdə Lüksemburqla heç-heçə oynamaq biabırçılıqdır?

- Komanda yoldaşlarım haqda belə deməzdim. Çünki onları da başa düşmək lazımdır. Ağır mövsümdən çıxıblar, yorğunluq var idi. Onlar da qələbə qazanmağı çox istəyirdilər. Həm də baş məşqçimiz bəzi oyunçuları öz mövqeyindən yad yerdə oynadırdı.

- Həmin oyundakı uğursuzluqla yanaşı, Ruslan Abışovun matçdan sonra azarkeşlər haqda səsləndirdiyi fikirlər də böyük mübahisəyə səbəb oldu. Səncə, Ruslan o sözləri söyləməkdə haqlı idi?

- Buna münasibət bildirməsəm  yaxşıdır...

- Niyə?

- Çünki Ruslanın lehinə danışsam azarkeşlər, azarkeşlərin lehinə danışsam Ruslan məndən inciyər (gülür)

- Təmiz söhbət... Son oyundan sonra Foqts sərt şəkildə tənqid olunur. Çoxları artıq hesab edir ki, Foqtsu göndərməyin vaxtı çatıb. Sən bu barədə nə düşünürsən və Foqts getsə, kim gəlməlidir? Futbolxeber.az saytı öz namizədini irəli sürüb və Haciyevskinin millimizə qaytarılmasını istəyir. Bütün bunlar barədə nə deyə bilərsən?

- Foqts bəlkə də yaxşı məşqçidir. Lakin o bizim millinin səviyyəsini qaldıra bilməyəcək. Haciyevskiyə böyük hörmətim var. O həm əla məşqçi, həm də əla insandı. Amma bu, eləcə də Foqtsun gedib-getməməsini AFFA müəyyənləşdirir.

- Bildiyimə görə, bir müddət əvvəl Haciyevski səni öz yanına aparmaq istəyirdi. Niyə getmədin?

- Ailəmə görə xarici ölkədə çıxış edə bilmirəm. 1 ildir ailə həyatı qurmuşam və indiki məqamda ailımə qayğı göstərməliyəm.

- Atan Yunis Məmmədov əvvəllər menecerliklə məşğul idi, Azərbaycan futbolunda fəal şəkildə fəaliyyət göstərirdi. Amma çoxdandı görsənmir...

- Onun futbolla əlaqəsi tam kəsilib. İndi tamam başqa sahədə fəaliyyət göstərir.

Elman MƏHƏRRƏMOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31