19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Lill” - “Qəbələ”nin növbəti rəqibini tanıyaq

UEFA Avropa Liqasının II təsnifat mərhələsində Macarıstanın MTK klubunu hər iki matçda məğlub edən “Qəbələ”nin növbəti rəqibi Fransa təmsilçisi “Lill” olacaq. Futbolxeber.az saytının məlumatına görə, iyulun 28-də səfərdə oynayacaq “qırmızı-qaralar” avqustun 4-də rəqibini Bakıda qəbul edəcək. Lillin eyniadlı klubu “Qəbələ”nin avrokuboklarda qarşılaşacağı ikinci “Böyük beşlik” təmsilçisidir. “Qəbələ” ötən mövsüm qrup mərhələsində Almaniya “Borussiya”sı (Dortmund) ilə də üz-üzə gəlmişdi.

1944-cü ildə yaradılan “Lill”in əsası iki klubun - “Olimpik Lill” və “Fiv İK”in birləşməsi sayəsində qoyulub. Elə klub tarixinin ən parlaq illəri də ötən əsrin ortalarına təsadüf edib. 1945/1946 və 1953/1954 mövsümlərində Fransa çempionu titulunu qazanan “Lill” iki zəfər arasında olan dövrdə 4 dəfə gümüş medallara yiyələnib. Həmin illərdə 7 dəfə ölkə kubokunun finalına yüksələn komanda 5 dəfə yarışın qalibi olub. Uğurlu startın ardından eniş dövrü yaşayan klub liqalar arasında var-gəl edib. Bu müddətdə 4 dəfə yüksək dəstəyə qayıtmalı olan Lill təmsilçisi 2000-ci ildə sonuncu dəfə aşağı dəstənin çempionu olub.

XXI əsrdə kifayət qədər uğuru olan komanda avrokuboklarda yalnız 2001-ci ildə debüt edib. Daxili arenada isə 57 illik çempionluq həsrəti 2010/2011 mövsümündə 3-cü qızılın qazanılması ilə başa çatıb. 2004/2005 mövsümündə gümüş, 2005/2006 mövsümündə bürünc mükafata yiyələnən rəqibimiz çempion olduğu 2011-ci ildə ölkə kubokuna da yiyələnib. 56 ildən sonra qazanılan uğur sayca 6-cı olub.

Avrokuboklardakı debüt mövsümündə UEFA Çempionlar Liqasında çıxış edən “Lill” 6 dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparıb. Bunların 5-də qrupda oynayan komanda 2006/2007 mövsümündə 1/8 finaladək irəliləyib. UEFA Avropa Liqasında da 4 dəfə 1/8 finala yüksələn fransalılar avrokuboklarda 102 matç keçirib, bunların 39-da qələbə qazanıb, 35-da heç-heçə edib və 28 dəfə uduzub. Ötən mövsüm qitəmiqyaslı turnirlərdə oynamayan “Lill” Fransa çempionatını 5-ci pillədə başa vurub. Bu da komandaya Avropa Liqasında oynamaq imkanı verib. Frederik Antonettinin yetirmələri 3-cü pillədən 5 xal geri qalıb.

“Lill”in ev oyunlarını keçirdiyi 50 min 186 tamaşaçı tutumuna malik “Stad Pyer Morua” yeni başa çatan Avropa çempionatının qarşılaşmalarını da qəbul edib. “Lill”in stadionu ilə yanaşı, 29 yaşlı hücumçusu Eder də yarışın iştirakçısı olub. Portuqaliya millisinin üzvü yığması ilə birlikdə qitə çempionluğu yaşayıb. O, Fransa ilə final matçının əlavə vaxtında həlledici qolun müəllifidir.

Xatırladaq ki, “Lill” UEFA Avropa Liqasında mübarizəyə birbaşa III təsnifat mərhələsindən başlayacaq.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30