28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Oyun almaq üçün çox variantlar var idi, bunu Ramin Musayev də yaxşı bilir”

“Xəzər Universiteti"nin yaradıcılarından biri, “İnter"in keçmiş icraçı direktoru, BDU-nun idman kafedrasının müəllimi olmuş Alı Alıyev “Het-trik news” qəzetinə müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- Alı müəllim, nə vaxtdır sizdən xəbər yoxdur, nə işlə məşğulsunuz?

- Heç bir işlə məşğul deyiləm. Sərbəst adamam, günümü keçirirəm. Futboldan da tamam uzaqlaşmışam. Uzaqlaşmışam deyəndə, uzaqlaşdırdılar.

- İşsiz adam indiki zamanda necə dolanır?

- Şükür Allaha, başımızı birtəhər saxlayırıq.

- “İnter"dən 2007-ci ildə ayrıldınız...

- Daha dəqiq 2007-ci ilin iyununda. Özü də 2009-cu ilə kimi müqaviləm olduğu halda. Dedilər ki, getməlisən.

- Kim dedi?

- “Yuxarı"dan tapşırmışdılar. Amma kimin tapşırdığını indiyə kimi bilmirəm. Sonuncu dəfə Georgi Nikolovla görüşdüm. Mənə “İnter"də qalıb işləməyimin mümkünsüzlüyünü söylədi. Səbəbini öyrənməyə çalışsam da, faydası olmadı. Həmin söhbətdən sonra 1 aylıq maaş verdilər, vəssalam. İşdən çıxarılmaq barədə əmrimdə “öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşdırılıb" yazılmışdı. Əslində, heç bir ərizə-filan yazmamışdım. Ərizəni özləri mənim adımdan hazırlamışdılar.

- Bəs, haqqınızı niyə tələb etmədiniz?

- Edə bilərdim. Bu halda yenidən işimə bərpa olunmağım mümkün idi. Və yaxud müqavilə müddəti başa çatana kimi maaşımı ala bilərdim. Müəyyən səbəblərə görə eləmədim.

- Sirr deyilsə, nə qədər maaş alırdınız? İtirdiyiniz pulun qədərini bilmək istəyirəm.

- Futbolda heç vaxt maaşın məbləğini deməzlər. Qoy, sirr olaraq qalsın.

- 1994-cü ildən futboldasınız. “Xəzər Universiteti"ni yaradanlardan birisiniz. Necə oldu ki, universitet müəllimi birdən-birə böyük futbola qoşuldu?

- Həmin vaxt əsas iş yerim olan Bakı Dövlət Universiteti ilə yanaşı, Asiya və Biznes universitetlərində də dərs deyirdim. Xəzər Universiteti yaradılanda rektor Hamlet İsaxanlı məni yanına çağırdı, kafedra müdiri vəzifəsini təklif etdi. Lakin razılaşmadım. Hamlet müəllimə bildirdim ki, kafedradansa, universitetin nəzdində idman klubunun yaradılması daha yaxşıdır. İdman klubunun strukturunu açıqladım. Fikrim xoşuna gəldi və universitetdə idman klubu açdıq. 1995-ci ildə kimin hansı idman növü ilə məşğul olmaq istədiyi barədə elan verdik. Müraciət edən tələbələrin əksəriyyəti futbol, basketbol və voleybola üstünlük verdiklərindən bu növlər üzrə komandalar yaratdıq. Ora öz tələbələrimizlə yanaşı kənardan da gəncləri dəvət etdik. Hamlet müəllim futbola xüsusi maraq göstərirdi. Qərara gəldik ki, futbola daha ciddi şəkildə fikir verək. Zabrat qəsəbə stadionu baxımsız vəziyyətdə idi. Orada qoyun otarırdılar. Stadionun tabe olduğu qurumun rəhbərliyi ilə razılaşdıqdan sonra oranı təmir etdirdik, baza inşa etdik. Komanda Zabrat qəsəbə stadionunda məşq etməyə başladı. Heyətə kənardan gənc və perspektivli futbolçuları, o cümlədən  Aqşin Ömərov, Elmar Baxşiyev, Elnur Çodarov, Sənan Qurbanovu dəvət etməklə komandanı gücləndirdik. Komandada müxtəlif vaxtlarda işləyən məşqçilər də təcrübəli idilər - Asif Namazov, İsmayıl Məmmədov, Böyükağa Ağayev, Samir Ələkbərov... O vaxt 1-ci dəstə olmadığından “Xəzər Universiteti" Bakı birinciliyi və həvəskarlar liqasında çıxış edirdi. Komanda həvəskarlar liqasında 2-ci yeri tutduqdan sonra 1999/2000-ci illər mövsümündə Premyer Liqaya buraxıldı. İlk mövsüm nəticəmiz zəif oldu - 12 komanda arasında 11-ci yer. Amma növbəti illərdə daha yaxşı çıxış etməyə başladıq. Hətta 2003/04-cü illər mövsümündə 4-cü yeri tutmaqla İntertoto Kubokuna da vəsiqə qazandıq.

- 2002-ci il aprelin 4-ü yadınızdadır?

- O vaxt nə olmuşdu?

- Çempionat dayanmışdı.

- Hə, yadıma düşdü. “Şəfa" ilə oynayırdıq. Oyunun baş hakimi Xaqani Məmmədov idi. Bərabər səviyyədə oyun gedirdi. Son dəqiqələrdə Xaqani olmayan penaltini verdi. Tərlan Əhmədov penaltini vurmağa gedəndə dedim ki, topu kənara vursun. Amma dediyimi etmədi. Onu qınamıram, peşəkar futbolçu öhdəsinə düşən işi görməlidir. Həmin oyunda “Şəfa" qalib gəlməliydi, gəldi də. Fuad Musayev imkan verməzdi ki, “Xəzər Universiteti" onun komandasından xal götürsün.

- Nəyə görə?

- Fuad Musayevin “Xəzər Universiteti"ni görməyə gözü yox idi. Hələ həvəskarlar liqasında bu iki komanda bir yerdə çıxış edəndə dava düşmüşdü. O vaxtdan “Xəzər Universiteti"ni xoşlamırdı. Arada başqa söhbətlər də olmuşdu.

- Necə oldu ki, “Xəzər Universiteti" “İnter" oldu?

- 2003/2004-cü illər mövsümündə Böyükağa Ağayevi  komandaya baş məşqçi gətirdik  və 4-cü yeri tutduq. Çempionat başa çatan kimi Beynəlxalq Bank komandanı himayəsinə götürdü. İntertoto Kubokunda “Xəzər Universiteti" adı altında oynadıqdan sonra komandanın adı dəyişdirildi və “İnter" qoyuldu. “Xəzər Universiteti"nin bütün işçiləri “İnter"ə keçdi. Mən əvvəlki vəzifəmdə - icraçı direktor kimi qaldım. Amma bütün işlər demək olar ki, mənim çiynimdə idi.

- Hər halda xeyli dəyişikliklər oldu. Məsələn, əcnəbilərin sayı çoxaldı.

- Heç vaxt əcnəbi məşqçilərin komandalarımızı çalışdırmasının tərəfdarı olmamışam. Anatoli Konkov komandaya viste-prezident gətirilmişdi. Həm də komandaya məşq keçirdi. Düzdür, gəlmərəin sayı çoxaldı. Amma bu mənim səlahiyyətim daxilində deyildi. Nə edə bilərdim ki?

- Konkov necə insan idi?

- Münasibətimiz pis deyildi. Çox içirdi. Həmişə də sərxoş olanda mənə “sən əla insansan" deyirdi. Amma ayıq vaxtı məndən çəkinirdi.

- Nəyə görə?

- Əməlində düz olmayan adamın məndən çəkinməsi normal hal idi.

- Belə aydın olur ki, Konkovun əyri əməlləri çox idi.

- Bu haqda çox danışmaq istəmirəm. Olan olub, keçən keçib. Bir faktı qeyd edim, komandanın təlim-məşq toplanışlarında mənim onlarla bir yerdə olmağıma əngəl törədirdi. Bilirdi ki, gözümdən heç nə yayınmayacaq, rahat “işləyə" bilməyəcək. Komandaya futbolçuları dostu olan menecer gətirirdi. Menecerlə Konkovun nə iş gördüklərindən xəbərdar idim.

- Bildiyim qədər, Konkovun “İnter"dən gedişi bu “işlər"lə bağlı olub.

- Əslində isə sağlamlığını əsas gətirdi. İstəyirdi ki, komandaya gələn baş məşqçi onun adamı olsun. Məsələn, Oleq Taranı komandaya gətirmək fikrindəydi. Hətta Taran Bakıya da gəlmişdi. Amma Konkovla söhbəti alınmadı. 2006-cı ildə Rusiyadan Oleq Smolyaninovu yerinə gətirdi və Ukraynaya müalicəyə getdi. Smolyaninov düz-əməlli məşq keçə bilmirdi. Futbolçulardan bir neçəsi rəhbərliyə bu haqda məlumat verdikdən sonra Smolyaninov komandadan göndərildi və yerinə Valentin Xodukin təyin edildi. Xodukin də Konkovun adamı idi. 1 ildən çox idi ki, bir yerdə işləyirdilər, Konkovun köməkçisi idi.

- Xodukinlə də yola getmirdiniz?

- Xodukin milliyətcə yəhudidi, hamıdan istifadə edib öz işini görürdü. Məşqçi kimi nəzəriyyəni çox yaxşı bilirdi. Praktikada da gördüyü iş göz önündə idi. Mən “İnter"i tərk edəndən sonra komanda onun rəhbərliyi altında çempion oldu. Onunla münasibətimiz çox yaxşı olub. İnsan kimi yaxşı birisidir. Azından özünə və qarşısındakı insana dəyər verməyi bacarır. Azərbaycanı tərk edəndə mənə zəng elədi ki, səninlə xudahafizləşməmiş buranı tərk etmək istəmirəm. “İnter"dən ayrılandan sonra onunla həmişə əlaqə saxlayıb, hal-əhval tutmuşam.

- Bəs, Georgi Nikolovla? Onunla da bir müddət iş yoldaşı olmusunuz.

- Bir fakt deyəcəm, hər şey aydın olacaq. Nikolov gələndən sonra komandaya bilirsiniz nə qədər bolqar futbolçu baxışa çağırılmışdı? Xodukin heç birini götürmək istəmirdi. Nikolovun futboldan bildiyi bir şey yoxdur. Bolqarıstanda orta məktəbdə hərbi müəllim olub. Mən “İnter”dən çıxandan sonra Nikolov stadionun qazonunu dəyişdirdi. Nə olmuşdu qazona? Mənim vaxtımda ot örtüyünə şəxsən nəzarət edirdim. Onu Bakıya Dünyamin Xəlilov gətirmişdi. Biz "Simurq"u yaratdıqdan sonra Dünyamin müəllim ora getdi və yerinə Nikolovu məsləhət gördü. Ümumi götürəndə, münasibətlərimiz normal olub.

- “Simurq”u sizin yaratdığınızı dediniz.

- “Simurq" “İnter"in 2-ci komandası kimi yaradılmışdı. “İnter"ə kömək etməli və rəqiblərdən xal almalı idi. Roman Pokora “Simurq"a Xodukinin təklifi ilə gətirilmişdi. Amma sonradan vəziyyət dəyişdi. “Simurq"dan xal almaq müşkülə çevrildi. Çünki “İnter"dən güclü olduqlarını sübut etmək istəyirdilər.

- “İnter"də işlədiyniz dövrdə sizi xoşlamayanlar çox idi.

- Çünki heç kimdən qorxmurdum, sözü üzə deyirdim. Bilirsiniz, o vaxt AFFA “İnter"ə qarşı çox haqsızlıqlar edirdi. Mən də buna dözmürdüm. AFFA-nın iclaslarında çoxları haqlarını tələb etmədiyi vaxtlarda mən ağzıma su alıb dayanmırdım, haqqımızı tələb edirdim.

- Bəlkə bu münasibət sizin komandaya futbolçu gətirmək istəyinizdən irəli gəlirdi?

- Heç vaxt komandaya futbolçu dəvət etməmişəm və eləmək ixtiyarım olmayıb. Komandaya futbolçuları hər məşqçinin özünün yaxın menecerləri olub, onlar gətiriblər.

- Amma bildiyimə görə əsas “işlər"i söz görmüsünüz. Məşhur “qatar əməliyyatı" yadınızdadır?

- Orada heç nə baş verməmişdi. Birincisi, Xaqani Məmmədovla münasibətimiz əla idi. İkincisi, Konkov mənsiz heç bir iş görə bilməzdi. Tovuzdan qayıdanda qatarda nə baş vermişdi? Sadəcə, biz kupedə oturub çörək yeyirdik və hakimlər oradan keçəndə onları da dəvət etmişdik. Xaqani heç vaxt haqqı buraxıb, nahaqqın arxasınca getməyib...

- Doğrudan? Məndə Xaqani Məmmədovun yazdığı izahatın surəti var...

- Məgər Xaqani ilə görüşməyə yer tapmırdıq? Yoxsa, telefon nömrəsinini bilmirdim? Həmin vaxt Xaqani ilə aramızda heç bir söhbət olmamışdı. Sadəcə, mən dəvət elədim ki, oturub bir qismət çörək yeyək.

- O vaxtlar oyun alğı-satqısı çox idi?

- Həddindən artıq.

- Siz özünüz oyun almısız?

- Həmişə. Heç kim deyə bilməz ki, Alı oyun satıb. Amma nə qədər imkan olub, oyun almışam. Kimdən almışam, neçəyə almışam, bunu deməyəcəm. Məndə böyük bir siyahı var, indiyə qədər saxlamışam. Orada hər şeyi açıq-aydın qeyd etmişəm. Sizə bir əhvalat danışım. Bir mövsüm “Neftçi" çempion ola bilərdi. İlini unutmuşam. “Neftçi"nin rəqibinin futbolçuları mənə inandıqlarına görə yanıma gəldilər və dedilər ki, Ramin Musayevlə münasibətlərin yaxşıdır. Ona de ki, müəyyən məbləğ qarşılığında oyunu “Neftçi"yə verə bilərik. Mən də Raminə bu haqda bildirdim. Eləmədi. Oyundan sonra Ramin Musayev peşman oldu.

- Oyunları komandalardan alırdınız ya hakimlərdən?

- Hər şeyi açıqlamaq düzgün olmaz. Hərənin öz variantı vardı. 

- Söylədiyiniz fikirlərin böyük söz-söhbətə səbəb olacağından çəkinmirsiniz?

- Qətiyyən. Çünki bilirdim ki, bəziləri mənim oyunlarımı alıblar. Məsələn, “Neftçi" ilə “İnter"in oyunlarının birində bizim müdafiəçilərdən biri səhv elədi və Georgi Adamiya qol vurdu. Həmin futbolçuya menecerin vasitəsilə çıxmışdılar. Qısası, “Neftçi" futbolçunu “almışdı". Həmin futbolçunun adı yadımdan çıxıb, qaradərili idi. Üstəlik, həmin vaxt mənimlə işləyən və sonradan komandanın başına keçən adamın həmin məsələdən xəbəri var idi. Mənə xəyanət etmişdi. Bir dəfə oyun satdığına görə komandadan 4 futbolçu qovmuşam. Komandanın və futbolçuların adını demirəm.

Bu gün baxıram ki, onlardan biri televiziyada düzgünlükdən danışır, söz sahibidir. Digəri yığma komandalardan birində işləyir. Uşaqlara oyun satmaq öyrədir? İndi bilmirəm vəziyyət necədir, amma o vaxt oyun almaq üçün çox variantlar var idi. Bunu Ramin Musayev də yaxşı bilir.

- Sizin işlədiyiniz dövrdə futbolumuzda “təmiz" adam vardı?

- Yaxşı komandalar çox idi. Oyun alğı-satqısını hamıya şamil etmək düzgün olmazdı. Amma kim bacarırdısa, oyun alırdı da, satırdı da.

- Alı müəllim, “İnter”i yenə də özünüzə doğma klub hesab edirsiniz?

- Əlbəttə. Həmişə də doğma sayacam. Nə olsun ki, 9 ildir oradan ayrılmışam. O komandanın dünyaya gəlməsində əməyim olub. Fəaliyyətdə nəsə səhv olanda Xodukinə, Nikolova bildirmişəm. Həmişə də mənimlə razılaşıblar. İndi rəhbərlik dəyişib. Onlara uğurlar arzulayıram.

- Bakı Dövlət Universitetdən niyə ayrıldınız? Oradan özünüz çıxdınız, yaxud, yenə də “yuxarı"dan göstəriş gəldi?

- 1984-cü ildən universitetdə idman kafedrasında işləyirdim. 30 ildən çox stajım var. Mikayıl Cabbarov təhsil naziri təyin olunandan sonra kafedra ləğv edildi. Mən də məhz bu üzdən ərizəmi yazdım. Heç kim məni işdən qovmayıb. Rəhbərliklə münasibətlərim həmişə yaxşı olub. Keçən il öz istəyimlə universiteti tərk etmişəm.

- “İnter"də işlədiyiniz dövrdə oğlunuz da futbolla məşğul olurdu. Deyəsən, sonra futbolu atdı.

- “Neftçi"də idi, İslam Kərimovun qrupunda. Onun futbolu davam etdirməməsini mən istəmişəm. Səbəbini deyim, siz də bilin. Roman Cəfərovun “İnter"ə gəlməsinin səbəbkarı mən olmuşam. Şahin Diniyev oğlunun “İnter"ə keçməsini istəyirdi. Məşqçisi Roman Cəfərov idi. Təkcə Şahin müəllimin oğlunu yox, komanda yoldaşlarını və məşqçisini də “İnter"ə dəvət elədim, işlə təmin etdik. Sonradan Roman Cəfərov həmin yaş qrupu üzrə yığmanın məşqçisi oldu. Həmin vaxt oğlum “Neftçi"də oynayrdı, mən işdən çıxandan sonra “İnter"ə keçdi. Deyilənə görə, pis futbolçu olmayıb. Boyda məndən də hündürdü, futbolçu olmaq üçün hər cür imkanı vardı. İnandırım ki, Roman Cəfərov “İnter”də oğlumun mitilini atdı. Özü də həvəsdən düşmüşdü, mən də. Axırda məcbur olub uşağı futboldan çıxartdım. Düzü, bu əməlimə görə peşmanam. Amma bir yandan da, səviyyəsiz adamların yanında oynamaqdansa, futbolçu olmaması məsləhət idi. İndi Ceyhun Haşımovun yanında hakimliyi öyrənir. 24 yaşı var. Əgər bacaracaqsa, çox sevinərəm.

- Dəvət gəlsə, yenidən futbola qayıdarsınız?

- Böyük məmnuniyyətlə. Futbolumuzda baş verənləri mütəmadi izləyirəm. Futbola canı yananlar azdır. “Xəzər Universiteti", “İnter" və “Simurq"un yaradılmasında, formalaşmasında əməyim olub. Yəni, futbol bacarığım var, idman mütəxəssisiyəm. Təklif olsa, niyə də yox?

- “Köhnələr”dən kiminlə əlaqə saxlayırsınız?

- O qədər futbolçunun əlindən tutmuşam ki. Adlarını da çəkə bilərəm - Zaur Həşimov, Anar Vəliyev, Mikayıl Namazov, Aqşin Ömərov... Heç biri məni bir dəfə də olsun yada salmayıb. Təkcə Qurban Qurbanovla hərdən əlaqə saxlayıram. Qurban tamam başqa cür insandı. Futbolda olduğum müddətdə o qədər düşmən qazanmışam ki. Hamısı da düz söz dediyimə görə. AFFA-nın 2007-ci ildə keçirilən konfransına məni buraxmadılar. Ehtiyat edirdilər. Fuad Musayevə də, Ramiz Mirzəyevə də sözü birbaşa deyirdim.

- Gələn il 60 yaşınız tamam olacaq. Futbol aləmindən kimi yubileyinizdə görmək istərdiniz?

- 60 yaşıma hələ bir neçə ay var, baxarıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31