29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Təbriz Həsənov: “Yaxşı oyun göstərib, qrupdan çıxmaq istəyirik”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənovun müsahibəsi

- U-17-lər arasında Avropa çempionatının final mərhələsinin başlanmasına 1 aydan az vaxt qalıb. Komandamız bu turnirə tam hazırdımı?

- 4 həftəmiz qalıb. Bu müddət ərzində hazırlığımızı tamamlayacağıq. Bir balaca əskiklərimiz var. Onu da 4 həftəyə aradan qaldırıb, çempionatdakı ilk oyunumuza tam hazır vəziyyətdə çıxacağıq.

- Çatışmazlıqlar dedikdə nəyi nəzərdə tutursuz?

- Futbolçuların bəzilərinə individual tapşırıqlar vermişik, funksional hazırlıqlarını qaldırmalıdılar. Bundan əlavə, bəzi mövqelərə 1-2 yeni futbolçu var ki, onları cəlb edə bilərik.

- Deməli, heyətdə yeni adlar olacaq...

- Mümkündü. Həm ölkə daxilindən, həm də xarici çempionatlarda çıxış edən futbolçulara dəvət göndərə bilərik.

- Avropa çempionatının ölkəmizdə keçirilməsi, yəni doğma meydan amili yığmamıza necə təsir edəcək?

- Bunun təsiri var. Çünki bu yaşda uşaqlar millinin oyunlarında bir az həyəcanlanırlar. Öz təcrübəmdən də görmüşəm ki, ölkə xaricində oynayan uşaqlar daha sərbəst olurlar. Futbolçuların üzərində çox çalışırıq və çatışmazlıqlarını aradan qaldırmaqla bağlı tez-tez danışırıq. Çempionat başlayanda uşaqlar təzyiqi üzərlərindən atmalıdılar.

- Azərbaycan yığmasının oyunlarında azarkeşlərimizin tribunaları dolduracağına ümidiniz varmı?

- İnanıram ki, azarkeşlər gələcəklər. Hər halda, Avropa çempionatı ilk dəfədi Azərbaycanda keçirilir. Hər bir futbol azarkeşi və mütəxəssisi, ümumiyyətlə, futbolu sevən hər bir kəs stadiona gəlməli, yığmanın yanında olmalıdı.

- Final mərhələsinin püşkatması sabah baş tutacaq. Qrupda hansı komandalarla qarşılaşmaq istəməzdiz?

- Bu yaş qrupunda istər seçmə oyunlarında, istərsə də elit-raund matçlarında bəzi komandaları izləmişəm. Təbii ki, “Top-komandalar”la eyni qrupa düşmək istəməzdik. Almaniya, Fransa, Portuqaliya və İngiltərəni nəzərdə tuturam. Amma bizim istəyimizdən asılı deyil.

- Avropa çempionatında yığmamızın qarşısına hansı hədəf qoyulub?

- Uzun müddətdi ki, Avropa çempionatına hazırlaşırıq. Yaxşı oyun göstərib, qrupdan çıxmaq istəyirik. İnanırıq ki, sabah püşkatma da bizə ümid verəcək. Qrupdan çıxmağa çalışacağıq.

- Bəs komandanın real gücü, potensialı nəyə ümid verir?

- Püşkatmadan çox şey asılıdı. Elə komandalar var ki, onlarla mübarizə apara bilərik. Futbolda, xüsusən, bu yaş qrupunda sürprizlər hər zaman olur. Gözləmədiyimiz komanda ilə matçda sürpriz oyun göstərib, qalib gələ də bilərik. Hər şey mümkündü. Maksimum dərəcədə köklənəcəyik ki, qrupdan çıxaq.

- Yığmamızın heyətində Avropa çempionatında ən çox ümid bəslədiyiniz futbolçu kim olacaq?

- Mən ad çəkmirəm. İstər əsas heyətdə yer alan, istərsə də ehtiyatda oturan olsun, komandamın hər bir üzvündən yüksək səviyyədə oyun gözləyirəm. Matçlar çətin olacaq. Bir oyun ehtiyatda oturan futbolçu növbəti görüşdə əsas heyətdə yer ala da bilər. Bu mənada, hər biri hazır olmalıdı. Bütün kollektivdən komanda şəklində yaxşı oyun gözləyirəm.

- Final mərhələsinin startına qədər yoxlama görüşləri keçirmək nəzərdə tutulubmu?

- Bir çox federasiyaya bununla bağlı təklif göndərdik. Amma bizə cavab gəlmədi. Buna görə də, başqa plan qurduq. Ayın 11-dən 19 yaşlı futbolçuların təlim-məşq toplanışı başlayacaq. Həmin ərəfədə, hardasa ayın 13-də onlarla yoldaşlıq görüşü keçirməyə çalışacağıq. Apreldə U-20 ilə də yoldaşlıq matçı keçirə bilərik. Biz xarici yığmaları dəvət etdik. Görünür, həmin vaxt onlar üçün uyğun olmayıb. Elit-raunddan final mərhələsinə çıxmayan komandalar təklifimizi qəbul etmədilər. Çünki motivasiya baxımından onlarda ruh düşkünlüyü var, yəni başadüşüləndi. Final mərhələsinə çıxanlar isə bu vaxtda gəlməyi uyğun saymadılar. Bakıya tez gələcək və bizim qrupumuzda yer almayacaq komandalarla da yoxlama görüşü keçirmək barədə danışığımız ola bilər.

Mənbə: apasport.az 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31