29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurban Qurbanov: “Məğlubiyyəti həmişə gözləmək lazımdır”

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsi:

- Antalya toplanışı necə keçdi? Komandanın hazırlığı sizi qane etdimi?

- Ümumilikdə pis alınmadı. Hazırlıqlar proqram üzrə keçdi. Planımızda 4 yoxlanış oyunu keçirmək vardı və hamısı baş tutdu. Deyə bilərəm ki, razı qaldım. Amma Rahid Əmirquliyevin zədələnməsi planımıza uyğun olmadı. Ancaq bir neçə günə o, qaydaya düşərək komandaya qoşulacaq.

- Rahid Əmirquliyevi və Muarem Muaremi heyətə cəlb etmisiniz. Bu transferlərin "Qarabağ"ın yarımmüdafiəsindəki boşluqları aradan qaldırmaq üçün həyata keçirildiyini demək olar?

- Müdafiə xəttinin tam qaydasında olmasına böyük önəm verirəm. İstəyirəm ki, orada heç bir problem olmasın və eyni səviyyəli futbolçular olsun. Onların hər biri komandamız üçün faydalı olacaq və rəqabət artacaq. Əlimizə Rahidi transfer etmək imkanı düşdü və bu keçidi həyata keçirdik. İnanıram ki, ondan faydalana biləcəyik.

- Qapıçı mövqeyinə Şahruddin Məhəmmədəliyev də gəlib. Bəs, Fərhad Vəliyevin aqibəti necə olacaq?

- Bəzən olan transferlərə düzgün yanaşılmır. Çünki Şahruddinin gəlişi "Fərhadın aqibəti necə olacaq?" demək deyil. Bizdə 3 qapıçı olacaq. Qapıçının zədələnməsini düşünün. Normal komandada 3, hətta 4 qapıçı olmalıdır. Məhəmmədəliyev tanıdığımız qapıçısıdır, yerli statusludur, limitə uyğun gəlir və U-21 millimizin qapısını qoruyur. İstərdim ki, eyni səviyyədə bir neçə qapıçımız olsun.

- 3 legioner göndərildi və 1-i gətirildi. Bundan əlavə, bir neçə yerli futbolçu da icarəyə verildi. Futbolçu sayının azaldılması nə ilə bağlıdır?

- Hər hansı fikir yox idi. Düşündük ki, bəzi dəyişikliklər edək. Götürdüyümüz oyunçular da hardasa, onların yerini doldura bilir. Digər tərəfdən, dekabrdan öncəki hissədə oyunçu sayının çox olması vacib idi. Çünki həm də Avropa Liqasında oynayırdıq və belə oyunçulara ehtiyacımız çox idi. İndi bəzilərini icarəyə verdik, bəziləri ilə qarşılıqlı şəkildə yollarımızı ayırdıq. Artıq komandada müəyyən dəyişikliklərin edilməsi zərurətini hiss etdim və bu addımı atdım.

- Klubu tərk edən futbolçulardan "Qarabağ"ın büdcəsinə xeyir gəldi?

- Açığı, biz "İşimizə faydalı olsun" deyə bu addımı atdıq. Hər halda, gediblərsə, istər-istəməz büdcəyə xeyir olub. Amma bunun bizə aidiyyatı yoxdur. Çünki yay və qış transferləri dövründə belə dəyişikliklər olur.

- Yəqin ki, Raydell Puponun oyunlarını izləyirsiniz. Pupon "Roda"nın heyətində "Ayaks"a qol da vurub, amma "Qarabağ"a uyğunlaşa bilmədi...

- Deyəsən, əsas heyətdə 4 oyuna çıxıb. Mən "Ayaks"a vurduğu qolu gördüm. Ümumiyyətlə, bizim çempionat asan deyil və hər hansı futbolçu tez uyğunlaşa bilmir. Bunun dəfələrlə şahidi olmuşuq. Hər halda, Pupun Hollandiya çempionatında əsas heyətdə oynayırsa, deməli, ən azı, rahatıq. Çünki onun transferində yanılmamışıq. Sadəcə, bir az uyğunlaşmasında problem vardı. Komandamızı ona görə tərk etdi ki, daha çox oynamaq istəyirdi. Hər bir futbolçuya bildirmişəm ki, rəqabət olacaq. Kiminsə hər dəfə meydana çıxacağına zəmanət verilmir. Ola bilər ki, onda nə isə alınmırdı, bu da normal haldır.

- "Xəzər Lənkəran"ın transferə çıxardığı Elnur Cəfərovun "Qarabağ"a keçidi bu günlərdə həll olunmalı idi...

- Belə məlumat olmuşdu. Elnurun klubu ilə müqaviləsi, eyni zamanda, başqa düşüncələri var. Özünüz də görürsünüz ki, bizim komandada yoxdur.

- Demək olar ki, ən azı, yaya qədər "Qarabağ"da olmayacaq?

- Yəqin ki.

- Premyer Liqada mövsümün ikinci yarısının ilk turunda maraqlı tendensiya baş verdi: Ölkə daxilində toplanış keçənlər Antalyada hazırlıq keçmiş komandaları məğlub etdilər. O cümlədən, AZAL "Qarabağ"ı yendi. Bunu nə ilə əlaqələndirirsiniz? Bəlkə qış toplanışını xaricdə keçirməyin əhəmiyyəti yoxdur, çünki komandalar bir-birlərini daha yaxşı tanıyırlar?

- Hər bir xarici toplanışın komanda üçün faydası çox böyükdür. Ölkə xaricində daha yaxşı şəraitdə hazırlaşırıq. Toplanış zamanı biz bir aya yaxın normal ot örtüyündə məşq etmişik. Mən heç vaxt məğlubiyyətdən şikayətlənməmişəm. Qismətimizdə yox idi və uduzduq. Amma o şəraitdən çıxıb gəlib belə bir meydanda ("AZAL Arena" nəzərdə tutulur - red.) oynamaq futbolçular üçün çox ağır idi. Ümumiyyətlə, AZAL klubunun stadionunda süni örtük o qədər də yaxşı vəziyyətdə deyil. Hər şeyi bir oyunla ölçmək istəmirik. İnanıram ki, yavaş-yavaş toplanışın faydasını görəcəyik.

- XIX turun oyunlarının yayımında "Qarabağ"dan başqa bütün komandalarla başlama vaxtı ilə bağlı razılıq əldə edildi. Nəticədə AZAL-la oyununuz canlı yayımlanmadı. Üstəlik, Klublar Komitəsinin sonuncu iclasında oyun vaxtının dəyişdirilməməsini sizin istədiyiniz bildirilmişdi...

- Xeyr, dəyişdirildi. Əslində biz şənbə günü - yanvarın 30-da oynamalı idik, ancaq görüşü bir gün sonraya saldıq. Bunu da AZAL-a görə etdik. Bizə oyunu iki gün sonraya salmaq deyilmişdi, amma bir gün sonraya saldıq. AZAL-ın bir neçə futbolçusu Azərbaycanın U-21 yığmasının heyətində idi. Bu səbəbdən, belə addım atdıq və qanundan kənara da çıxmadıq. Yanvarın 28-i millinin oyunu idi və biz də AFFA-nın müraciəti, AZAL-ın xahişi ilə ayın 31-nə saldıq ki, futbolçu növbəti oyuna 3-cü gün sonra çıxa bilsin.

- Ancaq yayım məsələsində telekanalla anlaşma əldə olunmadı...

- Sadəcə, kanalın yayım proqramında yer olmadı. Bu da normaldır. Ola bilər ki, hansısa turda kiminsə oyunu göstərilməsin. Mənə elə gəlir ki, "CBC Sport"un hüquqları böyükdür. Çünki hər bir klubla müqavilə bağlayıblar və yayım haqqı ödəyirlər. Ona görə də kanalın hətta oyunların vaxtını təyin etmək hüququ da var. Bu da normaldır. Hər halda razılığa gələcəyik. Çəkilişlər keyfiyyətli olur və çempionatımız barəsində ətraflı məlumatlar verilir. Bizim tərəfdən nə lazım olsa, "yox" deməyəcəyik və çalışacağıq ki, əməkdaşlıq daha da yaxşı olsun.

- "Qarabağ" AZAL-la oyunun açıq favoriti idi. Məğlubiyyət gözlənilməz olmadı?

- Məğlubiyyəti həmişə gözləmək lazımdır. Dəfələrlə demişəm ki, hər bir rəqib istənilən komandanı məğlub edə bilər. O cümlədən, AZAL bizi məğlub etdi. Bu komanda bütün liderlərdən xal alıb. Bəzən həm nəticə, həm də mübarizə baxımından, oyunu uduzursan. Ancaq mən komandamızın mübarizəsindən razı qaldım. Oyunun gedişatında məğlub olmadıq, sadəcə, nəticə AZAL-ın tərəfində oldu. Bu da qismətimizdə yox idi. Məncə, belə hallar tez-tez olacaq. Gördük ki, "Kəpəz" "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldi. İstər Tərlan Əhmədov, istərsə də Şahin Diniyev Azərbaycan futbol mentalitetini, rəqibləri daha yaxşı tanıyırlar. Onlardan daha çox ehtiyatlanmalıyıq. Çünki çox həvəslidirlər. Ola bilər, qarşıda daha çox xal itkisi yaşansın.

- Maliyyə problemi "Qarabağ"a və Premyer Liqaya necə təsir edir?

- Bu problem tək futbola yox, ölkəmizdə bəzi strukturlara da təsir etdi və etməlidir. Çünki belə hallar dünya təcrübəsində çox olur. Bu proses hər yerdə baş verir. Kimdəsə 3 il əvvəl və ya 5 il sonra, amma olur. Bunu normal qarşılamalı və hazır olmalıyıq. Düşünsək ki, maliyyə problemi işimizə mane olacaq, o zaman daha da uduza bilərik. Ancaq indi hər şey qaydasındadır. Çalışmışıq ki, tək maliyyə durumu pisləşəndə yox, həmişə klub büdcəsinə qənaət edək. Bundan qaçmaq mümkün deyil. Elə bir problemimizin olmadığını düşünürəm. Çalışacağıq ki, komandada hər şey qaydasında olsun. Rəhbərlik özü böyük məsuliyyət hissi ilə bu komandanı götürüb. Digər komandalar mənə aid olmasa da, əksinə, sanki belə rəqiblərə qarşı oynamaq daha çətin olur.

- Bəlkə pul olmayanda komanda daha yaxşı çıxış edir? Məsələn, "İnter"də maddi problem olan zaman həm çempionatda, həm də avrokuboklarda uğurla çıxış edirdi...

- Idmanda, o cümlədən futbolda pul mütləq rol oynayır. Daha yaxşı nəticə əldə etmək və bunu stabil saxlamaq istəyirsənsə, maddiyyat böyük rol oynayır. Bir ara çətinlik oldu, amma "İnter"də hazırda hər şey qaydasındadır. Ola bilər, indi hansısa klubda çətinlik olsun. Ancaq yavaş-yavaş bunlar öz axarına düşəcək. Çünki neçə ildir ölkə futbolunun inkişafı üçün böyük işlər görülür. Ölkə başçısı tərəfindən futbolun inkişafı ilə bağlı tapşırıqlar verilib. Düşünürəm ki, indiki vəziyyət kiçik bir sıxıntıdır və buna hamımız dözməliyik. İnanıram ki, vəziyyət düzələcək. Son vaxtlar bütün dünyada bizi idman ölkəsi kimi tanıyırlar. Az da olsa, futbolumuzu da tanıyırlar.

- "Zaqatala"nın oyunlarını izləyir, klub prezidenti olan qardaşınız Musa Qurbanovla məsləhətləşir, köməklik edirsiniz?

- Nadir hallarda olur. Çox da yaxından maraqlanmıram. Çünki işlərim çoxdur. Görüşəndə nəyisə müzakirə etməyə vaxtımız olmur.

- XX turda "Xəzər Lənkəran"a qarşı oynayacaqsınız. Komandada hansısa bir rahatçılıq var, yoxsa AZAL məğlubiyyəti sizi daha ehtiyatlı olmağa vadar edib?

- Düşünmürəm ki, kimdəsə rahatçılıq olsun. Çünki çempionat indi başlayıb və startda 3 xal itirmək yaxşı hal deyil. Dəfələrlə xal itkisi olub və bunu normal qarşılamışıq. Məğlubiyyəti bacarmaq və bundan sonra düzgün analiz, hazırlıq və digər oyunlara hazırlaşmaq lazımdır.

- Sizcə hansı komanda bu il avrokuboklara vəsiqə qazanacaq?

- Bəlkə ötən mövsüm bu suala cavab vermək daha asan olardı. Ancaq hazırda bu tam əksinədir. Kimin oynamamaq şansı yoxdur? "Qarabağ", "İnter", "Zirə", "Neftçi", "Qəbələ", "Kəpəz"... Bu komandaların avrokubok şansları var və heç kim istəyindən əl çəkməyəcək. Ona görə də düşünürəm ki, çempionatın sonlarına yaxın dəyişikliklər olacaq.

Mənbə: report.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31