19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Tovuz mafiyası"nın məqsədi Azərbaycan futbolunu dirçəltmək idi"

Vidadi Əhmədovla sonuncu dəfə ötən ilin fevralında görüşmüşdüm. “Turanın 20 illiyi ərəfəsində. Onunla müsahibə “525-ci qəzet bir neçə saytdı dərc olunmuşdu. O vaxt məqsədim əsasənTuranın yaranması, çempion olması ilə bağlı yazı hazırlamaq idi. Vidadi müəllimlə bu dəfəki söhbətimizin mövzusu isə qədər ağrılı olsa da, “Turanın məhvi ilə əlaqədar idi. Sözün həqiqi mənasında. Çünki, 1-ci dəstəyə yuvarlanan komandanı məhv olmuş hesab eləyirəm. Bəs görəsən, bu komandanın yaranmasında, çempion olmasında əvəzsiz rolu olmuş bu insan hansı hissləri keçirir?

- Əlbəttə təəssüflənirəm. heyf o komandadan. “Turan”ı yaradanda Azərbaycan müharibə vəziyyətində idi. Tovuz da Ermənistanla sərhəddə yerləşdiyindən rayonda hərbi əməliyyatlar gedirdi.  Camaat arasında əhval-ruhiyyəni qaldırmaq üçün nəsə eləmək lazım idi. Çünki əhalinin rayondan çıxmaq təhlükəsi vardı. Belə bir vaxtda “Turan”ı yaratmaqla onlara göstərmək istədik ki, rayonda futbol var, həyat davam edir. İnandırım ki, Tovuzun bir qarış torpağının erməniyə verilməməsində bu addımın atılmasının böyük rolu oldu. Həm əhalidə əhval-ruhiyyə yüksəldi, həm də Tovuz futbolunu yenidən dirçəldə bildik.

- “Turanı yaratmaqla qazanıb, itirdiniz?

- Qazancım itirdiyimdən qat-qat çox oldu. Əsas odur ki, qarşıma qoyduğum məqsədimə çatdım. Məqsədim Tovuz futbolunu yenidən dircəltmək, müharibə şəraitində olan əhalini öz doğma yurd-yuvasına bağlamaq, camaatın əhval-ruhiyyəsini yüksəlmək idi. Bunları bacardığıma görə mənəvi cəhətdən rahatlıq tapmışam. Tovuz üçün nəsə bir iş görə bildiyim üçün şadam. İtirdiyim isə pul oldu. Amma zərrə qədər də təəssüflənmirəm. Çünki, xərclənən pulları Allah mənə qismət eləmişdi. Ora xərclənməsəydi, başqa yerdə itirə bilərdim. Bəlkə də, həmin pullar xərclənməsəydi, indi mən həyatda yox idim.

- Amma Sizin qurub-yaratdığınız komanda Premyer Liqanı tərk etdi. Sizcə səbəb idi?

- Fikrimcə, “Turan”ın 1-ci dəstəyə düşməsinə səbəb rəhbərliyin işini düzgün qurmaması idi. Bura maliyyə problemlərini və birliyin olmamasını da əlavə eləmək lazımdı.

- Hazırki rəhbərlikdən Namiq Məstanovla vaxtilə bir yerdə çalışmısınız. Münasibətləriniz necədi?

- Münasibətlərimiz normaldı. Bir neçə ay əvvəl görüşmüşdük. Vaxtilə Namiq mənim köməkçim olub, “Turan”da icraçı direktoru vəzifəsində də işləyib.

- “Turanın indiki vəziyyətə düşməsinə o da cavabdehlik daşıyır.

- Bu haqda heç nə deyə bilmərəm. Bir işçi kimi ondan narazı qaldığım məqam olmayıb. Bildiyimə görə, “Turan”ın inkişafı üçün bacardığını eləyib.

- Bu yaxınlarda Namiq Məstanov mətbuata açıqlama vermişdi ki, 2002-ci ildən bu yana əvvəlki prezidentlərin dövründən xeyli borc yığılıb qalıb. Necə düşünürsünüz, həmin borclardan sizə aid olanı varmı?

- Vallah mənim nə borcum olasıdı ki? Komandaya o qədər pul xərcləmişəm. Təkcə stadionun və bazanın yenidən qurulmasına milyon dollara yaxın pul sərf olunmuşdu. Başqa xərcləri demirəm. Uzağı elektrik enerjisinə müəyyən qədər borc qala bilərdi. Qaza olan borcdan isə ümumiyyətlə söhbət gedə bilməz. Çünki, həmin vaxt rayonda qaz yox idi.

- Klubun sizdən sonrakı prezidenti Tahir Yusibovla münasibətləriniz yaxşı olub. Komandanı da məhz ona təhvil vermişdiniz. Amma Tahir müəllim sonradanTurandan imtina etdi.

- Mənim “Turan”dan getməyimə əsas səbəb maliyyə idi. 2003-cü il idi - komandanı əvvəlki kimi saxlamağa gücüm çatmırdı. Rəhmətlik Ramiz Mirzəyevin məsləhəti ilə klubu, stadionu, bazanı Tahir müəllimə təmənnasız təhvil verdim. Məqsədim “Turan”ın yaşaması idi. O vaxt “Turan”ın təsisçisi mən idim. Stadion, baza mənim mülkiyyətimdə idi. Hətta Tahir müəllim o vaxt belə bir söz demişdik ki, əgər komandanı kiməsə versəsi olsa, birinci mənim razılığımı alacaq. Sonradan rayon İcra Hakimiyyəti komandanı götürmək istəyəndə etiraz etmədim. Bildiyimə görə Tahir müəllim də həmin vaxt klubu saxlamaq gücündə deyildi.

- Bayaq dediniz ki, stadionun bazanın qurulmasına xeyli vəsait xərclənmişdi. Sizin qurduğunuz stadionun qazonu indi süniləşdirilir.

- Nə olmuşdu ki, qazona? Heç vaxt süni örtüklü meydançanın tərəfdarı olmamışam. O vaxt bir nəfər mənə bir kitab vermişdi. Stadionda qazonun necə salınması barədə. Həmin kitabda göstərildiyi kimi etdik. Məsələn, qazonun altından drenaj sistemi quraşdırıldı, meydançaya toxum səpildi, vaxtında qulluq edildi. Yeni meydançanın salınmasına sərf olunan pulu başqa yerə xərcləmək olardı. Ən azından Qaraxanlıdakı stadiona.

- Futboldan uzaqlaşmağınız Ramiz müəllimin dünyasını dəyişməsindən sonra oldu. Yenidən futbol sahəsinə qayıtmaq istəyərdinizmi?

- Düzü, o vaxt Ramiz müəllim AFFA prezidenti seçiləndə məni öz yanına məsləhətçi kimi işləməyə dəvət elədi. Ramiz müəllimin vəfatından sonra yeni prezident seçildi. Mənə kimsə tərəfindən təklif olmadı ki, qalıb işləyim.

- BəsTurana necə?

- Mümkün deyil. “Turan”a ancaq prezident kimi qayıda bilərəm. Amma bunun üçün yaxşı pulun olması vacibdi. Məndə isə əvvəlki imkan yoxdu. Başqa vəzifəyə isə getmərəm. Tovuzda, Azərbaycanda məni indiyə kimi klub prezidenti kimi tanıyıblar. İstər-istəməz ən hörmətli şəxslərdən biri kimi qəbul olunmuşam. “Turan”ın oyunu həmişə fəxri tribunadan qonaq komandanın prezidenti, rayonun vəzifəli şəxsləri ilə birgə izləmişəm. Özündənrapzılıq olmasın, istəmirəm ki, vaxtilə oturduğum yerdən aşağıda olum.

- “Turanın oyunlarına necə, baxırsınız?

- 2007-dən bəri yox. Məhz elə bayaq dediyim səbəbdən. İstəmirəm ki, kimsə stadionun qapısında qarşımı kəsib desin ki, sən kimsən? Komandanın oyunlarını ancaq televizor vasitəsilə izləmişəm.

- Ramiz Mirzəyevin vaxtında bəziləri AFFA-Tovuz mafiyasıadlandırırdılar.

- İki cür mafiya olur - xoşməramlı və pisniyyət. Biz “xoşməramlı mafiya” idik. “Mafiya” əslində pis söz deyil ki. Tərcümədə “ailə” deməkdi. Biz də o vaxt bir ailə kimi fəaliyyət göstərirdik. Hər bir insan, təşkilat məqsədinə çatmaq üçün təbii ki, qarşısına çıxan müxtəlif əngəlləri aradan qaldırmaq istəyəcək. Bu, təbii bir prosesdi. Düzü, kimsə birbaşa üzümüzə “Tovuz mafiyası” ifadəsini işlətməyib. Amma ara-sıra qulağımıza belə sözlər gəlib çatırdı. “Tovuz mafiyası”nın məqsədi Azərbaycan futbolunu dirçəltmək, dünyaya tanıtmaq, uşaq futbolunu inkişaf etdirmək və s. idi. Biz də məqsədimizə çatmaq üçün həmin əngəlləri demokratik yolla, qanunlar çərçivəsində yolumuzdan kənarlaşdırırdıq. Yəqin ki, buna görə bizdən narazı olanlar həmin ifadəni ortaya atmışdılar. Amma Ramiz müəllimin vəfatı ilə əlaqədar işlərimiz yarımçıq qaldı. İndi AFFA-ya Rövnəq Abdullayev başçılıq edir, onun komandasının da məqsədi Azərbaycan futboluna xidmət eləməkdi.

Ümumiyyətlə, hər həs bir işin qulpundan yapışanda qarşısına məqsəd qoyur ki, mən bu amal uğrunda çalışıram. Maraqlı bir faktı qeyd edəcəm. Hələ “Turan”ın prezidenti olarkən, rayonumuzun hörmətli ziyalılarından biri mənə yaxınlaşaraq, dedi ki, “Turan”ı götürməklə sənin məqsədin futbola xidmət etmək yox, öz şəxsi mənafeyini güdməkdi. Ona cavab verdim ki, kimin haqlı olduğunu zaman göstərəcək. Həqiqətən də sonradan sübut eləyə bildim ki, mənim futbola gəlişim özümü deyil, Tovuz camaatını, Tovuz futbolunu düşünmək idi. Səhv eləmirəmsə, Xalq Cəbhəsinin hakimiyyəti dövrü idi. Rayonun o vaxtkı icra başçısı Səməd müəllim mənə dedi ki, komandaya bu qədər pul xərcləyirsən, olmazdımı həmin pulu cəbhəyə verəsən? Dedim ki, Səməd müəllim, birincisi cəbhəyə məndən çox pul xərcləyən birisini göstərə bilərsənmi? İkincisçi isə, futbola xərclənən pullar elə cəbhəyə xərclənmiş kimi idi. Əgər səngərdə oturan əsgər arxa cəbhədə həyatın qaynadığını görürsə, ailəsindən nigaran deyilsə, onda ruh yüksəkliyi yaranır. Yeri gəlmişkən, o vaxt “Turan”la ordu bir vəhdət təşkil edirdi. Tez-tez əsgərlərlə görüşə gedirdik, komandanın onlara oyunun təşkil edirdik. Bütün bunlar rayon camaatı arasında əhval-ruhiyyəni saxlamaq məqsədi daşıyırdı.

- "Turan"ın çempionluğundan 19 il keçir. Necə xatırlayırsınız?

- Həmin mövsüm “Turan” həqiqətən də Azərbaycanda ən güclü komanda idi. Bizdən başqa 4 komanda çempionluq uğrunda mübarizə aparırdı - “Neftçi”, “Xəzər” (Sumqayıt), “Qarabağ” və “Kəpəz”. Bu komandalar ilə öz aramızda keçirdiyimiz oyunlara nəzər yetirsək, kimin həqiqətən güclü olduğunu görərik. Tovuzda keçirdiyimiz bütün oyunlarda, “Bakı fəhləsi”ni çıxmaq şərtilə qalib gəlmişdik. Çoxları o vaxt deyirdi ki, “Turan” pul gücünə çempion olub. Hamısı boş söz-söhbətlər idi. Hansı çempionluq uğrunda yarışan komanda “Turan”a oyun bağışlayardı?

“Turan” həm də 19 il əvvəl Azərbaycanı ilk dəfə Avropada təmsil edib. Məncə bunun özü də fəxr olunası hallardan biridi. Sevinirəm ki, bunların əldə olunmasında mənim də payım var.

- Sizcə, “Turanı əvvəlki vəziyyətinə qaytarmaq üçün lazımdı?

- Birinci növbədə, yaxşı pul. İmkanlı bir şəxs və ya təşkilat komandanı öz himayəsinə görürərsə və işlərini düzgün qurarsa, az bir müddətdə mənim vaxtımdakı “Turan”ı görə bilərik. Tovuzdan həmişə yaxşı futbolçular çıxıb. İndi də var. Elə yerlilərin hesabına, heç bir legionersiz komandanı yenidən dirçəltmək mümkündü. Tovuzda hamının futboldan anlayışı var. Küçədə adi bir vətəndaşı da saxlayıb futbol barədə sual versəniz görəcəksiniz ki, çox şey bilir.

- Mətbuatda demək olar ki, görsənmirsiniz... Maraqlanmırlar?

- Niyə ki, bir neçə dəfə jurnalistlər əlaqə saxlayıblar, müsahibə götürmək istəyiblər. Razı olmamışam. Bircə dəfə keçən il sizə müsahibə vermişəm. Məni yoldan çıxara bildin (gülür). AFFA-dan istefa verəndən sonra futboldan tamamilə uzaq düşmüşəm. Bü, öz istəyimlə olub. Tamamilə başqa sahədə, öz işlərimlə məşğulam. Mətbuatdan uzaq olmağa çalışıram.

- Köhnə futbolçulardan əlaqə saxlayanlar varmı?

- Hamısı olmasa da, bəziləri arada məni yada salır. Bu yaxınlarda Vəli Hüsenovla görüşmüşəm. “Neftçi”nin məşqçisi Bəxtiyar Musayev də arada əlaqə saxlayır.

Söhbətləşdi: İlqar TAĞIYEV, “Het-trik news”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30