19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Elxan Məmmədov: “Biz futbolçu və məşqçi arasında olan məsələlərə qarışmırıq”

AFFA-nın baş katibi Elxan Məmmədov Futbolxeber.az saytına müsahibə verib.

- Noyabrın 17-də milli komandamız yoxlama oyununda Moldova ilə qarşılaşacaq. Bu görüş niyə məhz Bakı Olimpiya Stadionuna salındı?

- Son zamanlar millimiz ev oyunlarını ya Tofiq Bəhramov adına Respublika stadionunda, ya da “Bakcell Arena”da keçirir. Hazırda “Bakcell Arena”nın xidmətindən “Neftçi” və “Qəbələ” yararlanır. Respublika stadionunda isə “Qarabağ” avrokubok matçlarını keçirir. Bunları nəzərə alaraq düşündük ki, niyə fürsətdən istifadə etməyək? Oyunu Olimpiya Stadionuna salmağımızın başqa səbəbi də, odur ki, komandamız həmin stadiona öyrəşməlidi. İtaliya ilə oyunda millimizə möhtəşəm azarkeş dəstəyi var idi. Amma yenə də komandamız həmin stadionda bir qədər narahat idi. Həmin arenada davamlı çıxış etməklə yığmamız ora öyrəşməlidir.

- Baş məşqçi Robert Prosineçkinin milliyə dəvət etdiyi futbolçular arasında kapitan Rəşad Sadıqov da var. Bu o deməkdir ki, təcrübəli müdafiəçi yığma karyerasını davam etdirir?

- Bu, birbaşa Robert Prosineçki və Rəşad Sadıqov arasında olan məsələdir. Biz futbolçu və məşqçi arasında olan məsələlərə qarışmırıq və gələcəkdə də qarışmayacağıq. Bu haqda ətraflı məlumatı Robert Prosineçki verə bilər.

- 2016-cı il üçün Azərbaycan millisinin hazırlıq planı bəllidir?

- Hazırda bunun üzərində iş gedir. Həm biz, həm də Prosineçki çalışırıq.

- Qarşıdakı ildə yoxlama oyunları üçün hansı ölkələrlə danışıqlar aparılır?

- Əlbəttə ki, danışıq apardığımız ölkələr var. Lakin indi onların adlarını açıqlamaq istəməzdim. Çünki danışıqlar mərhələsi bitməyib. Ad çəkmək üçün hələ tezdi.

- Gələn ilin mayında ölkəmizdə keçiriləcək Avropa çempionatına hazırlıq işləri nə yerdədir?

- Çempionata hazırlıq işlərinə artıq bir müddətdir start verilib. Bütün işlər yüksək səviyyədə davam etdirilir. Hər zaman olduğu kimi, bu yarışın da yüksək səviyyədə təşkil olunması üçün çalışırıq.

- Təşkilat Komitəsinin tərkibi artıq müəyyənləşib?

- Müəyyənləşmək üzrədir. Gələn ilin yanvarında siyahı tam dəqiqləşəcək və ictimaiyyətə açıqlanacaq.

- “Dalğa arena”nın qazonu nə vaxt dəyişdiriləcək?

- Avropa çempionatının startına, yəni maya qədər “Dalğa arena”ya təbii öt örtüklü qazon döşənəcək.

- Bir müddət əvvəl sizin də iştirakınızla Məşqçilər Komitəsinin iclası keçirildi və qərara alındı ki, U-21-ə zədəli olduqlarını əsas gətirərək qoşulmayan 4 futbolçu barəsində araşdırma aparılsın. Həmin araşdırmanın və nəticələri necə oldu?

- Həmin futbolçuların zədələrinə diqqətlə baxıldı, onların durumları incələndi. Bundan sonra da belə məsələlərdə diqqətli olacağıq. Çünki hansısa futbolçu məsuliyyətsizlik edə bilər. Yaxud da həkimlərin səhv etməsi mümkündür. U-21-in üzvləri bağlı araşdırmanın yekun cavabları da var. Hər şey qaydasındadır.

- Yəni, həmin futbolçuların hamısı həqiqətən də zədəli olub?

- Bəli, Həqiqətən zədəli olublar və bu səbəbdən də milliyə kömək edə bilməyiblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30