25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Almaniya təəssüratları: Nə arzuladığımız qolları gördük, nə də Madonnanı... YAZI + FOTOLAR

Cari mövsüm Avropada tarix yazan “Qəbələ”nin Dortmunda səfəri əvvəlkilərdən fərqlənirdi. Həm komanda ilə birgə səfərə gedən jurnalistlərin sayı çox idi, həm bu dəfə 20-dən artıq azarkeş “Qəbələ” ilə bir təyyarədə yer alırdı, həm də səfərin müddəti daha uzun idi.

DORTMUNDDAN HAGENƏ 

Qəbələ aeroportundan havaya qalxan AZAL-a məxsus “Airbus-320” təyyarəsi 4 saat 20 dəqiqəlik uçuşdan sonra Dortmunda endi. Dortmunddakı kiçik hava limanında “Qəbələ”ni bir alman azarkeş qarşıladı. O, komandanın demək olar ki, bütün futbolçularından avtoqraf alırdı. Hava limanından sonra isə artıq yollar ayrıldı. Dortmundda beynəlxalq sərgi olduğu üçün komanda üzvləri, rəhbərlik, azarkeşlər və jurnalistlərin hər biri ayrı istiqaməyə yollandı. Bizim qismətimizə Hagen şəhəri düşmüşdü. 

ƏHALİSİ İLBƏİL AZALAN ŞƏHƏR

Hagen Almaniyanın qərbində yerləşir. Şəhər Şimali Reyn-Vestfaliya federallığının ərazisinə daxildir. Hageni tez-tez “Zauerland qapısı” da adlandırırlar. Son statistik məlumatlara görə, şəhər əhalisinin sayı 190 min nəfərdir. Diqqətçəkən məqam odur ki, son 20 ildə şəhərdə əhalinin sayı azalır. Bu şəhərdən yalnız Emil Şumaher (rəssam) və Nena (müğənni) kimi tanınmış şəxslər çıxıb. Hagendə həm də Almaniyanın yeganə qiyabi universiteti yerləşir.

Bütün Avropada olduğu kimi, Hagendə də həftəarası axşam saatlarında küçədə çox az adama rast gəlmək mümkündür. Bazar ertəsindən cümə gününə qədər işləyən almanlar, yalnız həftəsonunu istirahətə həsr edirlər. Buna görə də biz orda olduğumuz müddətdə axşam saat 6-dan sonra küçədə çox az sayda adam gözə dəyirdi. 

NAXÇIVANLI HACIBABA

Almaniyanın digər şəhərlərində olduğu kimi, Hagendə də xeyli sayda türklərə rast gəlmək mümkündür. Şəhərdə azərbaycanlı da yaşayır. Bu, naxçıvanlı Hacıbabadır. Düzdür, həmyerlimizlə görüşə bilməsək də, Hacıbaba Hagendə kifayət qədər tanınır. Bu, onun sahibi olduğu “Hacıbaba restoranı”nın şəhərin mərkəzində yerləşməsindən irəli gəlir. 

MÖHTƏŞƏM “SİQNAL İDUNA PARK”

Noyabrın 5-də Dortmunda, buna qədər daim televizorda heyrətlə baxdığımız möhtəşəm “Siqnal İduna Park”a yollandıq. “Borussiya”nın stadionu haqda yazmaq elə də asan deyil. Çünki stadion həqiqətən də möhtəşəmdi.

Roman Qriqorçukun oyunöncəsi mətbuat konfransına qatılmaq üçün liftlə 5-ci mərtəbəyə qalxdıq. Mətbuat otağına gedən yol “Borussiya”nın muzeyindən keçir. Burada klubun qazandığı əksər kuboklar yer alır. Mətbuat otağında da işləmək üçün hər bir şərait var. Jurnalistlər burada müxtəlif sərinləşdirici və isti içkilərdən, yemək və buterbrodlardan, hətta dondurmadan belə istədikləri qədər qidalana bilərlər. 

MADONNAYA GÖRƏ İZDİHAM

Hagenə ən yaxın şəhərlərdən biri də Kölndü. Fürsətdən istifadə edib, bu şəhərə də baş çəkdik. Vağzalda qatardan enən şəxsi ilk öncə məşhur Köln kilsəsi qarşılayır. Bu, təkcə Almaniyanın deyil, həm də Avropanın ən böyük və ən qədim kilsələrindən biridir.

Kölndə olduğumuz vaxt öyrəndik ki, məşhur amerikalı pop-müğənni Madonna da buradadır. “Rebel Heart” adlı dünya turnesi çərçivəsində Madonna noyabrın 4-də Kölnün “Lanxess Arena” idman-əyləncə kompleksində konsert verib. Bundan 5 gün sonra Berlində pərəstişkarları ilə görüşəcək dünya səviyyəli müğənninin Kölndə qaldığı otelin qarşısında əsl izdiham yaşanırdı. Xeyli insan Madonna ilə şəkil çəkdirmək üçün saatlarla növbədə dayanmışdı. Belə bir durumda bizim Madonnanı canlı görməyimiz qeyrı-real idi. 

“QƏBƏLƏ”NİN SENSASİYAYA GÜCÜ ÇATMADI

Nəhayət, noyabrın 5-i Bakı vaxtı ilə 22:00-da Sebastien Delferier start fitini səsləndirdi və səbirsizliklə gözlədiyimiz “Borussiya” - “Qəbələ” matçı start götürdü. Qarşılaşma canlı yayımlandığından 90 dəqiqə barədə geniş yazmağa ehtiyac yoxdu. Qısaca onu deyək ki, ilk 20 dəqiqədə pis təsir bağışlamayan “Qəbələ” sonradan “Borussiya”nın hücumları qarşısında tab gətirmədi. Yekun nəticə isə 0:4 oldu. Təmsilçimiz əlindən gələni etsə də, hazırda Avropanın ən formada olan komandalarından biri qarşısında duruş gətirə bilmədi. “Borussiya” bu dəqiqə elə futbol sərgiləyir ki, yenilgiyə görə “Qəbələ”ni tənqid atəşinə tutmaq da asan deyil. 

ERMƏNİ TƏXRİBATI

Henrik Mxitaryan “Borussiya”nın formasını geydiyindən ermənilərin də bu matça maraq göstərəcəkləri əvvəldən məlum idi. Matçın startında arenada ermənilərin bayrağı açıldı. Az sonra bayraq yığışdırılsa da, ermənilər həmişəki kimi yenə də təxribatlarından əl çəkmədilər. Belə ki, ikinci hissədə ermənilər bayraqlarını “Qəbələ”ni dəstəkləyən azərbaycanlı və türkiyəli fanatların yaxınlığında açdılar ki, bu da dərhal fanatlarımızın etirazına səbəb oldu. 

“BORUSSİYA” MXİTARYANI GİZLƏTMƏYƏ ÇALIŞSA DA...

Hakimin final fiti səsləndikdən sonra bir neçə həmkarımla miks-zonaya düşdük. Bakıdakı matçda iştirak etməyən Henrik Mxitaryandan müsahibə oxucular üçün da maraqlı olacaqdı. Sonda istəyimizə çatsaq da, bu, asan olmadı. Yarım saatdan çox gözlədik. Bu müddətdə “Qəbələ”nin avtobusu, hakimlər, UEFA nümayəndələri arenanı artıq tərk etmişdilər. Həmçinin “Borussiya”nın da əskər futbolçuları paltardəyişmə otağından çıxmışdılar. Bu zaman Mxitaryanın harada olduğunu öyrənmək üçün “Borussiya”nın mətbuat katibinə müraciət etdik. O isə erməni futbolçunun artıq arenanı tərk etdiyini bildirdi. Amma bir qədər də gözlədik və Henrik miks-zonada gördün. Suallarımızı cavablandırmaqdan da imtina etmədi. 

QAYIN AD GÜNÜ HAVADA QEYD OLUNDU

Noyabrın 6-da, Bakı vaxtı ilə 13:00-da “Qəbələ” Dortmundu tərk etdi. Uçuş zamanı təyyarə bələdçisi həmin gün 33 yaşını qeyd edən Aleksey Qayı təbrik etdi. Ukraynalı futbolçunun özəl günü üçün tort da hazırlanmışdı. 

SON SÖZ ƏVƏZİ

Sonda Almaniyaya səfərimizi təşkil edən “Qəbələ” rəhbərliyinə təşəkkür edirik, Başda klub prezidenti Tale Heydərov olmaqla, klub rəsmiləri Fariz Nəcəfov, Zaur Əzizov, Səbuhi Səfiyarlı, Səməd Nəsibov, Nail Kərimov və Anar Hacıyevə minnətdarlığımızı bildiririk.

Növbəti səfərdə görüşənə qədər...

İBRAHİM

Bakı - Qəbələ - Dortmund - Qəbələ - Bakı




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30