19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Böyük kapitan” YAZI

Ələkbər Məmmədov... Anatoli Banişevski... İsgəndər Cavadov... İqor Ponomaryov... Nazim Süleymanov... Vidadi Rzayev... Qurban Qurbanov... Zaur Tağızadə... Samir Əliyev...

Siyahıya daxil etdiyim isimlər Azərbaycan futbolunda müxtəlif dövrlərdə dərin iz buraxmışlardı. Onları birləşdirən daha bir məqam heç vaxt futbolçu karyeralarını davam etdirərkən, layiq olduqları dəyərin verilməməsidi. Boşluqdu. Bizim, sizin, fərq etməz kimin, əsas odu ki, bu insanlar maddi cəhətdən nələrəsə sahib olsalar da, mənəvi dəyərlərini almayıblar. Ancaq hər biri dövrünün dahisi olub. Nazim Süleymanovdan sonra siyahıda yer alan futbolçular müxtəlif zamanlarda millimizin kapitan sarğısını da daşıyıblar...

Türkiyənin bir “Böyük kapitan”ı var - Bülənt Korkmaz. Əbədi olaraq da, bu adın yeganə daşıyıcısı olacaq. Ukrayna futbolunun bir “Maestro”su var - Valeri Lobanovski. Əbədi olaraq da, bu adın yeganə daşıyıcısı olacaq. Gürcüstan futbolunun bir “Qol maşını” var - David Kipiani. Əbədi olaraq da, bu adın yeganə daşıyıcısı olacaq. Bizim də bir “Böyük kapitan”ımız var - Rəşad Sadıqov! Müstəqil Azərbaycanın yığmasının sıralarında 100 oyundan artıq keçirən ilk futbolçu.

Onun futbolçu karyerası başdan-ayağa bəyaz deyil. Əlbəttə, eniş də olub, amma əyilsə də, sınmayıb. Hətta basketbol çempionatında oynamağa razı olub, təki fiziki formasını itirməsin. Itirməsin ki, yenidən futbolumuzun əbədi “Böyük kapitan”ı kimi qayıtsın...

Vaqif Paşayevin rəhbərliyi altında futbolun sirlərini öyrənməyə başlayan 33 yaşlı qəhrəmanımızın ilk peşəkar klubu Tovuzun “Turan” komandası olub. Həmin vaxt 18 yaşı var idi. 15 illik karyerası ərzində bir çox həmkarları kimi ölkənin bütün üzdə olan klublarında forma geyinməyib. “Turan”dan savayı bir “Neftçi” olub, bir də bu gün də ləyaqətlə şərəfini qoruduğu “Qarabağ”. O, İranda da top qovub, Türkiyədə də. Özü də tək-tük futbolçularımızdandı ki, ölkə xaricində uğurlu karyera yaşayıb.

Əvvəllər ön müdafiəçi kimi oynayardı, sonradan libero və ya 2 mərkəz müdafiəçisindən biri. Futbol ölçüləri ilə boyu o qədər də uca deyil. Cəmi 181 sm. Amma fitri istedadı və inanılmaz əzmkarlığıyla bunu kompensasiya etməyi bacarır. Topa, ayağa başını qoyması, zədədən qorxmaması, təkbətək mübarizələrdə rəqiblərinə heç vaxt bilərəkdən xəsarət yetirməməsi Sadıqovun tanıtım markasıdı. Dünən də elə olub, bu gün də elədi, sabah da elə olacaq. Artıq xəmiri bu cür yoğrulub.

Karyerasını vərəqləyərkən, bəlkə nələrisə unuda bilərəm. Amma tarixə həkk olunan bir sıra məqamlara ekskurs etməyə zərurət var. 2004-cü ildə millimiz tarixində ilk qələbəsini qazanıb. Aprelin 28-də Qazaxıstanın qonağı olan yığmamız bu qələbəyə yoxlama görüşündə imza atıb. Matçın bitiminə 5 dəqiqə qalırdı. Hesab 2:2 idi. Azlıqda qalan yığmamız cərimə zərbəsi vurmaq hüququ qazanır. Qayda pozulan nöqtəyə yaxınlaşan Mahmud Qurbanov topu ayağının altı ilə 22 yaşlı Rəşada yumalayır və “5 nömrə” milli karyerasında ilk qolunu vuraraq, yığmamızın ilk səfər qələbəsini rəsmişləşdirir.

Maraqlıdı ki, “Böyük kapitan” millimizin 100-cü oyununda da rəqib qapısının torunu silkəyib. Uelslə Bakıda dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan qarşılaşmada Sadıqov komandamızı məğlubiyyətdən xilas edən zərbənin müəllifi olur. Yenə cərimə zərbəsi və yenə də qol! Bu dəfə birbaşa zərbəylə. Amma artıq ənənəvi “14 nömrə” altında. Sadıqov demək olar millimizin bütün tarixi naticələrlə başa çatmış oyunlarda baş rolda olub. Axı fakt budur ki, yığmamız qalib gəldikdə belə, yük əsasən müdafiənin üzərinə düşüb. “Böyük kapitan” isə nəinki bu xəttin, bütövlükdə yığmamızın sütunu rolunda çıxış edib. 3 gün öncə Sadıqovun Türkiyə yığmasını nokauta göndəridiyi oyundan 5 il ötdü. 2010-cu ilin oktyabrın 12-də qardaş ölkənin yığmasına qarşı Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda baş tutan qarşılaşmaya da “Böyük kapitan” damğası vurulur. Vaqif Sadıqovun ixtirası sayılan məşhur künc zərbəsindən sonra digər Sadıqov - yazının qəhrəmanı olan Rəşad - dəqiq zərbə endirir. Bu qol matçda yeganə olur və millimiz tarixində ilk və hələ ki, sonuncu dəfə Türkiyəni məğlub etməyi bacarır.

Onun klub karyerasında da unudulmaz anlar olub. İki dəfə Avropa Liqasının qrupuna düşən “Qarabağ”ın uğurlarında Rəşadın hansı pay sahibi olması barədə uzun-uzadı yazmaq olar. Amma mən Ağdam təmsilçisinin digər bir oyununu xatırlamaq istəyirəm. O vaxt “Qarabağ” indiki əzəmət sahibi deyildi. 23 iyul, 2009-cu il. Norveç klub futbolunun flaqmanı “Rusenborq”la Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində qolsuz bərabərliyə qalmaq özlüyündə fantastik uğur idi. Amma Ağdamın işğalı günü Tofiq Bəhramov adına stadionu ağzına kimi dolduran fanatlar “Qarabağ”dan daha böyük möcüzə - qələbə gözləyirdi. Və qələbə gəldi. Sadıqov yenə də səhnəyə cərimə zərbəsindən sonra çıxdı. Vaqif Cavadovun ayağının altı ilə yumaladığı topa Rəşad iti bucaq altından inanılmaz zərbə endirdi. Top uzaq “doqquzluğ”a sancıldı - 1:0! Skandinavların ixtiyarında düz 1 hissə qalsa da, Sadıqovun rəhbərlik etdiyi müdafiə xətti, alınmaz qalaya çevrildi və Ağdamın işğalı günü yaxınlarını, əzizlərini itirmiş ağdamlılar üçün bir məlhəm oldu.

Bundan cəmi 2 həftə sonra Rəşad “Qarabağ”a qələbə qazandıran daha bir qola imza atır. Bu dəfə “Böyük kapitan”ın qurbanı Finalandiya “Honka”sı olur. Səfərdə 1:0 qalib gəlməsinə baxmayaraq, Bakıdakı görüşdə hesab 1:1 olarkən, skandinaviyalılar ərazi üstünlüyünə sahib olan bir vaxtda səhnəyə O çıxır. Və yenə də cərimə zərbəsindən sonra.

2008-2009 mövsümünü Türkiyənin “Kocaelispor” komandasında keçirən Rəşadın karyerasında daha bir unudulmaz səhifə “Qalatasaray”ı səfərdə devirdikləri görüşdə yazılır. İstanbulda 5:2 hesablı qələbə qazanan Kocaeli təmsilçisinin azərbaycanlı müdafiəçisinə məhz bu görüşdən sonra qardaş ölkə mətbuatı “Terminator” ləqəbi verir.

Bu ay millimiz AÇSO çərçivəsində keçirdiyi hər iki oyunda məğlub oldu. Həm İtaliyaya qarşı, həm də Bolqarıstandakı görüşlərdə Sadıqov əvəzlənmədən iştirak etdi. 33 yaşında da eyni marka: Bakıdakı görüşdə başını rəqib butsun altına qoyan, Sofiyada isə qüvvətli zərbənin qarşısına gövdəsini atan “Böyük kapitan”...

İllər ötəcək, Sadıqov butslarını “mismardan asacaq”. İdman mediası yeni nəslin futbolçularına və gənc həmkarlarına örnək kimi məhz Onu göstərəcək. Amma O, “butslarını mismardan asa bilər”, futboldan birdəfəlik gedə bilməz. Çünki alın yazısıdı. İstər futbol funksioneri olsun, istər uşaq futbolunda çalışsın, istərsə də baş məşqçi olsun.

O, türklər üçün “Terminator”, norveçlilər üçün “Qəbirqazan” ola bilər. Amma Azərbaycan üçün əbədi olaraq “Böyük kapitan” qalacaq. Rəqibinin kimliyindən asılı olmayaraq, dişi ilə belə bu bayraq uğrunda daim vuruşan “Böyük kapitan”!

Ceyhun Əliyev, futbolinfo.az 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30