23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rauf Mehdiyev: “Millidə ehtiyat qapıçı olmaq üzrə bəlkə də rekordçuyam"

Milli komandamızın sabiq üzvü, hazırda U-19-da məşqçi çalışan Rauf Mehdiyev “Het-trik news” qəzetinə müsahibə verib. Veteran qapıçının fikilərini təqdim edirik:

“Məktəbdə nə pis hadisə baş verirdisə, bizdən görürdülər"

1976-cı il oktyabrın 17-də Bakıda, Bayıl qəsəbəsində anadan olmuşam. Əslimiz iranlıdır. Babam Səxavət kişi SSRİ təzə qurulanda Təbrizdən Bakıya köçüb, burada ailə həyatı qurub. Atam da Bayılda dünyaya göz açıb. Anam isə bakılıdı. Ailədə 2 uşaq olmuşuq - mən və böyük bacım. 6 yaşına kimi Bayılda yaşamışıq. Atam Rafiq Mehdiyev “Bibiheybətneft"in qarajında yüksək vəzifədə çılışırdı. 1982-ci ildə bizə ev verdilər və 4-cü mikrorayona köçəsi olduq. Anam 2002-ci ildə, atam isə 2 il sonra dünyasını dəyişib.

1999-cu ildə ailə həyatı qurmuşam. 23 yaşım var idi. 2 övladım var - Rəna və Namiq. Rəna 15, Namiq isə 14 yaşındadı. Oğlum futbolla məşğul olurdu. Sonradan mən qoymadım. Dərslərinə fikir verməsini istəyirəm.

***

Ağlım kəsəndən məhəllədə uşaqlarla top qovmuşam. Həmişə də hücumda oynayırdım. 12 yaşım olanda məhəllə uşaqları sözü bir yerə qoyub “FŞM"ə yollandıq. 5 nəfər idik. Məşqçi İsmayıl Əliyev bizi yoxladı və yoldaşlarımı bəyəndi. Mənə isə dedi ki, yaramırsan, səndən hücumçu çıxmaz. Onun bu sözləri mənə pis təsir etmişdi, kövrəlmişdim. Az sonra Həmkərlar İttifaqının nəzdində yeni futbol məktəbi açıldı və İsmayıl müəllimin bəyəndiyi həmin 4 uşaq ora keçdi. Təklif etdilər ki, gəl məşqə, bəlkə yeni məşqçi səni bəyəndi. Bu dəfə məşqçimiz Çingiz Əzimovun xoşuna gəldim. Beləcə, məşqlərə başladım. Yayda komandamız Mərdəkandakı “Qaranquş" pioner lagerinə getmişdi. Orada qalır, həm də məşq keçirdik. Məşqçimiz isə hamının yaxşı tanıdığı İslam Kərimov idi. Bir dəfə oyundan əvvəl qapıçımız sarılıq tutmuşdu. Komanda qapıçısız qalmışdı. Uşaqlar bir ağızdan mənim qapıda dayanmağımı istədilər. Oyunum əla alındı. Elə o vaxtdan qapıda dayandım.

***

Futbolçu kimi yetişməyimdə İslam Kərimovun əməyi çox olub. 4-5 dəfə futbolu atmışam, hər dəfə də məni qayıtmağa məcbur edib. 13 yaşım olanda boksa yazılmışdım. Futbol məşqlərinə getmirdim. İndiyə kimi yadımdadır, həyətdə futbol oynayırdıq. Birdən atamın səsi gəldi. Atamdan çəkinirdim, həyatda qorxduğum yeganə insan o idi. Evə qalxanda İslam müəllimin bizdə olduğunu gördüm. 2 saata yaxın atamla birləşib məni o ki var danladılar. İslam müəllim gedəndən sonra isə atam “Bilirəm ki, səndən oxuyan çıxmayacaq. Ya səni adam edəcəm, ya da əlimdə öləcəksən. İndidən bir işin qulpundan yapış. Bu gündən səni məşqdən qalan görməyim" deyə, futbolla ciddi məşğul olmağımı tapşırdı. Atamın bir sözünü iki eləyə bilməzdim. Həm də İslam müəllimin yenidən bizə gələcəyindən çəkinirdim. İslam müəllimlə bağlı maraqlı bir xatirə danışım. Deməli, Çelyabinskə turnirə getmişik. Finalda Çelyabinskin “Siqnal" komandası ilə qarşılaşırdıq. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatdı. Qalibi müəyyən etmək üçün “penallaşırıq". Hər komanda 12-13 zərbə vurub, hamısı da qol olub. Hamımız bezmişdik, nə qədər penalti vurmaq olar? İslam müəllim kənardan üstümə qışqırdı ki, “Rauf, heç olmasa 1 penalti qaytar də". Onun bu sözləri acığıma gəldi, meydanı tərk etdim. Hamı düşdü arxamca ki, ay Rauf, daşı ətəyindən tök, səndən başqa qapıçı yoxdu axı, hara gedirsən? Xeyli məzəmmətdən sonra meydana qayıtdım. Maraqlıdır ki, qayıdan kimi penaltini qaytardım. Elə bir arada yaranan pauza xeyrimizə oldu.

***

Yaşadığımız yerdə avaralar çox idi. Məni və oturub-durduğum uşaqları xuliqan kimi tanıyırdılar. Əslində, xuliqan demək düz çıxmır, hər şeyin dadına baxmağı, dava eləməyi, insanlarla məzələnməyi xoşlayırdıq. Deyəsən, doğrudan da xuliqan idik axı (gülür). Düzünü deyəcəm, oxumaqla aram qətiyyən yox idi. 247 saylı məktəbdə təhsil almışam. Yaxşı yadımdadır, direktorumuz erməni idi - Albert İvanoviç. Avara uşaqları tutub şlanqla döyürdü. Məlum hadisələrdən sonra Ermənistana köçdü. Onun yerinə Rima müəllimə gəldi. Məktəbdə nə pis hadisə baş verirdisə, bizdən görürdülər. Burada deyirlər, adamın adı çıxınca, canı çıxsa yaxşıdı. 7-ci sinifə keçəndə məni sinifdə qoymaq istəyirdilər. Acığa düşüb məktəbin telefon kabelini qırdım. Düz 5 dəfə bu hadisə təkrarlandı. Cinayətkarı tapa bilmirdilər. Axırda kimsə məni satdı, adımı milis şöbəsinə vermişdilər. Atamı məktəbə çağırıb dedilər ki, uşağını məktəbdən qovuruq, götür apar. Onda atam məni yaman danlamışdı. Məcbur olub mən və 2-3 nəfər digər “cinayətkar" sənədlərimizi 18 saylı texniki peşə məktəbinə verdik. Güya dülgərlik sənətini öyrənəcəkdik. Orada da dinc dayanmadıq. Ustamız var idi, bizə dülgərliyi öyrədirdi. Bir dəfə “kozyol"un üstünə çıxıb nəyisə izah edirdi. Biz də “kozyol"un ayağından tutmuşduq ki, aşmasın. Məqam idi, bir-birimizə göz vurub kənara çəkildik. Müəllim kəllə-mayallaq yerə gəldi. Nə qədəq qovalasa da, tuta bilmədi. Qısası, oradan da qovuldum. Məni heç bir məktəbə götürmək istəmirdilər. Sağ olsun, İslam müəllim işə qarışdı, adımı 277 saylı idman təmayüllü məktəbə yazdırdı. “277"də də əməlimizdən qalmırdıq, müəllimlərə əməlli-başlı başağrısı olmuşduq. Riyaziyyat müəllimimiz var idi - Valentina Qavrilovna, yalvarırdı ki, dərslərinə getməyim, qiymət yazacaq. Əks təqdirdə direktora şikayət edəcəyini deyirdi. Deyirdim ki, yox, Valentina Qavrilovna, “2" versəniz də sizin bütün dərslərinizdə iştirak edəcəm...

“Camaatın karyerasına zədə son qoyur, mənimkinə isə..."

16 yaşım olanda İslam müəllim bizi “Azəri"yə verdi. Komanda yüksək dəstədə çıxış edirdi, baş məşqçimiz Nadir Qasımov idi. Dübüt oyunum Sabirabadın “İnşaatçı" komandasına qarşı olub. Həmin oyunda əsas qapıçılar meydana çıxmağa hazır idilər. Lakin nədənsə Nadir müəllim mənə şans verdi. Komandanı 1-2 yüzfaizli qoldan xilas etdim, 1:0 hesabı ilə qalib gəldik. Məktəbdə nə qədər ərkəsöyün olsam da, futbolda bir o qədər sözəbaxan idim. Məgər məşqçi ilə məzələnməyə cürətimiz çatardı. Bir tərəfdən də yaş öz sözünü deirdi. Böyüdükcə ağıllanırdıq, böyük-kiçik yeri bilirdik.

Haşiyə: Bu yerdə Raufun yaddaşını yeniləyək. Söylədiyi kimi onun yüksək dəstədə ilk oyunu “İnşaatçı"ya qarşı olmayıb. 1992-ci il sentyabrın 9-da “Tərəqqi"nin heyətində Sumqayıtın “Xəzər" komandasına qarşı oynadığı vaxt Mehdiyevin 16 yaşı tamam olmamışdı. Yeri gəlmişkən, həmin oyunda “Xəzər" 4:2 hesabı ilə qalib gəlmişdi. Meydan sahiblərinin heyətində hazırda Məşqçilər Şurasının sədri olan Vaqif Sadıqov 2 dəfə fərqlənmişdi. Digər qolları isə sumqayıtlılardan Taleh Nurmətov və Nazim Əliyev, “Tərəqqi"dən isə Samir Xairovla Samir Məmmədov vurmuşdular.

***

İlk maaşımın nə qədər olduğunu xatırlamıram. İndiki pulla haradasa 20 manat təşkil edirdi. O vaxt indiki futbolçulardan fərqli olaraq bizi pul maraqlandırmırdı. Fikrimiz-zikrimiz futbol oynamaq idi. İlk babat maaşım “Neftçi"də olub - 200 rubl. Həmin pula 2 kasetli “Elektronik" maqnitofonu almışdım. O vaxt dəbdə idi…

***

“Azəri"də ilyarım oynadıqdan sonra 1994-cü ildə İslam müəllim məni və daha bir neçə futbolçunu “Neftçi"yə apardı. “Neftçi"də o vaxt çox güclü qapıçılar var idi - Elxan Həsənov, Rauf Salamov və Etibar Şükürov. Mən 4-cü qapıçı idim. Məşqlərdə onlardan çox şey “oğurlaya" bildim. “Neftçi"də keçirdiyim 2 mövsümdə cəmi 4 dəfə oyuna çıxdım. Bu, yaxşı göstərici olmasa da, orada məktəb keçdim. Əvəzedicilərin çempionatı keçirilmirdi deyə, oyun praktikasının yoxluğundan əziyyət çəkirdim. Elxan Həsənov məsləhət gördü ki, başqa komandaya keçim. Çünki, “nəhəng"lərin arasında heyətə düşmək şansım demək olar ki, yox idi. Həm də komandanın baş məşqçisi Kazbek Tuayev məni Antalyaya təlim-məşq toplanışına aparmadığı üçün incimişdim. düşmüşHəmin ərəfədə Vaqif Sadıqov məni yeni yaradılan “Fərid"ə çağırdı. “Neftçi"dən müqaviləm olduğunu əsas gətirərək buraxmadılar. Məcbür olub Fuad Musayevin qəbuluna düşdüm. 18 yaşlılardan ibarət yığmanın üzvü olduğuma görə Fuad müəllim “Fərid"ə keçməyimə şərait yaratdı.

***

“Şəmkir"ə gedişimdən əvvəl OİK-dəki karyeram haqqında danışım. “Fərid"dən ayrıldıqdan sonra 5-6 ay futbolsuz qaldım. Özüm oynamaq istəmirdim. Baş məşqçi İbrahim Məcidovun təkidi ilə OİK-ə keçdim. İlk vaxtlar məqsəd komandanı yüksək dəstədə saxlamaq idi və bunun öhdəsindən gəldik. Növbəti mövsüm OİK-ə Xəqani Məmmədov, Samir Əliyev, Samir Məmmədov, Əhahim Niftəliyev və digər istedadlı futbolçular gəldi. Təsəvvür edin ki, 7 turdan sonra lider idik. OİK-in “Şəmkir"lə oyunundan sonra Əfqan Talıbov məni “Şəmkir"ə çağırdı. Rəhbərlik keçidimə problem yaratmadı, top və forma qarşılığında məni buraxdılar. Karyeramın ən yaxşı günləri “Şəmkir"də keçib. Zarafat deyil, 7 il Şəmkir klubunun şərəfini qorumuşam, 2 dəfə çempion olmuşam, ilk dəfə Çempionlar Liqasında mərhələ adlamışıq. “Skonto" ilə hər iki oyun indiki kimi yadımdadı. İlk matç səfərdə idi. Oyundan əvvəl mən, Mehman Yunusov, Badri Kvaratsxeliya, Faiq Cabbarov və Nizami Ocaqverdiyev söhbət edirdik. Birdən Faiq qayıtdı ki, “sabah biz “Skonto"nu “sürüyəcəyik". Güldük, Faiqin sözlərini zarafat kimi qəbul etdik. “Skonto" o vaxt çox güclü idi. Oyun başlayanda gördük ki, Faiq zarafat etmirmiş. Hesab 1:1 olarkən son dəqiqədə qapımıza penalti təyin olundu və 1:2 hesabı ilə məğlub olduq. Bakıdakı oyundan əvvəl isə artıq hamıda qələbəyə inam hissi yaranmışdı. Hətta baş məşqçimiz Ağasəlim Mircavadov “Skonto"ya 4 top vurucuğımızı demişdi. Mənə nağıl kimi gəlirdi. İlk hissə 1:1 hesabı ilə başa çatdı. İkinci hissənin sonunda azarkeşlər stadionu tərk etməyə başladılar. Rəqibin futbolçusu Aleksandr Rexaşvilini (Rauf “Bakı"da çıxış edərkən Saşa ilə komanda yoldaşı idi, birgə çempion olublar - İ.T.) təbrik edərkən Badri qol vurdu. Camaat geri qayıtdı. Əlavə vaxtda daha 2 qol vuraraq tarix yazdıq.

***

“Şəmkir"ə artıq əvvəlki kimi baxmırdılar, elə bil sponsorlar incik düşmüşdülər. “Qarabağ"a keçdim. Ağdam klubunda cəmi 1 mövsüm oynadım. 3-cü yeri tuta bilərdik. Gəl ki, çempionatın son 6 oyununun hamısında məğlub olduq. “Qarabağ"dan getməyimin səbəbi məşqçilər oldu. Mənə bildirdilər ki, heyəti cavanlaşdırırıq. Həmin vaxt “Bakı"dan dəvət gəldi. Müqavilə bağlayandan cəmi 1 gün sonra Əmrah Çəlikəl zəng elədi ki, geri qayıt, bizə lazımsan. Amma “Bakı" buraxmadı. Orada da cəmi 1 mövsüm oynadım və çempion olduq.

***

“Olimpik"ə Əsgər Abdullayev dəvət etmişdi. 3 il ardıcıl “Olimpik"də çıxış elədim. Çempion ola bilərdik. “İnter"lə eyni xal yığmışdıq. “Qızıl oyun" olmadığından “İnter" 1 qələbəyə görə bizi qabaqladı. “Olimpik" doğrudan da vuruşan komanda idi. 33 tur ardıcıl məğlub olmamışdıq. Çempionatda ən az qol - 7 qol buraxan komanda kimi tarixə düşmüşük. Çox etibarlı müdafiəmiz var idi. Bu amil də mənə az top buraxmağıma kömək edirdi. Hətta bir ara 736 dəqiqə qol buraxmadım. Həmin vaxt ən yaxşı 200 qapıçı siyahısına düşmüşdüm.

***

2009-cu ildə “Olimpik"dən ayrılaraq “Simurq"a keçdim. Yarım ildən çox “zaqatalalı" oldum. Statistikaya fikir versəniz, “Simurq"da 1 oyun belə qapıda dayanmadığımı görərsiniz. Amma avrokuboklarda İsrail komandasına qarşı hər 2 oyunda meydanda olmuşdum. Kənarda qalmağımın səbəbi zədə idi. Yığmamın düşərgəsindən ağır zədə ilə qayıtmışdım və uzun müddət müalicə olundum. Zədəmi sağaldandan sonra isə komandanın baş məşqçisi Roman Pokora oynamağıma imkan vermədi. Pokora ilə münaqişədə idim. O insandan heç xoşum gəlmirdi. Milliyətçi idi, yerli uşaqları xoşlamırdı. 33 yaşım var idi. İkinci dəfə futbolu buraxmaq istədim. Həm də zədəm tez-tez yenilənirdi. Məcbur olub “Simurq"dan ayrıldım və “İnter"lə təlim-məşq toplanışı keçdim. Amma az sonra “Karvan"ın baş məşqçisi Yunis Hüseynov məni Yevlaxa dəvət elədi. “İnter"də ehtiyatda qalmaqdansa, “Karvan"a getmək daha yaxşı idi. Deyəsən, ayağım düşmədi (gülür). Mövsümün sonunda “Karvan" dağıldı.

***

“Neftçi"yə 2-ci dəfə 34 yaşında qayıtmışam. “Rəvan"la müqavilə bağlamışdım. 1-2 gün sonra “Neftçi"nin məşqçisi Bəxtiyar Musayev zəng elədi ki, bəs, səni “Neftçi"də görmək istəyirik. Pis vəziyyətdə qalmışdım. Bir yandan “Rəvan"la müqavilə, digər tərəfdən də “Neftçi"də oynamaq istəyi. “Rəvan"ın vitse-prezidenti Bəhruz Şirəliyevə vəziyyəti izah edəndən sonra məni başa düşdü və “Neftçi"yə keçməyimə şərait yaratdı. Komandada 4 qapıçı var idi. İlk 3 turda heç “18-liy"ə düşmədim. Amma 5-ci turda Arif Əsədov məni start heyətinə saldı. “Neftçi" ilə 2 il ardıcıl çempion oldum. Yaxşı da formada idim. Hətta bir ara Berti Foqts məni yığmaya da çağırdı. Çox təəccüblənmişdim. Axı həmin vaxt 35 yaşım var idi. Foqtsla söhbətim oldu. Ona gənclərə şans verməli olduğunu bildirdim. Cavabında səhv fikridə olduğumu söylədi: “Səni bura ona görə çağırmışam ki, cavanlar baxıb qapıda necə dayanmalı olduqlarını görsünlər. Onlara nümunə olmalısan". “Neftçi"dən gedişimə gəlincə isə… Çempionlar Liqasında ilk mərhələdə “Zestafoni"ni keçdik və Hayfanın “Apoel" komandası ilə düşdük. İlk oyun səfərdə idi və 1:4 hesabı ilə məğlub olduq. Həmin oyundan sonra Kamal Quliyev zəng eləyib dedi ki, mənlik bir şey yoxdu, amma rəhbərlik səni komandadan uzaqlaşdırır. Doğrudan da, “Apoel"lə oyunda səhvlərim olmuşdu. Rəhbərliyin bu qərarını anlayışla qarşıladım. Hamı ilə, o cümlədən Sadıq Sadıqovla hallallaşıb oradan ayrıldım.

***

Əsgər Abdullayev “Turan"ı çalışdırırdı. Daha əvvəllər də onunla çalışdığımdan aramızda isti münasibətlər varıydı, bacarığıma bələd idi. Məni Tovuza dəvət elədi. Karyeramı bitirmək istəmədiyim üçün Əsgər müəllimin təklifini qəbul etdim. Hesab edin ki, sabah səhər tezdən Tovuza yola düşməliyəm, bu gün axşam dostları yığıb “piknik" təşkil elədim. Eyvanda kabab bişirəndə benzin butılkası əlimdə od tutdu. Ət əvəzinə əlim “kabab" oldu. Camaatın karyerasına zədə son qoyur, mənimkinə isə kabab (gülür). Qismət! Əlim sağalandan sonra “Gəncə"dən, “Şuşa"dan təkliflər oldu. 38 yaşım var idi, qərara gəldim ki, getmək zamanıdı.

***

İlk dəfə U-16 yığmasında oynamışam. Komandanın baş məşqçisi Sabir Əliyev idi. Slovakiyada qrup mərhələsinin oyunları keçirilirdi. Kipr və Slovakiya ilə eyni qrupda idik. Birinci oyunumuzda Kiprə uduzduq - 0:2. Yalan olmasın, 7-8 dəfə təkbətək mübarizədən qol vurmalarına imkan vermədim. Oyundan sonra Slovakiyanın “Tatra" klubu məni istədi. Özü də pulsuz. Bəlkə də havayı istədiklərinə görə Fuad Musayev razılıq vermədi. U-16-dan əsas yığmaya kimi bütün yaş qruplarında çıxış etmişəm. Əsas yığmaya ilk dəfə Vaqif Sadıqov dəvət edib. İlk oyunumu isə Bolqarıstana qarşı keçirmişəm. Həmin vaxt bolqarların heyətində Xristo Stoiçkov, Dimitar Berbatov və başqa ulduzlar var idi. Oyun yoldaşlıq xarakterli idi, 1:1 hesabı ilə başa çatdı.

Sonradan Əhməd Ələsgərovun dövründə də yığmaya dəvət ediblər. Sonuncu dəfə 35 yaşım olanda Berti Foqst düşərgəyə çağırıb, 2 oyunda oynamışam. Nəyə görə yığmada cəmi 5 oyun keçirmişəm? Demək olar ki, bütün təlim-məşq toplanışlarına çağırılırdım. Oyun vaxtı isə ehtiyatda qalırdım. Əsas heyətdə meydana çıxan qapıçılar - Aleksandr Jidkov, Dimitri Kramarenko və digərləri xeyli güclü idilər. Demirəm, onlardan pis dayanırdım. Sadəcə, məşqçilər onlara daha çox güvənirdilər. Ehtiyat qapıçı olmaq üzrə bəlkə də rekordçuyam.

***

Karyeramı bitirdikdən sonra Rövşən Babayev məni “Simurq"un əvəzedici komandasına qapıçılarla işləyən məşqçi kimi işləməyə dəvət elədi. İlyarım sonra isə Foqts yığmaya çağırdı. Hazırda “Rəvan"ın və U-19 yığmamızın qapıçılarla işləyən məşqçisiyəm. Məşqçiliyə təzə başladığım üçün tələbəm azdı. “Rəvan"ın əvəzedici komandasında çıxış edən Ülvi Quliyev və Abdulla Seyidəhmədovu ilk günlərindən mən hazırlaşdırmışam. Abdulla öz yaşıdları arasında yığmaya namizəddi. Üzərlərində daha çox işləsələr, gələcəkdə yaxşı qapıçı ola bilərlər.

Tanıyanlar bilirlər ki, həyatda necə insanam

İlk ağır zədəmi “Fərid"də oynayanda topuğumdan almışam. Uzun müddət futboldan kənar düşdüm. Həmin zədə “Fərid"dən getməyimə səbəb oldu. Komandaya Vaqif Sadıqovun yerinə rəhmətlik Ruslan Abdullayev təyin olunmuşdu. Mənə ehtiyacı olmadığı bildirdi. Özü ilə Cahangir Həsənzadəni gətirmişdi. Rəhbərlik getməyimi istəmirdi. Acıq eləyib oradan ayrıldım. 2 dəfə də “Şəmkir"də oynayarkən ağır zədə almışam. Birinci dəfə “Turan"la oyundan əvvəl Göyçay rayonu ərazisində yol qəzasına düşdük. Sürücünün yanında əyləşmişdim, qabaq şüşə sifətimi pis günə qoymuşdu. Mən şükürlü idim, Viktor Kulikov, Aslan Kərimov və Etibar Tanrıverdiyev bərk əzilmişdilər. Başqa maşın tutub özümüzü Gəncəyə çatdırdıq. Rəhmətlik Şahbaz müəllim şəxsən bizi qarşıladı. Ertəsi gün gözlərimin altı qapqara idi, eləcə də oyuna çıxdım, 1:0 qalib gəldik. “Şəmkir"də olarkən dizimdən də ağır zədə almışdım. Özü də həmin vaxt “Skonto" ilə oyun Rusiyanın NTV kanalı ilə canlı yayımlanmışdı. Oyundan sonra Moldovanın “Şerif" komandası məni almaq istəyirdi. Razılıq əldə olunmuşdu. Gəl ki, “Viləş"lə oyunda sıradan çıxdım. Daha bir dəfə “Bakı"da olarkən zədələnmişəm. “Lex"lə oyunda “sındım" və çempionatın son 8 oyununu buraxmalı oldum. Yerimə Xalidu Sisokko keçdi.

Sonuncu ağır zədəmi yığmanın düşərgəsində topuğumdan almışam. 1 ilə yaxın oynaya bilmədim. Hətta futbolu atmaq istəyirdim. Hə, bir də çeçələ barmağım sınıb (gülür). “Şəmkir"də olarkən “Neftçi" ilə oynayırdıq. Çempionatın ilk turu idi. Qarşılaşmadan əvvəl isinmə hərəkəti edərkən barmağım yerə girdi və sındı. Barmaq əyri qalmışdı. Leykoplastırla barmağımı bağlayıb oyuna çıxdım. Həmin oyunu 3:1 hesabı ilə qalib gəldik. Barmağım hələ də əyri qalıb.

***

Qorxduğum hücumçular olmayıb. Qapıçı qorxaq olmamalıdı. Amma bir balaca çəkindiyim hücumçular varıydı. Məsələn, Xəqani Məmmədov. Qeyri-adi, ağlagəlməz qollar vururdu. “Karvan"da bir yerdə oynayanda MTK “Araz"a vurduğu qol hələdə yadımdadı. İti bucaq altından elə qol vurdu ki, heç birimizin inanmağı gəlmədi.

Etibar etdiyim müdafiəçiyə gəlincə, Mehman Yunusovla bir yerdə oynayanda özümə inam hissi birə-beş artırdı. Çox ağıllı futbolçu idi.

***

Azərbaycanda həmişə Elxan Həsənova rəğbət bəsləmişəm. Qapıçı kimi yetişməyimdə çox əməyi olub. Bir məqama da toxunum. Futbolu seçməyimdə İslam Kərimova borcluyam. Qapıçı kimi yetişməyim də isə... İlk məşqçim uşaq futbolunda Namiq İşmamedov olub. Amma qapıçıya xas olan çox nəsnələri özüm öyrənmişəm. Peşəkar futbolda isə bayaq dediyim kimi Elxan Həsənov. Rauf Salamovun da adını çəkməmək insafsızlıq olar. Əcnəbi qapıçılara gəlincə, Peter Şmeyxelin vurğunu idim.

***

Doğrudan da, kənardan baxanda çoxları məni özündənrazı birisi kimi qəbul edir. Bu da əsasən yerişimlə bağlıdı. Dəfələrlə dost-tanış mənə nəyə görə belə gəzdiyimi irad tutub, özündənrazılıq kimi göründüyünü deyib. Tanıyanlar bilirlər ki, həyatda necə insanam. Heç vaxt özümü “dartmamışam". İndi nə edim ki, yerişim belədi? Allah mənə də belə yeriş qismət eləyib.

***

Əsl dost bir olar, o da Rövşən Babayevdi. Onunla ilk tanışlığım futbolla bağlıdı. Uşaq futbolunda bir-birimizə rəqib olmuşuq. 277 saylı məktəbə keçəndən 3-4 gün sonra Rövşən də ora gəldi. Elə o vaxtdan isti münasibətlər başladı. Rövşən məndən fərqli olaraq sözəbaxan, savadlı şagird idi. İçərimizdə ən yaxşı oxuyan o idi. Məktəbdən başlayan dostluq bu gün də davam edir. Futbolçu kimi yetişməyimdə dostumun da əməyi az olmayıb. Bir az tənbəl idim, həmişə məşqlərə ciddi yanaşmağımı tələb edirdi. Qismətdən Rövşənlə ali məktəbdə də yollarımız kəsişdi. O, məndən 1 il əvvəl Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdu. Mənsə sırf futbolun hesabına tələbə adını qazandım. O vaxt U-16 yığmasının üzvü idim. Slovakiyaya getmişdik, qayıdandan sonra siyahı ilə instituta götürdülər. Test imtahanlarını özüm vermişdim. Vermişdim deyəndə, imtahan vaxtı cavabları “krestik-nolik" variantında yazmışdım. Oxumuşdum ki...

Uşaqlıqda yoldaşlıq etdiyim uşaqlarla indi də əlaqə saxlayıram. Bir neçəsi haqq dünyasındadır, Allah onlara rəhmət eləsin! Qalanları ilə tez-tez görüşürük, keçən günləri yada salırıq. Amma bir məqamı da qeyd edim nə qədər xuliqanlıq etsək də, hamı xətrimizi çox istyirdi. Yəni, insanlarda özümüzə qarşı ikrah hissi doğurmurduq.

İlqar TAĞIYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30