26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Afina - “Qırmızı-qaralar”ın şəhəri! YAZI

Aerofobiyadan əziyyət çəkənlər üçün təyyarə ilə havaya qalxıb, yerə enmək qorxulu yuxudu. Sağ olsun həmkarlar, Qəbələ hava limanında mənə o qədər “dəstək oldular” ki, bir anlıq təyyarədən enmək belə istədim. Sonda hər şey yaxşı qurtardı. Yalnız təyyarənin Afina hava limanına bir qədər qorxulu enişini nəzərə almasaq...

AFİNAYA YOLLANMAQ ÜÇÜN 3 SƏBƏB

Avroliqanın pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Panatinaikos”a qarşı baş tutacaq görüşü işıqlandırmaq üçün “Qəbələ” rəhbərliyinin təşəbbüsü ilə Afinaya yollanan jurnalistlər arasında Futbolxeber.az saytının əməkdaşı da var idi. Əslində, Afinaya yollanmağı çox istəyirdim. Bunun üçün 3 ciddi səbəbim var idi. Birincisi, hələ əvvəldən “Qəbələ”nin Yunanıstan paytaxtında tarix yazacağına inamım böyük idi. Hətta təmsilçimizin 3:1 hesablı qələbəsini də proqnozlaşdırmışdım. Zets 2:1-də real qol şansını qaçırmasaydı...

Hesabın necə olması önəmli deyil. Əsas odur ki, inamımız boşa çıxmadı. Axı, inam qələbənin yarısıdır.

Afina möhtəşəm tarixə malik olan bir şəhərdir. Bu şəhəri görməyi, gəzməyi, tarixi abidələri ziyarət etməyi çoxları arzulayır.

Üçüncü səbəb isə “Milan”la bağlıdır. Bu klubun fanatı olduğumdan “Qırmızı-qaralar”ın 2 dəfə Çempionlar Liqasını qazandığı şəhərdə olmağı çoxdan arzulayırdım. Elə “Qəbələ”nin tarixi zəfəri də göstərdi ki, Afina “Qırmızı-qaralar” üçün düşərli şəhərdir.

QƏLƏBƏNİN MEMARI - ROMAN QRİQORÇUK

“Panatinaikos”a qarşı Bakıda baş tutan ilk görüşdən öncə keçirilən mətbuat konfransında Roman Qriqorçuk bir qədər inamsız görünürdü. Ukraynalı mütəxəssisə bu barədə sual da vermişdim: “Bu mövsüm Avroliqada keçirdiyini 6 görüşdən 4-də oyunöncəsi mətbuat konfranslarında iştirak etmişəm. Amma sizi heç vaxt bu vəziyyətdə görməmişəm”. Sualı gülüşlə qarşılayan Qriqorçuk, zarafatından geri qalmayaraq, “Siz olmadığınız 2 mətbuat konfransında da belə idim” demişdi.

Afinada isə vəziyyət fərqli idi. Qarşımızda yenə də inamlı duruşu, üzündə həyəcan olmayan Qriqorçuk var idi. Ukraynalı mütəxəssis artıq yunanların bütün zəif cəhətlərini bilirdi. O da anlayırdı ki, “Qəbələ” Afinada tarix yaza biləcək gücdədir. Elə 90 dəqiqəlik mübarizədə “Qəbələ”li futbolçularının ayağının əsməməsi, 2 dəfə hesab bərabərləşdidkdən sonra komandanın qorxuya düşməməsi də Qriqorçukun əziyyətinin bəhrəsi idi.

MÖHTƏŞƏM AFİNA

Oyun günü səhər tezdən şəhər gəzintisinə çıxdıq. Afinaya gəldiyimiz ilk gündə bu şəhərin Antalyaya çox bənzədiyinə şahid olmuşduq. Şəhərdə motosikletlərin sayı da həddindən artıq çox idi. Afinada çoxları olub. Odur ki, şəhər barədə geniş nəsə yazmağa ehtiyac yoxdur. Qısaca onu deyim ki, Afinanın tarixi abidələri həqiqətən də möhtəşəmdir. Şəhərin hər yerində, xüsusən də Akropolisdə xeyli turistə rast gəlmək mümkündür. Bu qədər əcnəbinin səfər etdiyi ölkənin borc içində “batması” adama qəribə gəlir.

G-13 - FANATİZMİN ZİRVƏSİ

Oyundan bir gün öncə yeri jurnalistlər bizə “Gate-13” (qısaca “G-13”) fan-klubunun üzvlərindən uzaq durmağı məsləhətə görmüşdülər. Görüşün startından öncə stadionda olan ab-hava deyilənlərin əbəs olmadığı göstərdi. Bu günə kimi Avropanın müxtəlif ölkələrində 30-a yaxın stadionda olsam da, heç vaxt bu cür möhtəşəm dəstək görməmişdim. Həqiqətən də yunan fanatlar dünyada əbəs yerə ad çıxarmayıblar. Elə oyunun ilk dəqiqədə dayanması da “G-13”ün çılğınlığının nəticəsi idi.

Görüşdən sonra isə nəticədən narazı qalan azarkeşlər meydana daxil oldular. Futbolçunu vuran kim, məşqçiyə təpik atan kim...

O SON 20 DƏQİQƏ...

“Apostolos Nikolaidis” stadionunda media otaqları qapalıdır. Qarşılaşmaya pəncərədən baxmalı olursan. Həmin otaqlardan 8-ci azərbaycanlı jurnalistlərə ayrılmışdı. Hər nə qədər səbrli olmağa çalışsaq da, “Qəbələ”nin hər iki qolunu çılğınlıqla qeyd etdik. Bu isə təbii ki, qarşımızdakı azarkeşlərin xoşuna gəlmədi. Bir qədər etiraz etsələr də, məsələ böyümədi. Üstəlik, “Panatinaikos” təhlükəsizliyimiz üçün xüsusi polis əməkdaşları da ayırmışdı. Görüş bitdikdən sonra mətbuat konfransı olan zala da elə polislərin nəzarəti ilə yollandıq.

Görüşü televiziya vasitəsi ilə çoxları izləyib. Yunanlar 74-cü dəqiqədə hesabı bərabərləşdirdilər. “Panatinaikos”un lazımı qolu vurmaq üçün təxminən 20 dəqiqə var idi. Həmin 20 dəqiqəni hələ uzun müddət xatırlayacağıq. Sanki hər saniyə 1 dəqiqə, hər dəqiqə isə 1 saat olmuşdu. Vaxt keçmirdi ki, keçmirdi. Siqareti-siqaretə calayırsan, tabloya baxırsan cəmi 1 dəqiqə keçib...Son saniyələrdə ümumiyyətlə, meydana baxmaq olmurdu. Nəhayət səbirsizliklə gözlədiyimiz final fiti səsləndi. Meydanda futbolçuların, kənarda klub rəhbərliyinin, media sektorda isə bizim sevincimizin həddi hüdudu yox idi. Yalnız 1 kəlmə demək olar - BACARDIQ!

PREZİDENT TƏBRİKİ

Hakim final fitindən sonra klub prezidenti Tale Heydərov “Qəbələ”nin paltardəyişmə otağına yollandı. Futbolçuları tarixi qələbə münasibəti ilə klub rəhbəri, onlara təşəkkürünü bildirdi. Tale Heydərov qrup mərhələsində də uğur qazanmaq üçün əllərindən gələcəklərini qeyd etdi. Daha sonra isə Heydərov vaxt taparaq, jurnalistlərin də suallarını cavablandırdı.

Qeyd etmək lazımdır ki, klub prezidentinin Afinaya gəlişi futbolçulara müsbət təsir göstərmişdi.

HAVA LİMANINDA ATƏŞFƏŞANLIQ

Cümə günü səhər saat 07:40-da təyyarəmiz Qəbələ hava limanına endi. “Qəbələ”ni hava limanında 50-dən artıq azarkeş qarşıladı. Komandaya dəstək olan fanatlar, bir-bir futbolçuların adlarını çağırdılar. Daha sonra Roman Qriqorçuku havaya atıb-tutan azarkeşlər, sonda da tarixi uğurun şərəfinə atəşfəşanlıq təşkil etdilər.

SON SÖZ ƏVƏZİ

Sonda Afinaya səfərimizi təşkil edən “Qəbələ” rəhbərliyinə təşəkkür edirik, Başda klub prezidenti Tale Heydərov olmaqla, klub rəsmiləri Fariz Nəcəfov, Zaur Əzizov, Səbuhi Səfiyarlı, Səməd Nəsibov, Nail Kərimov və Anar Hacıyevə minnətdarıq.

Növbəti səfərdə görüşənə qədər...

İBRAHİM

Bakı - Qəbələ - Afina - Qəbələ - Bakı




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30