29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Qurban Qurbanov: “Seltik”i keçmək barədə indidən çox danışmaq lazım deyil”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

- Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rudar”la səfər görüşündə heyətdə dəyişiklik etmişdiz. Cavid Tağıyev ilk “11-lik”dən kənarda qaldığı halda, Coşqun Diniyev əsas heyətdə meydana çıxmışdı. Rəqibin əks-hücumda sizi yaxalamasından çəkindiyiniz üçün belə addım atdız, yoxsa başqa planınız var idi?

- Xeyr, ona hesablanmamışdı. Sadəcə, oyun planında bir qədər dəyişiklik etmək istədik. Rəqib Bakıdakı heyətə daha çox hazırlaşmışdı. Buna görə də, bəzi mövqelərdə yerdəyişmələr etdik. Gördüz ki, orta sahədə Coşqun Diniyevi oynatdıq. Dani Kintananı sağda oynatdıq. Oyunlarına baxmışdıq. Rəqib ilk matçdan öncə bizi daha yaxşı analiz etmişdilər. Buna uyğun olaraq, oyunun gedişatında bəzi dəyişikliklər etdik və düşündüyümüz kimi alındı.

- Necə düşünürsüz, qol geciksəydi, komandada psixoloji gərginlik yarana bilərdimi?

- Psixoloji gərginlik komandada həmişə olub, var, olacaq da. Çünki bir komandadan və ya futbolçudan çox şey gözləniləndə istər-istəməz onda gərginlik yaranır, o cümlədən də mənim özümdə. Biz bunu dərk edərək, hər bir oyuna hazırlaşırıq. Allah eləməsin, məğlub olsaydıq, bir cür psixoloji gərginlikdə olardıq. İndi qalib gəlmişik, yenə başqa cür psixoloji gərginlik var. Mən buna normal baxıram. Əsas odu, oyunumuza təsir etməsin. Bir tərəfdən, psixoloji gərginliyin olması da yaxşıdı, futbolçuları məsuliyyətli edir. Mövsümboyu gərginlik hər bir futbolçuda olur. 

- Yeni transferlərin çıxışından razısızmı?

- Biz onlardan daha artığını gözləyirik. İstər-istəməz adaptasiya prosesi keçmək üçün bir qədər vaxt lazım olur. Amma hər birinə güvənirik. Fikrimcə, oyundan-oyuna bizi, futbolçuları daha yaxşı başa düşəcəklər və komandaya faydaları olacaq. 

- Yeni transfer Raydell Pupona “Rudar”la görüşlərdə şans vermədiz. Bu onun tam hazır olmaması ilə bağlıdı?

- Hələ hazır deyil. Açığı, öz formasından çox uzaqdı. Keçən həftə məşq elədi, o da fərdi qaydada. Komanda ilə cəmi 2 məşqdə iştirak edib.

- “Seltik”lə oyunlara kimi Pupon hazır olacaqmı?

- Səfərdəki görüşə tam hazır olmayacaq. Elə Bakıdakı oyuna da. Amma hər iki matçda Pupondan istifadə etmək olar. Düşünürəm ki, gündən-günə daha yaxşı formaya düşəcək. Ehtiyac yaransa, “Seltik”lə oyunlarda son dəqiqələrdə ona şans verə bilərəm. Təkcə öz formasına görə yox, həm də uyğunlaşması üçün istifadə etmək olar.

- Uzun müddətdi yaşıl meydanlardan uzaq qalan Çumbinyonun durumu nə yerdədi? Braziliyalı futbolçu əsas heyətdəki yerini nə vaxt qaytaracaq?

- Çumbinyonun ümumən durumu pis deyil. O da fərdi qaydada məşq edir. Həkimlər deyiblər ki, tam hazır olması üçün 2 ay vaxt lazımdı. Tam hazır olması deyəndə oyun keçirməsini nəzərdə tuturam. Ola bilsin, 1 aydan sonra komanda ilə məşqlərə başlasın, amma oyun oynamasına dedikləri qədər vaxt lazımdı.

- “Qarabağ”ın növbəti rəqibi adlı-sanlı “Seltik” klubu olacaq. Bu görüşdə hansı nəticəyə ümid edirsiz? “Qarabağ” güclü rəqibini mübarizədən kənarlaşdırmağı bacaracaqmı?

- Açığı, rəqiblə hələ tam tanış olmamışam. Hamımız bilirik ki, “Seltik” çox böyük təcrübəyə malik komandadı. Səhv etmirəmsə, fərdi üslubda oynamağa başlayıb. Bu bizim üçün çətinlik yarada bilər. İnşallah, bu gün və sabah rəqibi tam analiz edəcəyik, məlumat toplayacağıq. Məlumdu ki, heyətlərində güclü futbolçular çoxdu. 

- “Seltik”lə oyunöncəsi və ya “Qarabağ” bu səddi də keçəcəyi təqdirdə, yeni transfer ola bilərmi? Yoxsa transfer məsələsini yekunlaşdırmısız?

- Bizim transfer siyasətimiz nəyəsə, hansısa oyunasa görə deyil. Özünüz də görürsüz ki, uzun müddətdi bəzi mövqelərə, xüsusilə də hücum xəttinə oyunçu axtarışındayıq. Hələ istədiyimiz transferləri tam reallaşdıra bilməmişik. “Seltik”i keçmək barədə indidən çox danışmaq lazım deyil, düzgün çıxmaz. Çalışacağıq ki, rəqibə qarşı yaxşı hazırlaşaq və düzgün oyun quraq. Transfer məsələsinin buna heç bir aidiyyatı yoxdu. Əgər bəyəndiyimiz futbolçu çıxsa, onun özü və klubu ilə razılığa gəlsək, gətirməkdə problem olmayacaq. 

- “Seltik”lə ilk görüşün səfərdə keçirilməsini “Qarabağ” üçün üstünlük sayırsızmı?

- Bu, fərqli turnirdi. İki oyundan ibarət mərhələlərdə ilk oyun səfərdə olanda komanda üçün daha uyğun olur. Amma bu həftə biz nə qədər yolda olduq. Çernoqoriyaya 4 saatlıq uçuş oldu. Matçdan sonra da geriyə 4 saatlıq yol qət etdik. Çalışırıq ki, həftənin birinci günü Şotlandiyaya gedək. Yenə yolda çox vaxt itirəcəyik. Bu həm yorğunluq yaradır, ondan da çox vaxtımızı aparır. Amma xeyirlisi. Əgər birinci görüş səfərə düşübsə, deməli, xeyirlisi bu imiş. Biz “Rudar”la ilk oyunu evdə keçirdik. Düşündük ki, öz meydanımızda 0:0 hesablı bərabərliyə qaldıq, səfərdə bir qədər çətin olacaq. Amma Allaha şükürlər olsun ki, sonda hər şey yaxşı oldu. Əsas odu ki, nəticə bizim xeyrimizə olsun.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31