29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

İlklər günü...

...DAVAMINI GÖZLƏYİRİK!!!

Azərbaycanın avrokuboklarda 2015/16 mövsümündə daha bir təmsilçisi mərhələ keçdi. “Qəbələ” və “İnter”in ardınca “Qarabağ” da növbəti mərhələyə yüksəldi. Sadəcə, Avropa Liqasında çıxış edən ilk 2 komandadan fərqli olaraq Ağdam təmsilçisi Çempionlar Liqasında (ÇL) mübarizəyə birbaşa II tənifst mərhələsindən başladı. Özü də Qarabağ”ın qələbəsi Ağdamın işğal olduğu 23 iyul tarixinə təsadüf etdi.

Qurban Qurbanovun komandasının Çernoqoriyada “Rudar”la oyunda qazandığı uğur bir sıra ilklərlə yadda qaldı. Gəlin, bunlara mənim araşdırmamda birgə nəzər salaq...

...Bu, ölkəmizin cari mövsümdə ÇL-də ilk qələbəsi oldu. Turnirdə yeganə təmsilçimiz olan “Qarabağ” “Rudar”la Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qolsuz bərabərliyə qalmışdı. Ümumilikdə isə “Qarabağ” 2-ci mövsümdür çıxış etdiyi ÇL-də 4-cü qələbəsini qazandı. Əvvəlkilər ötən il Maltanın “Valletta” (səfərdə 1:0, evdə 4:0) və Avstriyanın “Zalsburq” (evdə 2:1) klubu ilə oyunlarda olub.

...”Qarabağ” ÇL-də iki il dalbadal mərhələ keçən ilk əyalət təmsilçimiz oldu. Ölkəmiz bu uğura indiyədək yalnız 1 dəfə Bakı “Neftçi”siylə nail olmuşdu. Bu isə 10 il – 2004 və 2005-ci illərdə baş vermişdi. Göründüyü kimi, “Qarabağ” bütün milli çempionatlarımızda iştirak edən digər komandamızın rekordunu təkrarladı.

...Azərbaycan ÇL-də ilk dəfə 2 il dalbadal mərhələni məğlubiyyətsiz keçdi. Buna imza atan “Qarabağ”ın həmin 4 matçda 3 qələbə, 1 heç-heçəsi oldu. Özü də komanda buna qol buraxmadan imza atdı. Ağdam təmsilçisi ilk klubumuzdur ki, Avropanın ən nüfuzlu turnirində qol buraxmadan mərhələ keçdi “Neftçi” 2004 və 2005-ci illərdə mərhələ keçən zamanı 3 oyunda qələbə qazanmış (“Şiroki Briyeq”ə evdə 1:0, “Hafrafyordur”a evdə 2:0, səfərdə 2:1), 1-də yenilmişdi (“Şiroki Briyeq”ə səfərdə 1:2).

...Azərbaycan 1994-cü ildən təmsil olunduğu avrokuboklarda ilk dəfə mərhələni “evdə 0:0, səfərdə 1:0 hesablı qələbə” nəticəsiylə keçdi. Əslində, ölkəmiz 20-ci mövsümdür təmsil olunduğu qitəmiqayslı turnirlədə yalnız 1 dəfə rəqib meydanında 1:0 hesabı ilə qalib gəlib. Bu, 2006/07 mövsümündə Yevlaxın “Karvan” klubuyla olub. Fərq ondadır ki, onda Yunis Hüseynovun yetirmələri öz meydanında da 1:0 hesabıyla qalib gəlmişdi. Həmin səfər matçındakı qələbə də ilklə - Azərbaycanın UEFA kubokunda mərhələ adlamasıyla əlamətdar olmuşdu.

...”Qarabağ”ın braziliyalı hücumçusu Reynaldo Silva ilk dəfə ölkəmizin ÇL-də mövsümdə ilk qolunun müəllifi oldu. Maraqlıdır ki, Azərbaycanın ötən il turnirdə ilk qoluna da “Qarabağ”ın braziliyalı legioneri imza atmışdı. Bu, hazırda zədəli olan yarımmüdafiəçi Çumbinyo idi. O da səfər matçında – Maltada “Valletta”ya vurduğu qolla komandasına 1:0 hesablı qələbə qazandırmışdı.

...Reynaldo Silva şəxsi göstəricidə də ilkə imza atdı. Belə ki, 26 yaşlı braziliyalı hücumçu “Qarabağ”n heyətində avrokuboklarda vurduğu 8 qolla ölkəmizin bombardirləri arasında bu saya çatan ilk futbolçu oldu. Reynaldo 7 qolla lider olan “Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqovu qabaqladı.

...Azərbaycan avrokuboklarda ilk dəfə Şotlandiya klubuyla oynayacaq. Bu, “Qarabağ”a III təsnifat mərhələsində rəqibi olan məşhur “Seltik”dir. Bununla da iyulun 29-da Qlazqo şəhərində keçiriləcək matç tarixə düşəcək. Düzdür, “İnter”in Avropa Liqasında mərhələ keçəcəyi halda üzləşəcəyi “Atletik”in təmsil etdiyi İspaniya ilə də avrokuboklarda ilk dəfə görüşəcəyik. Ancaq bu ölkəylə milli komandamız heç olmasa yoldaşlıq görüşü keçirib. Ancaq Şotlandiya indiyədək millimizə heç qeyri-rəsmi oyunda da rəqib olmayıb.

...“Qarabağ”dan sonra bütün diqqətimiz bugünə - II təsnifat mərhələsinin iştirakçıları olan “Qəbələ”ylə “İnter”ə yönəlib. Onlar da ilkə imza atmaqla seriyanı davam etdirə bilərlər. “İnter” səfərdə 2:1 hesabı ilə qalib gəldiyi İslandiyanın “Hafnarfyordur” klubunu keçərsə, 2008-cü ildən bu adla çıxış etdiyi avrokuboklarda ilk dəfə 2 mərhələ keçəcək.

...“Qəbələ” isə birdən-birə 3 ilkə imza bilər. Əvvəla, o da hələ ki avrokuboklarda 1 mövsümdə 2 mərhələ keçməyib. Ancaq “Qəbələ” “İnter”dən fərqli yalnız ötən ildən qitəmiqyaslı turnirlərdə çıxış edir. Roman Qriqorçukun yetirmələri bu mövsüm mərhələ keçməklə - Tiflis “Dinamo”sunu yenməklə siftə etdi və indi Serbiyanın “Çukariçki” klubuyla matçda uğurun davamını gözləyirik.

...“Qəbələ”nin digər ilki isə UEFA-nın qərarıyla rəqibini qəbul etməli olduğu “Bakcel Arena”yla bağlıdır. Belə ki, ölkəmiz bu stadionda avrokuboklarda hələ ki qələbə qazanmayıb. Həmin arenada çıxış edən “Neftçi” “Bakcell Arena”da 2013-cü ildən çıxış edir. Debüt matçında ilk mərhələdə Albaniyanın “Skenderbeu” klubuyla qolsuz bərabərlik qeydə alındı. Bundan 1 il sonra ilk mərhələdə Sloveniyanın “Koper” klubuna 1:2 hesablı məğlubiyyət, növbəti mərhələdə Gürcüstanın “Çixura” klubuyla qolsuz heç-heçə oldu. Nəhayət, bu mövsüm Çernoqoriyanın “Mladost” klubuyla 2:2 bərabərlik qeydə alındı. “Bakcell Arena” “Neftçi" kimi “Qəbələ”ylə də Avropa Liqası matçına ev sahibliyi edir.

...“Qəbələ” daha bir ilki isə Serbiya klublarıyla bağlıdır. Belə ki, avrokuboklarda bu ölkənin təmsilçilərini hələ ki keçə bilməmişik. Bu azmış kimi, keçirilən 11 oyunda heç qələbə də qazanmamışıq. Göründüyü kimi, “Qəbələ” ilk dəfə III mərhələyə çıxa, ilk dəfə “Bakcell Arena”da qələbə qazanan, ilk dəfə serblərə qalib gələn komandamız ola bilər.

Beləliklə, ilklər günü başladı, ancaq bitmədi. Necə deyərlər, davamını saat 21:00-da Bakıda - "Bakcell Arena" və "İnter Arena"da cavab matçlarına çıxacaq təmsilçilərimizdən gözləyirik.

Mehman SÜLEYMANOV 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31