29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ağasəlim Mircavadov: "Cari mövsümün ən böyük uğursuzu AZAL-dı"

 

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Futbolxeber.az saytına müsahibə verib.

- 2012/13 mövsümü artıq yekunlaşmaq üzrədi. "Neftçi" ardıcıl üçüncü mövsüm çempion oldu. "Ağ-qaralar"ın çempionluğu haqda nə deyə bilərsiniz?

- Məndən çox adam soruşur ki, "Neftçi" çempionluğa layiq idi, ya yox. Amma mən bu yanaşmanı düzgün saymıram. Birincisi, ona görə ki, komanda çempion olubsa, deməli buna layiqdi. Bəlkə də "Neftçi" hansısa oyunda yaxşı təsir bağışlamadığına görə, layiq olub-olmadığı soruşulur. Amma mövsüm ərzində 30 oyunun hamısında yüksək səviyyədə çıxış etmək olmaz. İstənilən komandanın oyununda eniş ola bilər. Cari mövsümdə "Neftçi" ilk turdan zirvəni ələ keçirdi və mövsümün sonuna kimi də mövqeyini qorudu. Bəlkə kimlərsə, düşünür ki, çempion mövsüm ərzində bütün rəqiblərini, 5:0 və ya 6:0 hesabı ilə məğlub etməlidir? Bu, mümkün deyil. "Neftçi" layiq olduğuna görə qızıl medalla sahib çıxdı. Bu münasibətlə də komandanın üzvlərini, məşqçilər korpusunu, rəhbərliyi, klub prezidenti Sadıq Sadıqovu sizin vasitənizlə təbrik edirəm.

- Artıq üçüncü mövsümdür ki, "Neftçi" daxili arenada rəqib tanımır. Bu, nədən irəli gəlir?

- Komandanın uğuru stabillikdən, klub rəhbərliyinin fəaliyyətindən asılıdır. Hər bir klubun öz strategiyası olur. Strategiya 4, 8 illik olur. "Neftçi"də də lazımı səviyyədə stabillik var. Həmçinin komandaya dəvət olunan legionerlər də özünü artıqlaması ilə doğrultdu. Eləcə də bacarıqlı yerli oyunçuların uğurlu çıxışını vurğulamaq olar. Mən demirəm ki, digər klublar işləmir. Onlar da uğur qazanmaq istəyirlər. Amma bugünkü gündə "Neftçi"nin fəaliyyəti göz önündədir. İndi isə komanda yenidən Avropada sözünü deməlidir.

- Cari mövsümün gedişində "İnter" və "Qarabağ" çempionluq uğrunda mübarizə aparsalar da, sona kimi "Neftçi"yə müqavimət göstərə bilmədilər. Bunun səbəbini nədə görürsünüz?

- "Qarabağ" 2 il əvvəl çempionluğa çox yaxın idi. Amma sonda komanda istəyinə çata bilmədi. Cari mövsümdə də Ağdam klubu bacardığı qədər "Neftçi"yə qarşı mübarizə apardı. Amma müəyyən vaxtlarda həm "Qarabağ"da, həm də "İnter"də eniş oldu. Eniş hər komandada olur. Amma hansı komanda ki, bu enişə vaxtında son qoyur, o kollektiv də uğur qazanır. Bu cür anlarda məşqçilər korpusunun üzərinə böyük yük düşür.

- Bu mövsüm "Xəzər Lənkəran" kimi komanda ilk "altılıq"dan kənarda qaldı. Eləcə də "Bakı" və "Qəbələ" kimi iddialılar avrokuboklardan kənarda qaldı. Fikrinizcə, cari mövsümün ən böyük uğursuzu hansı komandadır?

- Hesab edirəm ki, cari mövsümün ən böyük uğursuzu AZAL-dı. Çünki bu komanda oyunu ilə ilk "altılığ"a layiq idi. Yerli mütəxəssislər - Vaqif Sadıqov və Şakir Qəribov çox yaxşı komanda formalaşdıra bilmişdilər. Lakin müəyyən səbəblərə görə AZAL ilk "altılığ"a düşə bilmədi. Eləcə də "Xəzər Lənkəran"ın ilk "altılıq"dan kənarda qalması gözlənilməz oldu. Çünki bu komanda daha yüksək yerlər uğrunda mübarizə aparmağa layiq idi. "Qəbələ" və "Bakı" da mövsümü boşa verdi.

- "Bakı"nın uğur qazanmaq üçün hər şeyi var. Amma cari mövsümdə nə medalçılar sırasına düşdülər, nə də kubokda finala yüksəldilər. Razısız ki, bu uğursuzluğun 1 nömrəli günahkarı baş məşqçi Bojidar Bandoviçdir?

- Dəfələrlə bildirmişəm ki, mən heç bir həmkarım haqda danışmıram, nə pis, nə də yaxşı. Qoy, özləri analiz edib, uğursuzluğun səbəbini açıqlasınlar.

- Cari mövsümdə hansı gənc oyunçunun üzə çıxdığını söyləmək olar?

- Mövsüm boyu bir çox qarşılaşmaları izləsəm də, təəssüf ki, belə oyunçu görmədim. Əvvəlki dövrdən fərqli olaraq indi Azərbaycan futbolunda Yunis Hüseynov, Mahmud Qurbanov, Vidadi Rzayev, Samir Ələkbərov kimi futbolçular yoxdu.

- Legionerlərdən kimi fərqləndirə bilərsiniz?

- Nikolas Kanales əla oyunçudur. "Neftçi" onu heyətinə qatmaqla çox iş gördü.

- "Neftçi", "Xəzər Lənkəran", "Qarabağ" və "İnter" ölkəmizi avrokuboklarda təmsil edəcək. Bu komandalardan nə gözləyirsiniz?

- İlk növbədə 4 klubumuza da avrokuboklarda uğur arzulayıram. İnanıram ki, uğurlu nəticə qazanaraq, bizləri sevindirəcəklər. Ötən il "Neftçi" ilkə imza ataraq, Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. İndi klublarımızın hədəfi qrup mərhələsinə düşmək yox, qrupa düşüb, daha çox xal qazanmaq olmalıdır. Bunun üçün isə dayanmadan işləmək lazımdır. Amma indi gecdir. Avrokuboklarda uğur qazanmaq üçün işə 1 il əvvəldən başlamaq lazım idi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31