25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Rahid Əmirquliyev: “Həmin komandanı keçə bilmədiyimiz üçün çox məyus olmuşdum”

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin müsahibəsi

- Premyer Liqanın XXXV turu çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəyiniz görüş sizin “Xəzər Lənkəran” formasında 300-cü oyununuz olacaq. Bu, sizin üçün nə ifadə edir?

- Açığı, mənim üçün qeyri-adi oyun deyil. Həmişə çempionat oyununa necə hazırlaşmışamsa, elə də məşqlərimi edirəm. Yəni 300-cü və ya 350-ci oyun olmasının bir fərqi yoxdu. Buna o qədər də önəm vermirəm.

- Geriyə boylanıb “Xəzər Lənkəran” karyeranıza baxanda hansı hissləri keçirirsiniz?

- “Xəzər Lənkəran”ın yaxşı vaxtları var idi, həmişə çempionluğa oynayıb. Komandadakı ilk ilimdə çempion oldum, ölkə kubokunu qazandım. Ondan sonra da iki dəfə Azərbaycan Kubokunun, həmçinin Superkubokun və “Birlik kuboku”nun qalibi olduq. Düzü, indi vəziyyət o qədər də yaxşı deyil. Amma keçmişdə gözəl günlərimiz olub. İnşallah, gələcəkdə də həmin günlər qayıdacaq.

- “Xəzər Lənkəran”dakı 9 illik karyeranızdan tam razısınız?

- İstəyərdim ki, bundan da yaxşı olsun. Ancaq yenə də uğurlu sayıram. Bu 9 il mənim üçün yaxşı keçdi. Burdakı karyeramdan razıyam.

- Orta hesabla hər mövsümdə 33 oyun keçirmisiniz. Bu stabilliyi necə qoruya bilmisiniz?

- Hər məşqdə çalışıram bütün gücümü ortaya qoyum. Stabilliyi saxlamaq üçün əlimdən gələni edirəm. Çalışıram bütün oyunları eyni səviyyədə keçirim, formada qalım. Bunu da bacardığım üçün sevinirəm.

- Bu illər ərzində nə vaxtsa komandadan getməyi düşünmüsünüz?

- Bir ara deyildi ki, komanda dağılır. Bizi də transferə çıxarmışdılar. Həmin vaxt belə bir fikrim var idi. Təkliflər də almışdım. Ancaq bir həftə keçməmiş yenidən zəng vurub dedilər ki, hamı komandada qalacaq. Amma heç vaxt nədənsə inciyib komandadan getmək fikrinə düşməmişəm.

- Hansı komandaların təklifini “Xəzər Lənkəran”da qalmağa qurban vermisiniz?

- Adlarını demək istəmirəm, amma ölkə daxilində çempionluğa oynayan 3-4 klubdan təklif almışam. Etiraf edim ki, Avropadan təklif almamışam.

- 299 oyunda 29 qol vurmusunuz. Orta hesabla 10 oyuna 1 qol düşür. Sizcə, aşağı göstərici deyil?

- İstəyərdim hər oyunda qol vurum, komandamın qələbəsinə töhfə verim. Əvvəllər sol cinah yarımmüdafiəçisi kimi oynayırdım. O vaxt qol vurmaq imkanım çox olurdu. Hər mövsümdə 3-4 qol vururdum. Ondan sonra dayaq yarımmüdafiəçisi mövqeyində oynamağa başladım, qollarımın sayı da azaldı.

- “Xəzər Lənkəran”da ən çox sevindiyiniz oyun hansı olub?

- Belə oyunlar çox olub. Çempion olanda, kuboku qazananda çox sevinmişəm. Ancaq ən çox debüt oyunum yaddaqalan olub. Həmin vaxt stadionun açılışı olmuşdu və “Neftçi” üzərində də 2:1 hesablı qələbə qazanmışdıq.

- Bəs ən çox üzüldüyünüz oyun...

– Təəssüf ki, belə matçların sayı da çox olub. Mənə ən çox Moldova klubu “Olimpiya”nı Avrokubokdan kənarlaşdırmamaq pis təsir edib. Orda qolsuz heç-heçə etsək də, evdə 1:1 hesabı ilə bərabərə qaldıq. Həmin komandanı keçə bilmədiyimiz üçün çox məyus olmuşdum.

- Vurduğunuz 29 qol arasında hansı sizin üçün xüsusi yer tutur?

- Bu mövsüm “Neftçi”yə Lənkəranda vurduğum qolun yeri ayrıdı. Çünki 10 nəfərlə qalmışdıq və hesabda da geridə idik. Həmin görüş 2:2 hesabı ilə başa çatdı.

- Lənkəranlı azarkeşlərin ən sevimli oyunçususunuz və onlar sizi komandanın əfsanəsi sayırlar...

- “Xəzər Lənkəran” fanatlarına görə həmişə seçilib. Bütün Lənkəran azarkeşlərinə təşəkkür edirəm ki, bu 9 ildə məni daim dəstəklədilər. Çalışacağıq qarşıdakı illərdə də onları sevindirək. İnşallah, onların da köməkliyi ilə “Xəzər Lənkəran” yenidən çempionluğa oynayacaq.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30