19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

İlklərlə zəngin Əhmədimiz...

Mayın 19-u Azərbaycan sarsıdıcı xəbərlərə üzüldü. Günün ilk yarısında Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında dəhşətli yanğın baş verdi. Həmin faciəvi olayda həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr, yaralananlara şəfa diləyirəm. Axşam saatlarında isə tanınmış futbol mütəxəssisimiz Əhməd Ələsgərovun vəfatı xəbərini aldıq. Həmin Əhməd Ələsgərov ki, Azərbaycan futbol tarixinə adını qızıl hərflərlə yazdırıb.

80 illik yubileyinə 5 ay qalmış

Yaşasaydı, növbəti yubileyini bu il qeyd edəcəkdi. Axı oktyabrın 10-da onun 80 yaşı tamam olacaqdı. Ancaq 80 illik yubileyinə 5 ay qalmış, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Əhməd Lətifoviç Bakıda anadan olsa da, uzun illərdir, hələ SSRİ dövründən Odessada yaşayırdı. Onun üçün doğmalaşan şəhərdə də torpağa tapşırılacaq.

Ələsgərov ilklərlə zəngin olan mütəxəssis idi. Əvvəla, o, birdən-birə 4 ölkənin - Azərbaycanın, Ukraynanın, Moldovanın və Tacikistanın əməkdar məşqçisidir. Belə göstəriciyə malik olan 2-ci futbol məşqçimiz yoxdur. “Neftçi”nin SSRİ çempionatının ilk və sonradan məlum olduğu kimi yeganı medalını - 1966-cı ildə bürünc mükafatı məhz Ələsgərov qazandırıb. Özü də həmin vaxt komandanın baş məşqçisi olan Əhməd Lətifoviçin cəmi 31 yaşı vardı. O, 10 illik futbolçu karyerasını həsr etdiyi “Neftçi”ylə gənc məşqçi kimi tarixi uğur qazanır.

“Ağ-qaralar”dan fərqli olaraq Ələsgərova bu həyəcanı yenə yaşamaq nəsib olur. Belə ki, o, 1974-cü ildə baş məqşçisi olduğu Odessanın “Çernomorets” klubuna da SSRİ çempionatının bürünc medalını qazanır. Azərbaycanlı futbol mütəxəssisi xarici ölkədə ilk və yeganə nailiyyəti onunla qazanır. “Çernomorets”in Fəxri Xiyabanında 12 xatirə ulduzundan biri məhz Ələsgərovun adına yazılır.

Bu dəfə Əhməd Ələsgərovun komandası avrokuboklarda çıxış edir və UEFA kubokunda İtaliyanın “Latsio” klubuna rəqib olur. O, “Şerif” və “Pamir”ə qazandırdığı böyük uğurlara görə də bu klubların təmsil etdiyi ölkələrdə yüksək qiymət alır. Bu mənada “Şerif” xüsusi qeyd olunmalıdır. Çünki avrokuboklarda qrupadək irəliləmiş, cəmi 18 yaşı olan bu klubun dirçəlişində Ələsgərovun böyük rolu olur. Təsadüfi deyil ki, çalışdırıcımız ilk baş məşqçisi olduğu Tiraspol təmsilçisini debüt mövsümüncədə - 1997/98-də Moldovanın yüksək liqasına çıxarır.

“Neftçi”ylə əvvəl SSRİ-də, sonra Azərbaycanda bürünc medal

Əhməd Lətifoviç ona doğma olan “Neftçi”nin milli çempionatımızda ilk baş məqşçisi kimi də tarixə düşür. Komandanın 1992-ci ildə keçirilən həmin çempionatı qazanması Ələsgərovun ilk Azərbaycan çempionu olan baş məşqçi olması demək idi. O, həmin ildə digər ilkə Azərbaycan milli komandasıyla imza atır. Belə ki, millimiz tarixində ilk oyununu - 1992-ci ildə Gürcüstan yığmasıyla Gürcüani şəhərində yoldaşlıq görüşünü (3:6) məhz Ələsgərovun rəhbərliyi altında keçirir.

Mütəxəsssis müstəqillik dönəmində ilk baş məşqçisi olduğu həm “Neftçi”yə, həm də milli komandamıza sonradan bir daha başçılıq edir. Bu, 1998-2000-ci illərdə olur. Tale elə gətirdi ki, o, “Neftçi”ylə Azərbaycan çempionatında da bürünc medal qazanır - 1999/00 mövsümü. Komandada işlədiyi hər 2 mövsümdə mükafat qazanan baş məşqçi debütdə titula - ölkə kubokuna sahib çıxır. Həmin vaxt prinsipial rəqib olan “Şəmkir”lə Tofiq Bəhramov adına Respublika stadionundakı finalda qələbə oyunsonrası penaltilərlə qazanılır.

Müstəqil futbolumuzda daha bir tarixi oyun Ələsgərovun adıyla bağlıdır. 1999-cu ilin avqustunda UEFA kubokunda “Srvena Zvezda”ya Bakıda 2:3 hesabıyla uduzduğumuz həmin görüş avrokuboklarda ən yaxşı oyunlarımızdan biri kimi yaddaqalan olur. Azarkeşlərimizə sonadək həyəcan yaşadan bu matç hücumçu Vadim Vasilyev üçün uğurlu, qapıçı Cahangir Həsənzadə üçün uğursuz gün kimi tarixə düşür. Vadim Çempionlar Kubokunun son qalibi olan “Srvena Zvezda”ya 2 qol vurmaqla komandamızı hesabda 2:0 irəli çıxarır, serbləri şoka salır. Ancaq sonda təcrübə öz sözünü deyir və Həsənzadə qısa zaman kəsiyində 3 dəfə topu qapısından çıxarmalı olur. “Neftçi” bu məğlubiyyətdən sonra 13 il - 2002-ci ildə Avroliqanın qrupunda İtaliya “İnter”inə 1:3 hesablı məğlubiyyətədək öz meydanında avrokuboklarda uduzmur.

Fiquya fərqli qiymət verən Ələsgərov

Ələsgərovun millimizdə ikinci dönəmi daha yaddaqalan olur. Təbii ki, bunlar 1999-cu ildə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən rəsmi oyunlardır. İyunda Lixtenşteyn yığması üzərində 4:0 hesablı qələbə millimizin 23 illik tarixində seçmə mərhələdə ilk və hələ ki yeganə böyükhesablı qələbəsidir. Sentyabrda Respublika stadionunda projektorların sönməsi üzündən 2 gündə keçirilən Portuqaliya millisi ilə matç isə daha böyük əks-səda doğurur. Həmin vaxt Luiş Fiqu, Ruy Koşta, Vitor Baya və digər ulduzların yer aldığı rəqib Əhməd Ələsgərovun komandasınn qapısına heç cür yol tapa bilmirdi. Həmin vaxt ulduzu parlayan 20 yaşı Zaur Tağızadə isə Baya ilə təkbətək çıxdığı epizodda topu onun ayaqları arasından tora göndərir. Bundan şoka düşən portuqaliyalılar yalnız son saniyələrdə Fiqunun sayəsində məğlubiyyətdən qaça bilirlər. Ancaq bu, 1:1 hesablı nəticə bizim üçün qələbəyə bərabər nəticə olur.

Hamıya məlumdur ki, Əhməd Lətifoviç güclü psixoloq idi. O, bu xüsusiyyətini xüsusilə Portuqaliya ilə matçda göstərə bilir. Millidə debütləri Ələsgərovun vaxtında baş tutan “Neftçi”nin gənc oyunçuları Ədəhim Niftəliyev, Kamal Quliyev, Vadim Vasilyev həmin vaxt parlayırlar. Futbolçular baş məşqçilərinin onlar üzərində çəkdiyi böyük zəhməti unutmurlar. Ələsgərov belə güclü rəqiblə matçda debütləri baş tutan futbolçuları oyuna elə kökləyir ki... Əhməd Lətifoviç həmin vaxt Avropanın ən güclü futbolçularından olan Fiqunu yetirmələrinə adi bir futbolçu kimi təqdim edir, ondan zəif olmadıqlarını beyinlərinə yeridir. Təsadüfi deyil ki, bundan ruhlanan milli üzvlərimiz Luişə həmin oyunda göz açmağa imkan vermirlər.

Ələsgərovun vətəndə son fəaliyyəti 9 il öncə olur. Həmin vaxt “Bakı”da müşavir, vitse-prezident vəzifələrində çalışan mütəxəssis ayağı düşərli olduğunu bir daha sübut edir. Təsadüfi deyil ki, “Bakı” tarixində ilk çempionluğunu həmin 2005/06 mövsümündə qazanır.

Bəli, bu, futbol tariximizdə xüsusi yeri olan Ələsgərovun keçdiyi yola bir səyahət idi. Xidmətləri böyük olan Əhməd Lətifoviç uzun illər xatirələrdə yaşayacaq.

Allah rəhmət eləsin!

Mehman SÜLEYMANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30