25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Futbolumuzun "professor"u və tək Mahmudu

O, Azərbaycan üçün önəmli bir gündə - mayın 10-da dünyaya gəlib. Özü də Azərbaycan futbolu üçün xüsusi simalardandır. Ən azı ona görə ki, ölkəmizin ən titullu futbolçusudur. Təbii ki, söhbətin kimdən getdiyini bildiniz. Bəli, bu, 20 illik karyerasında titullarla, mükafatlarla zəngin olan Mahmud Qurbanovdur. Futbolumuzun “professor”u və tək Mahmudu bu gün ad gününü keçirir. Milli komandamızın məşqçisi olan Gəncə futbolunun ən yaxşı yetirmələrindən biri 42-ci baharını yola salır.

Ən titullu futbolçumuz

Dəyərli həmkarımız Ilqar Tagiyevin bir müddət öncə “Het-trik news” qəzetində Azərbaycan futbolunda adlarla bağlı maraqlı yazısı dərc olunmuşdu. Orada mənimlə Mahmud arasında uzun illər öncə telefonda olan dialoqdan söhbət açılmışdı. Yəni futbolçunun mənə “Mahmuddan təkdir” deməsi hər mənada doğrudur. Əvvəla, 1992-ci ildən keçirilən milli çempionatımızda bu adda başqa futbolçu oynamayıb. Halbuki, Mahmud Azərbaycanda heç də nadir ad deyil. İkincisi də, o, öz əla oyunu, qazandığı böyük uğurlarla da tək olub.

Ümumiyyətlə, Qurbanov üçün ilklər doğmadır. O, karyerasında 11 dəfə (hərəyə 3 dəfə “Kəpəz” və “Neftçi”ylə, 2 dəfə “Şəmkir”lə, hərəyə 1 dəfə “Xəzər Lənkəran”, “İnter” və “Bakı”yla) çempion olan ilk və hələ ki yeganə futbolçumuzdur. Ancaq onun qazandığı 5 kuboku (2 dəfə “Kəpəz”, hərəyə 1 dəfə “Neftçi”, “Xəzər Lənkəran” və “Bakı”) nəzərə alsaq, titullarının sayı 16-dır. Futbolçu 3 dəfə - 1997/98-də “Kəpəz”lə, 2003/04-də “Neftçi”ylə və 2006/07-də “Xəzər Lənkəran”la mövsümü “qızıl dubl”la başa vurub. Bu qədər titulları qazanmaq nəinki bir futbolçuya, heç bir klubumuza nəsib olmayıb.

Qurbanov ilk milli çempionatımızdan etibarən 20 mövsüm fasiləsiz oynayan ilk futbolçulardandır. Düzdür, 2003-cü ildə əvvəlcə İranda “Fulad”da, ardından Ukraynada “Tavriya”da legioner həyatı yaşasa da, sonradan Vətənə qayıdaraq həmin 2003/04 mövsümündə də iştiraka imkan tapıb. Özü də əvvəl dediyim kimi, “Neftçi”ylə mövsümü “qızıl dubl”la bitirib. Nəhayət, Mahmud milli komandamızın ilk oyununda – 1992-ci ilin sentyabrın 17-də Gürcüstan yığması ilə Gürcüani şəhərində keçirilən yoldaşlıq görüşündə oynayıb.

“7 nömrə”ylə, 7 klubda

Onun futbol həyatı ilə bağlı maraqlı məqamlar bununla bitmir. Qurbanovu “7 nömrə”li formada görməyə adət etmişdik. Üstəlik, o, Azərbaycanda 7 klubda çıxış edib. Yəni müsəlman düynasında dəyərli sayılan 7 rəqəmi onun üçün doğmadır. Mahmudun zəngin karyerasında heç vaxt qırmızı vərəqə almaması ona daha başucalığı gətirir. Bu göstərici nəinki Azərbaycanda, ümumiyyətlə, dünya futbolunda az rast gəlinir. Ancaq Qurbanov heyətində 69 oyun keçirdiyi milli komandamızda 1 qol vura bilib. Bu isə ona 34 yaşında - 2007-ci ilin noyabrın 17-də Finlandiya yığmasına Helsinkidə 1:2 hesabı ilə uduzduğumuz rəsmi oyunda müəssər olub.

Qurbanov onu daha da məşhurlaşdıran “professor” ləqəbini Azərbaycandan kənarda alıb. Bu, “Tavriya”da oynadığı vaxtda baş məşqçisi olmuş Anatoli Zayayev tərəfindən ona verilib. Görün, futbolçumuz öz oyunu ilə təcrübəli ukraynalı mütəxəssisi necə heyran edib ki, ondan belə yüksək qiymət alıb. Mahmud meydanda həqiqətən də “professor” idi. Onun meydanı görmək qabiliyyəti, əla ötürmələrindən yalnız zövq almaq mümkün idi. Bir sözlə, Qurbanov gözəl oyun qurucusu, əsl pleymeyker idi.

Hər bir futbolçu, xüsusilə də hücumçular Mahmudla komanda yoldaşı olmağı arzulayırdı. Axı o, ön xətt oyunçularını topla elə təchiz edirdi ki, onu yalnız qapıdan keçirmək qalırdı. Üstəlik, Qurbanov ayağı düşərli futbolçu idi. Yəni hara gedirdisə, həmin komandaya çempionluq qismət edirdi. Yəni Mahmud harada, çempionluq da orada. Həmişə iddialı klublarda görməyə adət etdiyimiz Qurbanov yalnız karyerasını bitirdiyi “Sumqayıt”da autsayder komandanın futbolçusu olur. O, 39 yaşınadək yaşıl meydanda top qobub ki, bu da hər futbolçuya qismət olmur.

Ad gününə ən gözəl hədiyyə

Futbolumuzu “professoru”unun beynəlxalq səviyyədə də uğurlu oyunları olub. Azərbaycan Çempionlar Liqasında ilk dəfə mərhələni 2000-ci ildə “Şəmkir”lə keçib və onda “Skonto” zəfərində Mahmudun rolu böyük idi. Düzdür, həmin matçların qəhrəmanı, latviyalılara 4 qol vuran milliləşdirilən gürcü hücumçu Badri Kvaratsxeliya sayılsa da, o, məhz Qurbanovun gözəl ötürmələri sayəsində fərqlənib. Futbolumuza qızıl hərflərlə yazılan digər tarixi oyunda – 2005-ci ildə “Birlik kuboku”nda “Pünik” zəfərində də səbəbkar öz sözünü deyib. Ermənistan klubu ilə oyunda kapitan sarğısını daşıyan Mahmud hər 2 qolda – Georgi Adamiya və Vidadi Rzayev fərqlənərkən bilavasitə iştirak edib. Adamiya Qurbanovun zərbəsini qaytaran qapıçını məyus edibsə, Rzayev onun ara ötürməsini qola çevirib.

Mahmud məşqçiilyə də “Kəpəz”də başlayıb. Düzdür, o, ilk olaraq Gəncənin birinci divizionda təmsilçisi “Tərəqqi”yə baş məşqçi təyin olunsa da, rəsmi debütü kayerasının böyük hissəsinin bağlı olduğu klubda baş verib. Mahmud milli komandamızı hələ almaniyalı baş məşqçi Berti Foqts çalışdıranda onun köməkçisi təyin olunub. Hazırda millimizi çalışdıran xorvatiyalı Robert Prosineçkinin başçılıq etdiyi məşqçilər korpusunda da Qurbanov yer alır. Gənc çalışdırıcı Foqts gedəndən sonra, Prosineçkinin gəlşinədək 1 oyunda baş məşqçi əvəzi olub. Bu, cari seçmə mərhələdə Norveç millisinə ötən ilin noyabrın 16-da Bakıda 0:1 hesabı ilə uduzduğumuz matçdır.

Məncə, Mahmuda ad günündə ən gözəl hədiyyə son mövsümləri birinci divizionda keçirən doğma “Kəpəz”inin yüksək liqaya qayıtması xəbəri oldu. AFFA-nın verdiyi lisenziya Gəncə klubuna yenidən Premyer Liqamızın iştirakçısı olmağa imkan verir.

Təbriklər, Mahmud!

Mehman SÜLEYMANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30