25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Bu yığmada potensial var

Azərbaycan yığması martın 28-də Bakıda Maltanı 2:0 hesabı ilə məğlub edib AÇ-2016-nın seçmə mərhələsində ilk xallarını qazandı və qrupda sonuncu pilləni tərk etdi.

4-3-2-1 effektli oldu

Robert Prosineçki özü ilə milli komandaya yeni taktiki sxem və oyun tərzi də gətirməyə çalışdı. Oyuna orta xəttin mərkəzində Qara Qarayev - Rahid Əmirquliyev - Cavid Hüseynov üçbucağı ilə başlayan yığma cinahlardan Əfran İsmayılov və Namiq Ələsgərovun fəallığı ilə Maltanın sıx müdafiə xəttini açmaq tapşırığı ilə meydançaya çıxmışdı. Və bu tam effekt verdi - qol məhz Namiqin cinah keçidindən sonra gəldi. Amma Ələsgərovun zədələnməsi və onu əvəzləyən Ruslan Qurbanovun fiziki hazırlığının kafi olmaması hücumun sağ cinahını bir az zəiflətdi. Ruslan çox çalışsa da, bacarığını tam ortaya qoya bilmirdi. Əks cinahda isə İsmayılov arabir fərdi bacarığı ilə diqqət mərkəzinə düşməyi bacarsa da, ümumilikdə Prosineçkinin istədiyi qədər kəsərli olmadı. Bununla belə, Cavidin orta xətdə inamlı oyunu, ikinci hissədə isə Rahidin özünə gəlib bir neçə həlledici epizodda topalma və hücuma sürətli çıxması ilə fərqlənməsi millinin bəlkə də ilk dəfə sınandığı 4-2-3-1 sxemini effektli elədi.

Yeni qan

Имя

İstənilən futbolçunun istənilən zədəsi xoşagəlməz haldır, amma Namiq Ələsgərov meydançada olduğu 20 dəqiqədə elə oyun sərgilədi ki, istər-istəməz onun və azarkeşlərin əvəzinə ikiqat təəssüflənirsən. “Qarabağ”da yüksək rəqabət üzündən müntəzəm 90 dəqiqə oynamaq şansı əldə edə bilməyən 20 yaşlı yarımmüdafiəçi inkişafını davam etdirərsə, rahatca millinin əsas heyətində yerini bərkidə bilər. Bu isə azarkeşlərin istədiyi yeni qan deməkdir. Prosineçki “qanı yeniləməyə” çalışır; onunla yanaşı Malta ilə görüşdə Ələsgərov, Ruslan Qurbanov və Eddi İsrafilov debüt elədi. Premyer Liqa oyunlarında Robertin diqqət mərkəzinə düşmüş Coşqun Diniyev, Cavid Tağıyev və Elvin Camalovun da milli formanı geyəcəyi gün uzaqda deyil kimi görünür.

Müdafiənin soluna bir çarə tapılmalıdır

Arif Daşdəmirov “İnter”də, şübhəsiz, çox artırıb. Kaxaber Sxadadze ümumiyyətlə, futbolçuların reanimasiyası üzrə mütəxəssisdir. Məsələn, Vaqif Cavadov və ya Əfran İsmayılov. Daşdəmirovun “bankirlər”in formasında uğurlu matçlarının sayı az olmayıb. Amma Arif sol cinah müdafiəçisi deyil və Malta matçı bunu aşkar göstərdi. Oyundan sonra Prosineçki yetirməsinin yanını verməyib onun barədə xoş sözlər söyləsə də, təcili surətdə bu mövqeyə daha inamlı və etibarlı oyun göstərə biləcək futbolçu tapmaq lazımdır. Haradan və necə? Ritorik suallardır, amma baş məşqçi bunların cavabını nə qədər tez tapsa, bir o qədər özünə xeyirdir.

Bu millinin ən zəif nöqtəsi hücumun sivri ucudur

Vüqar Nadirov ön xətdə yeganə forvard kimi oynatmaqla Robert Prosineçki şəxsən məni təəccübləndirdi. Milliyə çağırılan 4 hücumçunun (Nadirov və Ruslan Qurbanovla yanaşı, düşərgədə Məhəmməd Qurbanov və Vaqif Cavadov da var idi) hər birinin bu mövqedə oyun təcrübəsi olsa da, Vüqar start heyətdə, daha dəqiqi, məhz bu mövqedə oynamağa sonuncu namizəd kimi görünürdü. Prosineçki fərqli seçim elədi və bu, effektli alındı demək olmaz. Nadirov həmişəki kimi çox çalışqan idi, amma bu mövqedə fərdi ustalıq, boş zonaya açılma və tək toxunuşla oynama bacarığı ön plana çıxır. “Qarabağ”ın hücumçusu bir-iki epizodda real fərqlənmək imkanı qazansa da, Vüqara millinin uzunmüddətli əsas forvardı kimi baxmaq sadəlövhlükdür. Bundan sonra ya Rauf Əliyevin yaxşı forma yığmasını gözləmək lazım gələcək, ya möcüzəvi şəkildə günəşli diyarımızın bir neçə aya yüksək səviyyəli hücumçu yetişdirəcəyini… Hər ikisinin ehtimalı olduqca aşağıdır. Sıfır deyilsə.

Имя

Bu yığmada potensial var

Matça resenziyanı məhz bu yarımbaşlıqla (elə başlıqla da) bitirmək istərdim. “Tofiq Bəhramov”un media sektorundan izlədiyim 90 dəqiqə, üstəlik mətbuat konfransı otağında keçirdiyim daha 45 dəqiqə bir inamın formalaşmasına şərait yaratdı. Bəli, Nazarov yenə uzaq məsafədən zərbə ilə fərqləndi, amma, bunun özü də oyuna bir məşqçi həmləsinin – özü də lazımi məqamda – nəticəsi idi. Həm də uzun fasilədən sonra milli komanda ilk dəfə bir rəsmi matça belə aqressiv başladı və nəhayət, hansısa kombinasiyadan sonra qol vurdu.

Robert Prosineçkinin işə yanaşma tərzini çox bəyənirəm. Onun komandasının sərgiləməyə çalışdığı futbolu da. Ya da bu, sadəcə, Berti Foqtsun 6 illik bomboz fəaliyyətinin fonunda sezilən rəngarənglikdir. Ola bilər. Zaman göstərəcək.

Rüstəm Əfsərli, topsport.az


Fotolar affa.az saytına məxsusdur


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30