28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Viktor Mendi: “Qəbələ”nin ən yaxşı futbolçusu olduğumu düşünmürəm”

“Qəbələ”nin hücumçusu Viktor Mendinin müsahibəsi

- “Sumqayıt”la oyunda etdiyin dublla qələbədə əsas pay sahibi sən oldun...

- Deməzdim ki, oyunun qəhrəmanı mən idim. Bu, bütün komandanın uğuru idi. Matçın taleyini ilk hissədə çox yaxşı oyunumuz və rəqibi tam üstələməyimiz nəticəsində həll etdik. Təsadüfi deyil ki, hər 2 qolumu fasiləyədək vurdum. Ancaq ikinci hissədə fərqli oynadıq. Geri çəkildiyimizdən, rəqib daha çox hücum etdi. Bu zaman əks-hücumlarla hesabı daha da artırmaq üçün yaxşı imkanlar olsa da, şansları dəyərləndirə bilmədik. İstəlilən halda, əsas qələbə qazanmaq idi ki, buna nail olduq.

- Azərbaycan kubokunun 1/4 fi nalının ilk oyununda məğlubiyyətə, səncə, nə səbəb oldu?

- Səbəbini izah etmək çətindir. Ardıcıl 2 qələbədən sonra bu məğlubiyyəti özümüz də gözləmirdik. Hesab edirəm ki, rəqibdən fərqli olaraq, aqressiv oynamadıq. Rəqib müdafiəçilərin məni və digər oyunçularımızı necə saxladıqlarını görürdüm. Həm də rəqibə təzyiq edə bilməməyimiz öz sözünü dedi. Bu oyunda 3 səhv etdik və nəticədə qapımıza 3 qol vuruldu. Peşəkar futbolçuyuqsa, xüsusilə də, vacib oyunlarda belə səhvlərə yol verməməliyik.

- Bəlkə ardıcıl 2 qələbədən, xüsusilə, “Qarabağ” üzərində uğurlu nəticədən sonra futbolçular eyforiyaya qapılmışdılar?

- Məncə, belə deyildi. Komanda oyuna tam köklənmişdi. Komandaların bir-birilərini tanıması futbolda vacib amillərdəndir. Mənə elə gəlir, “Simurq” bizi daha yaxşı tanıyır, nəinki biz onları. Üstəlik, rəqib futbolçular meydanda daim ünsiyyətdə olurdular. Bizim oyunçuların isə heç biri danışmırdı.

- Draqan Çeran “Qəbələ”yə bu mövsüm 6 qol vurub, ardıcıl 3 oyunda dubl edib. Serb həmkarının qarşısını almaq belə çətindir?

- Çeran səhvlərimizdən istifadə edərək, qollar vurur. Bir futbolçu səhv edirsə, digəri onu düzəltməyə çalışmalıdır. Çeran yaxşı hücumçudur, sol ayağı güclüdür. Ona qarşı aqressiv oynasaydıq, heç nə edə bilməzdi.

- Komandamız qeyri-sabit çıxış edir. Səncə, buna səbəb nədir?

- Baş məşqçi həmişə deyir ki, meydanda bacardığımız hər şeyi etməliyik. Yəni biz adi, orta səviyyəli oyun nümayiş etdirməməliyik. Hamı tam gücünü ortaya qoyanda, ürəklə oynayanda, nəticə də yaxşı olur.

- Komandamızın ən yaşlı futbolçusu olsan da, meydanda hiss olunmur. Necə bilirsən, bütün futbolçularımız sənin qədər əzmkar olsa, uğur qazanarıq?

- Hesab etmirəm ki, “Qəbələ”də ən yaxşı futbolçu mənəm. Klub bizim üçün çox yaxşı şərait yaradıb, istədiyimiz hər şeyi edib. Mən də bunun qarşılığını oyunumla qaytarmaq istəyirəm. Meydandayamsa, yaxşı oynamağa, komanda üçün can qoymağa çalışıram.

- Baş məşqçi dəyişiklikləri oyununa heç cür təsir etmir.

- Baş məşqçi kim olur-olsun, fərq etməz. Xarakterim elədir ki, həmişə öz oyunumu oynayıram. Hazırda da özümü çox yaxşı hiss edirəm və həmişə oynamaq istəyirəm. Eyni zamanda, komandada digər hücumçularla rəqabət aparıram. Ən yaxşı kimdirsə, o da oynamalıdır.

- Uzun illərdir komandadasan. Əvvəlki baş məşqçilərlə müqayisədə Roman Qriqorçuk hansı özəlliyi ilə seçilir?

- Qriqorçuk çox yaxşı məşqçidir. Bizdən də bildiyi futbolu, istədiyi oyunu tələb edir. Ancaq bəzən onun istəyini yerinə yetirə bilmirik. Hərdən komandaya öz oyununu tapması üçün vaxt lazım olur. Təəssüf ki, bu gün bizim vaxtımız yoxdur.

- Reallıq belədir ki, hazırda Avroliqaya vəsiqə qazanmaq üçün ümidimizi çempionata bağlamalıyıq. Bu mənada, “Qəbələ”nin 4-cü, yaxud 3-cü yeri tutmaq şansını necə dəyərləndirirsən?

- Bu 2 yerdən birini tutmaq şansımız var. Sadəcə, kubok matçındakı kimi oynasaq, heç nə əldə edə bilməyəcəyik. Biz futbol üçün yüksək şərait yaradan “Qəbələ”ni daim irəli aparmalı, kluba titul qazandırmalıyıq.

- Bu mövsüm az fərqlənsən də, “Qəbələ”nin tarixində vurduğun 29 qolla rekordçusan. Cari mövsümdə yenə qol vurub, sayı 35-ə çatdıracağına söz verirsən?

- Əlbəttə, bundan da artıq qol vuracağam. Mən hücumçuyam, qol vurmaq vəzifəmdir. Qol vuranda özümü xoşbəxt hiss edirəm.

Mehman SÜLEYMANOV, “Qəbələ İK” qəzeti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31