25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Yubilyarın şərəfinə

İKİ YUBİLEY BİRDƏN: AFFA-DA 10, HƏYATDA 50 İL

Azərbaycan futbol ictimaiyyətinin daha bir nümayəndəsi əsri yarılayır. Ancaq o, fevralda 50 illik yubileylərini qeyd etmiş Yunis Hüseynov, Nazm Süleymanov kimi veteran futbolçumuz olmasa da, futbola birbaşa bağlı olan şəxsdir. Söhbət AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayil Narimanogludan gedir. “Əməkdar jurnalist” olan bu gözəl insan “təbriklərim” rubrikamın növbəti qonağıdır.

“İki sahil”dən qiyabi tanışlıq

Nərimanoğlu AFFA-ya gəlişinədək müxtəlif mətbu orqanlarda çalışıb ki, onlardan sonuncusuna – “İki sahil”ə toxunmaq istərdim. Çünki yubilyarı məhz bu qəzetdən qiyabi tanıyırdım. Məsələ ondadır ki, “İki sahil” “Azərneftyağ” zavodonun rəsmi mətbu orqanı idi və atam uzun illər bu zavodda çalışdığından, evimizə ən çox gələn qəzetlərdən biriyidi. Beləcə mən məktəb, institut illərində “İki sahil”in oxucularından birinə çevrildim və Mikayıl Quliyev (yubilyarın soyadı) imzası mənə tanış idi. Tale elə gətirdi ki, bu, qiyabi tanışlıq sonradan əyani tanışlığa çevrildi.

İki yubileyi qeyd edir, üçüncünə hazırlaşır

Bizi tanışdıran isə futbol oldu. Bu, mənim idman jurnalistikasına, Nərimanoğlunun AFFA-ya gəlişi nəticəsində gerçəkləşdi. 2005-ci ilin martı idi və milli komandamızın Polşa yığmasıyla Varşavadakı rəsmi oyunda 0:8 hesablı məğlubiyyətindən sonra bir sıra dəyişikliklər oldu. AFFA-nın mətbuat xidmətinin o vaxtkı rəhbəri Məzahir Süleymanzadə vəzifəsindən getdiyindən, bu post boş qaldı. Mikayıl həmin vəzifəni bir müddət icra etdi və sonradan rəhbər təyin olundu.

Göründüyü kimi, Nərimanoğlu bu il birdən-birə 2 yubiley qeyd edir. Bu, AFFA-da 10, həyatda isə 50 illik yubileydir. Futbolumuzun inkişafı ilə bağlı dövlət proqramının bağlı olduğu 2005 və 2015-ci illər Nərimanoğlu üçün də xüsusi illərdir. Gələn il isə Mikayıl müəllim növbəti yubileyi qeyd edəcək. Bu, onun baş redaktoru olduğu, AFFA-nın rəsmi mətbu orqanı “Futbol dünyası” qəzetinin 10 illik yubileyidir.

Foqtsun mənimlə bağlı zarafatını bəyənən

Mikayıl müəllimlə şəxsi tanışlığım ilk iş yerim "Futbol-plus Qəzeti"ndə olsa da, onunla daha çox ünsiyyətimiz sonradan çalışdığım apasport.az saytında yarandı. “Apasport”un əməkdaşı kimi milli komandamız, habelə futzal yığmamızla birgə bir sıra xarici səfərlərdə olduğumuz zamanı Nərimanoğluyla yol yoldaşı olmuşam. Əminliklə deyə bilərəm ki, Mikayıl müəllim əla yol yoldaşıdır və həmin səfərlərdən məndə yalnız xoş xatirələr qalıb. Hətta 2013-cü ilin fevralında futzal yığmamızla Zaqrebdə Avropa çempionatının final mərhələsində üzləşdiyim yüngül qəza zamanı yubilyarın mənəvi dəstəyi, narahatçılığı indiyədək yadımdadır.

Səbəbkarla birgə səfərlərim milli komandamızın almaniyalı sabiq baş məşqçisi Berti Foqtsun dövründə olmuşdu. İlk səfərimin olduğu 2009-cu ilin noyabrında Çernoqororiya yığması ilə Podqoritsadakı yoldaşlıq görüşündən öncə Foqtsun mənimlə bağlı “boy zarafatı” deyəsən, yubilyarın yaman xoşuna gəlmişdi. Təsadüfi deyil ki, həmkarlarımız arasında həmin söhbətdən söz düşəndə, Mikayıl müəllim bunu yada salır və məni zarafatla “Foqtsun dostu” kimi təqdim edirdi. Bilməyənlər üçün onu deyim ki, almaniyalı mütəxəssis məni ilk dəfə görəndə “axır kimi Azərbaycanda özüm boyda bir jurnalist gördüm” demişdi.

Sağlam tənqidin tərəfdarı

Milliylə birgə səfərlərdə olan bilir ki, Foqts qaldıqları otelə jurnalistlərin gəlməsini istəmirdi. Biz bunu yalnız mətbuat konfransında edə, futbolçularla müsahibələri isə məşqdə götürə bilərdik. Elə oldu ki, 2011-ci ilin fevralında Dubaydakı təlim-məşq toplanışı zamanı “Futbol+”in baş redaktoru Mahir Rüstəmli ilə birgə otelə müsahibələr almağa getdik. Məşqdən qayıdan Foqts foyedə bizi görən kimi sifətinin cizgiləri dəyişdi. Dərhal başa düşdüm ki, “almanın nizamnaməsi”ni pozmuşuq və bu da onun xoşuna gəlməyib. Nərimanoğlunun gəlib bizə bildirdiyi iraddan sonra hər dəfə otelə getməmək söhbəti düşəndə, yadıma həmin əhvalat düşürdü. Təbii ki, mən bunu bir daha təkrarlamadım. Bunu nəzərə almasaq, Foqtsun səfərləri zamanı ən intizamlı jurnalistlərdən olmuşam və bunu yubilyar da təsdiqləyə bilər.

Heç kimə sirr deyil ki, Foqtsun mediamızla münasibətləri heç də ideal olmayıb. Hətta almaniyalı mütəxəssis müəyyən jurnalistləri məhkəmə ilə hədələmişdi. Ancaq AFFA-nın məsələnin bu səviyyədə gəlib çıxmasına imkan vermirdi ki, bunda mətbuat xidmətinin rəhbəri rolu az deyildi. Ümumiyyətlə, Nərimanoğlu həmkarlarının tərəfini saxlayan, tənqidə normal yanaşan bir insandır. Ancaq təbii ki, o, bunun qərəzli yox, sağlam olmasının tərəfdarıdır.

Nümunəvi təşkilatçı

Mənim üçün Mikayıl müəllim ilk növbədə nümunəvi təşkilatçıdır. Əsl təşkilatçıya xas olan demək olar bütün xüsusiyyətlər onda cəmləşib. AFFA-nın tədbirləri, əsasən Konfranslar zamanı kənardan Nərimanoğluya diqqət yetirirəm. O, hər şeyin qaydasında olmasına çalışır, əməkdaşlarına lazımı tapşırıqları verir. Bu isə ilk növbədə işə böyük məsuliyyətdən irəli gəlir. Belə insan olan Nərimanoğlu haqlı şəkildə digərlərindən də bunu istəyir. Mən məsuliyyətli olmağa böyük önəm verdiyindən, Mikayıl müəllimi bu mənada özümə yaxın insan sayıram. Media nümayəndələri xarici səfərlərə gedən ərəfədə, işinə ciddi yanaşan AFFA rəsmisindən lazımınca təlimatları xırdalığına kimi ala bilir. Pozitiv insan olan Nətimanoğlu özüm kimi şəkil çəkdirməyi sevənlərdəndir. Təsadüfi deyil ki, foto arxivimdə bu dəyərli insanla şəkillərim heç də az deyil.

Mikayıl müəllim, həyatınızda belə əlamətdar gündə sizi bu təəssürat yazısı ilə təbrik etməyi özümə borc oldum. Çalışdığım "Qəbələ Ik Qəzeti”nin kollektivi adından sizi səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, işlərinizdə bundan da böyük uğurlar, ürəyinizdə olan bütün arzuların həyata keçməsini diləyirəm. Təbii ki, ən böyük arzularınızdan biri doğma Zəngilanızın işğaldan azad edilməsidir. Bilirəm ki, o günü böyük səbirsizliklə gözləyirsiniz. Həqiqətən də həyatda siz demişkən, ümidsiz yaşamaq olmaz...

Mehman SÜLEYMANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30