20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Uşaqlıqda qohumum saydığım, böyüyəndə kumirim olan həmsoyadım

Bu yazını yazmaq üçün bugünkü tarixi xeyli müddətdir gözləyirdim. Nəhayət, fevralın 17-si tarixi yetişdi və böyük hörmət bəslədiyim futbol mütəxəssislərindən birini təbrik edə bilərəm. Özü də mənim üçün xüsusi önəm daşıyan 50 illik yubileyi münasibətilə.

Bəli, fevralın 1-də əsri yarılayan Yunis Hüseynovla SSRİ dövründə “Neftçi”də, müstəqillik dönəmində isə milli komandamızda çiyin-çiyinə oynamış Nazim Süleymanovun da 50 yaşı tamam olur. Artıq bir neçə gündür təbrikləri, hədiyyələri qəbul edən həmsoyadımı bu dəfə mən təbrik edəcəyəm. Jurnalistin ən böyük “silahı” qələmi, ən böyük hədiyyəsi yazısı olduğundan, səbəbkara haqqındakı yazını ərməğan edirəm. Gəlin görək,Süleymanov Süleymanov haqda nə düşünür?

Ancelina Coli və xaç söhbəti

İş elə gətirdi ki, son 5 gündə adaşım (Mehman Rasulov) və həmsoyadım ad günlərini qeyd edirlər. Mehman adıyla Süleymanov soyadını daşıyanların mənə doğmalığı onlar haqda yazılar yazmağa mənə əlavə motivasiya verir. Mən də bir çoxları kimi Nazim müəllimin oyununu 80-ci illərdə “Neftçi”də izləmişəm və böyük pərəstişkarı olmuşam. Həmin vaxt bu futbolçunu özümə çox doğma, daha doğrusu, qohumum saymışam. Təbii ki, bu, uşaq təxəyyülünün nəticəsi idi. Uşaqlıda mənə elə gəlirdi ki, ümumiyyətlə, Süleymanov soyadlı insanlar mənim qohumlarımdır. O dövrdən Nazim müəllimə qanım yaman qaynadı. Böyüdüyümdə isə həmsoyadım artıq kumirim oldu.

Əlbəttə, Nazim Süleymanovla şəxsən tanış olmaq ən böyük arzularımdan olub. O vaxt ağlıma belə gəlməzdi ki, mənə bu idman jurnalisti kimi nəsib olacaq. Ancaq həmsoyadımla ilk görüşüm heç də uğurlu vaxta təsadüf etmədi. Məsələ ondadır ki, Süleymanov 2003-cü ildə Fuad Musayev AFFA prezidenti olduğu dövrdə milli komandamızın seleksiyaçısı idi və həmin dövrdə çalışdığım “Futbol+” qəzetinin 8-ci səhifəsində səbəbkar haqda yazı getmişdi. Yadımdadır, “Alaniya” ilə bağlı maqazin tipli xəbərdə məşhur Hollivud ulduzu Ancelina Colidən də söhbət gedirdi və şəkildə Nazim müəllimin boynundan xaç asılmışdı. Təbii ki, bu, Süleymanovun xoşuna gəlməmişdi və o, “Futbol+”dən incimişdi. Əslində isə bu, bilərəkdən edilməmişdi, sadəcə, texniki səhv idi. Respublika stadionunda oyunu izləyən Nazim müəllimə müsahibə almaq niyyəti ilə yaxınlaşdım. O, hansı qəzetdə olduğumu öyrənəndə, narazılığını gizlətmədi. Ancaq təvazökarlıqdan uzaq olsa da, həmsoyadımla “Futbol+”un arasındakı “buzların əriməsi”ndə rolum oldu və Nazim müəllimdən ilk ünsiyyətim onda gerçəkləşdi. Bəlkə də səbəbkar bunu xatırlamasa da, ilk görüşümüz mənim yaxşı yadımdadır.

Ondan sonra isə Süleymanovla müsahibələrim, açıqlamalarım tez-tez oldu və münasibətlərimiz çox yaxşılaşdı. Nazim müəllimə zəng vurduqda, ondan “Ooo, Süleymanov, salam”, “Süleymanovlara eşq olsun” kimi sözlər eşitmək məni çox məmnun edir. Nazim müəllim həm də yaxşı yol yoldaşıdır. Onunla AZAL və “Neftçi”ylə Avropa Liqasında birgə səfərlərimizə əsasən belə deyə bilərəm. Düzdür, bizə 2011-ci ildə AZAL-ın Minksdə şəhərin eyniadlı komandasına məğlubiyyətdən sonra baş məşqçi Süleymanovun mətbuat konfransındaca istefasına canlı şahidlik etmək nəsib oldu. Bundan 1 il sonra isə səbəbkarla artıq milli komandamızın məşqçisi kimi tarixi səfərlərdə olmuşam. Əvvəlcə Kiprdə Azərbaycan klublarını ilk dəfə qrup mərhələsinə çıxaran APOEL üzərində Nikosiyada qələbə qazandığımız oyunda, ardından isə qrupun son turunda Milanda məşhur “San-Siro” stadionunda “İnter”lə 2:2 hesablı tarixi heç-heçədə.

Küləyin mane olduğu zərbə

Nazim müəllim həqiqətən də Azərbaycan futbolunda özünəməxsus iz buraxıb. Bu da ilk növbədə uğurlu legioner həyatı qurması ilə bağlıdır. O, sözün əsl mənasında bizim fəxrimiz olub. Rusiyada hələ ki yeganə çempionumuz 1995-ci ildə “Alaniya”nın heyətində məhz Süleymanovdur. Düzdür, 2003-cü ildə Dmitri Kramarenko da MOİK-lə çempion olan heyətdə yer alsa da, 3-cü qapıçı kimi daim ehtiyatda olmuşdu. Rusiyalı mütəxəssislər futbolumuzdan, futbolçularımızdan söz düşəndə, mütləq Nazim Süleymanovun adını çəkirlər. O, uzun illər Rusiya çempionatında ən çox qol vuran legioner idi. Ümumiyyətlə isə legionerlərimiz arasında ən çox fərqlənən, “Alaniya”nın tarixində həm bombardir legioner, həm də SSRİ və Rusiya çempionatlarının yüksək liqasında ən sərrast oyunçudur. Şimali Osetiyanın “Şöhrət” ordenli fəxri vətəndaşı olmaq (özü də yeganə azərbaycanlı) Nazim müəllimin Vladiqafqaz klubunda nə qədər xidmətlərinin olmasının göstəricisidir. Təsadüfi deyil ki, Şimali Osetiya və “Alaniya” rəhbərliyi onun 50 illik yubileyinin şərəfinə Vladiqafqazda yoldaşlıq görüşü təşkil edir.

Əslində, o, “Alaniya”da hələ çox oynayacaqdı. Ancaq çempionluqdan 1 il sonra keçmiş komandası, 1992-ci ildə heyətində gümüş medal qazandığı Moskva “Spartak”ı ilə “Qızıl oyun”da zərbəsi hədəfdən yan keçməsəydi. Kramarenkonun “Alaniya”nın qapısını qoruduğu, Süleymanovun isə hücumda olduğu həmin oyunu televiziyadan canlı izləyirdim. Sankt-Peterburqda, Neva çayının yanında olan “Zenit”in stadionunda əsən külək Süleymanovun hesabda 1:2 geridə olduqları zamanı son dəqiqələrdə dəqiq zərbə vurmasına mane oldu və baş məşqçi Valeri Qazzayev bunu hücumçumuza bağışlamadı. Nəticədə Nazim müəllim karyerasındakı az olmayan haqsızlıqlardan birini Rusiyada yaşadı. Həmin Rusiyada ki, 1992 və 1993-cü illərdə ardıcıl 2 mövsüm çempionatın "33 ən yaxşı futbolçu" siyahısına düşmüşdü.

Tarixi ilklərin müəllifi

Süleymanov fərdi oyunu, gözəl texnikası ilə seçilən, əsl bombardirlik keyfiyyətlərinə malik hücumçu olub. Hərçənd o, SSRİ dövründə “Neftçi”də mərkəz yarımmüdafiəçisi oynayırdı və 1990-cı ildə Rusiyaya, “Spartak”a gedəndən sonra hücumçuya çevrildi. Səbəbkarın çəkisini artıran Azərbaycan futbolu tarixində bir sıra ilklərə imza atmasıdır. O, milli komandamızın 1992-ci ilin sentyabrın 17-də ilk oyununu keçirdiyi Gürcüstan yığması ilə Gürcaani şəhərindəki yoldaşlıq görüşündə birdən-birə 4 “siftə”nin müəllifi olub - ilk qolun, ilk penaltinin, ilk dublun müəllifi və ilk kapitan. Nazim müəllim millimizin ilk rəsmi qoluna da imza atıb. Bu, Avro-1996-nın seçmə mərhələsində 1995-ci ilin martın 29-da Slovakiya yığmasına Koşitse şəhərində 1:4 hesabı ilə uduzduğumuz matçdır. Əlbəttə, Süleymanov milli komandamızın ilk rəsmi qələbəsi olan İsveşrə yığması ilə 1996-cı ildəki oyunun da əsas qəhrəmanlardandır.

Karyerasını bitirdiyi Soçi “Jemçijina”sının II divizionda çalışdırıcısı olan Nazim müəllim Rusiya çempionatında baş məşqçi işləmiş azsaylı azərbaycanlılardır. O, “Xəzər Lənkəran”ın tarixinə ilk baş məşqçisi kimi düşübsə, AZAL-ı bu adı daşıyandan sonra avrokuboklara çıxaran ilk və hələ ki yeganə çalışdırıcıdır. Ona Azərbaycanda məşqçi kimi çempion olmaq Qyoko Hacıyevkinin vaxtında 2009-cu ildə “Bakı”yla nəsib olub. Həmin vaxt makedoniyalı mütəxəssisin köməkçilərindən olan Süleymanov əvəzedici komandaya başçılıq edirdi. Onun vətəndə daha bir klubu isə futbolçu karyerasında ilk addımlarını atdığı, parladığı “Neftçi” olub. Ancaq orada fəaliyyəti qısa müddətli olan təcrübəli mütəxəssis 2014-cü ilin qışında gedəndən sonra işsizdir. Nazim müəllim əsas yığmamızda məşqçi də işləyib. Özü də 3 ampulada – seleksiyaçı, köməkçi məşqçi və 1 oyunda - Litva yığmasına 2008-ci ilin martın 26-da səfərdə 0:1 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə baş məşqçi əvəzi. Yeri gəlmişkən, Vilnüsdəki həmin oyunu tribunadan izləyən almaniyalı Berti Foqts məhz bu matçdan sonra millimizin baş məşqçi postuna keçir.

Bəlkə də Nazim müəllim kənardan sərt, qaraqabaq insan təsiri bağışlayır. Ancaq əslində o, güləriz, səmimi, güclü yumor hissinə malikdir. Ən əsası, o, samballı, özünə hörmət qazanmağı bacaran bir insandır. Süleymanovun futbol həyatı o qədər zəngindir ki, onun haqda yazdıqların nəinki bir məqaləyə, bir kitaba da bəs etməz. Əsas odur ki, o, bizim qürur mənbəyimiz, Azərbaycan futbolunun “qaymaqlar”ındandır.

Ad gününüz mübarək, Nazim müəllim. Sizi təbrik edirəm. Belə götürəndə, 50 yaş nədir ki...Nə qədər bunu büruzə verməməyə çalışsanız da, yubileyinizdə işsiz mütəxəssis olmaq sizə təsir edir. Ancaq təbii ki, siz buna layiq deyilsiniz. Sözsüz ki, məşqçi kimi hələ sözünüzü deməmisiniz. Azərbaycan futbolu sizin kimi təcrübəli futbol adamından çox faydalanmalıdır. Elə 50 illik yubileyinizə ən yaxşı hədiyyə yaxın vaxtda yeni təyinatınız olardı. Özü də sıradan yox, adınıza layiq vəzifə. Axı siz Nazim Süleymanovsunuz. Məncə, o günə elə də çox qalmayıb.

Dərin hörmətlə, sizin həmsoyadınız.

Mehman SÜLEYMANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30