28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

12 fevral, 2003

BU TARİX SİZƏ NƏ DEYİR?
Futbolda hər zaman kiçik olmuşuq. 104 ildə ən böyük uğurlarımız - qazanılan yeganə bürünc medal, ehtiyatda oturan futbolçunun Olimpiya çempionluğu və xətt hakiminin qalmaqallı qolun qeydə alınmasında oynadığı həlledici roldur. Bunlar Azərbaycan futbolunun silinə bilməyəcək şanlı tarixləridir. Kiçikliyimizi göstərən böyüklüklər. Nə edək ki, SSRİ çempionluğu, qitə kubokları, DÇ finalları ilə öyünə bilmirik və malik olduqlarımız arasından bunları seçməyə məcburuq.
 
Amma unudula bilməyən başqa tarixlər də var.
 
O matç Əsgər Abdullayevi məşqçi kimi təsdiqlədi, o matç orta səviyyəli hücumçu Qurban Qurbanovu xalqın sevimlisinə çevirdi, o matç səfərə klubların boykot vaxtı, pulsuz və geyimsiz, 13-14 futbolçu ilə çıxan Azərbaycan yığmasının yaşayacağını göstərdi.
 
O matç həm də bir daha isbatladı ki, insanı öldürmək olar, amma ona qalib gəlmək mümkün deyil.
 
Hələ də 12 fevral 2003 tarixi sizə heç nə demir?
 
Son bir ayda artıq üçüncü dəfədir ki, futbolun taleyi əllərində olan şəxslərdən Topaz Premyer Liqasının düşən səviyyəsi ilə bağlı fikirlər eşidirəm. Razılaşıram, çünki bunu mən də görürəm. Təəccüblənmirəm, çünki səbəblərini mən də bilirəm. Amma anlamıram – bunu kimə eşitdirirlər?
 
PFL klubların yarıtmaz transfer siyasətindən şikayətlənirsə, sual olunur, bu gün Uğur Pamuk və Vladimir Levin kimilərinin milli çempionatda yerli qismində oynayıb bir istedadlı gəncin formasını məşğul eləməsi AFFA-nın “xidməti” deyilmi?
 
AFFA çempionata azarkeş marağının azlığından gileylənirsə, bu gün “TPL-ə baxın” çağırışı edəndə “olmayan şeyin nəyinə baxasan” sualının verilməsində illərdir turnirin normal yayımını təşkil edə bilməyən və təşkilatçılığı İtaliya D Seriyası səviyyəsində olan PFL günahkar deyilmi?
 
İldən ilə-ilə limiti sərtləşdirib yerli futbolçuların qiymətini süni şəkildə qaldıran, onların dünyagörüşünü darlaşdırıb xaricə çıxmalarının qarşısını alan və öz qazanında qaynayıb öz suyundə bişməsində təqsirkar olanlar futbol rəhbərləri deyilmi? Siz kimdən şikayətlənirsiniz?
 
Bilirsinizmi, niyə dünən Berti Foqtslu Azərbaycan millisinin liderləri sayılanlar bu gün PTT 1-ci liqada oynayır? Çünki onların səviyyəsi elə oradır. Zərrə qədər də yuxarı yox.
 
12 il əvvəl isə Samir Əliyev, Kamal Quliyev, Cahangir Həsənzadə Ukrayna yüksək liqasında, Emin Quliyev Rusiya Premyer Liqasında, Mahmud Qurbanov, Ramiz Məmmədov, Fərrux İsmayılov və Rəşad Sadıqov isə İran çempionatında çıxış edirdilər. Pis-yaxşı, hamısı öz sözünü deyirdi. Oynayırdılar, yeni futbol mədəniyyətinə öyrəşirdilər, buna qədər görmədiklərini mənimsəyirdilər. Çıxırdılar, indi tamam başqa dövlətin paytaxtı olan şəhərdə hazırda mövcud olmayan ölkənin göz qamaşdıran ulduzlardan ibarət komandası ilə döyüşürdülər. 
Və heç kəs ailəsi üçün darıxdığından şikayət eləmirdi.
 
Ölkədə futbol yox idi, pul yox idi, amma futbolçu var idi. İki il keçdi “Karvan”, “Xəzər Lənkəran”, “MKT-Araz” və digərləri yarandı, əliyevlər, həsənzadələr, quliyevlər böyük pullar arxasınca vətənə döndülər... Və Azərbaycanda “futbolçu” sözü öldü. Yerində qaldı bugünkülər. Nə ad istəyirsiniz, qoyun – seçim sərbəstdir.
 
Bəs indi nə deyir sizə 12 fevral 2003 tarixi?
 
Podqoritsa. Serbiya və Çernoqoriya - Azərbaycan. 2:2.
 
Rüstəm ƏFSƏRLİ, Qol.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31