29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Zaqatalada gördüklərimiz: “Simurq”un Avropaya gedən yolu açılır...

...QRİQORÇUK DA “QƏBƏLƏ”NİN DƏRDİNƏ DƏRMAN OLMAYACAQ

Dünən Peşəkar Futbol Liqası və Topazın dəstəyi ilə jurnalistlərin bölgələrə növbəti səfəri reallaşdı. Media əhli bu dəfə Zaqatalaya üz tutdu. Məqsəd “Simurq” - “Qəbələ” oyununu işıqlandırmaq idi. Oyun həftə arasına düşdüyündən əvvəlki səfərlərə nisbətən bu dəfə jurnalistlərin sayı elə də çox deyildi. Amma bu məqam oyunun yüksək səviyyədə işıqlandırılmasına əngəl olmadı.

ZAQATALADA FUTBOLA MARAQ BÖYÜKDÜ

Biz stadiona çatanda artıq oyunun startına az qalmışdı. Matçın protokolunda azarkeşlərin sayı 2 min göstərilsə də, görüşə canlı tamaşa edənlərin sayı daha çox idi. Bu isə onu göstərir ki, Zaqatalada futbola böyük maraq var. “Simurq”un mövsümün ikinci yarısına inamlı başlaması azarkeşləri də ümidləndirib. 90 dəqiqə Zaqatala klubuna dəstək olan yerli publika, matçdan sonra da qələbəni canfəşanlıqla qeyd etdi. Bu qələbə sayəsində “Simurq”un Avropaya gedən yolu nisbətən də açıldı. Bu tepmdə davam etsə, Georgi Çixradzenin komandası tarixində ikinci dəfə avrokuboklara yollanacaq.

Oyundan əvvəl media nümayəndələrinə isti münasibət göstərən zaqatalalı azarkeşlər, qarşılaşmadan sonra da bizimlə görüşdülər. Jurnalistləri Zaqatalada görməkdən məmnunluq duyan fanatlar, “Simurq”un Avroliqaya yollanacağına inandıqlarını bildirdilər.

“QƏBƏLƏ”NİN DURUMU ÜRƏKAÇAN DEYİL

“Qəbələ” ilk yarıda çox zəif təsir bağışladı. Rəqibindən açıq-aşkar geri qalan Roman Qriqorçukun komandası fasilədən sonra nisbətən fəallaşdı ki, bunu da “Simurq”un nisbətən rahatlaşması ilə əlaqələndirmək olar. Ardıcıl 2 məğlubiyyət, “Bakı” üzərində isə sönük qələbə göstərir ki, Roman Qriqorçuk da “Qəbələ”nin dərdinə dərman ola bilmir. Bu gedişlə “Qəbələ” avrokuboklarsız qalacaq. Ukraynalı mütəxəssis mütləq vəziyyətdən çıxış yolu tapmalıdır. Futbolçuların da dediyi kimi, “Neftçi” ilə oyunu “Qəbələ” üçün həlledici saymaq olar. Çünki ardıcıl üçüncü yenilgi “Qəbələ”nin iddiasına böyük zərbə olacaq.

1000 MANAT BU DƏFƏ UDULMADI

Topaz bölgələrə səfər zamanı jurnalistləri stimullaşdırmaq üçün müsabiqə də keçirir. Qarşılaşmanın dəqiq nəticəsini daha əvvəldən tapan media nümayəndəsi 1000 manata sahib çıxır. Bu dəfə səfərə çıxan media nümayəndələrindən heç kim hesabı dəqiq tapa bilmədi. Ən yaxın nəticəni 3 həmkarımız (2:1) yazsa da, “Qəbələ”nin rəqib qapısına yol tapa bilməməsi onları uduşdan məhrum etdi.

TƏŞƏKKÜR ƏVƏZİ

Dünən Zaqatala səfərini təşkil edən, yol boyu jurnalistlərin rahatlığı üçün əlindən gələni edən PFL-in əməkdaşları Elgiz Abbasova, Mansur Novruzva, özü bizimlə olmasa da, ürəyi yanımızda olan Aslan Şahgəldiyevə, Topaza, "Simurq" rəsmilərinə, azarkeşlərinə təşəkkür etməyi özümüzə borc bilirik. Həmçinin bütün həmkarlarımız və PFL-in operatorları sağ olsunlar ki, yol boyu darıxmadıq.

Növbəti səfər Qəbələyə olmalıdır. “Qəbələ” - “Neftçi” oyununda görüşənə kimi...

İBRAHİM

Bakı - Zaqatala - Bakı  




Ad: revan ismayilov;   E-mail: [email protected]

11.02.2015 17:46

dunen zaqataladfa yaxsi oyun izdedik bu oyunu hec vaxt unuta bilmeyecem insallah ayin 15 bakida qarabagin qonagi olacax geliom zaqatala temcisini destekleyek
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31