25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Samir Ələkbərov hardadır?

Uzaqda deyil, lap yaxınlığımızda, bir addımlığımızdadır. Böyük əksəriyyət isə onunla eyni şəhərdə - Bakıda yaşayır.
 
Çoxunuz yaxşı tanıyırsız onu. “Neftçi” tarixinin ən çox qol vuran iki oyunçusundan biridir: 126 qol! Digəri əfsanəvi Banişevskidir. Samir “Neftçi”də həm də ən çox oynayan futbolçular sırasındadır: 251 oyun.
 
Statistikayla oxucunu yormaq fikrində deyiləm. Onun bir futbolçu kimi hansı özəlliyə sahib olması haqda onsuz da çoxlarının bildiyi həqiqətlər barədə də danışmayacam. Düzdür, zamanı gələndə bunlar da xatırlanacaq, xatırlanmalıdır da.
 
Amma indi sizli, bizli hamımız başqa bir suala cavab tapmalıyıq: futbolumuzun canlı əfsanəsi niyə birdən-birə sanki qeybə çəkilib?
 
Onun son iş yeri (bir ara qısa müddətə çalışdığı, birinci dəstədə az qala pulsuz oynayan “Şuşa” klubunu saymasaq) gərək ki, “Xəzər Lənkəran” olub: 2009-cu ildə o, məşqçi kimi işlədiyi həmin klubdan ayrılıb. Elə o vaxtdan Samir Ələkbərov futbol aləmindən yoxa çıxıb. Yoxa çıxıb deyəndə ki, ara-sıra mətbuatda hansısa məsələyə münasibət bildirib. Amma faktiki olaraq, bu adam düz 6-cı ildir, işsiz qalıb. Elə bil Azərbaycan futbolunda Samir Ələkbərov adında birisi ümumiyyətlə, olmayıb.
 
Tamam, görünən budur ki, Samir qürurlu insandır, əksər futbol veteranları kimi iş üçün, pul üçün hər hoqqadan çıxmayıb, mənliyini ayaqlar altına atmayıb.
 
Yaxşı, bəs bizim futbol idarəçilərinə nə olub? Məgər, AFFA üçün Samir Ələkbərova – bir daha qeyd edirəm, futbolumuzun CANLI ƏFSANƏsinə komandalardan birində iş tapmaq bu qədərmi çətindir? AFFA-nı bir kənara qoyaq, bəs “Neftçi”yə nə olub? Hörmətli Sadıq Sadıqov, Elnur Məmmədov və “Neftçi”də söz sahibi olan digər insanlar, Samir Ələkbərov sizin kluba ömrünü qoyub, ömrünü!
 
Bəs, siz – böyük komanda yaratmaq xülyaları ilə yaşayan cənablar, əvəzində nə edirsiniz? Çoxmu problemdir, Samirə klubun hələ əsas komandasını bir kənara qoyaq, aşağı yaş qrupu üzrə komandalarından birində iş vermək? Budurmu, sizin “Neftçi”nin yaxın tarixinə qiymətiniz? Bir tək Samirin məşqçi kimi iş verdiyiniz bütün sabiq futbolçularınızın topası qədər xidməti olub “Neftçi”yə. Amma hanı o? Nə edir? Nə yeyir, nə içir, heç maraqlanmısız?
 
Bu suala bir jurnalist olaraq, Samirin özündən cavab tapa bilmirik. Uzun müddətdir media ilə ünsiyyətdən qaçır. Yenə də özünü qürurla aparıb şəxsi problemlərini ictimailəşdirmir. Yaxın ətrafından aldığım məlumata görə isə maddi durumu çox pisdir. Buna baxmayaraq, bəzi futbol veteranları kimi qapı-qapı düşüb dilənçiliklə, iş almaq üçün işverənliklə məşğul olmur.
 
İş dedim, yadıma bu günlərdə futbol veteranlarından birinin söhbəti düşdü. Demə, yuxarıda bir az tənqid etdiyimiz “Neftçi” gərək ki, hər ay xeyirxah addım da atırmış: klubun tarixində xidmətləri olan veteranlarına təqaüd verirmiş. Çoxusuna. “Neftçi” qarşısında az-çox xidməti olanlara da, kluba zərər vuranlara da.
 
... Və o siyahıda Samir Ələkbərovun adı yoxdur!
 
“Flaqman”a "eşq" olsun!
 
Aydın BAĞIROV, Qol.az



Ad: Dərdi özü ilə gəzdirən;   E-mail: ---

03.02.2015 13:25

Hansı işimiz yaxşıdır.Yazdığınız kimi:İşverənlik bacarmadığı və qürurlu olduğuna görə əzab çəkməlidir.Başqa sözüm yoxdur.Bütün bəlalar da buna bağlıdır.Sağ olun Ki,varsınız, və yazırsınız.Allah köməyiniz olsun!
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30